Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   38   39   40   41   42   43   44   45   ...   115

- Deməli, siz deyirsiniz ki, tampliyerlər ordeni gizli sənədləri əldə etmək üçün
cəmiyyət tərəfindən xüsusi olaraq yaradılıb? Mənsə həmişə düşünürdüm ki,
onların işi müqəddəs torpağı qorumaq olub.
- Hə, bu çox geniş yayılmış yanlış fikirdir. Zəvvarları müdafiə ideyası
cəngavərlərin əsas missiyasını pərdələmək üçün idi. Onların müqəddəs torpağa
gəlişinin əsil məqsədi məbədin dağıntıları altından sənədləri çıxarmaq olub.
- Bəs, onlar sənədləri tapa biliblər?
Lenqdon gülümsündü.
- Bunu heç kim dəqiq bilmir. Amma alimlər bir şeydə həmfikirdirlər:
cəngavərlər dağıntıların altından həqiqətən nəsə tapıblar. Bu elə bir şey olub ki,
onları son dərəcə varlı və qüdrətli edib.
Lenqdon tampliyerlər ordeni haqqında elm aləmində qəbul olunmuş tarixçəni
qısaca Sofiyə danışdı. İkinci səlib yürüşü zamanı cəngavərlərin müqəddəs torpağa
gəlişindən, onların xristian zəvvarları yollarda qorumaq üçün hökmdar II
Bolduindən icazə istəmələrindən söhbət açdı. Cəngavərlər and içdilər ki, onlara
heç kim haqq ödəmir, onlar tamam yoxsuldurlar və xahiş etdilər ki, məbədin
xarabalıqlarındakı tövlədə yerləşmək üçün hökmdar onlara icazə versin. Hökmdar
izn verdi və cəngavərlər müqəddəs torpağın düz ürəyində məskunlaşdılar.
Sonra Lenqdon izah etdi ki, belə qəribə sığınacaq təsadüfi seçilməmişdi.
Cəngavərlər qəti əmin idilər ki, cəmiyyətin əvvəl axtardığı gizli sənədlər
xarabalıqların altında, dünyanın ən müqəddəs yerindədir. Başqa sözlə, iudaizmin
düz ürəyinin başında. Cəngavərlər təxminən on il bu xarabalıqlarda yaşayıblar.
Sofi çevrilib dedi:
- Onlar axtardıqlarını tapdılar?
- Bəli, - Lenqdon cavab verdi. – Doqquz ildən sonra. Xəzinəni götürüb
Avropaya aparıblar. Bundan sonra onların nüfuzu son dərəcə yüksəlib.
Heç kim bilmirdi ki, tampliyerlər Vatikanı şantac edirmişlər yoxsa Kilsə sadəcə
olaraq onların susmasını istəyirmiş. Amma fakt odur ki, papa II İnnokentiy dərhal
tampliyerlər ordeninə sonsuz hakimiyyət verən və onları «özündə qanun» elan
edən misilsiz papa bullasını imzalayır. (Bulla – Roma papasının fərmanı – S.B.) Və
orden fəaliyyətinə heç kimin, hətta kral və prelatın belə qarışa bilməyəcəyi muxtar
ordenə çevrilir.
Vatikandan kart-blanş almış tampliyerlər ordeni siyasi təsir dairəsini sürətlə
genişləndirir, sıralarını çoxaldır, onlarla ölkədə böyük torpaq sahələri əldə edir.
Cəngavərlər müflis olmuş kral ailələrinə külli miqdarda kreditlər verərək onlardan
öz maraqlarını müdafiə etmək üçün istifadə edir və beləliklə, müasir bank işinin
əsasını qoyurlar. Onlar yorulmadan öz sərvətlərini və nüfuzlarını artırırlar.
1300-cü ilə qədər Vatikanın köməyi ilə ordenin əlində o qədər hakimiyyət
cəmləşir ki, taxta çıxmış papa V Kliment buna son qoymağı qərara alır. Papa Fransa
kralı IV Filippin iştirakı ilə tampliyerlər ordeninin rəhbərliyini məhv etmək, onların
sərvətini, həmçinin onlara hakimiyyət vermiş gizli sənədləri ələ keçirmək üçün


hiyləgərcəsinə əməliyyat hazırlayır. MKİ kimi ustalıqla manevrlər edən papa
Kliment bütün Avropaya gizli hərbi əmrlər göndərir. Belə ki, bu əmrlərin eyni
gündə və eyni saatda, 13 oktyabr 1307-ci ildə cümə günü açılıb oxunması üçün
tapşırıq verir.
13 oktyabrda, sübh çağı sənədlər açılır və onların heyrətedici məzmunu ilə
hamı tanış olur. Papanın məktubunda deyilir ki, guya o, yuxuda Allahın səsini
eşidib. Allah-təala onu xəbərdar edib ki, tampliyerlər ordeni kafirlər yığnağından
başqa bir şey deyil. Guya onlar şeytana xidmət edirlər, onların homoseksualizmlə
məşğul olmaları, xaçı təhqir etmələri, küfr danışmaları və başqa günahları aşkar
olunub. Və Haqq-Təala papa Klimentdən özü xahiş edib ki, yer üzünü kafirlərdən
təmizləsin, onların hamısını toplayıb Tanrı qarşısında günahlarını etiraf edincəyə
qədər onlara işgəncələr verilsin. Papanın makiavellisayaq əməliyyatı maneəsiz
olaraq həyata keçir. Həmin gün, oktyabrın 13-ü, cümə günü cəngavərlərin
əksəriyyəti tutulub əsir edilir. Onlara qəddarcasına işgəncələr verilir, sonra isə
kafirlər kimi tonqallarda yandırılırlar. Bu faciənin əks-sədası bizim günlərə qədər
gəlib çatıb: indiyə qədər ayın on üçünə düşmüş cümə gününü uğursuz gün hesab
edirlər.
- Demək, belə çıxır ki, tampliyerlərin hamısını öldürüblər? – Sofi təəccüblə
soruşdu. – Amma, məncə tampliyerlər cəmiyyəti indiyə kimi mövcuddur.
- Mövcuddur, lakin müxtəlif adlarla. Papanın ciddi-cəhdinə və yalan
ittihamlarına baxmayaraq, bəzi cəngavərlər ölümdən qurtula biliblər. Papa
Klimentin əsas məqsədi tampliyerlərdə olan sənədləri ələ keçirmək idi. Amma bu
sənədlər yoxa çıxmışdı. Onlar çoxdan tampliyerlər ordeninin hamisinə, Sion
Prioratına verilmişdi. Bu cəmiyyət isə Vatikanın əli yetməyəcəyi qədər gizli idi.
Vatikan bir az sakitləşən kimi, gecə vaxtı Priorat sənədləri tampliyerlərin La-
Roşeldəki gəmilərinə yükləyib Parisdən çıxarır.
- Bəs sənədləri sonra hara aparırlar?
Lenqdon çiyinlərini çəkdi:
- Bunu yalnız cəmiyyətin üzvləri bilir. Gizli sənədlər daim spekulyasiya
predmeti olub. Onlar bu gün də axtarışdadır. Görünür, onları bir neçə dəfə
gizlədiblər. Əgər bu yaxınlarda yayılan şaiyələrə inansaq, onların son dayanacağı
Birləşmiş Krallıqdır.
Sofi tamamilə məyus olmuşdu.
- Min illər boyunca, - Lenqdon sözünə davam etdi, - gizli sənədlər barədə
əfsanə dillərdən dillərə keçib. Bu sənədlərin özünü, onların insanlar üzərindəki
hakimiyyətini və onları əhatə edən bütün sirri bir sözlə adlandırıblar: SANQRİL. Bu
haqda tarixçilər və digər alimlər yüzlərlə kitab yazıb.
Sanqril? Bu söz nəyi bildirir? Fransız sözü olan sang-la, ya da ispancadakı
«sangre» («qan») ilə hər hansı əlaqəsi varmı?
Lenqdon başını tərpətdi. Bu müəmmalı sənədlərdən ötrü çoxlu qanlar
tökülüb, amma bu sözün bura aidiyyatı yoxdur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə