Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

K. – nın gəldiyini görən frölayn Montaq pəncərədən aralanaraq yemək stolunun yanından 
keçə-keçə ona tərəf gəldi. Səssiz görüşdülər. Frölayn Montaq həmişə olduğu kimi başını 
qəribə tərzdə dik tutaraq dedi: 
– Bilmirəm məni tanıyırsınız, ya yox?! 
K. gözlərini qıyaraq ona baxdı: 
– Əlbəttə, tanıyıram, – dedi, – axı çoxdan frau Qrubaxın pansionunda qalırsınız. 
– Bildiyimə görə, siz bu pansionla o qədər də maraqlanmırsınız. 
– Elə deyil... 
– Oturmaq istəmirsiniz? – Frölayn Montaq soruşdu. 
Dinmədən stolun qurtaracağından hərəsi bir kreslo çəkib üzbəüz oturdular. Ancaq frölayn 
Montaq elə o dəqiqə də ayağa qalxdı, çünki çantasını pəncərənin qabağında qoymuşdu və onu 
gətirməyə getdi. Ayaqlarını sürüyə-sürüyə, çantasını da azacıq yellədə-yellədə bütün otağı 
dolaşaraq geri qayıdanda dedi: 
– Rəfiqəmin tapşırığı ilə sizinlə yalnız bir neçə kəlmə söhbət etmək istəyirəm. Özü gəlmək 
istəyirdi, ancaq bu gün özünü pis hiss edir. Bağışlayın ki, onun əvəzinə mənimlə danışmalı 
oldunuz. Ancaq o da sizə mənim dediklərimdən başqa heç nə deməyəcəkdi. Əksinə, 
düşünürəm ki, bu işə qarışacağım olmadığı üçün mən daha çox şey deyə bilərəm. Buna da 
inanmırsınız? 
– Nə deyim ki?! – K. artıq frölayn Montaqın onun dodaqlarından çəkilmək bilməyən 
baxışlarından yorulmuşdu. – Belə çıxır ki, frölayn Bürstner mənimlə şəxsən söhbət eləmək 
istəmədi. 
– Elədir, – frölayn Montaq dilləndi. – Daha doğrusu, heç də elə deyil, siz məsələni çox kəskin 
qoyursunuz. Əslində, bu cür xahişlərə nə “hə” deyirlər, nə də “yox”. Ancaq belə də olur ki, 
həmin xahişlərə əməl etməyi lazım bilmirlər və indiki halda da elədir. Sizin bu sözlərinizdən 
sonra açıq danışa bilərəm. Siz həm şifahi, həm də yazılı şəkildə rəfiqəmlə söhbət etmək 
istədiyinizi bildirmisiniz. Ancaq rəfiqəm bilir ki, – ən azı, mənə belə gəlir – söhbət nədən 
gedəcək və mənə məlum olmayan səbəblərdən əmindir ki, bu söhbət baş tutsa, heç bir tərəfə 
xeyir gətirməyəcək. Yeri gəlmişkən, bu barədə mənə dünən, özü də lap ötəri şəkildə danışdı, 
onu da dedi ki, bu söhbət sizin üçün də çox vacib olmaya bilər, çünki təsadüfən bu fikrə 
gəlmisiniz, indi olmasa da, lap yaxın zamanlarda heç bir xüsusi izahat olmadan bütün olub-
keçənlərin mənasız olduğunu başa düşəcəksiniz. Ona dedim ki, bəlkə də düz fikirləşir, ancaq 
hər şeyi aydınlaşdırmaq üçün sizə konkret cavab vermək daha yaxşı olar. Təklif etdim ki, bu 
vəzəfini mən öz üzərimə götürüm, o da bir az tərəddüddən sonra razılıq verdi. Ümid edirəm 
ki, bu həm də sizin ürəyinizcə oldu, çünki ən mənasız işdə də kicik bir şübhə adama əzab verir 
və indi olduğu kimi, onu asanca aradan qaldırmaq mümkündürsə, bunu həmin dəqiqə eləmək 
daha yaxşıdır. 


– Təşəkkür edirəm! – tez cavab verən K. yavaş-yavaş ayağa durdu, əvvəlcə frölayn Montaqa, 
sonra stola, lap axırda da pəncərədən çölə baxdı, – qarşıdakı bina günəşin şəfəqlərinə qərq 
olmuşdu – qapıya tərəf getdi. Frölayn Montaq onun arxasınca bir-iki addım atdı, sanki K.-ya 
tam inanmırdı. Ancaq qapıya çatanda, hər ikisi geri çəkilməli oldu; kapitan Lants içəri girdi. 
K. ilk dəfə idi ki, onu belə yaxından görürdü. Ucaboy, təxminən qırx yaşlarında bir kişi idi və 
ətli sifəti sanki gündən qaralmışdı. Yüngülcə təzim etdi – bu həm də K.-ya aid idi – sonra 
frölayn Montaqa tərəf gedib nəzakətlə onun əlindən öpdü. Hərəkətlərində cəldlik vardı. Onun 
frölayn Montaqla belə nəzakətlə davranması K.-nın qızla davranışından fərqlənirdi. Ancaq 
buna baxmayaraq, deyəsən, frölayn Montaq K.-dan inciməmişdi, hətta ona elə gəldi ki, K.-nı 
kapitana təqdim etmək də istədi. K. isə bunu heç arzulamırdı, çünki indi nə kapitana, nə də 
frölayn Montaqa mehribanlıq göstərmək iqtidarında deyildi. Bu əlöpmə səhnəsindən sonra 
qızı elə adamların cərgəsinə qoşdu ki, özlərini zahirən çox xeyirxah, təmənnasız göstərə– 
göstərə onu frölayn Bürstnerlə görüşməyə qoymurlar. K.-ya elə gəldi ki, təkcə bunu kəşf 
etmədi, eyni zamanda, onu da başa düşdü ki, frölayn Montaq çox yaxşı, həm də ikibaşlı bir 
üsul seçib. O, frölayn Bürstnerlə K.-nın münasibətlərini, hər şeydən əvvəl, söhbət etmək 
xahişinin mənasını çox şişirdirdi və eyni zamanda, bunu elə fırlatmağa çalışırdı ki, guya hər 
şeyi şişirdən K.-nın özüdür. Ancaq yanılırdı, K. heç nəyi şişirtmək istəmirdi, çünki bilirdi ki, 
frölayn Bürstner adicə bir makinaçı qızıdr, ona uzun zaman müqavimət göstərməyi bacarmaz. 
Elə buna görə də qız haqqında frau Qrubaxdan öyrəndiklərini burda qəsdən nəzərə almadı. 
Bütün bunları ağızucu sağollaşıb çıxarkən fikrindən keçirdi. Öz otağına getmək istəyirdi, 
ancaq arxasınca frölayn Montaqın yemək otağından eşidilən qısa gülüş səsindən sonra ağlına 
gəldi ki, bəlkə ikisinə də – yəni kapitana da, frölayn Montaqa da yaxşı bir dərs versin. 
Ətrafına baxdı, yaxınlıqdakı otaqları dinşədi: sakitlik idi, yalnız yemək otağında söhbət 
edirdilər və bir də mətbəxə gedən dəhlizdən frau Qrubaxın səsi eşidilirdi. Deyəsən, fürsət 
düşmüşdü və K. frölayn Bürstnerin qapısına tərəf gedib onu astadan döydü. İçəridən səs 
çıxmadığını görüb bir də döydü, ancaq yenə də cavab gəlmədi. Yatmışdı? Bəlkə doğrudan da 
özünü pis hiss edirdi? Yoxsa qapının belə asta döyülməsindən gələnin K. olduğunu başa 
düşdüyü üçün özünü danızdırırdı? K.-ya elə gəldi ki, özünü danızdırır və bu dəfə bərkdən 
döydü, bundan bir şey çıxmadığını görüb, ehtiyatla, eyni zamanda da ədalətsiz, mənasız bir iş 
tutduğunu hiss edə-edə onu açdı. İçəridə heç kəs yox idi. Əslində, heç otaq da K.-nın tanıdığı 
otağa bənzəmirdi. Divar uzunu iki çarpayı baş-başa qoyulmuşdu, qapının yaxınlığındakı üç 
kreslonun üstü pal-paltarla dolu idi, dolabın da qapısı açıq qalmışdı. Yəqin ki frölayn Montaq 
yemək otağında K.-nı yola gətirmək istəyəndə, frölayn Bürstner çıxıb getmişdi. Ancaq bu, K.-
ya o qədər də təsir eləmədi, çünki frölayn Bürstnerlə belə asan yolla görüşə biləcəyinə özü də 
inanmırdı, bunu da, demək olar ki, frölayn Montaqın acığına eləmişdi. Ancaq qapını örtərkən 
frölayn Montaqla kapitanın yemək otağının açıq qapısı yanında dayanıb söhbət etdiyini 
görəndə əhvalı pozuldu. Onlar bəlkə də K.-nın qapını açdığı andan orda dayanmışdılar, 
özlərini elə göstərirdilər ki, guya onu güdmürlər və astadan söhbət edirdilər, ancaq gözucu 
onun bütün hərəkətlərini elə izləyirdilər ki, sanki söhbət əsnasında baxışları ora-bura qaçırdı. 
Amma K. bu baxışların ağırlığına dözə bilmədi, divarın dibi ilə otağına tərəf tələsdi.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə