yoxdur, avara yazıçı obrazı yaradıb ölü pişiklərlə şəkil çəkdirmirəm. Bu işə aylarımı qurban
verəcəm,
Əsmər nigaran qalsa, and içib ağu yalayacam ki, əvvəlki hoqqabazlığın başını
buraxmışam. Amma bu əziyyətli işin öhdəsindən gələ biləcəyəmmi?! İstedadım haracan
çatacaq?! Evə qapılmaq, saatlarla kompüterin arxasında oturub göz işığını itirmək şərt deyil,
gərək adamları maraqlandıra, inandıra biləsən. Elə bu gündən iş başına keçməyə dəyər hər halda.
Söz vermirəm, amma çalışacam, vallah çalışacam. Bir rus romançısı yazmışdı ki, yazıçının söz
verməsi, fahişənin bakirəliyinə and içməsi kimi bir şeydir.
... Leyla gözlərini açıb başının üstündə məni görəndə gülümsədi. Əlini öpdüm.
- Romanı yazmağa nə vaxt başlayacaqsan?
- Elə bu gündən.
- Ciddi deyirsən?
- Əlbəttə.
- Bacaracaqsan?
- Özümə güvənirəm.
- Elə yaz ki, “Yad qızı”, “Təhminə və Zaur” kimi maraqlı olsun.
- Bilmək olmaz, bəlkə onlardan da yaxşı olacaq! - Şeşələndim.
- Yuxuda görürəm ki, məşhur yazıçı olmusan. - Gülümsədi.
- Yaxşı, yaxşı, məni ələ salma! - dedim.
- Hamı səni barmaqla göstərir, hər yerdə hörmət edirlər, pulun, var-dövlətin başından aşır.
- Belə gözəl yuxudan sonra qanını qaraltmaq istəyirəm.
Qaşlarını qaldırıb gözünü ağzıma zilləməyinin ardınca qalxıb yorğan-döşəyin içində bardaş
qurdu.
- Bəlkə yeri deyil, amma gizlətmək də istəmirəm. Məni işdən çıxarıblar. Axşam unutdum
deməyi.
- Bilirdim belə olacaq.
Qayğılandı. Udqundu.
- Yəqin pulun-paran da yoxdu hə?
- Yox, niyə ki, varımdı. Ehtiyatımı görmüşəm.
- Yalan danışma. Hardandır səndə pul...
Ayağa durub şifoneri açdı. Mən tapançanı axtararkən dəri gödəkcənin cibində gördüyüm
yüzdollarlığı götürüb
ovcuma basmaq istəyəndə, razılaşmadım. Xətrinə dəydi, üz-gözünü
turşudub pulu şalvarımın cibinə basdı.
- Anamı görmək istəyirəm. Darıxmışam. Nəsə ürəyimə pis-pis şeylər gəlir. Gedim arvada baş
çəkim.
Şəkildə gördüyüm qadın gözümün qabağına gəldi.
- Hardadır?
- Fatmayıda, bir uzaq qohumumuz var, onlara gedib. Demişdi, bu gün gəlib rayona yola salım.
Keçən həftə mənə görə təzyiqi qalxmışdı. Narahatam. Yəqin, üç-dörd gün olmayacam. Özündən
muğayat ol!
- Sən də!
- Bir də, incimə, hələlik tək qalmaq istəyirəm. İsmayıl dayıya salam de.
- Səndən sarı narahatam. Elə bilirəm...
Üz-gözümü oxşadı. Qətiyyətli səslə:
- Özündən muğayat ol! - dedi. - Tapança haqqında nəsə fikirləşmək lazımdır. Sənə qalmağından
qorxuram.
Leylanı arxayın salıb, evdən çıxdım.
Pilləkənləri fikirli düşdüm. Ürəyim yaman narahatdı. Əsmərə xəyanət
elədiyimə görə xəcalət
çəkirdim. Heç vaxt belə olmazdı, bilmirəm bu axmaq xəcalət hissi canımı necə çulğadı. İsmayıl
dayının həyətdə vurnuxduğunu görüb yolumu dəyişdim. Binaların arasında beş-on dəqiqə
avaralanandan sonra evə yollandım.
* * *
Evə çatanda mənə elə gəldi ki, nəsə xoşagəlməz hadisə üz verib. Udqunub daxmanın dörd
tərəfinə göz gəzdirdim. Cibimi qurdalayıb açarı tapanda qapının qıfılına gözüm sataşdı. Yerimdə
donub qaldım. İlahi!!! Qıfıl... qıfıl həminki deyildi, dəyişdirilmişdi. Bədənimdən üşütmə keçdi,
elə bildim, kimsə kənarda gizlənib tapançanın lüləsini kürəyimə tuşlayıb. Dərindən nəfəs alıb,
özümü toxtaq tutmağa çalışdım. Küçədəki adamlar şübhələnməsin deyə, sahman davranışla
ətrafı nəzərdən keçirdim. Şübhəli, ehtiyat etməli adam gözə dəymirdi. Hamı öz işindəydi.
Harasa
tələsən caydaq adamlar, avtobus dayanacağında darıxan qızlar, var-gəl edən qocalar, bir-birini
tələsdirən sürücülər... Sağ qonşuluğumdakı qaçqın ailəsinin evindən gülüş səsi eşidildi. Bunun
ardınca balaca Aysel qapıda peyda oldu. Məni görən kimi gülümsəyib sevincək əl elədi. Başımla
salamını aldım. Qız soyuqqanlılığımdan pərt oldu. İstədim yanıma çağırıb xəbər alam ki, məni
soruşan olmayıb? İşin böyüyəcəyindən ehtiyat edib fikrimdən daşındım. Aysel böyrü yaşıl
çadırlı artırmada gözdən itəndə ətrafı bir də nəzərdən keçirdim. Köhnə, üstünü pas tutmuş qıfılın
açarı ilə təzəni açmaq istəyəndə, əlimin əsməyindən canımdakı qorxu bir az da şiddətləndi.
Görən, içəridən nəyi aparmışdılar? Tapançaya,
bircə tapançaya dəyməyəydilər, İlahi! Evdə silah
saxladığımın üstü açılsaydı, bircə saat sonra polis idarəsindən zəng edib görüş üçün yer təyin
edəcəkdilər. Qaranlıq otaq, rütbə sahiblərinin heybətli siması, hədə-qorxu, qışqırıq... Darıxdım.
Əlimi sıxıb dizlərimi yumruqlamaq işə yaramadı. Atam, qardaşım, Əsmər, məhkəmə, şahidlər,
dəmir barmaqlıqlar, soyuq kamera gözümün qabağına gəldi. Mənə rəhmin gəlsin, Pərvərdigara!
Bilirdim, başıma nə gəlmişdisə, səbəbkar Leyla idi. Bu axmaq işə qurşandığıma görə yaman
peşman idim, ürəyim soyumayanda özümü bir ağız söydüm. Ovcumun içində sıxdığım açarı
qıfıla dürtmək cəhdim faydasızdı. Daxmanın dörd tərəfini bir də nəzərdən keçirdim. Köhnə qıfılı
sındırıb hara atmışdılar? Daxmanın ətrafını qarış-qarış gəzməkdən başqa yolum yox idi. Bəlkə
qıfılı yaxınlıqdakı zibilliyə tolazlamışdılar? Zibillikdə eşələndim.
Evin yan-yörəsini bir də
axtardım. Ahaaa...!!! Qapının ağzındakı mişar daşı köndələn dayanmışdı. Bayaqdan buna fikir
verməmişdim. Bilmirəm, bu çopur daş hardan gəlib qapımın ağzına düşmüşdü. Ayaqqabı
təmizləmək üçün əla yer olduğunu fikirləşib, kənara atmağa ərinmişdim. Daşı diyirlədib köhnə
qıfılı altından tapdım. Qırmışdılar. Yanında iki cüt təzə açar vardı. Aha, deməli, qapının
üstündəkinin açarlarıdı. Qapını ehtiyatla, daha doğrusu, qorxa-qorxa açıb içəri boylandım. Belə
hallarda adama
elə gəlir ki, döşəməyə düşən insan cəsədi ilə qarşılaşacaq. Sanki öz evimə yox,
yiyəsiz, illərlə insan üzünə həsrət qalan vahiməli tikiliyə girirdim. İşığı yandırdım. İçəridəki
pərakəndəlik, tör-töküntü adamın üstünə yeriyirdi. Stolu otağın tən ortasına aşırıb üstündəki qab-
qacağı çilik-çilik eləmişdilər. Hələ pəncərədən asılan kirli pərdə... Karniz dəmirindən sallanırdı.
Kompüterin sistem blokunu ayaq altına salıb əzmişdilər, monitora iki qoşa çat düşmüşdü.
Doğram-doğram edilən naqil parçalarını otağın dörd bir yanına səpələmişdilər. Stəkan qırtılarını
xırçıldada-xırçıldada özümü Selma Hayekin şəklinin üstünə atdım. Nə yaxşı, Tanrım!!! Şükür
sənə!!! Divara söykənib nəfəsimi dərdim. Payızın oğlan çağında qorxudan boyun-boğazımı,
bədənimi tər basmışdı. Stolu dikəltdim. Otağa səpələnmiş şüşə qırıqlarını süpürdüm. Ayağımın
altına stul qoyub pərdəni yerinə bərkitmək istəyəndə iki qatlanmış ağ kağız gözümə sataşdı.
Pəncərənin ağzına qoymuşdular. Əllərim əsə-əsə, tələsik kağızı açdım. Adam belə vəziyyətə
düşəndə deyirlər: ayaq üstə öldü.
Elə bildim, dünya başıma fırlandı, bu xaraba daxmanın daşı-
divarı bu dəqiqə uçub üstümə töküləcək. Bədənimin taqəti çəkiləndə yerə çöküb dizlərimi
qucaqladım. Kağızın arasındakı üç manatı kənara qoyub yazılanları təkrar-təkrar oxudum: “Bu,
sənə yüngülvari xəbərdarlıqdır. O qəhbənin başını burax. Saat birdə Hüseyn Cavid Parkında üzü
metroya sarı dayan. Sənə bir nəfər yaxınlaşacaq. Dünən axşamkı Qara “Pajero”ya oturub
Novxanıda bir bağ evinə gedəcəksiniz. Qorxma, yüngülvari söhbət olacaq, səni incitməyəcəklər.
Dediyim yerdə olmasan, bizdən incimə. Axşam yatanda bu xarabanı üstünə uçuracağıq. Saat
birdə, Hüseyn Cavid Parkı. Yaddan çıxmasın!”
Nəşriyyatın qarşısında qoluma toxunub yolumdan saxlayan “əsgər atası”nın siması gözümün
qabağına gəldi. Əclafın üz-gözü şaftalı dənəsi kimi qırış-qırış idi. Məzlum, maymaq görünüşü
vardı. Kağızın arasına bükülən pul, ona verdiyim üç manatdı. Əlbəttə, bu məni qorxutmaq,
vahimələndirmək üçündür. Dünən axşam bizi izləyən qara “Pajero”nun
sürücüsü həmin əclaf
olmasa da, eyni hədəfə vururdular: məni hədələyib uzaqlaşdırmaqla, söhbətin böyüməsinin, daha
dəqiqi, mətbuata bundan sonra yol tapmasının qarşısını almaq və Leylanı asanca aradan
götürmək!
Ürəyimin döyüntüsündən sinəm parçalana bilərdi. Gözümü saata zilləyib heykəl kimi
dayanmışdım. Nə edə bilərdim? Gedimmi yəni? Əclaf yalan deyir, maşına oturan kimi dəniz
kənarında gözdən-könüldən iraq xarabaxanaya aparıb başıma it oyunu açardılar. Kəsəsi,