67
- Kimi döyüb?
- Üç jurnalisti.
Rəis yerindən qalxdı, əllərini bir-birinə vurub şaqqanaq çəkdi:
- Nə bir edib! Bizi yığıblar boğaza! Hara jurnalistləridi?
- Rəis, bilmirəm. Amma çox şər adama oxşayırlar. Bayaqdan bəri zəng eləmədikləri yer
qalmayıb. Qolos Amerika, Bibisi, Azadlıq, nə bilim ey, day hara. Bir qəhbə-şüvən salıblar ki!
Hamısına da deyirlər ki, bizi iqtidar döydürüb.
- Qələt edirlər. Döyən kimdi?
- İki sudumisti var, üst-üstə iyirmi il yatıb.
- Neçə il?
- İyirmi il! Lap təzə çıxıbmış.
- Dava nə üstə olub?
- Bilmirik.
- Şahid var?
- Xeyr.
- Ə, o boyda çayxanada heç kim yox idi?
- Niyə yox idi, amma heç kim şahid durmaq istəməyib.
- Yaxşı. Əvvəl o jurnalistləri çağır.
Yurnalistlər sir-sifətləri dağılmış, üst-başları cırılmış halda hay-küylə girdilər içəri. Rəis
birini o dəqiqə tanıdı, Avropanı suyoluna döndərən məşhur qəzetçilərdən idi, “zibilə düşdük”
deyə bərk dilxor oldu. Yalançı bir hörmət göstərərək yerindən qalxdı. Biri hələ telefonla
danışırdı:
- Bəli, bizi möhkəm döyüblər, fotoaparatımızı qırıblar...
Rəis:
- Ay yoldaş, o telefonu söndür. Söndür! Burdan çıxandan sonra nə qədər istəyirsən
danışarsan. İndi əyləşin görüm nə baş verib.
Sir-sifəti Lap İt Gününə düşmüş:
- Heç özümüz bilirik ki?! Çayxanada oturub çay içirdik, o da qonşu stolda oturmuşdu.
Özü də arxası bizə tərəf. Birdən yerindən qalxıb cumdu mənim üstümə, başladı döyməyə.
Uşaqlar istədi mane olsunlar, onları da qatdı mənə. Sonra da sizin işçilər gəldi.
- Elə durduğunuz yerdə sizi döydü? Heç bir səbəb olmadan?
Üz-gözü İt Gününə düşmüş:
- Nə səbəb? Bəy dedi də. Biz öz aramızda iş söhbəti edirdik. O da şahmat oynayanlara
baxırdı. Qəflətən söyə-söyə qalxdı cumdu bizə.
Üz-gözü Lap İt Gününə düşmüş:
- Rəis, mən bilirəm, bu iqtidarın işidir. Bu mənim həyatıma sui-qəsddir.
Rəis:
- Yaxşı, ağ eləmə. Nə iqtidar, nə sui-qəsd! Evdə arvadla dalaşanda da günahı iqtidarda
görürsünüz. Üç kişi bir adama cavab verə bilməmisiniz! İqtidar qolunuzdan tutmuşdu?!
Üz-gözü Bir Az İt Gününə düşmüş:
- Kor deyilik ha! Görürük də! Bayaqdan oturdublar müavinin kabinetində. Biri çay
gətirir, biri şokolad gətirir. Bir azdan kabab-zad da gətirəcəklər. İşçiləriniz də qulağımız eşidə-
eşidə deyirlər ki, yaxşı eləyib bunları əzişdirmisən.
Üz-gözü İt Gününə düşmüş:
- Hələ yolda deyirdilər ki, rəhmətliyin oğlu, döymüsən qaç çıx get də. Deyirik bizi
ekspertə aparın, aparmırlar.
Üz-gözü Lap İt Gününə düşmüş:
- Mən bunu belə qoymayacam, bütün Avropanı bura tökəcəm.
Rəis hövsələsini zorla basdı:
- Yaxşı, yekə-yekə danışma. İqtidarın işi-gücü yoxdu, elə düşüb sizin dalınıza. Avropa,
yox bir BMT?! Biz Qrossun sözüylə işləmirik ey, qanunlarla işləyirik, - deyə stolun üstündəki
Lit.az
68
məcəllələri göstərdi, - Bu dəqiqə hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə, elə
də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi həkimə apararlar.
Rəis müstəntiqi çağırdı:
- Hələlik bunların ifadəsini al, denən onu da gətirsinlər. Siz də əl-üzünüzü yuyun,
özünüzü bir səliqəyə salın. Kişi dalaşar də. Döyər də, döyülər də.
Üz-gözü İt Gününə düşmüş:
- Rəis, bəs həkim?
- Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin ifadələrinizi verin.
Baş İdarədən zəng elədilər.
- Deyir səndə çepe olub?
- Elə bir şey deyil, adi davadı. Çayxanada bir nəfər üç adamı döyüb, uşaqlar da tutub
gətiriblər.
- Ə, nə adam?! Yurnalistdilər ey! Biri də Avropanı suyoluna döndərəndi. Bir az əvvəl
Ombudsman zəng eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O Avropanı suyoluna
döndərəndən də lap ehtiyatlı ol, yoxsa bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər.
- Onu mən də tanıyıram. Bütün günü
Yerevanda, Xankəndində sülənir. Təpəsinin gülləsi əskikdi.
- Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol.
- Baş üstə! Narahat olmayın, yoluna qoyacam.
Yurnalistləri döyəni gətirdilər, ortaboylu, caydağ bir adamıydı, ilan kimi soyuq baxışları
vardı, üz-gözündən bir etinasızlıq tökülürdü, elə bil dünya vecinə deyildi. Hiss olunurdu ki, çox
bərkə-boşa düşüb.
Rəis:
- Əyləşin. Çay gətirsinlər?
- Sağ olun. Müavininizin otağında içmişəm,- gülümsədi,- mən polisi bu qədər mehriban
bilmirdim.
- İndi danışın görüm nə baş verib, dava nə üstə olub?
- Rəis, heç nə üstə. Xoşuma gəlmədilər, mən də döydüm.
- Kim xoşunuza gəlməsə döyürsüz?
- Hərdən olur.
- Bəlkə bir az ciddi danışaq?
- Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı da sevmirəm. Yenə deyirəm, xoşuma
gəlmədilər, mən də döydüm.
- Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir?
- Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də verə bilərlər. Nə olar gedib çəkərik.
- Ola bilməz ki, siz bunu bilə-bilə, adi bir şey üstə dava salıb gedib yeddi-səkkiz il
yatmağa razı olasınız.
- Rəis, mən müstəntiqə verdiyim ifadədə də beləcə demişəm. Ayrı bir deyəcəyim yoxdu.
- Qulaq asın, siz cavan adam deyilsiniz, qətiyyən boş yerdən dava salan adama da
oxşamırsınız. Görüb-götürmüş, ağır adama oxşayırsınız. Mütləq bir səbəbi var.Bir də mənim
üçün çox maraqlıdı, qaça biləcəyiniz halda qaçmamısınız. Niyə? Koroğlu deyib igidlik ondu,
doqquzu qaçmaqlıqdı.
- Mən qaçmağı igidlik sayan koroğluların nəvəsi deyiləm.
- İyirmi il nə üstə yatmısınız?
- Rəis, görürəm yaxşı oğlana oxşayırsız. Nə özünüzü yorun, nə məni. Hamısı qarşınızdakı
sənəddə yazılıb.
Rəis müstəntiqin aldığı ifadəni yaxına çəkib oxumağa başladı. Ad-familinə, doğum
yerinə gözləri sataşanda duruxdu, başını qaldırıb diqqətlə qarşısındakına baxdı, sonra bir də
oxudu...
... Bir şəhərdə doğulmuşdular, bir məktəbdə oxumuşdular. Onun idman çantasını daşımaq
üstündə sinif yoldaşlarıyla o qədər tutaşmışdı ki. Bu çantanı daşımaq kimin bəxtinə düşsə