MİRZƏ ADIGÖZƏL BƏYİN TƏRCÜMEYİ-HALINA
AİD MATERİALLAR
"Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy öz həyatı haqqında olduqca qısa
məlumat verir.
Buna görə, onun bu məlumatlarını həyat və fəaliyyətinin
müxtəlif
dövrlərini işıqlandıran materiallarla tamamlamağı lazım bildik.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin əlyazısının son səhifələrində öz
tərcümeyi-halından
bəhs edərkən, Qarabağda anadan olduğunu yazır. Təəssüf ki,
hansı ildə anadan olduğunu göstərmir. Lakin tərcümeyi-halında bir sıra faktlara
işarə edilmişdir ki, bunlar da onun təxmini olaraq hansı ildə anadan olduğunu
təyin etmək üçün imkan verir. Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşa şəhərində
məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq
Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf
yollandı və Tiflis şəhərini tutdu.
Bu
hadisələr, yəni Şuşanın mühasirəsi 1795-ci ilin yayında, Tiflsin İran
qoşunları tərəfindən alınması isə həmin il sentyabr ayının 12-də baş vermişdir.
Beləliklə, Mirzə Adıgözəl bəyin 1795-ci ildə məktəbli yaşında, yəni 9 ilə 14
yaşları arasında olduğunu təsəvvür etsək, onun XVIII əsrin səksəninci illərində
və daha doğrusu, səksəninci illərin əvvəllərində anadan olduğunu təyin etmək
çətin deyildir; çünki tərcümeyi-halda verilən
başqa məlumatlardan görünür ki,
Mirzə Adıgözəl bəy 1799-cu ilin axırları və 1800-cü ilin əvvəllərində Tiflisdə
Gürcüstan padşahı nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Buna
görə də, onun bu zaman 18-20 yaşlarında olduğunu güman etmək olar.
Yuxarıdakı mülahizələr Mirzə Adıgözəl bəyin yetmişinci illərin sonunda və
ya səksəninci illərin başlanğıcında anadan olduğu fikrinin düzgünlüyünü
göstərir.
Bu zaman Rusiya hökumətinin Azərbaycan xanlıqları ilə olan münasibətində
böyük bir dönüş yarandı. II Yekaterina hökuməti Azərbaycan xanlıqlarının işinə
getdikcə daha artıq qarışmağa başladı. Nəhayət, səksəninci illərin birinci yarısının
sonlarında, Şimali Azərbaycan xanlıqlarını Rusiya ilə birləşdirmək məqsədilə bu
xanlıqları öz himayəsi altına almaq siyasətinə keçdi. Quba xanı Fətəli xan
qüdrətli Şimal dövləti ilə əlaqə saxlamağın lazım olduğunu hiss edərək, vaxtın
tələbinə görə, getdikcə daha artıq Rusiyaya istinad etmək siyasətinə meyil edirdi.
Həştərxan və onun vasitəsilə Rusiyanın başqa şəhərləri ilə olduqca möhkəm
iqtisadi əlaqələrdə olan Şamaxı, Bakı və Dərbənd tacir və sənətkarlarının mühüm
hissəsi ona rəğbət bəsləyirdi.
Beləliklə, Adıgözəl bəy hələ fəaliyyətinin ilk zamanlarında
Rusiya ilə daha
geniş əlaqə saxlamağa cəhd edən və öz nəzərlərini Şimala çevirmiş olan
adamlarla yaxınlaşa bilərdi.
8
Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Ağa Məhəmməd şahın qoşunları
yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı
"İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı tərk edərək
Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də, İran qoşunlarının vəhşi
hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək
Şirvan, Şəki oblastlarına və Gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti
kimi, böyük əziyyətlər çəkmişdilər.
Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır əziyyətə
rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsi
çəkdiyi bütün
əziyyətlər başqa qaçqınların da başına gəldi.
Xalqın geniş təbəqələri İran hakimiyyətinə nifrət edirdilər və ona tabe
olmamaq üçün öz əmlak və evlərini, əziz və doğma yurdlarını ataraq yaxınlaşan
İran qoşunlarından qaçırdılar. Qarabağın Aran sahələri əhalisinin doğma
yurdlarından kütləvi surətdə qaçması, xalq kütlələrinin İran qoşunları basqınına
nə cür əlaqə bəslədiyini aydınca göstərir.
Bildiyimizə görə, Ağa Məhəmməd şah Rusiya qoşunlarının
hərbi - Gürcüstan
yolu ilə Gürcüstan əhalisinin köməyinə gələ biləcəyindən qorxaraq, Tiflisdə
yalnız 8 gün qalmış və sonra Gəncədən keçərək Muğan düzünə getmişdi.
1796-ci ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1796-cı il yaz
fəslinin əvvəllərində Ağa Məhəmməd şah öz qoşunları ilə Astarabad və
Xorasana getdi.
1796-cı ilin yayında II Yekaterina hökuməti tərəfindən göndərilmiş Rusiya
qoşunları Şimali Azərbaycana daxil oldular. Onlar Quba, Şamaxı, Bakı, Gəncə
şəhərlərini tutdular. Lakin həmin 1796-cı ilin payızının axırlarında, II
Yekaterinanın
ölümündən sonra, I Pavelin fərmanına əsasən, Rusiya qoşunları
Azərbaycan torpaqlarından çəkilməyə başladılar və 1797-ci ilin yazında
Azərbaycanı tamamilə tərk etdilər.
1797-ci ilin yazında Ağa Məhəmməd şah yenidən Qarabağa soxuldu. 1795-ci
ildə, İran qoşunlarının ölkəni tarmar etməsi nəticəsində intişar etmiş aclıq və taun
xəstəliyi davam edirdi. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvə və
vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək Car
vilayətinə çəkildi. Ağa Məhəmməd şah öz qoşunları ilə heç
bir maneəyə rast
gəlmədən Şuşanı zəbt etdi və 1795-ci ildə Şuşanı müdafiə etmiş şəhər əhalisini və
Rusiyaya istinad etmək təmayülü tərəfdarlarını təqib və edam etməyə başladı.
Bütün bu müddət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə
Gürcüstanda qalmaqda idilər. Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə
məlum idi. Yəqin ki, o bu hadisələrin şahidi və iştirakçısı olmuş, müxtəlif
adamlarla görüşmüşdü. Doğma vətəninin talan edilməsi, aclıq, əhali
9