və sair təmtəraqlı ifadələr və təsvirlər Mirzə Adıgözəl bəyə yox, Salariyə aiddir.
Bu dəbdəbəlilik və ala-bəzəklik mətnin məzmununu zənginləşdirmir, əksinə,
onun mütaliəsini daha da çətinləşdirir. Məlum olduğu kimi, Abbasqulu ağa
Bakıxanov bu qədim ənənələri kənara ataraq, sadə və aydın dildə "Gülüstani-
İrəm" əsərini yazmışdır. Mirzə Adıgözəl bəy, Salarinin ifadə üsulları ilə
razılaşdığı üçün əsərdəki bir sıra hadisə və faktlar öz aydınlıq və düzgünlüyünü
itirmişdir.
Qeyd etmək lazımdır ki, bu söylənilənlər başlıca olaraq, "Qarabağnamə"nin
birinci fəsillərinə aiddir. XIX əsrin tarixi sadə dillə yazılmışdır. Əsəri oxuyarkən
belə bir təsir oyadır ki, Salari mətnin ilk fəsillərini gözəl üslub ilə yazmaqla
kifayətlənmişdir. Sonrakı fəsilləri isə sadə və anlaşılan dildə yazmağa
başlamışdır. Erməni dilinə tərcümə edilmiş "Qarabağnamə"nin əlyazmasında bu
sətirlər var: "O vaxt mən - bu tarixi yazmış qarabağlı Mirzə Adıgözəl bəy
Tiflisdə idim"
1
. "Qarabağnamə"nin başqa nüsxələrində belə bir qeyd yoxdur. Ola
bilər ki, Mirzə Adıgözəl bəy bəzi işlərə görə, Şuşadan Tiflisə getmiş və orada öz
əsərini yazmışdır.
Mirzə Adıgözəl bəy 1848-ci
2
ildə sentyabr ayının 9-da vəfat etmiş və
Goranboy yaxınlığında olan Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir.
Onun qəbri üzərində türbə tikilmişdir. Yuxarıda göstərilən vəfat tarixi Mirzə
Adıgözəl bəyin qəbri üstünə qoyulmuş başdaşının kitabəsindən alınmışdır.
V.N.Leviatov
1
T.İ.Ter-Qriqoryan. Qarabağlı Mirzə Adıgözəl bəy. Azərb. SSR EA Məruzələri, N°9, 1948-ci il.
2 Mirzə Adıgözəl bəyin vəfat tarixini, onun qəbri üzərindəki kitabənin qrafitlə çıxarılmış surəti üzündən, tarix elmləri
namizədi Ə.Ə.Ələsgərzadə oxumuşdur. Kitabənin surəti A.Bakıxanov adına Tarix İnstitutu elmi işçiləri N.V.Minkeviç-
Mustafayeva və S.K.Əhmədova tərəfindən çıxarılmışdır. Bu xüsusda baxın: N.V.Minkeviç-Mustafayeva və S.K.Əhmədova.
"Mirzə Adıgözəl bəy ailəsinin türbəsi" (Azərb. SSR EA Məruzələri N° 5, 1948-ci il).
21
MÜQƏDDİMƏ
Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərində Qarabağın 1736-cı ildən
1828-ci ilə kimi siyasi tarixi göstərilir.
Bu illər ərzində siyasət aləmində bir çox böyük hadisələr olmuşdur. 1747-ci
ilə kimi, yəni Nadir şah öldürülənə kimi Qarabağ İran dövlətinin hakimiyyəti
altında idi. Nadir şahın ölümündən sonra İranda hərc-mərclik və şahın taxt-tacına
sahib olmaq istəyənlər arasında mübarizə başlandı. Mərkəzi siyasi hakimiyyət
əldən-ələ keçərək çox zəifləmişdi və yerli feodal zadəganları və hakimləri özünə
tabe etməyə qadir deyildi. Bu illərdə Azərbaycan İran dövlətinin hakimiyyəti
altından çıxdı və onda iyirmiyə yaxın müstəqil xanlıqlar əmələ gəldi. Xanlıqların
hər biri bir şəhərdən və iqtisadi cəhətdən onunla əlaqədar olan kəndlərdən ibarət
idi. Məsələn, Quba xanlığı Quba şəhərindən və onun mahalına daxil olan
təqribən iki yüz kənddən ibarət idi. Bakı xanlığı Bakı şəhərindən və Abşeron
yarımadasında yerləşən otuz kənddən, Qarabağ xanlığı isə Şuşa şəhərindən və
təqribən 250 kənddən ibarət idi. Qalan xanlıqlar da belə idi. Kənd əhalisi natural
təsərrüfat formalarının hakim olduğu şəraitdə yaşayırdı və şəhər ilə əlaqəsi zəif
idi. Şəhərlərin özünün əhalisi az idi (adətən üç mindən beş minə kimi) və
sənətkarların hazırladıqları məmulat əsasən bu şəhərlərlə əlaqədar olan kəndlərin
tələblərini təmin edirdi. Şəhərlərlə ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat
rabitəsi isə çox zəif idi.
Xanlıqların başında yerli feodal dairələrinin ən güclü nümayəndələri dururdu.
Zəngin və güclü Cavanşir tayfasına mənsub olan Pənah bəyin Qarabağ üzərində
öz hakimiyyətini necə möhkəmlətdiyi "Qarabağnamə"də müfəssəl surətdə təsvir
olunur.
Pənah xan Cavanşir və "Otuziki" tayfalarını özünə tabe etmək üçün, habelə
Qarabağın feodal sahiblərinə - məliklərə qarşı gərgin mübarizə aparmağa məcbur
oldu.
Pənah xan tipik feodal bir hakim kimi özünə Bayat, sonra da Şahbulaq adlı
möhkəmləndirilmiş qəsrlər tikdirir, ətraf hakimlərin onu özlərinə tabe etmək
cəhdlərini dəf edirdi. Bir qədər gücləndikdən sonra Pənah xan Pənahabad qalasını
(Şuşanı) tikdirir və Qarabağ üzərində öz hakimiyyətini və istiqlaliyyətini,
Azərbaycanın cənub hissəsinin güclü xanlarından - Məhəmmədhəsən xan
Qacardan və Fətəli xan Əfşardan silah gücü ilə qoruyur. Eyni zamanda o, öz
hakimiyyəti altında olan ərazini cənub-qərbə - Naxçıvan tərəfə və cənub-şərqə -
Təbriz tərəfə genişləndirməyə çalışır.
Xanların hər biri xanlığa məxsus olan torpaqların miqdarını, həmçinin ona
tabe olan əhalinin sayını artırmağa çalışırdı. Bu meyil böyük feodal torpaq
sahibləri olan xanların sinfi mənafeyindən irəli gəlirdi.
22
Məskun torpaqdan xanlar vergi və ya renta şəklində mədaxil alırdılar.
Əhalinin çox olması böyük xalq ordusu yaratmağa imkan verirdi. Beləliklə,
xanlar özlərinə tabe olan ərazini böyütmək və təbəələrin sayını artırmaq yolu ilə
öz iqtisadi və siyasi qüvvələrini artırır, öz hakimiyyətlərini möhkəmləndirirdilər.
Pənah xanın və İbrahim xanın siyasəti göstərdiyimiz sinfi mənafedən irəli
gəlirdi.
Xanların, o cümlədən də Qarabağ xanlarının xarici siyasəti öz hakimiyyətini,
öz hakim mövqeyini saxlamaq və möhkəmlətmək təmayülü ilə təyin edilirdi.
Buna görə, mürəkkəb beynəlxalq vəziyyətdə, İran, Türkiyə və Rusiyanın
Azərbaycanı özünə tabe etmək uğrunda mübarizəsi şəraitində xanlar tərəddüd
edir və vəziyyətdən asılı olaraq, öz sinfi mənafelərini təmin edən tərəfə meyil
edirdilər.
XVIII əsrin 90-cı illərinin başlanğıcında Azərbaycanın cənub hissəsinin
xanlıqları Ağa Məhəmməd şahın hakimiyyəti altına düşdükdən sonra, Qarabağ
xanları qarşısında İrana tabe olmaq kimi həqiqi bir təhlükə meydana çıxdı. Ağa
Məhəmməd şahın 1795-ci ildəki hərbi səfəri zamanı xüsusən dəhşətli olan belə
bir vəziyyətdə qarabağlı İbrahim xan Rusiyadan himayə gözləməyə başladı.
O zamankı Rusiya şah idarəsi altında olan İrandan və ya sultan
Türkiyəsindən daha yüksək iqtisadi inkişaf səviyyəsi və beynəlxalq vəziyyəti
onun bir dövlət kimi müstəqil yaşamasına və inkişaf etməsinə imkan vermirdi.
Azərbaycanın Rusiyaya birləşdirilməsi rus və Azərbaycan xalqları arasında
iqtisadi və mədəni münasibətlərin daha geniş inkişaf etməsi üçün imkanlar
açırdı. Mirzə Adıgözəl bəy "Qarabağnamə"də Azərbaycanın şimal hissələrinin
Rusiyaya birləşdirilməsi əhəmiyyətinin qiymətləndirilməsi üzərində dayanmırsa
da, lakin onun bu fakta çox müsbət yanaşdığı əsərin mətnindən görünür.
Fransa və İngiltərə hökumətlərindən pul borcları, silah və hərbi təlimatçılarla
kömək alan İran hökuməti iki dəfə Azərbaycanın şimal hissəsini silah gücü ilə
Rusiyadan ayırmağa və onu öz hakimiyyəti altına almağa təşəbbüs etdi. Lakin
1805-1813 və 1826-1828-ci illərin müharibələrində İran məğlubiyyətə uğradı.
Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müahidənamələrinə görə, İran
hökuməti Azərbaycanın şimal hissəsinə olan iddialarından əl çəkməyə məcbur
oldu və onların Rusiyaya birləşdirilməsini təsdiq etdi.
Mirzə Adıgözəl bəy Qarabağın tarixini Türkmənçay sülh müahidənaməsinin
bağlanması ilə bitirir. Beləliklə, Mirzə Adıgözəl bəy Qarabağın bütün sonrakı
tarixini və bu tarixin gedişində çarizmin Azərbaycanda qurduğu istibdadın
şiddətləndiyi dövrü təsvir etmir.
23
Dostları ilə paylaş: |