12
International Alert
Basklar Ölkəsindən örnəklər: demokratiya
münaqişə həlli mexanizmi kimi
mikael zolyan
avtoritarizm, demokratiya və münaqişə
Bask münaqişəsinin ən ümdə örnəklərindən biri demokratiya və münaqişənin sülh yolu ilə transformasiyası
arasındakı əlaqədir. Yeri gəlmişkən, medalın əks üzü də var: qeyri-demokratik rejim və münaqişənin
eskalasiyası arasındakı əlaqə. Beləliklə, bask münaqişəsini araşdıranlar bir fikirdə uzlaşırlar – Franko
diktaturası münaqişənin yaranmasına, və ya onun zorakı formaya keçidinə yol açıb. Əlbəttə ki, münaqişəyə
meyllilik Basklar Ölkəsində Frankosuz da mövcud idi: hələ əsrin əvvəllərindən bask ziyalılarının milli
mədəniyyəti və dili qorumaq mücadiləsi ilə rəsmi Madridin unifikasiya və ölkənin homogenliyinin əldə
edilməsi istiqamətindəki səyləri arasında ziddiyyətlər göz önündə idi. Hərçənd respublika dövründə sanki
problemin regional muxtariyyət formasında güzəştli həlli tapılmışdı. Amma vətəndaş müharibəsi və onun
ardınca gələn diktatura müxtariyyətlə bağlı bütün ümidləri öldürdü.
Əvvəlcə bask millətçilərinin respublika uğrunda mübarizə apardıqları ağır müharibə, ardınca respublikaçıların
cəzalandırılması, o cümlədən Gernikanın bombalanması, minlərlə insanın güllələnməsi, həbs edilməsi.
Ardınca nəinki muxtariyyətlə bağlı bütün siyasi tələblərə tam qadağa qoyan, hətta bask milli kimliyinin
istənilən səviyyədə büruzə verilməsinə ədavətlə yanaşan Franko diktaturası illəri gəlir. Bu mənada Basklar
Ölkəsindəki şərait sovet dönəmində Dağlıq Qarabağdakı vəziyyəti xatırladır: bir tərəfdən etnik azlığın öz
mədəniyyətini qorumaq və inkişaf etdirmək istiqamətindəki qorxuları, digər tərəfdən bu qorxuların mövcud
siyasi sistem çərçivəsində ifadə edilməsinin mümkünsüzlüyü.Basklar Ölkəsindəki bu vəziyyət gətirib o
yerə çıxardı ki, XX əsrin ortalarında baskların öz milli müqəddəratını təyin etməsi ilə bağlı ideyanın əsas
daşıyıcısı olan Millətçi Bask Partiyası (MBP) əhali arasında öz nüfuzunu itirməyə başladı.
Gənclər sosial konservatizm və qeyri-zorakı mübarizə metodlarına sadiqliyi uzlaşdıran MBP-nin
ideologiyasından ümidlərini kəsdilər. Çoxları alternativi bask millətçiliyinin sol (marksist) ideologiya və
diktaturaya qarşı fəal, həmçinin zorakı müqavimətin uzlaşmasında görürdü. Bu təkamül Franko diktaturasına
qarşı silahlı mübarizə yolu tutan ETA-nın meydana gəlməsinə gətirib çıxardı.1960-cı illərin sonları və 1970-
ci illərdə ETA Frankonun əleyhdarlarını birləşdirən və Avropa ictimai rəyində dəstəyə malik olan geniş
cəbhənin bir hissəsi oldu.
Franko rejiminin demontajı və İspaniya siyasi sisteminin demokratikləşməsi nəticəsində vəziyyət
kökündən dəyişdi. Çox tezliklə ETA döyüşçüləri İspaniya ictimai rəyində diktaturaya qarşı mübarizə
aparan qəhrəmanlardan terrorçu və qatillərə çevrildilər. Basklar Ölkəsinin özündə isə vəziyyət bu qədər
birmənalı deyildi. Amma elə burda da çoxları, o cümlədən tam müstəqillik səylərini dəstəkləyənlər də ETA
radikallarından üz döndərdilər. Məsələ burasındadır ki, İspaniyanın demokratikləşdirilməsi prosesində
güzəşt əldə olunmuşdu və bu, Basklar Ölkəsində münaqişənin sülh yolu ilə transformasiyası üçün şərait
yaratmışdı. İspaniyanın yeni dövlət quruluşu regionlarda mərkəzdənqaçan tendensiyalardan, həmçinin
bask, katalon millətçiliyi və Madridin mərkəzləşdirilmiş instinktləri arasında güzəştdən ibarət idi. Nəticədə
tərəflərdən heç biri maksimum arzu elədiyi nəticəni əldə edə bilmədi (tam müstəqillik və ya unitar dövlət),
prinsipcə bütün tərəflər üçün nisbətən məqbul şərait yarandı. Üstəlik bu, İspaniya dövlətinin demokratik
yenidənqurması prosesində baş verdi ki, ispanların çoxu üçün vəziyyət mərkəzin separatçılara güzəştə
getməsi kimi görünmürdü. Hərçənd əlbəttə ki, bəziləri, o cümlədən Franko tərəfdarları baş verənləri məhz
bu kontekstdə qavrayırdı.
Nəticədə Basklar Ölkəsində Şimali İrlandiya sülh prosesində yer almış vəziyyətə bənzər məsələ meydana
çıxdı: münaqişə həll olmadı, amma onun demokratik transformasiyası baş verdi. Əlbəttə, iki kontekst
arasında ciddi fərqlər də vardı. Məsələn, İRA/Şinn Feyndən fərqli olaraq ETA/Erri Batasunanın siyasi
transformasiyası daha çətin başa gəldi. Həmçinin hakimiyyətin təqibləri baxımından da situasiyalar fərqlidir.
Amma bu artıq ayrı mövzudur, kiçik bir məqalə çərçivəsində bu mövzunu açmaq çox çətindir.
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı
Diplomatiya Mexanizmləri
13
meynstrim və radikallar
Basklar Ölkəsinin təcrübəsindən göründüyü kimi, dinc demokratik siyasi proseslə münaqişə tərəflərinin
radikallaşması arasında qarşılıqlı əlaqə mövcuddur. Avtoritar rejimin tətbiq etdiyi məhdudiyyətlər üzündən
demokratik siyasi mübarizə üsulları mümkünsüz olanda, bu, cəmiyyətin radikallaşmasına və radikal siyasi
qüvvələrin populyarlaşmasına gətirib çıxarır. İspaniyada, əksinə, demokratik siyasi sistemə keçilməsi
səbəbilə Basklar Ölkəsində radikal qüvvələr nüfuzdan düşdü.
Tədqiqatçılar qeyd edirlər ki, ETA-nın törətdiyi terror aktlarının ən qızğın vaxtının 1970-ci illərin sonlarında
Franko rejiminin “yenidənqurma” dönəmilə üst-üstə düşməsi təsadüfi deyil. Bəzi tədqiqatçılar bunu onunla
izah edirdilər ki, ETA-dan olan radikallar demokratik islahatların baş tutacağı və Basklar Ölkəsinin İspaniya
daxilində muxtariyyət əldə edəcəyi təqdirdə onların tam müstəqillik naminə zorakı metodlarının və radikal
proqramlarının əhali arasında dəstəyi itirəcəyindən qorxurdular. Hadisələrin sonrakı inkişafı göstərdi ki,
radikalların qorxuları əsassız deyilmiş. Güzəştlərə getməkdən imtina edən və fərqli siyasi düşüncəni boğan
militarist avtoritar rejimin ETA inqilabçıları üçün kral Xuan Karlosun islahatları nəticəsində Madriddə
formalaşan demokratik mərkəzi hakimiyyətə nisbətən daha rahat rəqib olduğu anlaşıldı.
Əlbəttə, hətta yeni siyasi sistemdə də İspaniya hökumətinin bask separatçıları ilə mübarizə apardığı metodlar,
yumşaq desək, heç də həmişə demokratik ritorikaya uyğun gəlmirdi. İspaniya güc strukturlarının insan
haqlarını pozduqlarına dair yetərincə faktlar mövcuddur. Təəssüf ki, bu, “terrorizmlə mübarizə” kimi nəcib
məqsədlər naminə işgəncələr və qanunsuz həbslər də daxil olmaqla, bir sıra çirkin metodlardan istifadə
olunduğu yeganə misal deyil. Həmçinin demokratik siyasi proseslərin məhdudlaşdırılması – məsələn,
terrorçularla əlaqədə şübhəli bilinən siyasətçilərin seçkilərdən kənarlaşdırılması kimi faktları da baş verirdi.
Amma ümumilikdə Basklar Ölkəsinin öz milli müqəddəratını təyin etməsi uğrunda mübarizə aparanların
məqsədlərinə doğru qanuni və dinc yolla addımlaması üçün şərait yaranmışdı.
Yaranmış vəziyyətdə münaqişə daha çox baskların daxili problemi xarakteri almağa başladı. Qeyd etmək
lazımdır ki, bu, oxşar münaqişələr üçün səciyyəvi situasiyadır: separatçılar və mərkəz arasındakı münaqişə
çox zaman öz müqəddəratını təyin etməsi uğrunda mübarizə aparılan icmanın daxilində parçalanma
tərəfdarları və əleyhdarları arasındakı münaqişə ilə müşayiət olunur. Əksərən münaqişə dinamikası, xüsusən
də mərkəzi hakimiyyətin repressiv əməlləri gətirib ona çıxarır ki, icmanın böyük hissəsi daha radikal
proqramla çıxış edən qüvvələrin ətrafında birləşir. Bask situasiyasının özəlliyi ondadır ki, burada tam
əksi özünü büruzə verir: mötədil qüvvələrin nüfuzunun artması və radikalların marginallaşması. İspaniya
demokratikləşdikcə, iqtisadi inkişaf etmiş, Avropa strukturlarına inteqrasiya olunmuş ölkəyə çevrildikcə, öz
müqəddəratını təyinetmə uğrunda zorakı mübarizəni inkar edənlərin mövqeləri möhkəmlənirdi.
Demokratikləşmə Basklar Ölkəsində yetərincə müxtəlif siyasi cərəyanlardan ibarət mənzərənin yaranmasına
təkan verdi. Burada əhalinin böyük hissəsi (həmçinin etnik baskların çoxu) vahid İspaniya tərəfdarlarıdır.
Digərlərinin marağını yüksək muxtariyyət təmin edir. Üçüncülər Basklar Ölkəsinin tam müstəqilliyini
müdafiə edir, amma zorakı mübarizə yollarını inkar edirlər. Nəhayət, nəzəriyyədə “İspaniya imperializminə”
qarşı “mübarizə” hesab etdikləri ideologiyanı dəstəkləyənlər də az deyil, amma onlar arasında da bu “azadlıq
mübarizəsinə” əməli olaraq qoşulmağa hazır olanlar çox deyil.
Bu kontekstdə vətəndaş cəmiyyətinin təcrübəsi bizim üçün xüsusilə maraqlıdır. Vətəndaş cəmiyyətinin
zorakılığa qarşı çıxan müxtəlif aktorları zorakılıq tərəfdarlarının marginallaşmasına və nəticədə öz
metodlarından əl çəkmələrinə təkan verdilər. Bunlar Basklar Ölkəsi daxilində münaqişələrin dinc yolla
həllinin tərəfdarları olan “Elkarri” və ya “Xesto por la pas” təşkilatları, həmçinin münaqişə qurbanlarının
yaxınlarının yaratmış olduqları müxtəlif birliklərdir. Ziyalılar, jurnalistlər və incəsənət xadimləri də az rol
oynamayıblar. Basklar Ölkəsinin tam müstəqilliyini özünə məqsəd bilən, bununla belə, zorakı mübarizə
yollarını inkar edənlərin rolunu xüsusi qeyd eləmək lazımdır. Onların bu mövqeyi vətənpərvərliyi radikalların
və zorakılıq tərəfdarlarının, necə deyərlər, “inhisarından” qurtardı.
Bu qrupların təcrübəsi bizim region üçün də çox önəmlidir. Buradakı kontekst tam fərqli olsa da, təəssüflə
qeyd etmək lazımdır ki, bizim ölkələr üçün məhz radikallığın bu, və ya digər siyasi qrupa özünü “əsl
vətənpərvər” kimi təqdim edərək, qalan hər kəsi ən yaxşı halda hədsiz yumşaqlıqda və qətiyyətsizlikdə,