- Yox, yox!
- Məndən uşaqlıq şəkillərini istəmişdin. Sonra yadından çıxdı. Gedək evdə hamısını bir-bir
göstərəcəm. Gedək!
- Saxlaa, saxla, qal-sın sonrayaa. Mən padruşşşkalarımı görmək... ıııuuıııığğıı... görüşmək
istəyirəm.
Maşını tərpədib 20-30
metr irəlidəki tinə çatanda, sükanı burdu. Səliqəylə əkilən adamboyu
həmişəyaşıl kollarının yanından keçib, üstünə iri hərflərlə “Toran. Gecə barı” yazılan alaqaranlıq
zala daxil olduq. Qulaqbatırıcı səs, siqaret, alkoqol qoxusu içərini başına götürmüşdü. Yuxarı
başdakı girdə stolun ətrafında 16-17 yaşlı yarıçılpaq qızlar gülüşürdülər. Sarısaç, ağbəniz,
qarabuğdayı qızların hər birinin müştəri intizarında olduğunu bilməyə nə var! Qonşu stolda
yayxanan kəlpeysər gədələrə göz atıb, içəridəki otaqlara işarə edirdilər. Leyla qapının girişində
xeyli dayanıb sərxoş nəzərlərini zalda gəzdirdi. Girişdən sağdakı alçaq tağdan əyilib işıqlı otağa
keçəndə mən də arxasınca addımladım. İçəridə iki qız öpüşürdü. Bizi veclərinə almadılar.
Üzbəüzdəki qapıdan ucaboy, cüssəli oğlan çıxıb dişlərini ağartdı. Leylayla əlüstü görüşüb
yüngülcə zarafatlaşdılar. Hiss etdim ki, yanımızda çox ləngimək istəmir, bir ayağı qaçaraqdı.
Oğlan gözdən itəndə onun yerində alçaqboy, Kondoliza Raysa oxşar tösmərək qız peyda oldu.
Leylanı görən kimi tutuldu. Dodaqlarına qonan yalançı təbəssümün çəkilib getməyi, çox
çəkmədi. Üz-gözündəki
buz kimi soyuq ifadələrdən, candərdi danışığından bilinirdi ki, bizim
vədəsiz təşrifimiz könlüncə deyilmiş. Üstəgəl, Leylanın içkili olması onu diksindirdi. Bu vaxt
qapının ağzında başqa qız göründü. İstiqanlı, işıqlı adamdı. Leylanın boynuna bərk-bərk sarıldı.
Xanım Kondolizanın oxşarı fürsət düşmüşkən sivişib aradan çıxdı. Növbə mənə çatanda məhrəm
adamı, yüz ilin dostu kimi qatı pomadalı dodaqlarını ağzıma salıb dişlərimi marçıltıyla öpdü.
(Belə biabırçılıq olar? Harda axmaq adam var, mənə tuş olur!) Pomadanın qoxusundan hiss
olunurdu ki, yeraltı keçidlərdə satılan ucuz kosmetika dəstindən çıxarılıb. Ürəyim ağzıma gəldi.
Bir az da keçsəydi, qaytaracaqdım. Özümü otağın sol küncündəki tualetə verib, unitaza qusdum.
Gözlərim qan-qırmızı olmuşdu. Əl-üzümü yuyub özümə gələndə, dodağımın altında qızın
qarasına söydüm. Leyla ilə kənara çəkilib şirin-şirin söhbətləşirdilər.
- Rəcəb, - yastı-yastı dilləndi - bu qızı tanıyırsan?
- Tanış olarıq!
- Adı Zəminədir. Mənim qədim dostumdur. Qədim e, lap qədim. Gözəldi, hə?
- Sən özündən gözəl qızla dostluq etməzsən.
Xoşlarına gəldi. Bir-birinə qoşulub güldülər. Deyəsən, Leyla əvvəlki halda deyildi.
Az-çox
ayılmışdı, ən əsası, rabitəsiz cümlələr üyüdüb tökmürdü.
- Ürəyiniz nə istəyir? İçməyə, çəkməyə... - Zəminə dilləndi. - Əla viski var, günorta dadına
baxmışam.
Çox qəribəydi, beş-altı saat əvvəl başımı yaran, üz-gözümü cırmaqlayıb üstümə çəmkirən qız
indi xahiş tökülən baxışlarını üzümə zilləyib, mənim qərar verməyimi gözləyirdi. Bəxtəvər
başıma, elə bil ər-arvadıq! Mən də kişi rolunu layiqincə oynadım: qaşlarımı düyünləyib zəhmli
baxışlarımı işə salmaq o deməkdi ki, artıq-əskik danışma, düş qabağıma, evə gedirik! Bahoo,
işimiz varmış ki! Bu dəfə yalvarış dolu nəzərlərini işə saldı. Hətta, işvəkar, qılığa girməyi
anasının qarnında öyrənən qızlarsayaq nazlanmağı da yaddan çıxarmadı. Lap əvvəldə dediyim
kimi, hərdən Qafqaz kişilərinə xas olan tərs damarım tutur. Bu dəfə də belə oldu: dişlərimi
üstünə qıcıyıb çəmkirdim ki, axmaq-axmaq danışma, birbaş xarabana!!! Hiss elədim, Zəminə də
çəkindi. Maşına oturanda qucaqlaşıb dodaq-dodağa söykəndik. Əməlli-başlı özünə gəlmişdi, ağlı
üstündəydi. Viski içməyinə mane olmasaydım, yəqin bu fahişəxanadan sürünə-sürünə çıxacaqdı.
... Həmin gecə... həmin gecə qurğuşun kimi ağır, kədərli, hüznlü keçdi. Danışdı, hönkürdü, otaq
siqaret tüstüsündə boğuldu. Hisslərim, duyğularım sim kimi tarım çəkildi,
onun gözlərindən
şoralanan göz yaşlarına tab gətirməyib, mən də qəhərləndim. Ağlı kəsəndən ta bu günəcən nə
olmuşdusa, hamısını bitdə-bitdə ovcuma qoydu. Elə bil illərlə çiynindən gəzdirdiyi yükdən azad
oldu. Bu zavallı, bədbəxt adam nə qədər zülm, iztirab, məşəqqətlə üz-üzə, göz-gözə qalıbmış.
Ağılagəlməz, tükürpədən murdar əməllərinə görə ona zavallı deməyə adamın dili də gəlmir. Bir
yaxşılığın üstündən hey yamanlıq et, adamları alçalt, həyatın qamçıladığı, çıxılmazlıqda boğulan
insanları məşhər ayağına çək, gün-güzaranını zəhərə döndər... O gecə xatirimdən çıxmayan çox
şey oldu: otağın dər-divarına dəyib çiliklənən ehtiraslı iniltilər, balışdan, döşəkağından qopan
cırmaq səsləri, nəşəli həzz...
... Küləkli oktyabr səhəri neçə gündən bəri ürəyimə dolan o mübhəm arzuma çatmaq üçün iş
başına keçməyi dönə-dönə xatırladırdı. Leyla daş kimi ağır yatmışdı. Barmaqlarımın ucunda
pəncərəyə yaxınlaşdım. Küknar ağacları havada oynayıb, mənə əl edirdilər...
“Miraj” restoranında Elçinin vaxtilə şeir, hekayələr yazdığını eşidər-eşitməz, ədəbiyyat haqqında
bədgüman, naqolay sözlər qırıldatmağıma bənd olmayın,
vaxt olub, yazıçılıq sevdasına yoluxub
on günlərlə evə qapılmışam. Kafkanın, Selincerin, Nabokovun, Cek Londonun ədabaz
müsahibələrinin, həyatlarından bəhs edən sənədli oçerklərin təsirilə kitabdan bixəbər
qohumlarımı ən ağır söyüşlərlə təhqir edib alçaltdığım o qədər olub ki! Belə yaramaz hərəkətlərə
sərxoşluğun təsirilə qol qoymuşam, amma bu, nəyi dəyişir? Xeyir-şər yerlərində mənə bambılı
kimi baxıblar. Yaxşı xatirimdədir, Əsmərlə tanışlığımızın ikinci ilində bir fransız
araşdırmaçısının Kafka haqqındakı yazısını oxuyub sevgilimə zəng vurmuşdum ki, sən də, anan
da, bibilərin də, nənən də - hamınız, hamınız ucdantutma mənasız, bayağı məxluqlarsınız. Əsmər
telefonu üzümə qapadanda dözməyib bir də zəng etmişdim: “Səninlə nişanlı olsaydım,
barmağıma taxdığın üzüyü təpənə çırpıb, pozuluşardım. Qadınlar dahilərin düşməni olublar.
Vaxt gələcək, sən mənə uşaq doğub ev-məişət qayğıları ilə fövqəlbəşər ideyalarımı tarimar
edəcəksən” (Tfu, cəmdəyimə). Ey böyük Əsmər!!! Ey dahi qadın!!!
Tək belə sərsəm əməllərimə
səbr etməmisən ki! Demişdim axı, sən məndən yana kirpiyi ilə od götürüb, saçlarını süpürgə
edibsən.
2004-cü ilin sentyabrında bir dəstə sərgərdan “inqilabçı”ya qoşulub, inkubator qoxulu zirzəmidə
kartof püresi ilə Gəncə arağı içəndən sonra yolumu Keşlə bazarından saldım. Məndə ağla bax,
fağır, məğmun bir alverçi arvadın yaxasından yapışasan ki, məni doğmusan, indi yetiminə yiyə
dur, əbləhin qızı! Sonra başladım kartofla pomidorun soykökü haqqında arvadla mübahisə
etməyə. Bazardakı uşaqlar başıma yığılıb məni ələ salırdılar. Ürəyim soyumayanda arvadın
üstünə əsib-coşdum: Fransız qadınları inqilab edən kişilərilə meydanda yatıb onlara yun corab,
isti köyək toxuyublar.
Sən niyə burda bibər, turp satırsan? Ərin oğraş hardadır, çağır, o dəyyusa
kütlə psixologiyasından danışacam. Arvad dözməyib dişinin dibindən çıxan söyüşlərlə
qabırğalarımı yağladı, bir də gördüm, kimsə çənəmə babat bir yumruq ilişdirdi. (Lap əcəb elədi).
Ağzımın tüpürcəyini dağıda-dağıda çığırmağa başladım: məşhur yazıçı olanda hamınızdan
intiqam alacam, darıxmayın. Ayılanda nə görsəm yaxşıdır: sallaqxana arabasında mal cəmdəyini
qucaqlayıb yatmışam. Yepyekə siçovul ətdən doyub gödəkçəmin yaxasını çeynəyirdi. Belə
tüfeyli günlərə özümü öyrəşdirəndə bir təsəllim olurdu: gələcək tədqiqatçılara mövzu verən əla
həyatım olacaq, yüzillər boyu məndən danışacaqlar. (Tfu, cəmdəyinə!!!) Parkda atılıb-düşən
uşaqların qabağında diz çöküb ağlamaq, avtobusdakı tələbə qızları öpüb qaçdığıma görə polisə
düşmək, yaxası kirli köynək geyib yazıçı obrazı yaratmaq, saçıma daraq çəkməyib, üstəlik, toyuq
tükünü qulağımın dibinə keçirib adam içinə çıxmaq 19 yaşımın əməlləridir. O vaxtlar yazdığım
gündəliyi indi oxuyanda ölüb yerin təkinə girmək istəyirəm. Düzdür, indən beləki ədəbi irsimi
öyrənən tədqiqatçılarım üçün gündəliyi
qoruyub saxlamaq fikrindəyəm, amma ağlımı başıma
yığıb güzgünün qabağına keçəndə, öz-özümə deyirəm ki, ə Rəcəb, adam kişi olar, özünü səfeh
yerinə qoyma, bu yazıçılıq mərəzindən yaxanı qurtar, qoy vızqırtsın! Jurnalistikaya girişəndən
sonra içimdəki ədəbi istedad qurumağa, öləziməyə başladı. Amma insafla danışsaq, yazılarım pis
olmurdu. Müşahidəçilik qabiliyyətim, süjet qurmağım, dialoqlardakı təbiilik stajlı yazarların
diqqətini cəlb etmişdi.
Leyla ilə rastlaşandan sonra onun həyatı haqqında roman yazmaq sevdasına düşdüm. Məni
bağışlayın, neçə gündən bəri zəhlənizi tökdüyüm, cidd-cəhdlə gizlətdiyim sirrim, sadəcə, budur.
Düzdür,
adama deyərlər ki, it oğlu, bu yaramaz əllaməçilik nədən yanadır? Guya əvvəldə açıb-
ağartsaydın, dağ siçan doğacaqdı? Əllaməçi yazarlar, adətən, “sevdaya düşmək” ifadəsini istehza
mənasında işlədirlər, amma bu, mənim qəti fikrimdir. Təntənəli, bəlağətli cümlələrlə
danışmağıma fikir verməyin, deyəsən, yuxarıda demişdim ki, rütubətli payız günü gələcək
uğurlarımı solğun, əzablı və kədərli həyatıma sarı qarış-qarış yaxınlaşdıra bilər. Axmaq
qənaətdir! Bir roman nə mənim həyatımı dəyişə, nə də yazıçı kimi adımı əbədiləşdirə bilər.
Zibillikdə sümsünən qotur itlərdən üzr istəyib deməliyəm ki, tək-tük qocaları çıxsaq, indi
yazarların hörməti evdə bəslənən cins köpəklərə 2:0 hesabıyla uduzur. İyirmi altı yaşım var,
Əsmərin xətrinə gələcəyimi qurub onu bəxtəvər etməliyəm. İndi sarsaq “inqilabçı”larla işim