Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   33   34   35   36   37   38   39   40   ...   115

Sofi buna on il əvvəl əmin olmuşdu. O vaxt taleyin ironiyasıymış kimi başqa bir
açar ona kömək etmişdi – tamamilə adi bir açar. Məhz bu açarın köməyilə o,
həqiqəti öyrənmişdi.
O vaxt, isti yaz günü Sofi Parisə uçmuşdu. Təyyarə Şarl de Qoll aeroportunda
yerə endi. O, taksi tutub evə getdi. Babam məni görəndə necə təəccüblənəcək və
sevinəcək! – o düşünürdü. Sofi yaz tətilində həmişəkindən fərqli olaraq
İngiltərədən bir neçə gün tez qayıtmışdı. Və babası ilə görüşü səbirsizliklə
gözləyirdi. Ona kollecdə öyrəndiyi kriptoqrafiya sahəsində əldə etdiyi uğurlarından
danışmaq istəyirdi.
Amma gözlədiyinin əksinə olaraq babası evdə deyildi. Sofi qəmgin oldu, amma
anlayırdı ki, babası onun belə tez qayıdacağını bilmirdi. Yəqin, indi Luvrdadır. Yox,
bu gün bazar günüdür, axı, - o düşündü. Babası isə istirahət günləri nadir hallarda
işləyir. İstirahət günləri o, adətən…
Sofi gülümsündü və qaraca tərəf qaçdı. Hə, əlbəttə, maşın yerində deyil. Axı
bu gün uik-enddir. Şəhərdə maşın sürməyi xoşlamayan Cak Sonyer isə, maşından
yalnız bir məqsədlə – Parisin şimalında yerləşən Normandiyadakı bağ evinə
getmək üçün istifadə edirdi. Londonun şəhər həyatından yorulan Sofi təbiət üçün,
təmiz hava və yaşıllıq üçün darıxmışdı deyə, yubanmadan Normandiyaya getməyi
qərara aldı. Hava təzəcə qaralmışdı, gecə düşənə kimi ora çatar. Babası da onu
görüb təəccüblənər və sevinər! Sofi rəfiqəsindən maşın götürüb yola düşdü. Yol
təpələrin və sahələrin arasından keçirdi. Saat on birə işləmiş o, gəlib çatdı, yoldan
burulub babasının evinə aparan xiyabana çıxdı. Yolun yarısında ağacların arasından
böyük və qədim daş evi göründü. Ev təpənin ətəyindəki meşəlikdə yerləşirdi.
Sofi qorxurdu ki, gec olduğundan babası yata bilər. Amma pəncərələrdən
düşən işığı görüb çox sevindi. Evin qarşısındakı böyük meydançanın maşınlarla
dolu olduğunu gördükdə onun təəccübü daha da artdı. Burda «BMV» və «Audi»,
«Mersedes»lər, hətta «Rolls-roys»lar da vardı.
Sofi bir anlığa çaşıb qaldı, sonra şən-şən güldü. Bu da sənə baba, məşhur
zahid! Deməli, camaatın düşündüyü kimi, Cak Sonyer heç də tənha həyat
sürmürmüş. Yəqin ki, Sofinin evdə olmadığından istifadə edərək qonaqlıq düzəldib
və avtomobillərə əsasən demək olar ki, qonaqlar Parisin nüfuzlu adamlarıdır.
Səbirsizlikdən alışıb-yanan Sofi qapıya doğru tələsdi. Amma dəstəyi tərpədib
qapının bağlı olduğunu gördü. Sofi qapını döydü. Heç kim cavab vermədi. Çaşıb
qalaraq evin ətrafında fırlandı ki, arxa qapıdan içəri girsin. Amma burda da qapı
bağlı idi. Taqqıltıya heç kim cavab vermədi.
Sofi dayanıb qulaq asdı. Amma onun eşitdiyi yeganə səs, Normandiya
dərələrində əsən soyuq küləyin naləyəoxşar uğultusu idi.
Nə musiqi, nə səs, heç nə eşidilmir. Sofi yenə evin ətrafına dolanıb odun
qalağının üstünə çıxdı və qonaq otağının pəncərəsindən içəri baxdı. Gördüyündən
daha da təəccübləndi.
Qonaq otağında heç kim yox idi.


Ümumiyyətlə, birinci mərtəbədə heç kim gözə dəymirdi.
Bəs adamlar hardadır?
Həyəcandan ürəyi bərk döyünən Sofi odun yığılmış saraya qaçdı və babasının
həmişə tilişkələr yığılmış qutunun altında gizlətdiyi ehtiyat açarı götürdü. Sonra
yenə evə tərəf qaçıb giriş qapısını açdı. O, ayağını girəcəyə basan kimi, nəzarət
panelində qırmızı lampa yanıb sönməyə başladı. Bu, o demək idi ki, evə girmək
üçün kodu yığmağa cəmi on saniyə vaxt var. Əks halda siqnalizasiya işə düşəcək.
O, qonaqları qəbul edərkən siqnalizasiyanı qoşub?..
Sofi tələsə-tələsə kodu yığdı və qırmızı lampa söndü.
Evdə, elə bil, heç kim yox idi. Nə aşağıda, nə də yuxarıda bir nəfər də olsun
gözə dəymirdi. İkinci mərtəbədən qonaq otağına gəlib bütün bunların nə demək
olduğunu anlamaq üçün sükut içində bir neçə saniyə durdu.
Və birdən eşitdi.
Boğuq səslər. Bu səslər hardasa aşağıdan gəlirdi. Sofi tamamilə özünü
itirmişdi. Yerə uzanıb qulağını döşəməyə söykədi. Bəli, səslər aşağıdan gəlir. Və bu,
anlaşılmaz tilsim… ya da mahnı səsləridir? O qorxdu. Ona bir fakt daha çox qəribə
gəldi ki, evdə heç bir zirzəmi yox idi.
Hər halda, mən indiyə qədər bilmirdim ki, bu evin zirzəmisi var.
Sofi ətrafa baxdı. Yalnız indi gördü ki, qonaq otağında hər şey öz yerində deyil.
Babasının son dərəcə qiymətləndirdiyi qədim obyusson xalçası, adətən şərq
tərəfdəki divardan, buxarının yanından asılardı. Bu gün isə xalça kənara çəkilmiş və
miss dirəkdən bayraq kimi asılmışdı. Xalçanın yerində isə çılpaq taxta divarlar
görünürdü.
Divara tərəf ehtiyatla yaxınlaşan Sofi səslərin daha bərkdən eşidildiyini anladı.
Qulağını taxta divara söykədi. Bəli, indi səslər aydın eşidilirdi.
Deyəsən, adamlar hansısa duanı ya da tilsimi oxuyurdular. Amma Sofi ayrı-ayrı
sözləri yenə də anlaya bilmədi.
Deyəsən, divarın o üzündə otaq var?
Sofi barmaqlarını taxta panelin kənarında gəzdirdi. Nəhayət, kiçik batıq gördü.
Kilid o qədər incə düzəldilmişdi ki, adi gözlə görmək mümkün deyildi. Gizli qapı!
Həyəcandan ürəyi ağzına gəlmiş Sofi barmağını yenə kiçik yarığa qoydu və çıxıntını
itələdi. Ağır divar səssizcə kənara sürüşdü. İçəridən, qaranlıqdan səslər eşidilirdi.
Sofi içəri keçib kobud, boz daşlardan düzəldilmiş valşəkilli pilləkənin
meydançasında dayandı. Pilləkən aşağı aparırdı. Sofi uşaqlıqdan bu evlə tanış idi,
amma bu pilləkənin olmasından xəbəri yox idi.
Aşağı düşdükcə soyuq güclənirdi. Səslərsə daha aydın eşidilirdi. İndii o, həm
kişi, həm də qadın səslərini ayıra bilirdi. Nəhayət, bir neçə pilə qalmış o, aşağıda
döşəməni gördü. Tonqalın və ya buxarının çəhrayı işığı düşmüş daş döşəmə.
Sofi nəfəsini çəkərək son pillələri də düşüb yaxşı görmək üçün azca əyildi.


Ev təpənin yanında yerləşdiyindən zirzəmi, yəqin ki, qranitdən yonulmuşdu və
mağaraya oxşayırdı. İşıq mənbəyi divarlara bərkidilmiş məşəllər idi. Mağaranın
ortasında otuza yaxın adam dairəvi şəkildə durmuşdu.
Mən yuxu görürəm, Sofi öz-özünə dedi. Yuxu. Bunu ancaq yuxuda görmək
olar.
Adamların hamısı maska geymişdi. Qadınlar ağ rəngli nazik parçadan rahat
don geyinmişdilər. Ayaqlarında qızılı səndəllər vardı. Onların maskaları ağ rəngdə
idi, əllərində qızılı kürələr tutmuşdular. Kişilərin əynində uzun köynəklər vardı və
onlar qara maskada idilər. Elə təsəvvür yaranırdı ki, Sofinin qarşısında şahmat
lövhəsi var. Dairəvi şəkildə durmuş adamlar o yan-bu yana yırğalanır və dairənin
mərkəzində qoyulmuş əşyaya müraciətlə tilsim oxuyurdular. Amma bu əşyanın nə
olduğunu Sofi görmədi.
Mahnı səsləri bir az da ucaldı. Sürətləndi. Getdikcə ucaldı. Və birdən bu qəribə
mərasimin bütün iştirakçıları dairənin mərkəzinə tərəf addım atıb diz üstə
çökdülər. Bu vaxt Sofi nəhayət, onların sitayiş etdiyi şeyi gördü. O, dəhşətlə üzünü
çevirsə də, bu səhnə onun yaddaşında ömürlük həkk olundu. Təngnəfəs oldu, bir
təhər geriyə, divardan tutaraq pilləkənlə yuxarı qalxmağa başladı. Gizli qapını
bağlayıb evdən qaçdı. Ağlaya-ağlaya maşına oturub Parisə qayıtdı.
Həmin gecə o, babasının şəhərdəki mənzilinə gəlib bütün əşyalarını yığışdırdı
və həmişəlik doğma ocağı tərk etdi. Qonaq otağındakı stolun üstünə bu sözlər
yazılmış kağız parçası qoydu: MƏN ORDA OLMUŞAM. MƏNİ TAPMAĞA ÇALIŞMA.
Kağızın yanına bağ evinin ehtiyat açarını qoydu.
- Sofi! – Lenqdonun səsi onu fikirdən ayırdı. – Dayan! Saxla!
Sofi əyləci basdı, ikisi də qabağa tərəf əyildilər: - Nədir? Nə olub?
Lenqdon irəlidəki uzun küçəni göstərdi.
Sofini soyuq tər basdı. İrəlidə, onlardan təxminən yüz yard aralıda iki polis
maşını yolayrıcını kəsmişdi. Onların məqsədi aydın idi. Səfirliyə gedən yolu
kəsiblər!
Lenqdon əsəbi halda gülümsəyib dedi:
- Belə başa düşürəm ki, biz bu gün səfirliyə gedə bilməyəcəyik?
İrəlidə iki polis zabiti öz avtomobillərindən uzaqlaşıb Sofinin maşınına tərəf
baxdılar.
Yaxşı, Sofi öz-özünə dedi. Geriyə döndər, qızım, amma çox yavaş.
O, maşını arxaya sürdü. Yolayrıcından uzaqlaşdıqda arxadan gələn maşının
əyləc vurduğunu eşitdi. Dərhal sirenalar vıyıldadı.
Sofi, lənət şeytana deyib, qaza basdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə