Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə111/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   104   105   106   107   108   109   110   111   112

 
 
227
çaylar daşqın zamanı evlərə  və  həyətyanı  təsərrüfatlara zərər yetirməsin deyə,  şəhər daxilində 
onların məcrası daş hörgülü bəndə salınırdı. Belə halda şəhərin sağ  və sol sahillərindəki 
məhəllələri arasında gediş-gəliş yaradan tirli, yaxud daş (kərpic) tağ-körpülər salınırdı. 
Tirli körpülərin nisbətən təkmilləşdirilmiş mükəmməl növü pərdibasma  dayaqlara malik 
körpü olmuşdur. Körpünün bu növü həm də  təkərli nəqliyyat vasitələrinin keçməsini təmin 
edirdi. Bunun üçün əvvəlcə çayın dar axınlı sahilində  pərdibasma dayaq düzəldilirdi. Bu 
məqsədlə çayın sahilində bir cərgə  nərdi düzəndən sonra onların üstündən köndələn pərdilər 
döşənirdi. Növbəti pərdi düzümləri bu qayda ilə üst-üstə quraşdırılarkən üst pərdilər alt 
qatdakından bir qədər qabağa çıxırdı. Bunun sayəsində dayaq quraşdırıldıqca, həm yuxarı qalxır, 
həm də  tədricən irəliyə doğru çıxıb pərvaz forması  kəsb edirdi. Beləliklə, dayaqların yuxarı 
hissəsi bir-biriniə yaxınlaşır. 
Pərdibasma dayaqlar hazır olandan sonra onların üzərinə yoğun tirlər uzadılırdı. Körpünün 
aşırımını  əmələ  gətirən tirlər düzülüb qurtarandan sonra onların üzərinə köndələn vəziyyətdə 
pərdilər döşənirdi. Minik və qoşqu heyvanlarının pərdi döşəməyə  təsirini azaltmaq üçün 
körpünün üstü xır və ya xırqatışıq torpaqla örtülürdü. 
Ağac körpülərə nisbətən tağlı daş və ya kərpic körpülər qismən az yayılsa da, mükəmməl 
memarlıq quruluşuna və uzun ömürlü olmasına görə diqqəti cəlb edirdi.  
Minik-yük heyvanlarının və təkərli nəqliyyat vasitələ- rinin keçməsinə imkan verən tağlı 
körpülər maneənin səciyyə sindən asılı olaraq, müxtəlif uzunluqda inşa edilirdi. Elə bu səbəbdən 
də tağlı körpülərin çox aşırımlı tikilirdi. Çoxaşırımlı körpülərin tipik nümunəsi sayılan Araz çayı 
üzərində salınmış 11 və 15 aşırımlı Xudafərin körpüləri tanrı möcüzəsi kimi, orta əsr körpü 
salma təcrübəsindən soraq verir.  
XIX  əsrin son qərinəsində  çəkilmiş  Şuşa-Zəngəzur yolu üzərində 4 ədəd tağlı daş körpü 
tikilmişdir.
129
 Bu sayaq tağlı daş körpülər XIX əsrdə digər poçt yolları üzərində  də inşa 
olunmuşdur. Onların bir qismi yaxın keçmişədək qalmaqda idi.  
Azərbaycanda ilk çuqun körpü XIX əsrin 70-ci illərində  Gəncəçay və Akstafa çayları 
üzərində tikilmişdir.
130
 Bundan əlavə, Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədər bir sıra 
körpülər, o cümlədən Kür çayının üstündən Poylu və Yevlax yaxınlığında  metal dayaqlı iki 
möhtəşəm körpü salınmışdır. Belə körpülər 1900-cü ildə istifadəyə verilən Dərbənd-Bakı 
dəmiryolu xətti boyunca da salınmışdır. 
Azərbaycanda «cisir» adlanan yeganə ponton körpü növü Kür çayı üzərindəki məşhur 
Cavad keçidində qeydə alınmışdır. 14 ədəd iri və 14 ədəd xırda kolaz üzərində quraşdırılmış və 
200 arşın uzunluğunda olan bu yığamat körpü növü hələ orta əsrlər dövründə məlum idi.
131
 Yaz 
daşqınları zamanı sel aparmamaq üçün sökülüb saxlanılan cısırdən XIX əsrin əvvəllərinə qədər 
istifadə olunmuşdur. 
132
 
Rabitə vasitələri. Azərbaycanın özünə məxsus ənənəvi rabitə vasitələri təşəkkül tapmışdır. 
Bəsit rabitə növlərinin bir qismi burada XIX əsrin əvvəllərinədək, başqa sözlə, Rusiya tərəfindən 
poçt xidməti təşkil olunana qədər özünün əməli əhəmiyyətini itirməmişdir.  
Məlum olduğu kimi, insanlar iqtisadi güzəranlarını, sosial-mədəni tələbatlarını  təmin 
etmək üçün bir sıra zəruri məlumatları uzaq məsafədən bir-birinə çatdırmaq məcburiyyətində 
qalırdılar. Ölkənin inzibati-idarə sistemi ilə bağlı informasiyaların yerlərə ötürülməsi, yaxud 
müharibə və digər təhlükəli xəbərlərin əhaliyə çatdırılması, ölkə başçısının əmr və fərmanlarını 
yaymaq üçün tarix boyu bəsit rabitə vasitələrinə kəskin ehtiyac duyulmuşdur. Bu mənada rabitə 
vasitələrinin vəziyyəti ölkənin mədəni inkişafının bir növ göstəricisi sayılırdı. Ölkə  əhalisinin 
normal təsərrüfat fəaliyyətinin təşkili, nəqliyyat və sənaye istehsalının idarə olunması, ictimai və 
mədəni-maarif işlərinin nizamlanıb yoluna qoyulması xeyli dərəcədə rabitə vasitələrindən asılı 
idi.  
Qədim zamanlardan başlayaraq, insanlar lazımi məlumat və xəbərləri uzaq məsafədən bir-
birlərinə çatdırmaq üçün daima sərfəli rabitə vasitələri axtarmışlar. Onlar bu məqsədlə ilk vaxtlar 
müxtəlif növ səs siqnallarından istifadə etməli olmuşlar.  Təbil, gərənay  və digər zərb, yaxud 
nəfəsli alətlər, həyəcanlı  xəbərləri çatdırmaq üçün ilk bəsit rabitə vasitəsi rolunu oynamışdır. 
Hətta bəzən adamların uzaq məsafədən bir-birini ucadan səsləmə yolu ilə çağırması da bəsit 
rabitə vasitəsinə çevrilmişdir. Lakin səs siqnalı vasitəsi ilə  hər hansı bir məlumatın ötürülməsi 


 
 
228
məsafə baxımından məhdud səciyyə daşımışdır. Elə bu səbəbdən də bu və ya digər xəbəri bir 
qədər uzaq məsafəyə çatdırmaq üçün səs siqnalını işıq (tonqal), bayraq və ya əl-qol hərəkəti ilə 
əvəz etmişlər. Hətta bu məqsədlə öyrədilmiş göyərçin də  məlumat ötürücüsü kimi istifadə 
edilmişdir. Bunun üçün göyərçinin ayağana rəmzi məna daşıyan müxtəlif rəngli ip, parça tikəsi, 
pitik və s. bağlamaqla bu və ya digər xəbər lazımi ünvana çatdırılırdı. 
Yazının meydana gəlməsindən  əvvəl yaranmış bu bəsit rabitə vasitələrinin bir qismi son 
vaxtlaradək özlərinin  əməli  əhəmiyyətini itirməmişdir. Hətta məscid minarələrindən hər gün 
müəzzin tərəfindən ətrafa yayılan azan sədaları da səsli rabitənin bir növü idi. Bu yolla Quranda 
yazılan kəlamlar müsəlmanlara çatdırılırdı. 
Arxaik rabitə vasitələrindən biri də  tonqal olmuşdur. Adətən, uzaq ətraflardan yaxşı 
görünmək üçün tonqal hündür yerlərdə, çox vaxt uca dağların başında yandırılırdı. Həm də bu 
həyəcan siqnalı tək tonqalla deyil, zəncirvari görünüş düzümü əmələ gətirən tonqallar vasitəsi ilə 
çatdırılırdı. Tonqallardan qalxan tüstü dumanının qəlizliyi düşmən ordusunun çoxsaylı olduğunu 
bildirirdi. 
Uzaq məsafələrə xəbər çatdırmaq üçün ən etibarlı rabitə vasitəsi «qasid», «şatır», «carçı», 
«çapar», «salayçı» və s. adlarla bəlli olan peşəkar xəbər yayanlar olmuşdur. Bu peşələrin çoxu 
rəsmi sənəd, fərman və sərəncamları vaxtlı-vaxtında çatdırmaq məqsədi ilə yaranmışdır. 
İnsanlardan rabitə vasitəsi kimi istifadə olunması çox qədim tarixə malikdir. Hələ qədim 
zamanlarda insanlar vacib xəbərləri yaxın tanışları vasitəsi ilə «ismarıc» yolu ilə lazımi ünvana 
çatdırırdılar. Xəbərin etibarlı çatdırılmasını  və  məxfi qalmasını təmin etmək üçün, adətən, onu 
şifahi qaydada, yaddaş vasitəsilə göndərirdilər. Hətta keçmişdə  səlahiyyətli  şəxslərin, xüsusilə 
yüksək vəzifəli məmurların hər birinin özünə məxsus şəxsi qasidi olurdu. Onlar lazımi məlumat 
və xəbərlərin vaxtında öz ünvanına çatdırılmasına məsuliyyət daşıyırdılar. 
Qasid həm piyada, həm də minik nəqliyyatı ilə hərəkət edirdi. Piyada qasid yüksək vəzifəli 
məmur və ya hökmdarlara məxsus olduqda «şatır» adlanırdı. Şatırçılıq peşəsi yüksək fiziki güc 
və dözüm tələb etdiyindən o, uzun müddətli təlim və  məşq yolu ilə hazırlanırdı. İdmançı kimi 
yetişdirilmiş şatır yüngül ayaq və əyin geyimi ilə seçilirdi.  
Atlı qasid minik vasitəsi ilə hərəkət etdiyindən çox vaxt «çapar» adlanırdı. Keçmişdə rəsmi 
dövlət xəbərlərinin tez çatdırılmasını  təmin etmək üçün yolun hər mərhələsində  çaparxana  və 
minik atları saxlanılırdı. Bəzən növbəti çaparxana karvansaraya təsadüf edirdi. Çatdırılmalı 
xəbər təcili səciyyə daşımadıqda çapar karvansara və ya çaparxanada gecələyib, ertəsi gün yola 
düşürdü. Çapar təcili xəbər çatdırmalı olduqda yorğun atını  dəyişməklə, dincəlmədən yolunu 
davam etdirirdi.  
Bəzən qasid elçi qismində, heyət halında göndərilirdi. Belə olan halda onu dəvə karvanına 
qoşub yad ölkəyə göndərirdilər. Bu onların təhlükəsizliyinə müəyyən qədər təminat yaradırdı. 
Carçı uca səslə müəyyən bir xəbəri camaata car çəkib bildirən peşə sahibi olub ən çox 
bazarlarda fəaliyyət göstərirdi. Keçmişdə camaatın gur olduğu bazar və meydanlarda rəsmi 
xəbərləri yaymaq ənənə halını almışdı. Onlar rəsmi dövlət sərəncamlarından  əlavə, yerli 
məlumatları da əhali arasında elan edib yayırdılar. Çarçılar bir növ sonralar yaranmış dövri 
mətbuatın xəbər yayma vəzifəsini yerinə yetirirdilər.  
Yazı meydana çıxandan sonra məktub  ənənəvi rabitə vasitələrinin  ən etibarlı  və mötəbər 
növünə çevrilməyə başlamışdır. Elə kağız üzərinə köçürülmüş ümdə  xəbər və  məlumatların 
məktub formasında ünvanlara çatdırılması  zərurəti ilə bağlı poçt  xidməti meydana çıxmışdır. 
Həm də müntəzəm və mütəşəkkil səciyyə daşıyan rəsmi rabitə vasitəsi olmaq etibarilə poçt 
xidmətlərinin vəzifəsi təkcə məktubları ünvanlara çatdırmaqla məhdudlaşmamışdır. Poçt vasitəsi 
ilə digər əməliyyatlar, o cümlədən müxtəlif növ bağlama, maliyyə sənədləri və s. də göndərilirdi.  
Qeyd etmək lazımdır ki, Şərqdə ilk poçt xidməti Əhəməni hökmdarı I Daranın (e.ə. 522-
486-cı il) hakimiyyəti dövründə təşkil olunmuşdur.
 133
 Azərbaycanda poçt xidməti  XIX əsrin 30-
40-cı illərində çar Rusiyasının rəsmi rabitə sisteminin tərkib hisəsi kimi yaranmışdır. Poçt yolları 
üzərində hər 25-30 verst məsafədə «yamxana» və ya «çaparxana» adlanan poçt stansiyaları təşkil 
olunmuşdur. Yamxanalar həm də poçt xidməti işçiləri və sərnişinlər üçün mehmanxana rolunu 
oynayırdı. Burada, habelə at tövləsi, ehtiyat qoşqu və minik atları, mehtərlər, nalbənd və b. peşə 
adamlarına da təsadüf edilirdi. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə