Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

– Daha nə istəyirsən? – əmisi K.-dan bir də soruşdu, – narahatsan ... 
– Məhkəmədə işləyənlərlə oturub-durursunuz? 
– Bəli. 
– Sən lap uşaq sualı verirsən, – əmisi kənardan söz atdı. 
– Öz sahəmdə olan adamlarla oturub-durmayıb, bəs kiminlə oturub-durmalıyam? – vəkil 
əlavə elədi. Bu sözləri elə inamla dedi ki, K. cavab verəsi olmadı. İstədi desin ki, siz 
çardaqdakı məhkəmədə deyil, Ədliyyə məhkəməsində işləyirsiniz, ancaq bacarmadı. 
– Nəzərə alın ki, – vəkil elə bir tərzdə sözünə davam etdi ki, sanki adi bir məsələni yeri 
gəldiyi üçün ötəri izah edirdi, – nəzərə alın ki, mən bu münasbətlərin xeyrini çox görürəm... 
Özü də çox cəhətdən, ancaq hər şeyi deyə bilmərəm. Əlbəttə, indi xəstəliyimlə əlaqədar ora 
gedib-gələ bilmirəm, ancaq ordakı yaxşı dostlarım yanıma gəlirlər, mən də bəzi işlərdən xəbər 
tuturam. Bəlkə sağlam vaxtlarımda bütün günü orda oturub öyrəndiklərimdən çox öyrənirəm. 
Məsələn, indi çox əziz bir qonağım var... – o, otağın qaranlıq küncünü göstərdi. 
– Hardadır? – heyrətdən K.-nın səsi kobud çıxdı. Şübhəli-şübhəli ətrafına boylandı. Balaca 
şamın işığı üzbəüz divardan o tərəfə keçmirdi. Doğrudan da küncdə nəsə bir tərpəniş hiss 
olundu. Əmisi şamı bir az yuxarı qaldırdı və orda balaca stolun arxasında yaşlı bir kişinin 
oturduğu göründü. Sanki indiyəcən heç nəfəs də almamışdı, ona görə də gözə dəyməmişdi. 
İndisə çətinliklə ayağa durdu, yəqin onu gördüklərindən narazı qalmışdı. Balaca quş qanadına 
oxşayan əlini yellətdi, sanki bununla heç bir görüş səhnəsinə, təqdimata ehtiyac olmadığını 
bildirdi, sanki burda qalıb onlara mane olmaq istəmədiyini dedi, sanki şamı yerinə qoyub onu 
təzədən qaranlığın qoynuna qaytarmağı, burda olduğunu büsbütün unutmalarını xahiş etdi. 
Ancaq heç kəs bununla razılaşmadı. 
– Əslində, bizi təəccübləndirdiniz, – vəkil izahat verdi, əli ilə cənaba işarə etdi ki, çəkinməsin, 
yaxına gəlsin, o da yavaş-yavaş, tərəddüdlə, yan-yörəsinə baxa-baxa, ancaq qürurla irəli gəldi. 
– Cənab dəftərxana müdiri... Ah, bağışlayın, sizi təqdim etmədim – bu mənim dostum Albert 
K., yanındakı da qardaşı oğlu Yozef K., prokurist, bu da cənab dəftərxana müdiri... Sağ olsun
məni yoluxmağa gəlib. Bu gəlişin qiymətini yalnız onun işinin başından aşdığını yaxşı bilən 
adamlar verə bilər. Buna baxmayaraq, gəlib və biz sakitcə oturub söhbət edirdik, Leniyə də 
içəri adam buraxmamağı tapşırmamışdıq, çünki heç kəsi gözləmirdik, ancaq istəyirdik ki, tək 
qalaq, sonra da sən qapını yumruqlamağa başladın, Albert, cənab dəftərxana müdiri 
kreslosunu da, balaca stolu da küncə çəkdi, ancaq indi bəlli oldu ki, biz imkan daxilində, yəni 
siz istəyirsinizsə, hamımız üçün ümumi olan bir işi müzakirə edərik və ona görə də yaxın 
otursaq yaxşıdır. Buyurun, cənab dəftərxana müdiri, – deyə o itaətkar bir təbəssümlə təzim 
edərək çarpayının yaxınlığındakı hörmə kreslonu göstərdi. 
 
– Təəssüf ki, mən yalnız bir neçə dəqiqə otura biləcəm, – dəftərxana müdiri mehribanlıqla 
dilləndi, kresloya yayxandı və saata baxdı: – İşlər məni gözləyir, ancaq dostumun dostu ilə 
tanış olmaq fürsətini də əldən vermək istəmirəm. – O, təzə tanışlıqdan çox məmnun qalan, 


ancaq təbiətinə uyğun olaraq sədaqətini ifadə etməyi bacarmayan, çətin vəziyyətə düşdüyü 
üçün dəftərxana müdirinin sözlərini uca bir gülüşlə qarşılayan kişiyə yüngülcə təzim etdi. Nə 
iyrənc səhnə idi! K. hər şeyi rahatca müşahidə edə bilirdi, çünki ona fikir verən yox idi. 
Dəftərxana müdiri, deyəsən, buna adət etdiyi və bir də minnətlə dəvət olunduğu üçün 
təşəbbüsü ələ almışdı, yalnız özü danışırdı, bəlkə də təzə gələn qonaqlardan canını qurtarmaq 
üçün özünü zəif göstərən vəkil əlini qulağının dibinə qoyub diqqətlə qulaq asırdı, şamtutan 
əmisində – onu dizinin üstünə qoymuşdu, tez-tez düzəldirdi ki, düşməsin və bundan narahat 
olan vəkil də gözünü ondan çəkmirdi, – bayaqkı pərtlikdən əsər-əlamət qalmamışdı, 
dəftərxana müdirinin danışıq tərzinə, danışa-danışa əlini asta-asta, dalğavari şəkildə 
oynatmasına heyran olmuşdu. Dəftərxana müdiri bəlkə də bilərəkdən çarpayının başına 
söykənmiş K.-ya fikir vermirdi və belə çıxırdı ki, onun vəzifəsi yalnız bu yaşlı cənablara 
qulaq asmaqdan ibarətdir. Yeri gəlmişkən, heç söhbətin nədən getdiyini də bilmirdi, gah 
qulluqçu qız, gah əmisinin onunla necə kobud rəftar etməsi, gah da dəftərxana müdirini 
haradasa görüb-görmədiyi barədə düşünürdü. Bəlkə ilk istintaq zamanı görmüşdü? Əgər belə 
deyildisə, onda iştirakşıların arasında, birinci cərgədəki təkəsaqqal cənabın yanında dayanan 
görmüşdü... 
Bu vaxt ön otaqdan sınan qab səsi eşidildi, hamısı o tərəfə baxdı. 
– Gedim görüm nə olub, – deyə K. yavaş-yavaş qapıya tərəf getdi, sanki bununla içəridəkilərə 
şərait yaradırdı ki, onu getməyə qoymasınlar. Ön otağa girib gözləri qaranlığa alışana kimi 
hələ qapını dəstəyində olan əlinin üstünə balaca bir əl qoyuldu və K.-nın əlindən çox kiçik 
olan həmin əl qapını yavaşca örtdü. Qulluqçu idi, onu gözləyirdi. 
– Heç nə olmayıb, – qız pıçıldadı, – boşqabı divara vurub sındırdım ki, siz gələsiniz. 
K. pərt oldu: 
– Elə mən də sizin haqqınızda fikirləşirdim... 
– Daha yaxşı... Gəlin. 
Bir neçə addımdan sonra tutqun şüşəli bir qapıya çatdılar, qız onu açdı: 
– İçəri keçin, – dedi. 
Şübhəsiz ki, bura vəkilin iş otağı idi. Otağın hər üç pəncərəsinin önünə kvadrat şəklində düşən 
ay işığında onun ağır, köhnə dəbli mebellərlə bəzədildiyini gördü.  
– Bura keçin, – qız arxasına taxtadan söykənəcək düzəldilmiş qara rəngli sandığı göstərdi.  
K. oturmamışdan əvvəl otağa göz gəzdirdi: hündür, geniş idi və kasıb-kusub vəkilinin 
müştəriləri burda itib-batardılar. K.-ya elə gəldi ki, müştərilərin xırda addımlarla bu nəhəng 
yazı stoluna necə yaxınlaşdıqlarını da gördü. Sonra hər şey yaddan çıxdı və indi yalnız lap 
böyründə oturub onu, demək olar ki, qoltuqaltına sıxan qıza baxırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə