91
Mövzu 9.
Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi
Gömrük tarifi - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən
və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (XİF MN) uyğun olaraq sistemləşdirilmiş gömrük
rüsum dərəcələrinin məcmusudur.
“Tarif” – ərəb sözü olub
“siyahı” deməkdir. Deməli, gömrük tarifi idxal və ixrac rüsumlarının
siyahısıdır. Tarif dəyəri idxal və ixrac olunan malların qiymətinə görə tarif şəklində müəyyənləşdirilir. Gömrük
tarifi daşıdığı funksiyaların xarakterindən asılı olaraq 2 yerə ayrılır:
1) Proteksionist funksiya;
2) Fiskal funksiya.
Proeksionizm(himayədarlıq) - daxili bazarın xarici rəqabətdən qorunması üçün dövlətin yürütdüyü
iqtisadi siyasətdir. Daxili bazarı qorumaq üçün idxal rüsumlarının artırılmasının əsas səbəbi yerli malların
rəqabət qabiliyyətinin aşağı olmasından irəli gəlir. Belə ki, yenicə müstəqilik əldə etmiş respublikamız köhnə
texnologiya ilə dünya bazarı standartlarına cavab verən əmtəə istehsal edə bilmir.
Eyni zamanda ölkəni xarici
mallardan asılı vəziyyətə salmaq, nəinki iqtisadi təhlükəsizliyə, həm də milli təhlükəsizliyə ciddi problemlər
yarada bilər. Bu isə müstəqilliyini tam möhkəmləndirməmiş bir ölkə üçün açınacaqlı nəticələrə gətirib çıxarar.
Odur ki, hər bir dövlət kimi Azərbaycan Respublikası da öz təhlükəsizliyini təmin etmək üçün proteksionist
siyasətdən yararlanmağa çalışır.
Fiskal funksiya - “fisk” latın sözü olub,
“zənbil” deməkdir. Bu funksiyanın mahiyyəti dövlət
xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin
gəlirlərinin müəyyən
hissəsinin dövlət xəzinəsinə cəlb edilməsidir. Ümumdövlət proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin
dövlət büdcəsinə toplanması, məhz bu funksiya vasitəsi ilə həyata keçirilir.
Dünyanın bütün ölkələrində gömrük tarifindən istifadə olunur. Milli tarif sistemilə yanaşı, məhəlli
(regional) tarifləri özündə birləşdirən vahid tarif sistemi vardır. Tariflərin lazımsız artırılmasının qarşısını almaq
və onları danışıqlar yolu ilə aşağı salmaq, ticarət məneələrini aradan qaldırmaq və s. bu tipli məsələləri 1995-ci
ilə qədər
Tarif və Ticarət üzrə Baş Saziş (
GATT - General Agreementon Tariffs and Trade). Həmin ildən
sonra Ümumdünya Ticarət Təşkilatı (
WTO - World Trade Orhanization)
adlanan qurum tərəfindən
tənzimlənir.
İkitərəfli və çoxtərəfli razılaşmalar əsasında güzəştlər müəyyənləşdirilir və tətbiq olunur. Bu
preferensial rejim sayılır (preferensiya - bir dövlətin digərinə idxal gömrük rüsumları dərəcələrinin azalması
üzrə verdiyi xüsusi güzəştlərdir). Belə güzəştlərin tətbiqi milli istehsal mallarının xarici bazarlara çıxarılmasını
əhəmiyyətli dərəcədə artıra bilər.
Bir sıra hallarda gömrük tarifi birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb olunan mallara
aşağı və ya sıfır dərəcəli idxal rüsum tətbiq etməklə, milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə
olunur.
Bildiyimiz kimi, rüsumlar yerli və dünya qiymətlərinin fərqi və ya fərqə uyğun müəyyənləşdirilir. Ölkə
iqtisadiyyatının inkişaf səviyyəsi ilə gömrük rüsumlarının dərəcələri arasında müəyyən asılılıq mövcuddur. Belə
ki, inkişaf etmiş ölkələrdə gömrük rüsumlarının dərəcələri aşağı olur. Çünki inkişaf etmiş ölkənin istehsal etdiyi
məhsulun rəqabət qabiliyyəti yüksək olduğu üçün, daxili bazarın yüksək rüsumlar hesabına qorunmasına,
ixracın əlavə tədbirlərlə stimullaşdırılmasına və büdcənin gəlir hissəsinin gömrük ödənişləri hesabına
doldurulmasına ehtiyac qalmır.
Gömrük-tarif tənzimlənməsinin hüquqi əsasını,
20 iyun 1995-ci ildə qəbul olunmuş Azərbaycan
Respublikasının
“Gömrük tarifi haqqında” qanun müəyyənləşdirilmişdir. Bu
qanuna görə gömrük tarifinin
əsas məqsədləri aşağıdakılardır:
1) Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəlilişdirmək;
2) Azərbaycan Respublikasının ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta
gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;
3) valyuta sərvətlərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsi və çıxarılması üzərində
səmərəli nəzarət təşkil etmək;
4) Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi
dəyişikliklər üçün şərait yaratmaq;
5) Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;
6) Azərbaycan Respublikası iqtisadiyyatını dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait
yaratmaq.
“Gömrük tarifi” haqqında qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisinə
gətirilən, gömrük rüsumuna cəlb olunan və ya olunmayan malların siyahısı və tətbiq edilən rüsum dərəcələri
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Eyni zamanda, xarici iqtisadi
92
tənzimlənən qeyri-tarif tədbirləri, ixrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların
siyahısı da Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük
rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.
Milli maraqların qorunması və ölkənin təhlükəsizliyinin təmin olunmsı üçün Xarici İqtisadi Fəaliyyətin
(XİF) tənzimlənməsi həyata keçirilir. XİF-in dövlət tənzimlənməsinin metodları təsnifat əlamətlərinə görə 4
qrupa bölünür:
1) iqtisadi tənzimləmə metodları;
2) inzibati metodlar;
3) tarif metodları;
4) qeryi-tarif metodları.
İqtisadi
tənzimləmə, inzibati və qeyri-tarif metodları haqqında 11-ci mövzuda ətraflı məlumat verildiyi
üçün şərhə ehtiyac yoxdur. İndi isə tarif metodu ilə tanış olaq.
Tarif metodu
Azərbaycan Respublikasında1 aprel 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında spesifik
gömrük rüsum dərəcələri advolar dərəcələrlə əvəz edilmişdir (Advalor latınca
“ad valorem” sözündən
götürülüb, mənası
“dəyərdən” deməkdir). Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel
2004-cü il tarixli 58 saylı qərarı ilə
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” AR NK-
nın
2001-ci il 12 aprel tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri
advolar gömrük idxal rüsum dərəcələri ilə əvəz edilmişdir. Tarif dərəcəsi gömrük dəyərinin 15%-i miqdarında
qəbul olunmuşdur.
AR NK-nın bu qərarı Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi
vasitəsi
ilə tənzimlənməsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun
olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin
səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qəbul olunmuşdur.
Malın dəyərini kombinə üsulu ilə hesabladıqda, əvvəlcə advalor, sonra isə spesifik qaydada hesablanır,
hər ikisi müqayisə edilərək ən böyüyü götürülür.
Gömrük rüsumları mövsümi və xüsusi olurlar.
Mövsümi rüsumlar malların ixracını və idxalını operaiv tənzimləmək üçün bəzi mallara tətbiq olunan
rüsumlardır. Mövsümi rüsumlarda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur
və bu rüsumların qüvvədə olduğu müddət il ərzində 6 aydan çox ola bilməz (“Gömrük tarifi haqqında” Qanun,
5-ci maddə):
Xüsusi növ rüsumlar. Azərbaycan Respublikasının iqtsadi mənafeyini qorumaq üçün idxal edilən
mallara müvəqqəti olaraq tətbiq edilir və aşağıdakı növlərə ayrılır (“Gömrük tarifi haqqında qanun 6-cı maddə):
- xüsusi rüsumlar;
- antidempinq rüsumları;
- kompensasiya rüsumları.
Bu rüsumların formalaşması və tətbiqi qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hüquqi normalarla tənzimlənir.
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur (“Gömrük tarifi haqqında” Qanun, 7-ci maddə):
- əgər ölkənin gömrük ərazisinə gətirilən mallar, bu qəbildən olan malların yerli istehsalçılarına ziyan
vuran və ya ziyan vura biləcək miqdarda və şərtlərdə gətirilmişdirsə, onda idxal mallarından müdafiə tədbiri
kimi;
- digər dövlətlərin və onların ittifaqlarının (siyasi, iqtisadi, hərbi və s.) Azərbaycan dövlətinin
mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.
Antidempinq rüsumları
Dempinq (ingiliscə
“dumping” hərfi mənada
“dağıtma” deməkdir) - xarici bazarlarda əmtəələrin dəyər
- dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması deməkdir. Dempinqin fərqləndirici
xüsusiyyətləri, ölkədaxili aşağı və yuxarı qiymətlər arasındakı kəskin fərq və satış bazarında rəqibləri sıradan
çıxartmaq ekspansionist latınca
“expansio” sözündən olub
“yayılma”, “genişlənmə” deməkdir. İqtisadi
metodlarla hökmranlıq dairəsinin genişlən-dirilməsinə xidmət edir.
Antidempinq (dempinqin əksinə olan) rüsumları, idxal olunan malların qiyməti
ölkənin gömrük
ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduqda və belə bir idxal bu qəbildən
olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna olunmadıqda, eyni zamanda həmin mallar
ölkə daxilində istehsalının təşkilinə və ya genişləndirilməsinə maneəçilik törətdikdə tətbiq olunur (“GT
haqqında” Qanun , 8-ci maddə).