95
Mövzu 10.
Gömrük ödənişləri
10.1. Gömrük ödənişlərinin növləri
Gömrük Məcəlləsinin 17-ci maddəsinin 19-cu bəndində oxuyuruq:
“Gömrük ödənişləri müəyyən
olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları,
vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə
görə alınan yığımlar, haqlar və digər ödənişlərdir.
Mövcud qanunvericilik aktları ilə aşağıdakı gömrük ödənişləri alınır:
1) gömrük rüsumu;
2) əlavə dəyər vergisi;
3) aksizlər;
4) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən icazələrin
verilməsi və icazələrin bərpa edilməsinə görə yığımlar;
5) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların
fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
6) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
7) malların saxlancına görə gömrük yığımları;
8) malların gömrük müşayiətinə görə gömrük yığımları;
9) məlumatlandırma və məsləhətverməyə görə haqq;
10) ilkin qərarların qəbuluna görə haqq;
11) gömrük hərraclarında (auksion) iştirak etməyə görə haqq;
12) digər gömrük ödənişləri.
10.1.1.Gömrük rüsumları
Bu maddəyə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üçün “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq gömrük rüsumu ödənilməlidir. Həm Gömrük
Məcəlləsində, həm də “Gömrük tarifi haqqında” Qanunda gömrük rüsumu anlayışı ümumi şəkildə izah olunur.
Belə ki, Gömrük Məcəlləsinin 17-ci maddəsinə görə, “gömrük rüsumları Azərbayca Respublikasının
gömrük
orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan
ödənişlərdir”.
Gömrük rüsumları bütün sərhədboyu dövriyyəyə şamil edilir.
Bəzi mallar növündən, mənşə ölkəsindən,
bəyan edilmiş gömrük rejimindən asılı olaraq gömrük rüsumlarından azad edilirlər. Əgər konkret mal gömrük
tarif qanunvericiliyinin normalarına uyğun gömrük rüsumuna cəlb olunmursa, onda həmin mal nəzərdə tutulan
gömrük ödənişlərini ödədikdən sonra gömrük sərhədini keçə bilər.
Gömrük rüsumları gömrük sərhədini keçməsi faktı ilə qüvvəyə minən və xarici ticarət dövriyyəsi
mallarına tətbiq edilən dolayı vergi növ müxtəlifliklərindən biridir.
Gömrük rüsumları bütün əsas vergi xüsusiyyətlərini özündə cəmləşdirmişdir:
a) gömrük rüsumlarının ödənişi də məcburi xarakter daşıyır və dövlət hakimiyyət məcburiyyəti
ilə təmin edilir;
b) gömrük rüsumları göstərilən xidmətin əvəzi deyil və qarşılıqsız (əvəzində heç bir şey etmədən)
tutulur;
c) gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün nəzərdə
tutulmamışdır.
Gömrük - tarif münasibətlərinin hüquqi tənzimlənməsi birtərəfli xarakter daşıyır və gömrük-tarif hüquqi
münasibətlərinin subyektlərinə vergiqoymanın miqdarı, əsasları, müddəti və s. kimi məsələlərdə razılaşmağı
mümkünsüz edir. Ancaq gömrük rüsumlarının müəyyənləşdirilməsinin birtərəfliliyi prinsipi dövlətlər və
sahibkarlar arasında vergi müqavilələrinin bağlanması əlehinə deyildir. Bu cür razılaşmaların predmeti dövlətin
sosial-iqtisadi plan və proqramlarının icrasını stimullaşdırmaq məqsədi ilə özəl sahibkarlığa etdiyi vergi
güzəştləridir.
Gömrük rüsumlarının vergi təbiətli olması onları daha çox gömrük yığımları ilə müqayisə etdikdə gözə
çarpır. Gömrük rüsumlarından
fərqli olaraq, gömrük yığımları - mal qismində ölkənin gömrük sərhədindən
keçirilən mal və nəqliyyat vasitələrinin, habelə müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində
keçirilən, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş ödəmələrdir. Deməli, gömrük
96
yığımları idxal və ixraca məşğul olanlara gömrük orqanlarının göstərdiyi xidmətin qarşılığında aldığı
ödəmələrdir.
Verginin bütün əsas elementləri gömrük rüsumlarına da xasdır. Gömrük rüsumları qoyulan subyekt
deklarantdır. Deklarant gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrini öz adından gömrüyə bəyan
edən şəxsdir. Deklarant həm mal və nəqliyyat vasitələrini keçirən şəxs, həm də gömrük brokeri (vasitəçi) ola
bilər. Gömrük rüsumu qoyulan obyekt isə gömrük dəyəri, gömrük sərhədindən keçirilən malların kəmiyyət
göstəriciləri və ya hər ikisi birlikdə ola bilər.
Gömrük rüsumunun növbəti elementi onun dərəcəsidir (stavka). “Gömrük tarifi haqqında”
Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsinə görə,
gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük
rüsum dərəcələri Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən,
sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.
İdxal gömrük rüsumlarının dərəcələri malın mənşə ölkəsindən asılı olaraq diferensasiya olunur. Əgər
idxal olunan malın mənşə ölkəsi ilə Azərbaycan Respublikası arasında əlverişli ticrət rejimi (ƏTR)
mövcuddursa, onda idxal gömrük rüsumlarının dərəcələri və gömrük rüsumuna cəlb olunmayan malların
siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. (“Gömrük tarifi haqqında”,
Qanun, maddə. 3, bənd 3).
İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici
iqtisadi tənzimləmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən müəyyən
olunur. Azərbaycan Respublikasının ƏTR tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları
dərəcələrinin son həddi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən olunur.
İdxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri sonuncu dəfə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 12 aprel 2001-ci il 80 saylı qərarı ilə müəyyən edilmişdir. Lakin 22 dekabr 2003-cü ildə
Azərbaycan Respublikası Nazirlər Kabineti 161 saylı Qərarı ilə həmin qərara əlavələr və dəyişikliklər
edilmişdir. Həmin qərara əsasən ilk dəfə olaraq 72, 76, 78, 79 və 80-ci mal qruplarına ixrac rüsumları tətbiq
olunmuşdur.
Azərbaycan Respublikasının bağladığı sərbəst ticarət haqqında ikitərəfli sazişlərə görə də rüsumlar
tətbiq olunmur. Məsələn, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Moldova və s.
Vergi sistemində olduğu kimi, gömrük rüsumlarına da güzəştlər tətbiq olunur. Bu tarif güzəştləri və ya
tarif preferensiyaları adlanır. Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının
ticarət
siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada ölkənin gömrük sərhədindən keçirilən mallar üzrə
əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın
preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür (“Gömrük tarifi
haqqında” Qanun, 33-cü maddə 1-ci bənd). Gömrük güzəştlərinin verilməsi qaydası Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən müəyyən edilir və “Gömrük tarifi haqqında” Qanunun 35-ci, 36-cı və 37-ci
maddələri istisna olmaqla fərdi xarakter daşıya bilməz.
Cəlb olunma obyektlərinə görə gömrük rüsumları - idxal (import) və ixrac (eksport) kimi iki yerə ayrılır.
İdxal rüsumları ölkənin daxili bazarını xarici rəqabətdən qoruduğu halda proteksionist (daxili bazarı
qorumaq üçün yerli və dünya qiymətləri arasındakı fərqdən yüksək müəyyənləşdirilən rüsumlar) funksiyanı
yerinə yetirir. Bu halda təkcə idxal olunan malların deyil, həm də yerli malların qiyməti dünya qiymətləri
səviyyəsinə qalxır.
İxrac rüsumları gömrük-tarif tənzimlənməsinin fiskal funksiyasının həyata keçirilməsində birinci
dərəcəli rol oynayır. Gömrük orqanlarının yığdığı vergilərin 50 %-dən çoxu məhz ixrac rüsumlarının payına
düşür.
İnkişaf etməkdə olan ölkələrdə idxal rüsumlarının yüksək olmasının əsas səbəbi
ölkə sənayesini xarici
rəqabətdən qorumaqdır. Azərbaycan Respublikası da öz sənayesini xarici rəqabətdən qorumaq üçün hələlik bu
üsuldan istifadə edir. Ölkələrin iqtisadi inkişafı ilə idxal rüsumlarının miqdarı tərs mütənasibdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti idxal və ixrac gömrük rüsumlarının dərəcələrini təyin edir.
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkənin malları üçün idxal və ixrac gömrük
rüsumlarının dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.
Lakin əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən
mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.
10.1.2. Əlavə dəyər vergisi.
ƏDV dolayı vergi olub, əhalinin xərclərindən tutulur. Çünki bu vergi istehsalda və alqı-satqı prosesində
yaranır. 1 yanvar 2001-ci ildən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə görə ƏDV
18
% qəbul olunmuşdur (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 173-cü maddə).