Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə31/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

XIII FƏSİL. BANKLARIN YARANMASI,

FƏALİYYƏT SPESİFİ­KASI VƏ ONLARIN İNKİŞAFINDA GEDƏN BAŞLICA PROSESLƏR
13.1. Bankların və bank işinin yaranması
Bank fəaliyyətinin rüşeymləri hələ quldarlıq cəmiyyəti döv­ründən məlumdur. İlk bank təcrübəsi kimi pul dəyişən sərrafların və məbədlərin pul saxlaması fəaliyyətini misal göstərmək olar. Sonralar bu fəaliyyət bir qədər təkmilləşərək, sələm kapitalının və sələmçiliyin meydana gəlməsinə səbəb olmuşdur.

Artıq orta əsrlərdə Şimali İtaliyanın şəhərlərində (ilk növbədə Lom­bardiya əyalətində), daha sonralar Niderlandın və Almaniyanın ticarət mərkəzlərində bank xüsusiyyətlərini özündə əks etdirən müəssisələr yaranmağa başlanmışdır.

Ваnк termini italyan sözü olan "banco" və ingiliscə “bank”, yəni stol sözlərindən götürülmüşdür. Artıq fransızlar da bank termininin fransızca «banque» sözündən törəmə olduğunu göstərməklə, bunun onlara məxsus olmasına iddia qaldırırlar. Klassik xarakterli banklar ilk dəfə İngiltərədə XVII əsrin sonlarında meydana gəlmiş və ticarət-sənaye burjuaziyasını kreditləşdirmək kimi əsas bank fəaliyyətini yerinə yetirmişlər.

Bank sisteminin təkamülü Qərbi Avropa dövlətlərində карitalizmin inkişafı ilə sıx bağlı olmuşdur. Bu zaman artıq bank sistemi və sa­hibkarlıq investisiya qoyuluşunun xüsusi sferasına çevrilə bilmişdilər. Bankların sayı artır və yerinə yetirdikləri əməliyyatlar genişlənirdi.

Kommersiya bankları bu dövrdə kredit pulların, banknotların (bank biletləri) emissiyasına başladı. Banknotlar о vaxtadək tədavüldə olan xüsusi vekselləri müvəffəqiyyətlə əvəz edirdi. Bir sıra ölkələrdə çeklərin köməyi ilə nağdsız hesablaşmaların həyata keçirilməsinə başlanıldı.

XVII əsrin sonlarında bankların yaranması ilə paralel bank tipli səhmdar cəmiyyətlər də meydana gəlir. Artıq XIX əsrdə banklar iqtisa­diy­yatda aparıcı mövqeyə malik idilər. Müasir mərhələdə bazar iqti­sa­diyyatlı ölkələrin əksəriyyətində banklar güclü təmərküzləşməyə meyil­lidirlər. Bankların mühüm istiqamətlərindən biri də onların bey­nəlxalq fəaliyyətlərinin genişlənməsidir. Sənayedə və digər sahələrdə olan beynəlxalq korporasiyalarla yanaşı, son zamanlar dünya iqtisa­diy­yatında transmilli bankların da formalaşması və diversifikasiyası güclənmişdir.




13.2. Bankların fəaliyyət spesifikası
Banklar cari fəaliyyəti Azərbaycan Respublikası Konsti­tu­siyasının, Mülki Məcəllənin, «Banklar haqqında» Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizam­na­məsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə gös­tərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidir.

Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməyən aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

- tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;

- kreditlərin (təminatlı və/ və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşmə növləri;

- fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən müxbir hesablarının açılması və aparılması;

- klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin, qiy­mətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

- ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;

- öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), xarici valyutanın, qiymətli metalların və qiymətli daşlar, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiy­mətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sa­zişlərin, fyuçerslərin, opsionların valyutalara, səhmlərə, istiq­razlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması;

- qiymətli metalların əmanətlərə cəlb edilməsi və ya yer­ləşdirilməsi;

- öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması;

- qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;

- maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xid­mətlərinin göstərilməsi;

- kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi;

- sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);

- qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkassasiya edilməsi və göndərilməsi.

Banklar sadalanan fəaliyyət növləridən başqa aşağıda qeyd ediləcək fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla nəzərdə tutulmş fəaliyyət növlərini də həyata keçirə bilər.

Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri isə aşağıdakılardır:

- banklar topdansatış və ya pərakəndə ticarət, istehsal, nəq­liyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəf­daş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməzlər.

Bank ən azı üç hüquqi və / və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhm­darı ola bilməz. Banklar yalnız adlı səhmlər, emissiya edə bilər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nis­bətən hər hansı əlavə üstünlüklərə malik olmayıb, hər hansı əlavə vəzifələr daşımırlar.

Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəl­ləsinə müvafiq olaraq öz nizamnamələrini tərtib və təsdiq edirlər.

Hər bir bank öz nizamnaməsinə uyğun olaraq aşağıdakıları müəyyən edən reqlament əsasında fəaliyyət göstərir:

- bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əmə­liyyat və inzibati şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;

- bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin vəzifələri;

- daxili audit xidmətinin, digər daimi komitə və komissiyaların fun­ksiyaları;

- bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri;

- filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edil­məsi qaydaları, habelə onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.

Bank fəaliyyəti spesifik fəaliyyət növü olduğundan banklar lisen­ziya və icazə aldıqdan sonra fəaliyyətə başlaya bilərlər. Bank lisen­ziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunverici­liyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərkəzi Banka yazılı şə­kildə müraciət edirlər.

Bank lisenziyası alınması üçün müraciətlərə baxılması iki mərhələ­dən ibarətdir. Birinci mərhələdə bankın təsisçiləri və ya vəkil edilmiş şəxs (şəxslər) tərəfindən bank lisenziyası almaq üçün Mərkəzi Banka ilkin müraciət olunur. İkinci mərhələdə isə bank dövlət qeydiyya­tına (Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən) alındıqdan sonra bank lisenziyası almaq üçün Mərkəzi Banka yekun müraciət olunur.

Mərkəzi Bank ilkin müraciətə sənədlərin qəbul edildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qə­bul edir.

Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qə­rarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və dövlət qeydiyya­tından keçməlidir. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır və bank lisenziyasının verilməsi haqqında qərar qəbul edilir.


13.3. Bankların inkişafında əsas mərhələlər
“Kommersiya bankı” termini bank işi inkişafının ilkin mərhələsində meydana gəlmisdir. О zaman banklar əsasən ticarət və əmtəə mübadiləsi əməliyyatları üzrə yaranan ödənişlərə xidmət edirdi. Bankların əsas müştəriləri kimi tacirlər çıxış edirdilər ("kommersiya, yəni ticarət bankı" adı məhz buradan götürülmüsdür). Banklar əmtəə mübadiləsi ilə yanaşı daşınma, saxlama və satış əməliyyalarını da kreditləşdirirdi. Sənaye istehsalının inkisafı nəticəsində istehsal tsiklinin qısamüddətli kre­dit­ləş­dirilməsi əməliyyatları bankların əsas əməhyyatlarına çevrilir (dövriyyə kapitalının yerinin doldurulmasına, xammal və hazır məhsul eh­tiyat­larının yaradılmasına, əməkhaqlarının ödənilməsinə və s. verilən ssu­dalar). Bankların yerinə yetirdikləri əməliyyatlar sferasının geniş­lənməsi və kreditlərin müddətinin uzadılması prosesi artıq bankları universal işgüzar müəssisələrə çevirdi. Yəni kommersiya bankları bu gün öz müştərilərinə istənilən xidməti göstərə bilirlər.

1860-cı ildə çar Rusiyasmda Dövlət Bankı təsis edilir. Təhkimçilik hüququnun və iltizam sisteminin ləğvindən sonra Rusiyanın bütün əyalətlərində olduğu kimi Azərbaycanda da əmtəə-pul münasibətləri sürətlə inkişaf etməyə başladı. Bu zaman yenicə təşəkkül tapan sənayenin kreditə olan tələbatını ödəmək məqsədilə, kredit müəssisələri şəbəkəsinin yaradılması qarşıda duran vacib vəzifələrdən biri idi.

О dövrdə Azərbaycanın kredit sistemi iki istiqamətdə inkişaf edirdi. Kredit şəbəkəsi səhmdar (kommersiya banklarının şöbələri, agentlikləri, qarsılıqlı kredit cəmiyyətləri, lombard) və dövlət (Dövlət Bankının şö­bəsi, xəzinədarlıq, əmanət kassaları, kiçik kredit müəssisələri) kredit müəssisələrindən ibarət idi. Azərbaycanın kredit şəbəkəsinə - Bakıda qar­şı­lıqlı kredit cəmiyyəti (iyun 1874-cü il), Dövlət Bankının şöbəsi (iyul 1874-cü il), İctimai şəhər Bankı (1881-ci il), Tiflis Kommersiya Bankı (1886-ci il), Volqa-Kamsk Kommersiya Bankının şöbəsi (1890-cı il), Azov-Don Kommersiya Bankının şöbəsi (1895-ci il), Qərbi-Rus Sənaye Ban­kının şöbəsi (1897-ci il), Rus Ticarət Sənaye Bankının şöbəsi (1897-ci il), Sankt-Peterburq Kommersiya Bankının şöbəsi (1897-çi il), İran Uçot-Ssuda Bankının şöbəsi (1900-cü il), Bakı şəhər Kredit Cəmiyyəti (1900-cü il), Şimal Bankının şöbəsi (1901-çi il), Rus Xarici Ticarət Bankının şöbəsi (1902-ci il), Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankının şöbəsi (1903-cü il), Bakı lombardı (1905-ci il), Rus-Asiya Bankı (1910-cu il), İran Uçot-Ssuda Bankının ikinci şöbəsi (1911-ci il), Tiflis Ticarət Bankının şöbəsi (1914-ci il), Azov-Don Kommersiya Bankının ikinci şöbəsi (1916-cı il), beş bankir kontoru, Bakıda və Elizavetpolda (Gəncədə) əmanət kassaları və bir çox müəssisələr daxil idilər.

Umumiyyətlə isə Azərbaycanın bolşevik inqilabına (1917) qədərki kredit sisteminə kommersiya banklarının 23 şöbəsi, 7 ipoteka krediti bankı, 5 bankir kontoru, 13 xəzinədarlıq, 135 kiçik kredit müəssisəsi, cəmi 200-dən çox irili-xırdalı kredit təşkilatı daxil idi.

Qeyd edilənlərdən göründüyü kimi Azərbaycanın kredit sistemi Zaqaf­qaziyada ən geniş şəbəkəli kredit sistemi olmuşdur.

O zaman Azərbaycanm kredit müəsissələri, birinci növbədə bankları kifayət qədər pul vəsaitlərinə mallk idi. Banklar orta və xırda burjuaziya sinfinə kreditlər verirdi.

Bakı banklarınm əsas muştəriləri neft sənayesi və bununla əlaqədar sahələrdə fəaliyyət göstərən iri sənayeçilər və səhmdar fırmaları idilər. Azərbaycanın başqa şəhərlərində - Elizavetpol, Nuxa Şuşada ipək­do­lama, pambıqtəmizləmə, konyak zavodlarınm sahibləri, yerli kənd təsər­rüfat xammalının alqı-satqısı ilə məşğul olan tacirlər bankların müştəriləri sayılırdılar.

Pambıqçılıq, ipəkçilik, üzümçülük, şərabçılıq, çəltikçilik, bağçılıq taxılçılıq sahələrində məşğul olan orta xırda kənd burjuaziya nümayəndələri isə başlıca olaraq kiçik kredit cəmiyyətlərinin və ssuda - əmanət yoldaşlıqları kassalarının müştəriləri idilər.

İri mülkədarlar isə torpaq banklarının xidmətlərindən istifadə edirdilər.

Yerli sənaye və ticarət dairələrinin kreditlə təchiz olunması əsasən veksellərin uçotu və əmtəə qalıqlarına verilən ssudalar qaydasında həyata keçirilirdi. İqtisadiyyata veksellərin uçotu qaydasında kommersiya kreditinin cəlb olunması, onun sürətli inkişafına kömək edirdi. Birinci Dünya müharibəsi ərəfəsində Bakı kommersiya bankları hər il 70-80 mln. rubl məbləğində veksellərin uçotu əməliyyatları aparırdılar.

Kreditin digər növlərinə gəldikdə qeyd etmək lazımdır ki, 1914-cü ilə qədər iri mülkədarlar tərəfındən hər il orta hesabla 5-6 mln. rublluq ipoteka krediti alınırdı. Orta və xırda kənd burjuaziyası, xırda ticarətçilər və sənətkarlar 1909-1914-cü illər ərzində kiçik kredit müəssisələrindən 6 mln. rubl məbləğində kredit almışdılar. Bakı şəhər Kredit Cəmiyyəti fəaliyyət göstərdiyi 1900-1916-cı illər ərzində, şəhərin daşınmaz əmla­kının girovu müqabilində 21 mln. rubl məbləğində ssuda əməliyyatları aparmışdı.

Kredit müəssisələri, öz müştərilərini sələmçilərə nisbətən daha güzəştli şərtlərlə, yəni illik 5-6 faiz dərəcəsi ilə kreditləşdirirdilər.

Azərbaycan Demokratik Respublikası (1918-1920) dövründə ölkədə müstəqil pul-kredit siyasəti yürüdülürdü. ADR-in müstəqil pul-kredit siyasətinin əsasını-cümhuriyyətin milli pıüu olan "bonlar", Dövlət Bankı və kommersiya bankları təşkil etmişdi.

Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli "Bankların milliləşdirilməsi haqqında" Dekretinə əsasən bank işi dövlət inhisarına alındı. Bu dekretə müvafiq olaraq Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş istər dövlət, istərsə də xüsusi banklar Azərbaycan Dövlət Bankının tərkibinə birləşdirilirdi.

Ümumiyyətlə, sovet hakimiyyəti dövründə bank sistemində bir neçə dəfə islahatlar aparılsa da, bütün hallarda SSRİ Dövlət Bankının inhisar hüququ saxlanılmaqla ölkədə daima birpilləli bank strukturu mövcud olmuşdur (sovet hakimiyyətinin ilk illəri isitsna olmaqla). Lakin buna baxmayaraq qeyd etmək lazımdır ki, sovet dövlətində bank sistemi bütün digər iqtisadi orqanlar içərisində öz sabit və çevik fəaliyyəti ilə daha çox seçilmişdir.

Fikrimizcə, bank sisteminin islahatına dair ən radikal addım 1987-ci ildə atılmışdır. Belə ki, həmin ildə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin "Ölkədə bank sisteminin təkmilləşdirilməsi iqtisadiyyatın səmərəliliyinin artırılmasında onun təsirinin gücləndirilməsi haqqında" qərarına müvafiq olaraq bank sistemi yenidən qurulmuş yeni xususi sahə bankları yaradılmışdır. Qeyd olunmalıdır ki, bundan əvvəl də bir neçə dəfə sahə bankları yaradılmış və sonradan ləğv olunmuşdur (1927 - 1929, 1954, 1959 - cu illərdə).

1988 -ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə ölkədə artıq təşkil olunmuş sahə bankları ilə yanaşı, kooperativ bankların inkişafına, kommersiya banklarının isə yaradılmasına icazə verilir. SSRİ-də ikipilləli bank sisteminin yaradılması məhz bu dövrə təsadüf edir. Zaqafqaziya respublikalarında kooperativ və kommer­siya banklarının yaradılması dinamikasını aşağıdakı cədvəldən görmək olar.
Cədvəl 23

Kooperativ və kommersiya banklarının yaradılması dinamikası (müəssisələrin miqdarı)


Müttəfiq respublika

1.01.1989

1.01.1990

1.01.1991

1.04. 1991

Azərbaycan SSR

5

19

20

21

Gürcüstan SSR

-

5

23

24

Ermənistan SSR

2

3

10

14

1990-cı ilin dekabr ayında ittifaq miqyasında "SSRİ Dövlət Bankı haqqında", "Banklar bank fəaliyyəti haqqında" qanunların qəbul edilməsi ilə əlaqədar, keçmiş SSRİ-də ikipilləli bank sisteminin hüquqi əsası yaradılmış oldu.

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən SSRİ dağıl­dıqdan sonra, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1992-ci il tarixli Fərmanına əsasən keçmiş SSRİ Xarici İqtisadi Fəaliyyət Bankı Azərbaycan respublika bankının bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradılır.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli fər­manları ilə keçmiş SSRİ Dövlət Bankı, Sənaye-Tikinti Bankı və Aqrar-Sənaye Bankı Azərbaycan respublika banklarının bazası əsasında Azərbaycan Milli Bankı keçmiş SSRİ Əmanət Bankı Azərbaycan respublika bankının bazası əsasında isə, Azərbaycanın Əmanət Bankı təşkil edildi.

Bu dövrün xarakterik cəhətlərindən biri 1992-ci ilin fevral ayindan avqust ayına qədər Sənaye-Tikinti Bankının və Aqrar-Sənaye Bankının müəssisə şöbələrinin bilavasitə Azərbaycan Milli Bankının tabe­çiliyinə verilməsi olmuşdur.

7 avqust 1992-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının Milli Bankı haqqında" "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunlar qəbul edilmişir.

Göstərilən qanunların qüvvəyə minməsi ilə əlaqədar Aqrar-Sənaye Bankı və Sənaye-İnvestisiya Bankı Milli Bankın tərkibindən çıxarılaraq, respublika səhmdar kommersiya banklarına çevrilirlər. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı da respublika səhmdar-kommersiya banklarına çevrilirlər.

1993-cü ildə Azərbaycan Respublikasının Aqrar-Sənaye Bankının, Sənaye-İnvestisiya Bankının, Əmanət Bankının və Beynəlxalq Bankın tamamilə səhmdar kommersiya banklarına çevrilməsi prosesi başa çatır. Bu bankların nəzarət səhm paketi Maliyyə Nazirliyinin timsalında Azər­baycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49 faizi isə müxtəlif hüquqi və fıziki şəxslər arasında yerləşdirilmişdi.

Azərbaycan Respublikasının Prezidenti 10 iyun 1996-cı ildə "Azərbaycan Respublikasının Milli Bankı haqqında", 14 iyun 1996-cı ildə "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunları yeni redaksiyada imzalamışdır.

2000-ci ildə Aqrar-Sənaye Bankı, Sənaye İnvestisiya Bankı və Əmanət Bankı birləşdirilərək Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılır. 2004-cü ildə BUSBankın adı dəyişdirilərək Kapital Bank adlandırılmışdır. Hal-hazırda Kapital Bank tamamilə özəlləşdirilmişdir.

Nəhayət, 2004-cü ildə Azərbaycan Respublikasının Milli Bankı haq­qında və Banklar haqqında yeni qanunlar qəbul edilmişdir. 2009-cu ilin mart ayında keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Milli Bankının adı dəyişdirilərək Mərkəzi Bank adlandırılmışdır.

Hal-hazırda Azərbaycan Respublikasında müasir bank sistemi yaradılmışdır. Bu gün Azərbaycan iqtisadiyyatını kommersiya bankları olmadan təsəvvür etmək çətindir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 45-dir. 01 yanvar 2011-ci il tarixə Azərbaycan Respublikasının fəaliyyətdə olan bank sistemi aşağıdakı cədvəllə xarakterizə olunur:



Bankların sayı

45


Bank filiallarının sayı

644


o cümlədən

dövlət bankı (Beynəlxalq Bank)

1

Özəl banklar



44

38
606




13.4. Qloballaşma şəraitində bankların

inkişafının əsas prioritetləri
Bank sistemində baş verən dəyişikliklər volatillik faktorları ilə əlaqədardır ki, buraya ilk növbədə faiz stavkalarını, valyutaların mübadilə kurslarını və əmtəə qiymətlərini aid edirlər. Dəyişikliklər və maliyyə innovasiyalırının diffuziyası aşağıdakı konsepsiyanın qəbul edilməsini şərtləndirir:

- maliyyə və əməliyyat şəffaflığı (transparentlik);

- informasiya texnologiyalarının mənimsənilməsi;

- kapital (onun adekvatlığı);

- müştəri uğrunda mübarizə;

- risk dərəcəsi.

İnformasiya inqilabı dünyanı həqiqətən də dəyişdirmişdir. Bankla­rın aktivlərinin nələrdən ibarət olması və kapitalın daim artım tempi haqqında əvvəlki təsəvvürlər kardinal dəyişikliklərə məruz qalmış­dır. Bank mən­fəətinin yeni mənbələri artıq qeyri-maddiləşmiş­dir ki, bu da yeni dəyərin yaradılması prosesində informasiya və biliklə­rin tətbiqindən ibarətdir.

Maliyyə xidmətlərinin qloballaşması, müxtəlif bank olmayan kre­dit təşkilatları tərəfindən rəqabətin güclənməsini şərtləndirmişdir ki, bu da ilk növbədə qeyd olunduğu kimi faiz stavkalarına və mən­fəətə təsir göstərmişdir. Bankların ənənəvi fəaliyyət növləri üzrə gəlir­liyi azalmışdır. Banklar maliyyə xidmətləri sferasında öz fəaliyyətlə­rini diversifikasiya etməyə məcbur olmuşlar.

Son illərdə maliyyə xidmətlərinin satış şəbəkəsi genişlənməkdə da­vam etmişdir. Bankların filial və şöbələrinin sayı artmış, bankomat və pos-terminal şəbəkəsi əhəmiyyətli surətdə genişlənmişdir.

Regionlarda əhalinin maliyyə bank xidmətlərinə çıxış imkanları­nın artırılması məqsədilə Mərkəzi Bank Rabitə və İnformasiya Texno­logiyaları Nazirliyi ilə birgə Dünya Bankının «Maliyyə xid­mət­ləri­­nin inkişafı layihəsi» çərçivəsində «Azərpoçt» layihəsini icra et­mişdir.

Maliyyə xidmətləri üzrə innovasiyalar davam etmiş, bu sahədə banklararası rəqabət daha da güclənmişdir. Banklar elektron bankçı­lıq sahəsini daha da təkmilləşdirərək, müştərilərə banka gəlmədən təqdim edilən maliyyə xidmətlərinin çeşidini artırmışlar.

2010-cu ildə əhaliyə fasiləsiz və keyfiyyətli maliyyə xidmətlərinin gö­stərilməsi məqsədilə banklar tərəfindən prosessinq mərkəzlərinin yaradılması prosesi davam etdirilmişdir. Bu məqsədlə iki bank tərəfin­dən yeni prosessinq mərkəzi yaradılmış və onların sayı beşə çatmışdır.

Bankların beynəlxalq reytinqi yüksəlmiş, bank aktivlərində xüsusi çəkisi 98 faiz təşkil edən 38 bankda kənar audit beynəlxalq au­dit şirkətləri tərəfindən aparılmışdır. Əvvəllər beynəlxalq reytinq al­mış 10 bank öz səviyyələrini qoruyub saxlaya bilmiş, bir sıra bank­larda reytinq səviyyəsi daha da yüksəlmişdir.

Banklarda risk menecment mədəniyyətinin formalaşması və risk menecerlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbir­lər davam etdirilmişdir. Bu çərçivədə risk menecerlərinin qabaq­cıl səviyyədə sertifikasiyası həyata keçirilmiş, risk menecmenti gücləndirilmişdir.


XIV FƏSİL. BANK VƏ KREDİT SİSTEMİ, ONLARIN ELEMENT­LƏRİ
14.1. Bank və kredit sistemi anlayışı
Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublika­sının Mərkəzi Bankından və kredit təşkilatlarından iba­rət­dir. Ölkəmizdə kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respub­likasının Kons­ti­tusiyası, Mülki Məcəllə, Banklar haqqında, Mərkəzi Bank haqqında, Kredit İttifaqları haqqında, Bank olmayan kredit təşkilatları haqqında qanunlarla, Mərkəzi Bankın bunlara müva­fiq olaraq qəbul edilmiş normativ aktları, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Cari bank fəaliyyəti ilə bağlı qərarlar qəbul edərkən kredit təşkilat­ları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil­dir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməzlər.

Azərbaycan Respublikasının ərazisində banklar, qeyri-bank kre­dit təşkilatları və poçt rabitəsinin milli operatoru bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata ke­çirə bilər.

Banklar haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində kredit təşkilatlarına belə tərif (anlayış) verilmişdir: kre­dit təşkilatı – bank, xarici bankın yerli filialı və qeyri-bank kredit təşkila­tıdır. Qanunda qeyd olunan bu anlayış göründyü kimi sistem olaraq üç elementdən ibarətdir. Ardıcıl olaraq bu anlayışların da iza­hını verək. Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlə­rin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Xarici bankın yerli filialı dedikdə – əsas fəaliyyət yeri Azərbaycan Respublikası olan bank, filial və ya nümayəndəlik başa düşülməlidir. Qeyri-bank kredit təşkilatı – öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul forma­sında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Yuxarıda qeyd olunan izahlardan göründüyü kimi, bir sistem ola­raq kredit təşkilatının əsas (ənənəvi) əməliyyatlarından biri (başlı­cası) kreditlərin verilməsidir. Kredit – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərt­lərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alın­maq­la və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qay­tarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Qeyd olunan normativ hüquqi sənədlərin hər hansı birində «kre­dit sistemi» anlayışına rast gəlinmir. Bununla belə Azərbaycan Respublikası Mərkəzi Bankının aylıq statistik bülletenlərində «Kredit təşkilatlarının göstəriciləri» adlı bölmə vardır. Bu bölmədə maliyyə təşkilatları haqqında ümumi məlumat cədvəli verilir. 2011-ci ilin əvvə­linə (yanvar ayının 1-nə) cədvəlin məlumatları aşağıdakı kimi olmuşdur.








I.

Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan maliyyə təşkilatlarının sayı


2010-cu ilin IV rübü


146

1.

Bankların sayı

o cümlədən

- dövlət bankları

- özəl banklar

o cümlədən

- xarici kapitallı bankların sayı



45
1

44
22



2.

3.


Bankların yerli filiallarının sayı

o cümlədən

- dövlət bankının filiallarının sayı

- özəl bankların filiallarının sayı

Bankların şöbələrinin sayı

644


38

606


120




II.

Qeyri-bank kredit təşkilatları



101

1.


o cümlədən

Kredit ittifaqlarının sayı


82


2.

Kredit ittifaqlarının filiallarının sayı

0

3.

Beynəlxalq humanitar təşkilatlar tərə­findən maliyyələşdirilən kredit təşkilat­larının sayı

18


4.

Onların filiallarının sayı

57

5.

Digər qeyri-bank kredit təşkilatlarının sayı

1


6.

Onların filiallarının sayı

12




III.

Digər maliyyə təşkilatları (bura «Azər­poçt» MMC, poçt rabitəsi milli operatoru aiddir)



1

1.


o cümlədən

onların fyiliallarının sayı


59


2.

onların şöbələrinin sayı

593

(Cədvəldəki məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankının 2010-cu il, 12 saylı statistik bülletenindən götürülmüşdür).

25-ci cədvəl ölkəmizdə mövcud bank və kredit sisitemi haqqında tam təsəvvür yaradır. Belə ki, cədvəlin birinci bölməsi bank sisteminin, ikinci bölməsi qeyri-bank kredit təşkilatlarının və üçüncü bölməsi digər maliyyə təşkilatlarının göstəricilərini özündə ehtiva edir.

Normativ hüquqi sənədlərin təsnifatına müvafiq olaraq, bank müəssisələri istisna olmaqla qeyri-bank kredit təşkilatları və digər maliyyə təşkilatları bank əməliyyatlarını məcmu halda həyata keçirə bilməzlər. Yəni, onlar bank xidmətlərinin bu və ya digər növünü, daha dəqiq desək, yalnız kredit əməliyyatlarını icra edə bilərlər. Xü­susilə qeyd etmək lazımdır ki, qeyri-bank kredit təşkilatları depozit əməliyyatlarını, ümumiyyətlə, həyata keçirə bilməzlər. Çünki depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli opera­toru tərəfindən həyata keçirilə bilər.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə