Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   30   31   32   33   34   35   36   37   ...   115

Qurşağına doladığı parçanı nəzərə almasaq o, indi çılpaq idi. Saylas sutananın
kənarını dəmir çubuğun ucuna doladı. Sonra onunla boz plitənin düz ortasına
zərblə vurdu. Boğuq taqqıltı eşidildi. Daşa heç nə olmamışdı. O, dəmirlə yenə
vurdu. Yenə boğuq taqqıltı, amma bu dəfə nəsə çartıldadı. Üçüncü zərbədən sonra
nəhayət mərmər plitəni sındırmaq mümkün oldu, onun parçaları döşəməyə
səpələnmiş və daşın altındakı boşluğa düşmüşdü.
Gizli yer!
Saylas ehtiyatla çuxuru daş qırıntılarından təmizləyib baxdı. Sonra dizi üstə
çökdü, gicgahındakı damarlar qanla dolmuşdu. Və xəlvəti yerə ağ əlini soxdu.
Əvvəlcə heç nə tapa bilmədi. Hər yerdə şumal, soyuq daşlar. Sonra əlini daha
uzağa, Qızıl Gül xəttinin altına tərəf apardı və nəyəsə toxundu! Qalın dördkünc
əşya. Saylas onu barmaqlarının ucu ilə tutub ehtiyatla dartdı. Ayağa qalxıb, tapdığı
əşyanı ovcunda tutaraq diqqətlə ona baxdı. Kələ-kötür daş parçası, üstündə
hansısa sözlər cızılıb. Saylas ani olaraq özünü yeni Musa kimi hiss etdi.
Amma daşın üzərindəki sözləri oxuyub təəccübləndi. O hesab edirdi ki, guşəli
daşın üstündə ya xəritə cızılacaq ya da istiqamət göstəricilərinin kodlaşdırılmış
kombinasiyası olacaq. Lakin daşın üstündəki yazı sadə və lakonik idi.
YƏQUB 38:11
İncildən sitat? Saylas öz tapıntısının primitivliyindən sarsıldı. Axtarışına bu
qədər qüvvə sərf olunmuş gizli yerdə yalnız İncildən sitat varmış? Bəli, möminləri
lağa qoymaq üçün cəmiyyət heç nəyin qarşısında geri çəkilməyəcək.
YƏQUB. Otuz səkkizinci surə. On birinci ayə.
Saylas bu surənin on birinci ayəsini əzbər bilmirdi, amma əmin idi ki, Yəqubun
kitabında Allaha olan inamı ağır sınaqlara tuş gələn insan haqqında danışılır.
Neynək, lap bizim əhvalata oxşayır, o düşündü və ürəyində yeni bir ümid doğdu.
O, yenidən Qızıl Gül xəttinə baxıb gülümsündü. Sonra çevrilib geriyə baxdı. Baş
mehrabda, qızılı altlığın üzərində dəri ilə üzlənmiş İncil vardı.
Xorun yanında, yuxarıda oturmuş Sandrin bacı tir-tir əsirdi. Cəmisi bir neçə
dəqiqə bundan əvvəl o, qaçıb öz borcunu yerinə yetirməyə hazır idi, amma bu an
gəlmə adam gözlənilmədən sutanasını əynindən çıxardı. Sandrin bacı onun ağ
dərisini gördü və dəhşətə gəldi. Onun ağappaq enli kürəyi qanlı çapıqlarla dolu idi.
Hətta yaraların təzə olduğu kənardan da bilinirdi.
Bu adamı qəddarcasına qamçılayıblar!
Sandrin bacı, onun budlarında ucluqlu sarğının qoyduğu qanlı izləri də gördü.
Bu necə Allahdır ki, insan bədəninin bu cür əzablara məruz qalması ona xoş gəlir?
Yox, Sandrin bacı «Opus Dei» üzvlərinin yerinə yetirdiyi ritualları anlamaqdan
imtina edirdi. Amma indi bu, onu az narahat edirdi. «Opus Dei» guşəli daşı axtarır!
Onlar bunu necə biliblər, Sandrin bacının bu barədə heç bir təsəvvürü yox idi və
anlayırdı ki, indi bu haqda fikirləşməyin yeri deyil.
Qana bələşmiş rahib sakitcə sutanasını geyindi, onun qırışlarını düzəltdi və
tapdığı daşı əlində sıxaraq mehraba tərəf addımladı.


Sandrin bacı nəfəs almamağa çalışaraq xordan çıxdı və pilləkənlə aşağı düşdü.
Öz otağına qaçıb taxta çarpayıya yaxınlaşdı və dizi üstə durub üç il bundan əvvəl
gizlətdiyi bağlı konverti çıxartdı.
Tələsə-tələsə onu açdı və Parisə aid olan dörd telefon nömrəsini gördü.
O, titrək əlləri ilə diski fırladı.
Saylas daşı mehraba qoyub, altlıqdan dəri cildli ağır İncili götürdü. O,
səbirsizliklə səhifələri vərəqləməyə başladı, uzun barmaqlarının həyəcandan
titrədiyini gördü. Və nəhayət Əhdi-Cədiddəki Yəqub Kitabını tapdı. Deməli, otuz
səkkizinci surə. Budur o. Saylas şəhadət barmağını mətnin üzərində gəzdirdi və
oxuyacağı sözlərdən fərəhlənəcəyini hiss etdi.
Bu sözlər bizə yol göstərəcək!
Saylas on birinci ayəni tapıb mətni oxudu. Cəmisi bir neçə söz. Sifəti tutuldu,
çaşqın halda bu sözləri bir də oxudu və dəhşətli bir şeyin baş verdiyini anladı.
Ayədə deyilirdi:
… BURAYA QƏDƏR GEDƏCƏKSƏN VƏ O TƏRƏFƏ KEÇƏ BİLMƏYƏCƏKSƏN VƏ
BURA SƏNİN TƏKƏBBÜRLÜ HİSSLƏRİNİN SƏRHƏDDİDİR.
XXX FƏSİL
Mühafizə rəisi Klod Qruar «Mona Liza»nın qarşısında döşəməyə uzanmış
məhbusun başı üstündə dayanıb qəzəbdən boğulurdu. Bu əclaf Cak Sonyeri
öldürməyə cürət edib! Klod və onun adamları üçün Sonyer doğma ata kimi idi.
Bu dəqiqə Qruarın ən çox istədiyi şey tətiyi çəkib Robert Lenqdonu güllələmək
idi. Ona, muzey mühafizəsinin rəisi kimi, odlu silah gəzdirməyə icazə verilirdi.
Amma o, dərhal xatırladı ki, Faş fransız məhkəməsinin penitensiar sistemi
tərəfindən bu əclafa ediləcək təhqirlər və işgəncələrlə müqayisədə güllədən gələn
ani ölüm yüngül cəzadır.
Klod kəmərinə bağladığı radioötürücü qurğunu çıxarıb öz adamları ilə əlaqə
yaratmağa çalışdı. Lakin dəstəkdə yalnız xışıltı eşidildi. Bu zalda əlavə olaraq
quraşdırılmış elektron mühafizə cihazı maneələr yaradırdı. Yaxşı, qapıya tərəf
gedərəm. Lenqdonun kürəyini nişan almağa davam edərək Qruar çıxışa tərəf geri
çəkilməyə başladı. İki addım atmışdı ki, yerində qurudu. Lənət şeytana, bu nədir?
Otağın mərkəzində nəsə tərpəndi. Siluet. Demək, zalda daha kimsə var? Bəli
bu, qadın idi, sol tərəfdən ona sürətlə yaxınlaşırdı. Qadının önünə nazik qırmızımtıl
işıq şüası düşmüşdü. Qadın nəsə axtarırmış kimi işıq şüasını döşəmədə gəzdirirdi.


- Qui est la? (Siz kimsiniz? – frans.) – Qruar qadına dedi. Onun ürəyi bərk
döyünürdü. O, indi kimi nişan almağı, hara qaçmağı kəsdirə bilmirdi.
- PET, - deyə qadın fənərin köməyilə döşəməyə baxaraq sakitcə cavab verdi.
Polisin elmi-texniki şöbəsi. Mühafizə rəisi tamamilə tər içində idi. Mən
düşünürdüm ki, bütün agentlər gediblər! İndi o, ultrabənövşəyi şüası olan fənəri
tanıdı, xatırladı ki, məhkəmə polisinin agentləri də eynilə bu cür fənərdən istifadə
edirlər. Bununla belə, texniki xidmətin burda nə axtardığını anlaya bilmirdi.
- Votre nom! - mühafizə rəisi burda nəsə baş verdiyini instinktiv olaraq duyub
bağırdı. – Repondiz! (Sizin adınız nədir? Cavab verin! – frans.)
- C’est moi (Bu mənəm – frans.), - qadın səsi fransız dilində sakitcə cavab
verdi. – Sofi Neve.
Bu ad Klod Qruara tanış idi. Hə, əlbəttə Sofi Neve! Cak Sonyerin nəvəsinin adı
belə idi, deyəsən? O, bura hələ uşaq vaxtı, balaca qız olarkən gəlmişdi, o vaxtdan
çox illər keçib. Yox, bu ola bilməz! Əgər bu qadın Sofi Nevedirsə, ona etibar
etməyə heç bir əsas yoxdur. Qruar Sonyerin nəvəsi ilə arası olmadığını və
tamamilə ondan ayrıldığını eşitmişdi.
- Siz məni tanıyırsınız! – qadın qışqırdı. – Robert Lenqdon mənim babamı
öldürməyib! Mənə inana bilərsiniz!
Lakin mühafizə rəisi ona inanmağa meylli deyildi. Kömək çağırmaq lazımdır!
Radioötürücü vasitəsilə yenə öz adamları ilə əlaqə yaratmağa çalışdı və yenə də
cavab əvəzinə xışıltı eşitdi. Giriş iyirmi yard ondan aralıda, arxa tərəfdə idi. Qruar
döşəməyə uzanmış kişini nişan alaraq yavaş-yavaş, addım-addım geri çəkilməyə
başladı. Bir addım da atdı və birdən gördü ki, qadın ultrabənövşəyi fənəri
yandıraraq «Mona Liza» ilə üzbəüz asılmış əsərə baxmağa başladı.
Bu əsərin nə olduğunu anladıqdan sonra Qruar sakitcə ah çəkdi.
Lənət şeytana, o, nə edir?
Sofi Neve alnını soyuq tər damcıları basdığını hiss etdi. Lenqdon əllərini və
ayaqlarını geniş açaraq hələ də döşəməyə uzanmışdı. Döz, Robert. Mən məqsədə
yaxınam. Mühafizəçinin onlara atəş açmayacağını anlayaraq Sofi diqqətini əsas işə
yönəltdi: şedevrin – Leonardo da Vinçinin daha bir əsərinin ətrafına diqqətlə
baxmağa başladı. Lakin nə döşəmədə, nə divarlarda, nə də əsərin özündə hətta
xüsusi ultrabənövşəyi işığın köməyi ilə nəsə tapmaq mümkün olmadı.
Əminəm ki, burda nəsə olmalıdır!
Sofi babasının məqsədini düz anladığına əmin idi.
Babasının daha hansı çıxış yolu var idi?
Onun baxdığı şedevr beş fut hündürlüyündə böyük tablo idi. Da Vinçi burda
qəribə, tühaf bir səhnə təsvir etmişdi. Yöndəmsiz pozada oturmuş Müqəddəs
Məryəm, körpə İsa, xaç vuran İohann və mələk Urlel – bunlar hamısı iti qayalar
üzərində təsvir olunmuşdu. Sofi, balaca uşaq olarkən, hər dəfə «Mona Liza»ya
baxdıqdan sonra, babası onu əks tərəfdə asılmış bu əsərə tərəf aparırdı.
Mən burdayam, baba! Amma hələlik heç nə görmürəm!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə