Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

Onlar artıq küçəyə enən pilləkəndə dayanmışdılar. Qapıçının hamısını eşıdəcəyindən qorxan 
K. əmisini aşağıya tərəf dartdı və küçədəki canlı izdiham onları uddu. Əmisi K.-nın qolundan 
tutmuşdu, daha məhkəmə barədə dalbadal suallar yağdırmırdı, hətta bir xeyli susdular da... 
– Bəs niyə belə oldu? – nəhayət, əmisi soruşdu və qəfildən yerindəcə dayanıb qaldı, arxadan 
gələnlər qorxaraq yana çəkildi.  
– Belə işlər birdən-birə olmur, bunun üçün hazırlıq görülür, yoxsa buna görə mənə yazmadın? 
Özün bilirsən ki, sənin üçün hər şey eləməyə hazıram, mən hələ də müəyyən mənada sənin 
böyüyünəm və indiyə qədər də bununla fəxr edirəm. Əlbəttə, yenə də sənə kömək edəcəm. 
Ancaq indi, məhkəmə artıq başlayandan sonra bu, çətin olacaq. Ancaq, hər halda, qısa 
məzuniyyət götürüb kəndə gəlsən yaxşıdır... Bir az da arıqlayıbsan, indi gördüm... Kənddə 
özünü toplayarsan, belə yaxşı olar, yəqin qarşıda gərginliklər olacaq. Bunlardan əlavə də, bu 
məhkəmə sistemindən bir az uzaq olacaqsan. Burda onların təsir vasitələri çoxdur, 
məcburiyyət qarşısında qalıb, qeyri-ixtiyari onları sənə də tətbiq edəcəklər. Ancaq kənddə 
olsan, gərək nümayəndələrini göndərələr, ya da məktubla, teleqramla, telefonla sənə təsir 
etməyə çalışalar. Əlbəttə, bu səni tam azad etməsə də, həmin təsiri bir az zəiflədər, özünü 
toplarsan. 
– Mənə harayasa getməyi yasaq da edə bilərlər, – deyəsən əmisinin dedikləri, az da olsa, K.-
nın ağlına batmışdı. 
– İnanmıram belə iş tutsunlar, – əmisi fikirli– fikirli dilləndi,– harayasa getməyinlə sənin 
üzərindəki nəzarəti o qədər də itirmirlər. 
– Elə bilirdim, – deyə K. əmisinin qolundan tutdu ki, onu bir də dayanmağa qoymasın, – 
məndən fərqli olaraq, belə şeylərə çox da fikir verməyəcəksən, ancaq indi görürəm ki, özün 
bunu çox ürəyinə salırsan. 
– Yozef! – kişi dayanmaq üçün qolunu onun əlindən çıxarmaq istədi, ancaq K. buna imkan 
vermədi. – Sən dəyişibsən, axı əvvəllər çox düzgün nəticələr çıxarmaq qabiliyyətin vardı, onu 
elə indi itirməli idin?! Məhkəməni uduzmaq istəyirsən? Bilirsən bu nə deməkdir? Bu o 
deməkdir ki, sən aramızdan biryolluq gedirsən. Bütün qohum-əqraba da səninlə bir yerdə 
gedir, ya da, ən azı, başlarını soxmağa yer axtaracaqlar. Özünü ələ al, Yozef! Sənin bu 
biganəliyin ağlımı başımdan çıxarır. Sənin üzünə baxanda, adam az qalır bu atalar sözünə 
inansın: “Bu cür məhkəməyə getmək – onu əvvəlcədən uduzmaq deməkdir!” 
– Əziz əmi, həyəcanlanmaq nə sənə lazımdır, nə də mənə... Həyəcanlanmaqla məhkəmə 
udmaq olmaz, sənin təkliflərin məni nə qədər təəccübləndirsə də, həmişə qəbul etmişəm və 
indi də edirəm, ancaq bu dəfə qoy öz təcrübəmdən istifadə edim. Deyirsən ki, bu 
məhkəmədən bütün ailə üzvləri əziyyət çəkəcək – sözün düzü, niyəsini mən özüm də başa 
düşmürəm, ancaq bu, əsas məsələ deyil – eybi yox, səninlə razıyam. Ancaq sən dediyin 
mənada kəndə getmək fikrilə razılaşmıram, çünki buna qaçmaq, günahını boynuna almaq 
kimi baxarlar. Düzdür, təqiblər çox olacaq, ancaq burda qalmaqla işimlə daha çox məşğul ola 
bilərəm. 


– Düz deyirsən! – əmisi bu sözləri elə dedi ki, sanki nəhayət razılığa gəldilər. – Ona görə belə 
dedim ki, burda qalıb öz biganəliyinlə işi korlayacağından qorxdum. Fikirləşdim ki, özüm 
sənin əvəzinə nəsə eləsəm, daha yaxşı olar. Əlbəttə, özün var gücünlə bu işə girişsən, lap 
yaxşı olar. 
– Deməli, bu barədə razılığa gəldik! Yaxşı, indi de görüm, haradan, nədən başlayacağım 
haqqında təklifin var? 
– Gərək bu barədə bir az düşünəm. Nəzərə al ki, mən iyirmi ildir kənddə yaşayıram, heç yana 
çıxmıram, ona görə də belə məsələlərdə nəsə demək bir az çətin olur. Bəlkə də belə işlərdən 
daha yaxşı başı çıxan adamlarla əlaqələr öz-özünə azalıb. Özün bilirsən ki, mən kənddə 
qaldığım üçün də bir az unudulmuşam. Bu da belə işlər olanda üzə çıxır. Digər tərəfdən də, 
Ernanın məktubundan nəsə ürəyimə damsa da, bu gün səni görən kimi onun doğru olduğunu 
bilsəm də, sənin bu məsələn mənim üçün gözlənilməz oldu. Ancaq bunun elə bir mənası 
yoxdur, indi əsas məsələ vaxtı itirməməkdir. – əmisi artıq danışa-danışa ayaqlarının ucuna 
qalxaraq maşınlardan birinə əl eləmişdi və indi sürücüyə ünvanı deyə-deyə K.-nı arxasınca 
dartıb ona oturtdu. – İndi vəkil Huldun yanına gedirik, məktəbdə bir oxumuşuq. Yəqin onun 
adını eşitmiş olarsan? Yox? Qəribədir... Axı o müdafiəçi, yoxsulların vəkili kimi çox 
məşhurdur. Ancaq mən ona bir insan kimi çox inanıram. 
K. əmisinin bu tələsikliyindən, elə həmin dəqiqə işə başlamasından bir az narahat olsa da 
dedi: 
– Necə istəyirsən, elə də et! – Müqəssir kimi vəkil yanına getmək o qədər də xoşa gələn iş 
deyildi. – Heç bilmirdim ki, belə işlərdə vəkil tutmaq lazımdır. 
– Əlbəttə lazımdır, – dedi əmisi, – başqa cür ola bilməz! Niyə də tutmayaq? Hə, indi mənə bu 
vaxtacan olanların hamısını danış ki, iş haqqında dəqiq məlumatım olsun. 
K. heç nəyi gizlətmədən, hər şeyi olduğu kimi danışmağa başladı və onun bu səmimiyyəti 
məhkəmənin rüsvayçılıq olması barədə əmisinin dediklərinə yeganə etiraz əlaməti kimi 
səsləndi. Frölayn Bürstnerin adını bircə dəfə, özü də ötəri çəkdi, ancaq bu onun 
səmimiyyətinə xələl gətirmədi, çünki qızın məhkəmə ilə heç bir əlaqəsi yox idi. Danışa-danışa 
pəncərədən çölə baxırdı və gördü ki, məhkəmənin yerləşdiyi qəsəbəyə yaxınlaşırlar. Bunu 
əmisinə dedi, ancaq kişi bu təsadüfə o qədər də əhəmiyyət vermədi. Maşın qaranlıq bir evin 
qarşısında dayandı. Əmisi birinci mərtəbədə qarşılarına çıxan ilk mənzilin zəngini basdı. 
Onlar gözləyən zaman əmisi təbəssümlə dişlərini qıcıdaraq dedi: 
– Saat səkkiz vəkil yanına gəlmək üçün yaxşı vaxt deyil, ancaq Huld məni bağışlayar.  
Qapının gözlüyündə bir cüt iri, qara gözlər göründü, onlar bayırdakı qonaqlara baxıb yox 
oldular, ancaq qapı açılmadı. Əmisi də, K. da bir-birinə təsdiqlədi ki, bir cüt gözün baxdığını 
görüblər. 
– Yəqin təzə qulluqçudur, tanımadığı üçün qorxdu, – deyən əmisi qapını bir də döydü. Gözlər 
yenə göründü, ancaq bu dəfə deyəsən bir az kədərli idilər, ya da, ola bilsin, başları üzərində 
çırtıltı ilə yanan qaz lampasının zəif işığı onları aldadırdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə