Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
110
bənzəyirdi. Elə bil kimsə bu mahnını  məhz  Əzizin bu günü 
üçün yazmışdı. “Bircə sən yoxsan, əzizim, bilir aləm bu gecə, 
Neyçün olmadın ey yar, mənə həmdəm bu gecə?…” 
Bu,  ən ağır zərbə oldu. Əziz özünü saxlaya bilmədi. 
Masanın arxasına keçib qədəhi başına çəkdi. “Bağışla məni 
Sənəm, bağışla…” deyə bir-birinin ardınca araqdan süzüb içdi 
və elə pal-paltarlı divanda uzanıb yuxuya getdi.  
Səhərə yaxın oyandı. Bədəni ağırlaşmışdı. Soyuq canına 
yeridiyindən ürəyinin içi də  əsirdi. Zorla qalxıb yataq otağına 
keçdi, yatağa girdi. Yarı yuxulu, yarı ayıq saat on ikiyə kimi 
yataqdan qalxa bilmədi. Yaxşı bilirdi ki, artıq onu heç kəs 
gözləmirdi. Hal-hazırda bu yataq onun xilas yeri idi. 
Bacarsaydı bütün qalan ömrünü bu yataqda yatıb qalardı. Bir 
də gözünü açıb bu fani dünyaya baxmazdı. Çünki bu dünya 
onu yaman vurmuşdu.  
“Bu gün Sənəmin üçüdür…” Bu fikir bir an da olsun 
onu rahat buraxmırdı. Yaxşı başa düşürdü ki, şəhərə getməlidir, 
məclisdə  iştirak etməlidir. Amma iş onda idi ki, bədəni 
ağırlaşmışdı, ayaqları sözünə baxmırdı, axır ki, zorla qalxıb üz-
gözünə su vurdu.  
Artıq saat on ikini keçmişdi. Maşına oturub şəhərə 
doğru üz tutdu. Əziz maşını çadırdan azca aralıda saxlayıb, 
ağır-ağır maşından düşdü.  
Çadırdan qadınların ağlaşma səsi eşidilirdi. Kimsə 
yana-yana Sənəmi ağlayırdı. “Kimin ki, vaxtsız evi dağılıb 
eeey…” 
Bu səs  Əzizin üz-gözünə  çırpıldı. Ardına qulaq asa 
bilmədi. Bir neçə addım geri çəkildi. Bu an həyət qapısı açıldı, 
Sənəmin bacısı  Səmayə qapıda göründü. O, Əzizi görüb ayaq 
saxladı  və  təəccüblə  Əzizə baxdı.  Əziz başı ilə salam verdi. 
Səmayə salam almaq əvəzinə hirslə dedi: 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
111
– Ay Əziz, camaat səni soruşur! Məclis sahibisən. 
Məclisi qoyub ilim-ilim itmisən, heç ayıb deyil?! 
Əziz Səmayənin haqlı olduğunu dərk etsə də ona cavab 
vermədi. Bir də axı  nə deyəydi? Onsuz da, onu heç kəs başa 
düşməyəcəkdi. Hər kəsin ürəyindəki ürəyindədir.  
Səmayə Əzizin soyuq baxışlarından daha da əsəbiləşdi: 
– Ayıb olsun sənə! Adam öz ölüsünə qiymət qoyar… 
Bacın ölsün Sənəm, kaş kor olaydı gözlərim! Bü günü 
görməyəydim! 
“Sənəm” kəlməsi lap sarı simə  dəydi.  Əzizin rəngi 
pörtdü. “Mənim evim dağılıb! Mən nə hayda, bunlar nə 
hayda?! Nə olub, mənə olub. El qınağı, el adəti… Bunları 
maraqlandıran budur! Bəs mən? Məni kim başa düşəcək?” 
Əziz hirslə dönüb evə qalxdı. Qadınlar mətbəxdə halva 
çalırdı.  Əziz keçib divanda qonşu Həsən kişinin yanında 
oturdu.  
– Oğlum, özünü ələ al, – deyə Həsən kişi ona ürək-dirək 
verdi.  
Əziz cavab vermədi.  
Qadınlardan kimsə çay-halva gətirib  Əzizin qarşısına 
qoydu.  
– Çay iç, oğlum, – qonşu Həsən kişi dedi. 
Əziz çaydan bir qurtum alıb ayağa durdu. Vanna 
otağına keçib əl-üzünə soyuq su vurdu. Otağa keçmək 
istədikdə Zakirlə üzləşdi. O, sürücü ilə bazardan gəlirdi. 
Zənbilləri mətbəxə qoyub Əzizə sarı yan aldı.  
–  İki yüz əlli nəfərlik xörək sifariş etmişəm. Qadın 
məclisi yola verildi. Kişilər üçün də süfrəyə  hər nə lazımdı 
alınıb. Bu da siyahı. – deyib, Zakir əlindəki kağızı  Əzizə 
uzatdı.  
Əziz kağızı geri itələdi. 
– Ayıbdır. Siyahı lazım deyil. Nə etmisən çox sağ ol. 


 
 
 
Solmaz Muxtarova 
 
112
Bir qədər susub, əlavə etdi: 
– Çalış ki, hər şey layiqli olsun.  
– Narahat olma, hər şey qaydasındadır.  
Kişilər də yavaş-yavaş  yığışdı. Çadır ağzına kimi 
dolmuşdu. Yaxından, uzaqdan gələnlər,  Əzizin tanıdığı, 
tanımadığı… Saat beş tamamında hamı maşınlara oturdu. 
Maşın karvanı  Nərimanov prospektindən Çəmbərəkənd 
qəbiristanlığına tərəf üz tutdu.  
Qabaqda molla oturmuşdu. O, arada nə isə oxuyur və 
dönüb  Əzizə  də  nə isə deyirdi. Əziz arxada oturub, başını 
maşının pəncərəsinə söykəyib susurdu. Baxırdı ki, bir gününün 
içində dünyanın üzü necə dönüb, heç tanınası halda deyil. 
İnsanlar da, yollar da, binalar da… Hətta şəhərin üstünə də qara 
bulud pərdəsi çəkilmişdi.  Əzizə elə  gəlirdi ki, iki gündür 
aramsız yağan yağış da həmişəki yağış deyildi. Tanrı onu 
ağlayırdı. “Ağlamalı günümdür. Ağlamalı halımdır, Sənəm… 
Nə yaxşı ki, sən mənim bu günümü görmədin…”  
“Əziz, sən mənə bütün əzablarımı unutdura bildin. 
Məni bəxtəvər etdin. Mən hər bir qadının arzusunda olduğu 
qadın xoşbəxtliyini yaşadım. Bəzən özüm də bu xoşbəxtlikdən 
qorxuram. Çox vaxt elə bilirəm ki, yuxudayam, yuxu görürəm. 
nə vaxtsa, bu yuxudan ayıla bilərəm…” 
“Sənəm, biz yarı yolda qaldıq, mənzili başa vura 
bilmədik…” Əziz bu sözləri bir neçə dəfə beynində dolandırdı.  
Maşınlar “Qurd qapısı” tərəfindən dönərək qəbiris-
tanlığa daxil oldular. Hamı maşından düşüb məzarın başına 
toplaşdı. Molla məzarın ayaq tərəfində durub oxuyurdu. Əziz 
gözlərini yaş  məzara dikib durmuşdu. Düşünürdü ki, onun 
dünyası bu yaş torpağın altındadır. O, buna inanmaq istəməsə 
də, bu, belə idi.  
Axır ki, kişilər məclisi də başa çatdı. Qonaqlar bir-bir 
Əzizə yaxınlaşıb dil-ağız etdi. Təsəlli üçün nə isə dedi. “Hər 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
113
şeyin başı səbrdir. Dünya belə gəlib, belə də gedəcək.” Çoxları 
bunu bir daha Əzizə başa salmağa cəhd etdi.  
Əziz də kişi kimi səbrini boğub deyilənlərə qulaq asdı 
və hamıya öz minnətdarlığını bildirdi. Məclisdən sonra yaxın 
qohum-qonşu evə qalxdı. Kişilər söhbət edir, çay içir, qadınlar 
isə  hərə bir işlə  məşğul idi. Qab-qaşıq səsləri bir-birinə 
qarışmışdı. Həmişəki səliqə-səhmanlı  mənzilə elə bil bomba 
düşmüşdü. Arada Əzizə elə  gəlirdi ki, Sənəm də qadınların 
arasındadır. O, tez-tez görünüb itirdi.  
Əziz səbrini boğa bilmirdi. O qalxıb yataq otağına 
keçdi. Qapını arxadan bağlayıb yatağa girdi.  
Yataqdan Sənəmin qoxusu gəlirdi. Zarafat deyildi, onlar 
iyirmi il bir yastığa baş qoymuşdu.  İyirimi il idi ki, Əziz hər 
gecə  Sənəmin  ətrini duymuşdu. Onun istisinə  qızınmışdı. Bu 
illər  ərzində  Əziz bəxtəvər olmuşdu. Çox bəxtəvər olmuşdu. 
Arada Sənəmə deyirdi: 
– Sənəm, bəzən mən özüm də bu xoşbəxtlikdən 
qorxuram. Nədənsə yaman qorxuram.  
– Əzizim, bu, bizim qismətimizdir.  
– Qəribədir, hər kəsin bir qisməti olur. Amma hamı 
xoşbəxt ola bilmir. Bəzən mənə elə gəlir ki, xoşbəxtliyin açarı 
qadınların  əlindədir. Onlar istəsələr, öz kişisini xoşbəxt edə 
bilər.  
– Yox Əziz, həmişə belə olmur.  
O, yuxulamağa çalışırdı. Gözlərini bərk-bərk yumsa da, 
baş verənlər bəbəklərinin içindən kino lenti kimi ötüb keçirdi.  
Əziz mağazada təzə köynəyinə boyunluq seçirdi. 
Güzgünün qabağında dayanıb birisini açıb, digərini bağlayırdı. 
Həmişəki kimi şux görünmək istəyirdi. Axşam işçisinin toyu 
idi. Əl telefonunun zəngi onu fikrindən ayırdı. Bir istədi cavab 
verməsin. Amma telefonun aramsız zəngi buna imkan vermədi. 
O, həvəssiz telefonu götürüb “Alo” deyə cavab verdi. Kiminsə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə