123
dağılmazdı.
Rüstəm anası ilə görüşüb gedir.
Qəribədir. Mizin üstündə on iki adamlıq qab-qacaq var.
Tofiqgilin uşaqlarından bir neçəsi gəlib gündüzdən düzüblər.
Ortada da iri bir bulud var. Ən qəribəsi odur ki, Həmidə xala da
xörəyi bu iri buluda çəkir. On-on beş adamlıq. Sonra
boşqabları düzəldib öz-özünə dodaqaltı danışmağa başlayır:
–Siz burda əyləşin. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər.
Usta, sən də burda otur. Teymur, sən bura keç. Arvadının
yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən burda otur. Axı,
tamada sən olacaqsan.
Həmidə xala öz-özünə gülür:
–Mənim də deyəsən başım xarab olub. – O, eyvana çıxır.
Küçə bom-boşdur... Bu axşam hamı haradasa bir ocaq başına
yığışmışdır. "Görəsən heç bu saat küçədə gəzişənlər də varmı?"
Elə bu vaxt küçədə iki nəfər görünür. Onlar mağazadan
çıxıblar. Hər ikisinin qoltuqları içki şüşələrilə doludur.
Soyuqdan büzüşə–büzüşə və bərkdən danışıb gülə–gülə harasa,
bir ocaq başına tələsirlər. Həmidə xala otağa qayıdır.
Televizoru qurur. Diktor nə isə danışır.
–Bəs bu yazıq qız niyə burdadır? – deyə Həmidə xala öz-
özündən soruşur. – Bu görəsən yeni ili qarşılamır?
Həmidə xala stulunu qabağa çəkib televizordakı qızla söhbət
eləməyə başlayır:
–Bıy... qızım, sən burdasan? Yeni ili hamı öz evində
qarşılayır, ancaq sən...
Qız Həmidə xalanın sözünü kəsir:
–Bu il mədəniyyətimizin nailiyyətləri sırasında gənc
bəstəkar Yusifovun yeni baletini də qeyd etmək olar.
Həmidə xala düşünür: "Gənc bəstəkar Yusifov! Gənc
bəstəkar Yusifov yəqin indi hardasa oturub dost-aşnasının, tay–
tuşunun içində kef çəkir, heç bəlkə televizora da baxmır. Bu
saat hamının başı qarışıqdır".
Həmidə xala yenə qıza müraciət edir:
downloaded from KitabYurdu.org
124
–Qızım, sən də çıx get evinizə. Mədəniyyətimizin
nailiyyətlərindən sabah danışarsan. Nə olacaq? Nailiyyətlər
qaçmayacaq ki?
–Rəssamlıq sahəsində də bir çox görkəmli əsərlər
yaranmışdır.
–Hələ on ikiyə iyirmi dəqiqə var. Maşına minsən çatarsan.
Get dostlarının, yoldaşlarının yanına. Yəqin səni də
gözləyənlər var. Axı, cavansan, gözəlsən. Yəqin nişanlın var.
Sənsiz darıxır. Axı o da belə gecədə səninlə bir yerdə olmaq
istəyir. Elə deyil, qızım, hə?
–Fazilovun çobanlara həsr etdiyi tablosu orijinal və təbiidir.
–Neynək, qızım. Qoy təbii olsun, amma sən get, bilirsən,
deyiklin necə sevinər. Yaxşı qız, bilirəm özünün də ürəyin
tələsir. Bütün Bakı sənə baxsa da, sən özün bircə nəfərin
yanında olmaq istəyərdin, eləmi?
– Yeni kino–filmlər sırasında...
–Elədir, qızım, qulluqdur, bilirəm qoyub gedə bilməzsən.
Amma bu gecə heç insafdır ki...
Birdən Həmidə xalanın ağlına gəldi ki, bu qızın
"kompaniyası" yəqin ki, söz qoyublar yeni ili Moskva vaxtı ilə
qarşılasınlar. Həmidə xala təsəvvürünə gətirdi ki, qızın
nişanlısı indi bir maşın tutub yuxarı televiziya studiyasına
gedəcək, veriliş qurtaranda istəklisini götürüb birbaş məclisə
gətirəcəkdir. Qız heç paltarını da dəyişə bilməyəcəkdir. O
həmin bu paltarda, Həmidə xalanın gördüyü paltarda, nişanlısı
ilə, dostları ilə bir yerdə şadlıq, şənlik içində yeni ili
qarşılayacaqdır. Lakin Həmidə xala artıq onu bu halda
görməyəcək. Necə şadlandığını, adi həyatda necə davrandığını,
necə danışdığını bilməyəcəkdir...
Həmidə xala daha qızı düşünmürdü. İndi o, radio
diktorlarını düşünürdü. Amma bəlkə indi radioda da heç kəs
yoxdur, ancaq yazılı lentləri buraxırlar. O, bunu bilmirdi.
Həmidə xala yenidən düşünməyə başladı: görəsən bu yeni il
gecəsi daha kimlər evdə deyillər? Məlumat bürosunun işçiləri.
downloaded from KitabYurdu.org
125
Həmidə xala telefona yanaşdı və 09 yığdı. Uzun zaman düşə
bilmədi. 09 məşğul idi. Təkrar yığdı. Qadın səsi eşidildi:
– Məlumat bürosu sizi dinləyir.
–Salam, qızım.
– Hara?
– Deyirəm, salam, qızım.
Qadın təəccüblə dedi:
–Əleyküm-salam.
–Sizin yeni ilinizi təbrik edirəm.
Qadın daha artıq təəccüblə dedi:
–Çox sağ olun. Danışan kimdir?
–Heç, bir nəfər... Bilirsinizmi, mən sizdən soruşmaq
istəyirdim, necəsiniz, bu axşam...
–Axı, kimdir? – deyə qadın yenidən səbirsizliklə soruşdu.
–Heç, bir nəfər, siz tanımırsınız...
Qadın hirslə:
–Telefonu məşğul eləməyin, – dedi və əlavə etdi: – hələ
yeni il gəlməyib, indidən içib sərxoş olublar, – və telefonu asdı.
Həmidə xalanı gülmək tutdu. O, dəstəyi asdı və öz yerinə
qayıtdı. Televizordakı qız qeyb olmuşdu. Verilişlər
qurtarmışdı. Bakı vaxtı ilə artıq yeni il idi. Həmidə xala
televizordakı qızın yox olmasına bir qədər heyfsiləndi. İndi o,
otaqda lap tək qalmışdı.
Telefonun zəngi çalındı.
Danışan Rüstəm idi.
–Ana?
–Hə.
–Yeni ilin mübarək olsun.
–Səninlə belə, can bala!
–Kimnən belə danışırdın? Bayaqdan zəng eləyirəm telefon
məşğuldu.
Həmidə xala Rüstəmi necə başa salaydı ki, o kimlə və nə
üçün danışırdı?
Sonra Tofiq zəng elədi. Təbrik elədi. Sonra Gülarə təbrik
downloaded from KitabYurdu.org
126
elədi və soruşdu ki, Vaqif oyanıb ya yox?
Dilarənin yəqin ki, zəng eləmək imkanı yox idi. Yoxsa o da
eləyərdi.
Həmidə xala reproduktoru qurdu. Radio musiqi verirdi.
Həmidə xalanın xoşuna gələn musiqi deyildi, odur ki, radionu
söndürdü. Onun sevdiyi musiqi Bülbülün nəğmələri idi.
Onların maqnitofonlarında Bülbülün bir neçə nəğməsi
yazılmışdı.
Həmidə xala maqnitofona yaxınlaşdı. "Görəsən niyə adama
ömrünün axırında bircə bu cihazlar qalır?" – deyə düşündü və
dərhal bu bədbin fikirləri başından qovdu: "Yox, mən haqlı
deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül
kimi balalarım var. Hamısı da məni çox istəyir". Birdən
Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə
qədər qovmaq istəyirdisə də, qova bilmirdi. O, bu işi etmək
istəyirdi. Qorxurdu. Çünki evdə tək idi. Amma yenə də
istəyirdi. O, Qəzənfərlə danışmaq: daha doğrusu, Qəzənfəri
dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi.
Qəzənfər öz sağlığında səsini maqnitofona yazmışdı. O,
öləndən bəri evdə heç kəs bir dəfə də olsun bu səsə qulaq
asmağa ürək eləməmişdi. Birdən hardansa Həmidə xalanın
başına gələn bu fikir, onun iradəsinə hakim kəsildi.
O, axırda öz istəyinə tabe oldu. Balaca siyirməni açdı, lenti
çıxartdı, maqnitofonu işə salıb dinləməyə başladı.
Qəzənfərdən əvvəl uşaqların və onun özünün – Həmidənin
səsi gəlirdi. Gülüşlər, qəhqəhələr, səs–küy. Sonra qəfil sakitlik
və Qəzənfərin mülayim səsi:
"Qulaq as, Həmidə..."
Həmidə xalanın əti ürpəşdi. Elə bil Qəzənfər o dünyadan
onunla danışırdı.
"Mən nə şairəm, nə filosof. Mən adi bir fəhlə babayam.
Doğrudur, özümə görə adım–sanım var, beş kişinin içində
hörmətim olub. Amma yenə deyirəm ki, mən adi bir adamam,
elə bilmə ki, çox dərin qırıldatmaq ya filosofluq eləmək
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |