39
***
İlk yazılarımı 14 yaşında yazmışam. 1952-ci ilin yayında,
Şuşada. "Sənin nəğmən yaxşıdır" adlı Amerika həyatından bir
pyes və "İki dəniz" adlı kiçik yazı. Pyesin mövzusu ciddi
musiqiyələ məşğul olan namuslu, istedadlı bəstəkarın
məcburiyyət qarşısında yüngül populyar estrada janrlarına
keçməsi və bununla bağlı baş verən ailə faciəsi idi. Əlbəttə, çox
vaxt maddi təminat verməyən ciddi sənətlə gəlirli ucuz sənət
yolu arasındakı konflikt bir problem olaraq onda da vardı (özü
də tək Amerikada yox), indi də var. Amma bu problemi
yazanda mənim Amerika həyatı haqqında təbii ki, səthi
təsəvvürlərim və kasad biliklərim ancaq sovet mətbuatındakı
təbliğat xarakterli yazılara əsaslanırdı. "İki dəniz" yazısında isə
(onu bu kitaba daxil edirəm) Böyük dənizdən – Böyük azad
dünyadan ayrılmış, təcrid olunmuş Kiçik dənizin –
Azərbaycanın tənhalığının, mütiliyinin rəmzini yaratmağa
çalışmışdım.
Bu vaxtdan etibarən daha bir pyes (artıq öz həyatımızdan)
və xeyli hekayə yazdım. 1960-cı ilin may ayından on hekayəmi
makinada çap etdim, onlara müqəddiməsayağı bir şey yazaraq
sonralar faciəvi şəkildə avtomabil qəzasında həlak olmuş
gənclik dostum, istedadlı memar və rəssam Fuad Seyidzadədən
xahiş etdim ki, bunlara illüstrasiyalar çəksin və bütün bunları
"Yağışlı gecə" adlı kitab şəklində cildlətdim. Bu mənim tək bir
nüsxədən ibarət olan ilk "kitabım" idi.
60-cı ilə qədər hekayələrimi heç bir mətbuat orqanına
təqdim etməmişdim. Atam da məsləhət görmürdü. Yalnız 60-cı
ildə iki hekayəmi jurnala təqdim etməyə razılıq verdi.
"Azərbaycan" jurnalının 60-cı il dekabr nömrəsində jurnalın
o vaxtkı redaktoru Əbülhəsən iki hekayəmi dərc etdi: "Keçən
40
ilin son gecəsi" və "Bayram həsrətində" hekayələrimi. Sonra
"Azərbaycan" jurnalında daha iki hekayəm - "Asqılıqda işləyən
qadının söhbəti" və "Taksi və vaxt" dərc olundu. "Keçən ilin
son gecəsi" və "Asqılıqda işləyən qadının söhbəti" 1961-ci ildə
"Drujba narodov" jurnalında da çap edildi.
İlk "kitabıma" daxil etdiyim qalan beş hekayəni isə
indiyəcən çap etməmişəm. 18-20 yaşlı gəncin ilk qələm
təcrübələrini indi ilk dəfə bu kitabda oxuculara təqdim
etməyimin səbəbi yalnız nostalji, uzaq illər üçün qəribsəmə
hissi deyil. Əlbəttə, bu da var. Bu hekayələrin hər biri
ömrümün müəyyən xatirələriylə bağlıdır. Amma məsələ tək
bunda deyil. Demək olar qırx illik fasilədən sonra bu yazıları
yenidən gözdən keçirəndə gördüm ki, naşı qələmin məhsulu
olan bu hekayələrdə ifadə olunmuş bir çox fikirlər, motivlər,
duyğular müxtəlif şəkildə mənim sonrakı əsərlərimdə də öz
əksini tapıb. Bəlkə elə bu sarıdan maraq doğura bilərlər.
Həm də ki, ömrün ahıl çağında ilk qələm təşəbbüslərini,
yazı-pozu aləmində birinci addımlarını xatırlamaq elə duyğular
oyadır ki, bu duyğular haqqında ən dəqiq sözləri bir şerində
böyük rus şairi Boris Pasternak deyib. Vaxtilə Pasternakın
həmin şerini dilimizə çevirmişdim. Sözümü də bu şerdən
gətirmək istədiyim üç bəndlə bitirirəm:
Başladığım zaman bilirdim məgər
Bu işin axırı belə olacaq?
Adamın qanını tökür sətirlər,
Boğazın tutulub qanla dolacaq.
Mən belə peşədən olardım iraq
Bu cür zarafatı neynirdim axı?
Amma nə kövrəkdi, xoşdu ilk maraq
Ömrümün o erkən, o uzaq çağı.
Romasayağıdır fəqət qocalıq
Nə nitq tələb edir, nə fənd, nə kələk.
41
Bədii qiraət istəmir artıq,
Doğrudan doğruya öləsən gərək.
27 iyun 2003
42
YAĞIŞLI GECƏ
…Gecədir. Yağış yağır…
Bir qədər qüssəliyəm.
Adi bir gecədir. Hər gecə olan gecələrdəndir.
Bayram hər gün olmur. İnsanların ömrünün çox qismi
bayram həsrətində keçir.
…14-15 yaşlarında bir qız dərsdən qayıdır. O, hər gün bax
beləcə məktəbdən evə gəlir. Həftədə altı dəfə. Ayda 6x4 dəfə.
İldə nə bilim neçə yüz neçə kərə, hər gün. Xəstələndiyi
günlərdən başqa.
Günlərin bir günündə 24-25 yaşlarında bir gənc – onların
həyət qonşusu (o, gözəl və yaraşıqlıdır) – qızın qədəmləri
qabağına əlvan çiçəklər səpələyir.
Bu gün qızın bayramıdır. Bu hələ məhəbbət bayramı deyil.
Axı məktəbli qızın vur-tut 15 yaşı var. 14-15. Lakin bu başqa
bir bayramdır. Bu qadın qəlbində məhəbbətdən çox erkən
oyanan və məhəbbətdən çox sonra sönən bir hissin,
riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş,
səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramıdır. Bu
istəyə çatmaq məktəbli qızın ulu sevinci, xarüqəvi bayramıdır.
Elə ona görə də bu bayramın baş tutmaması onun üçün ağır
faciədir.
Qızı çox sərt mühakimə etməyək. O hələ uşaqdır. O biçarə
nə bilsin ki, baş tutmuş bayramlar belə səadət ilğımlarından
qeyri bir şey deyildilər.
İnsan bayramı gözləməkdən, onun həsrətilə yaşamaqdan
həzz alır.
…"İnsana səadət verilməmişdir. Bəlkə ona yalnız səadət
arzulamaq, xoşbəxtlik ümidiylə, bəxtiyarlıq gümanıyla
yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir.
Səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək
həsrətində yaşamaq və nə isə hey gözləmək, gözləmək,
gözləməkdir…"
Dostları ilə paylaş: |