Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
138
Zakir isə özü də bilmirdi Əzizə nə desin. Öz dərdi çox 
idi, ona görə də Əzizi başa düşürdü. Dərd insanı nə günə desən 
qoyar. “Əziz yaxşı qohumdur, həm də yaxşı insandır. Necə 
olur-olsun ona kömək etmək lazımdır. İndi onun ən yaralı yeri 
oğludur. Ancaq bu yolla ona təsir etmək mümkün ola bilər.”  
– Qardaş, Fərhada yazığın gəlsin. Bir diqqətlə bax gör, 
oğlun nə günə qalıb.  
Əziz bütün deyilənlərə qulaq asıb susurdu, bəzən də 
razılığını bildirib vəd verirdi.  
Sənəmin vəfatından iki ay sonra dostu Mövlanı Al-
maniyaya işləməyə göndərdilər. Onunla tez-tez telefonla, bir də 
məktubla  əlaqə yaradılırdı.  Əzizin  şəhər evində, iş yerində 
olmamasından narahat olan Mövlan bir neçə dəfə Fərhaddan nə 
baş verdiyini öyrənmək istədisə də, Fərhad bir söz deməyib bu 
sualdan qaçdı. Amma Fərhadın səsindəki kədər, məktublardakı 
sönük sətirlər nələrinsə baş verdiyindən xəbər verirdi. Mövlan 
Zakirlə  əlaqə saxladı. Nə danışdılarsa, o, Fərhada zəng edib 
bildirdi ki, tez bir zamanda imkan edib vətənə qayıdacaq.  
Axırıncı zərbə lap ağır oldu. Deməli, xalası onlar üçün 
tələ qurubmuş. Əziz isə onun planlarına mane olurdu. Sən bir 
işə bax, atasının öz zəhməti ilə qazandığı, tikib-qurduğu yurd-
yuvasından onu didərgin salmaq istəyi. İnsan nə qədər rəhmsiz 
olmalıdır ki, belə bir fikrə gəlsin!.. 
“Oğlum,  əgər insan istəsə, özünə bir gün ağlaya bilər. 
Çox da olmasa, özünə görə gün-güzərana malik ola bilər. 
Bunun üçün ən başlıcası odur ki, insan bunu istəsin. Bir də öz 
halal zəhmətinə güvənsin, başqa heç nəyə. Mən şəhərə gələndə 
yataqxanada qalırdım. Heç kəs bilmirdi ki, mən gündüzlər 
oxuyuram, axşamlar isə  işləyib pul toplayıram ki, təhsilimi 
bitirib yataqxanadan çıxanda kirayədə yaşamaq üçün imkanım 
olsun. Gedib bir kimsəyə  əl açmayım. Yaşamaq özü 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
139
mübarizədir! Bu mübarizəni axıra kimi aparanlar heç vaxt 
uduzmur, istəyinə nail olur!..” 
Atası  çətin həyat yaşamışdı, tez-tez oğluna bu barədə 
danışırdı. Deyirdi ki, zəhməti də hədər getməyib. Artıq Əziz on 
kişinin biri olmuşdu.  
Fərhadın atasından sonra ən çox güvəndiyi, çətin 
məqamlarda qapısını açıb sığınmaq istədiyi, dərdlərini 
bölüşmək istədiyi istəkli xalası  Səmayə  də onun həyatından 
belə silindi. O, ölən kimi ölmədi, itən kimi itmədi, qara bir ləkə 
kimi düşüb Fərhadın yaddaşında qaldı. Hər yadına düşəndə ona 
əzab verdi. “Xala, sən özün də bilmədən bu oyunu uduzdun. 
Hər şey bitdi!”  
Fərhadın düşüncələrində  həyat amansız idi. Ona etibar 
etmək olmazdı. Istənilən vaxtda insanı vurub yıxar, varından 
yox edərdi. Kimləri isə qaldırardı, haqq-nahaq. Bunun fərqi 
yox idi. Ən başlıcası odur ki, sən hazırda kimsən, haradasan, nə 
edirsən? Tale sənin üzünə gülüb, ya yox? Taleyin üzünə 
gülübsə, sən güclüsən. Belə olanda ətrafındakılar da başına 
fırlanacaq. Az qala səni müqəddəs biləcəklər. Yox əgər tale 
səni yıxıbsa, özündən küs. Heç kəs üçün fərqi yoxdur sən nə 
üçün yıxılmısan. Həqiqət ondadır ki, sən aşağıdasan. 
Aşağıdasansa, hamı  səndən yan keçəcək, halına ağız büzüb 
səni qınayacaqlar. Heç kəs  əlindən tutub səni qaldırmaq 
istəməyəcək. Bəlkə də insanı həm güclü, şöhrətli-şanlı, həm də 
zəif, düşkün edən elə həyatın özüdür, həyatın sərt oyunlarıdır. 
Heç kəs bilmir ki, onu qabaqda nələr gözləyir. Fərhad tez-tez 
bir suala cavab axtarırdı.  İnsanlara bəla gətirən bu şərablar, 
narkotik maddələr, çox bahalı, ya da dəyər-dəyməzinə satılan 
ucuz,  əldəqayırma içkilər cəmiyyətə lazımdırmı?! Axı 
bunlarsız həyat daha gözəl olardı. Yaşamaq daha rahat olardı. 
Bunu dərk etmək üçün alim olmaq lazım deyil. Bəs nə 
məsələdir? Heç baş açmaq olmur.  


 
 
 
Solmaz Muxtarova 
 
140
Fərhad bütün gecəni öz-özü ilə danışa-danışa səhəri 
açdı. Yorğun, yuxusuz, qolu-qanadı  sınmış. Nə etmək 
istədiyini özü də bilmirdi. Boş yerə sağa-sola vurnuxurdu. Axır 
ki, evdə qərar tuta bilmədi, bağa yollandı. Atası hələ yatmışdı. 
Masanın üstündə boş araq şüşələri, quru çörək qırıntıları, çirkli 
qab-qacaq... “Nə  qədər belə davam edəcək? Bunun bir sonu 
olmalıdır ya yox?!” Əsəblərini boğa bilmədi. Bir istədi dərhal 
dönüb şəhərə qayıtsın, nə bu səhnəni görsün, nə də sərxoş atası 
ilə üz-üzə  gəlsin, onunla dil-dilə  gəlsin. “Nə  qədər boş yerə 
danışmaq olar?” Fərhad hiss edirdi ki, bu dərmansız dərdin 
altında artıq dayana bilmir. O, ürəyinin içindən əriyib gedirdi. 
Nə adam içinə  çıxmağa üzü qalmışdı, nə  də taqəti. Bəs nə 
etsin? Hara getsin? Birdəfəlik atasından əlini üzsünmü?  
Ağlına gələn bu fikirdən onu vahimə basdı. Özündən 
asılı olmadan qışqırdı:  
– Yox! Yox! Bu ola bilməz! Onu atmağa mənim 
haqqım yoxdur. O, mənim atamdır!  
Səsə atası ayıldı. Divandan azca qalxıb diqqət etdi, 
sönük baxışları ilə Fərhadı süzdü. Nələrin baş verdiyini dərhal 
anlaya bilmədi. Qıraqda heykəl tək dayanan Fərhada baxdı: 
– Oğlum, sənsən? 
Atasının bu sualı Fərhadı tamam hövsələdən çıxartdı: 
– Mənəm ata, mənəm. Məgər məni tanımırsan? Ata, öz 
doğma oğlunu tanımırsan? 
Əziz cavab vermədi, yazıq-yazıq oğluna baxdı. Fərhad 
içərisində tüğyan edən üsyanı boğa bilmədi. 
– Daha bəsdir! Səni belə görmək istəmirəm! Səni belə 
görmək istəmirəm! Daha bacarmıram! 
O, dönüb qaçaraq həyətdən çıxdı. Fərhad elə bil 
durumunu itirmişdi. Hara gedirdi? Kimdən qaçırdı? Nədən 
qaçırdı? Amma əməlli-başlı qaçırdı. Bir xeyli həyətdən 
uzaqlaşdıqdan sonra yol kənarındakı topa ağacların altında 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə