IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
835
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ ENANTİOSEMİYA HADİSƏSİ
Aysel ABULOVA
Sumqayıt Dövlət Universiteti
sdu.qrup.974@hotmail.com
AZƏRBAYCAN
Söz dilin ən işlək və ən məhsuldar vahididir. Dili sözsüz təsəvvür etmək çətindir. Əlbəttə, bəzi
hallarda fikrimizi qeyri – verbal üsulla da çatdıra bilərik, ancaq bununla belə, inkar etmək olmaz ki,
söz dilin leksik sistemində əsas nitq vahididir. Fonetik və qrafik cəhətdən sadə görünən söz əslində,
çox mürəkkəb və özünəməxsus təbiətə malikdir. Belə ki, uzun illərdir müxtəlif dilçilər sözün əsl
mahiyyətini, onun əlamət və xüsusiyyətini, məfhuma münasibətini öyrənməyə çalışır və hələ də yekdil
rəyə gələ bilmirlər.
A. Qurbanov sözün əsas iki vəzifəsinin olduğu qənaətindədir. Belə ki, onun fikrincə, söz –
gerçəklikdə baş verən müxtəlif hadisələrin adını bildirməklə yanaşı məfhumları da ümumiləşmiş
şəkildə ifadə edir. Bəli, əslində bir sözün bütöv bir mənanı, anlayışı ifadə etməsinin özü də sözün
qüdrətinə dair bir işarədir. Məna dedikdə, adı çəkilən məfhumun xarici və daxili forması, əlamət və
keyfiyyətləri, funksiyaları və s. daxildir.
Dildə bir mənanı bir neçə söz ifadə edə bilər. Eyni zamanda, bir sözdə də bir neçə məna
əlamətinin olması mümkündür. Ümumiyyətlə, söz və məna arasındakı münasibət bir çox dilçilərin
maraq dairəsində olmuş və hər bir alim bu hadisəyə müxtəlif prizmalardan baxmağa çalışmışdır.
Nəticə olaraq, dilçilikdə sözlərin məna qrupları adlanan ümimi bir anlayış yaranmışdır ki, bu anlayış
sözlərin antonimliyini, omonimliyini, sinonimliyini, çoxmənalılığını özündə birləşdirir.
Yuxarıda adlarını qeyd etdiyim dil hadisələri, geniş şəkildə tədqiq olunmuş və ümumi bir rəyə
gəlinmişdir. Bizim diqqətimizi isə dildə mövcud olan, lakin, Azərbaycan dilində geniş tədqiq
olunmayan enantiosemiya hadisəsi cəlb etmişdir. Enantiosemiya hadisəsi dilin lüğət tərkibində gedən
prosesdir. Bu hadisə eyni qrafik formaya malik olub, müxtəlif məna əlaməti daşıyan sözləri öyrənir.
Bu xüsusiyyətinə görə onu omonim sözlərə yaxınlaşdıran və bu hadisəni omonimliklə eyni bəhsdə
verən dilçilər də vardır. Lakin, enantiosemiya hadisəsi, eyni fonetik quruluşa malik olan sözlərin
tamamilə əks və bir – birinə zidd olan mənalarının olması ilə omonimlərdən kəskin fərqlənir. Bu məna
fərqləri onları antonimliyə də yaxınlaşdırır. Hətta bəzi dilçilərin fikirlərinə istinadən, demək olar ki,
enantiosemiya hadisəsi omonimliyin içində antonimlik daşıyan bir dil hadisəsidir. Rus dilçilərinin
fikirlərinə görə, enantiosemiya – antonomiya ilə polisemiyanın birləşərək qarışmasını özündə əks
etdirir, iki məzmun planı və onlar arasında münasibətin antonomik xarakterinin mövcudluğu ilə
xarakterizə olunur.
Azərbaycan dilinin lüğət tərkibində xeyli omonim, antonim və sinonimlərin mövcudluğuna
baxmayaraq enantiosemik sözlər böyük hissə təşkil etmir. Alınma olaraq dilə daxil olan bir çox sözlər,
müəyyən leksik-semantik dəyişməyə məruz qalmışdır. Belə ki, etimon dildə müəyyən anlayışı bildirən
söz, bizim dilimizdə tamamilə əks mənanı bildirir. Məs: Tüllab sözü ərəbcə tələbə mənasındadır.
Bildiyimiz kimi, tələbə gələcəyin ziyalı təbəqəsi və cəmiyyətin nurudur. Lakin bu gün bu söz bizim
dildə vulqarizmdir və Azərbaycan dilinin izahlı lüğətində yüngül, dəmdəməki, bambılı adam
mənasında verilmişdir. Yaxud, farsca əhval – ruhiyyənin yaxşı olması anlamında olan və mənbə dildə
heç bir neqativ məna kəsb etməyən sərxoş sözü, müasir dilimizdə piyan, alkaş, özünü idarə edə
bilməyən mənası daşıyır. Ərəb dilində hiyləgər,kələkbaz mənalarında işlədilən dahi sözü, Azərbaycan
dilində ağıllı,uzaqgörən, bacarıqlı şəxs mənasındadır və əlbəttə ki, ağıllı, uzaqgörən və rəğbət hissilə
xatırlanan şəxsin kələkbazlıq etməsi ağlabatan hesab olunmur.
Lakin enantiosemiya hadisəsi eyni dildə bir sözün bir-birinə əks iki mənada işlənməsidir.
Məsələn: toy sözü-xeyir iş,deyib-gülmək, şənlənmək anlamlarını ifadə etdiyi halda ,toy tutmaq-
dalaşmaq,ağlatmaq,döymək mənalarındadır. Əlavə olaraq bu gün aktiv və ümumişlək söz olan yanmaq
sözünü göstərə bilərik ki, bu söz əslində həm işığın yanması, həm də sönməsi anlamındadır. Belə ki,
diqqət etsək görərik ki, biz elektrik işığını yandırarkən və elektrik lampasının xarab olduğunu
bildirərkən eyni sözdən istifadə edirik. Bu hadisə frazeolji birləşmələrdə də daha aydın nəzərə çarpır.
Can vermək sözünün təhlilinə nəzər yetirəndə məlum olur ki, bu sözü biz bir – birinə zidd olan iki
mənada; ölüm ayağında olan şəxsi ifadə edərkən, canını tapşırmaq, ölmək mənasında və hər hansı bir
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
836
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
hadisənin, şəxsin bizə müsbət təsirini izah edərkən işlədirik. Sözün daxili mənasını açmaq üçün
nümunələrə diqqət yetirək: Babam artıq can verir… Ana öz övladına canından can verən müqəddəs
varlıqdır.
Bəzən dilçilər bu hadisəni dilin kasıblıği ilə əlaqələndirirlər.Alman dilçisi Karl Abel
enanteosemiya hadisəsini misir dilinin nümunəsində göstərərək misir dilində bu cür sözlərin yetırincə
olduğuna diqqət çəkir, məsələnin başqa tərəflərini izah edir.Belə ki,hər sahədə yetərincə inkişaf etmiş
misirlilər leksika sahəsində də kifayət qədər uğurlu nəaliyyətlər əldə edə bilərdilər.Dilçi hadisənin
fəlsəfi məqamlarını açaraq bunu dilin kasıblığı ilə deyil, fəlsəfi düşüncə ilə bağlayır.Yəni
enanteosemiya-dünyanın iki üzünü, işiğın və qaranlığın, insanın dünyaya gəlməsi və ölməsi yəni
həyatda olan bir-birinə zidd hadisələrin sözlərdə təzahür formasıdır.
Göründüyü kimi, enantiosemiya maraqlı, eyni zamanda tədqiqata ən az cəlb olunan dilçilik
hadisəsidir. Dilimizin lüğət tərkibini araşdırarkən belə sözlərə rast gəlmək mümkündür. Kiçik tədqiqat
işində sözlərin və təhlillərin sayını artırmaq mümkün olmadığından yuxarıda qeyd olunan sözlərlə
kifayətlənməli oluruq. Lakin aktuallığını nəzərə alaraq gələcəkdə bu hadisəni geniş tədqiq etmək
arzusundayıq.
AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN VƏ SİYASİ
NATİQLİYİN GÖRKƏMLİ SİMASI - HEYDƏR ƏLIYEV
Fatma İSAYEVA
Sumqayıt Dövlət Universiteti
sdu.qrup.974@hotmail.com
AZƏRBAYCAN
Natiqlik sənətinin tarixi çox qədimdir. Onun yaranması antik dövrün mütəfəkkiri Siseron-dan
başlayır. Natiqlik unikal bir sənət, ilahi vergi, ikinci “mən” deməkdir. Böyük siyasətçi və dip-lomat,
dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Azərbaycanda siyasi natiqliyin eləcə də natiqlik
sənətinin formalaşıb inkişaf etməsində Heydər Əliyevin rolu əvəzsizdir. Natiqlik müstə-qil
Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biridir. Bu onun dövlətçi-lik
təfəkkürünə yol açan vasitə idi.
Heydər Əliyevin keçdiyi böyük ictimai-siyasi təcrübə məktəbi onun bir natiq kimi bu sə-nətin ən
uca zirvəsinə qalxmasına imkan vermişdir.
Heydər Əliyev həmişə deyirdi: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən baş-
lıca amillərdəndir.” Heydər Əliyev onu da qeyd edirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adam-
lardır. Öz ana dilini bilən, sevən Heydər Əliyev natiqlik sənətini də bilən və sevən lider kimi tanınırdı.
Natiqlik sənəti dil faktlarından düzgün istifadə bacarığıdır. Heydər Əliyev dil faktlarını bilir, onları
düzgün qiymətləndirir və yerində onlardan istifadə edir. Heydər Əliyev siyasi natiq olaraq səs tonuna və
intonasiyaya xüsusi məna verməyi bacarırdı. Bu natiqlikdə əsas şərtlərdən biridir.
Heydər Əliyev həmişə və hər yerdə Azərbaycan dövlətini üstün tutmuşdur. Bu siyasi natiqlikdə
olduqca önəmlidir. Heydər Əliyev siyasi nitqlərində dövlət işlərindən, dövlət əhəmiyyətli məsələlərin
həllindən danışırdı. Onun nitqində dərin məzmun və yüksək ideyalılıq duyulur. Heydər Əliyevin
xalqla bağlılığı onun nitqində də təzahür edib. Mən buna görə də onun nitqini böyük bir hərakatın
proqramına bənzədirəm.
Nizami Xudiyevin qeyd etdiyinə görə: “Hansı mövzuda məruzə və ya çıxış edirsə, yaxud söhbət-
fikir mübadiləsi aparırsa, fərqi yoxdur, Heydər Əliyevin həmişə mövzuya dərindən, yüksək
professional səviyyədə bələd olduğu üzə çıxır. Konstitusiya komissiyasının iclasından tutmuş
yazıçılar, sənət adamları ilə görüşlərə qədər ən müxtəlif yığıncaqlarda Azərbaycan rəhbəri özünü
həmişə olduqca sərbəst, olduqca hazırlıqlı və olduqca peşəkarcasına aparır. H.Əliyev hər hansı
mövzuda məruzə, çıxış, yaxud söhbətə daim hazır olur.”
Xalq şairimiz Bəxtiyar Vahabzadə haqlı olaraq yazır ki, fikrə görə söz tapılır, sözə görə fikir yox!
Mənim zənnimcə, ulu öndərimizin dəyərli fikirləri qiymətli sözlərlə bəzədilmiş zəngin sarayı
xatırladır.