darmadağın
etmək istəyirdisə, elə buradan başlaması da təbii idi. Ancaq Frans bağırmağa
başladığı andan hər şey bitdi. K. heç vaxt imkan verə bilməzdi ki, xidmətçilər, ya da başqaları
gəlib onu anbarda bu adamlarla bir yerdə görəndə təəccüblənsinlər. Belə qurbanlığı heç kəs
K.-dan tələb edə bilməzdi. Əgər bu işi etmək qəsdində olsaydı, sadə bir yolu seçərdi, soyunub
kötəkçiyə deyərdi ki, keşikçilərin əvəzinə onu döysün. Yeri gəlmişkən, bəlkə də kötəkçi heç
buna razılıq verməzdi, çünki havayı yerdən vəzifə borcunu yerinə yetirməmiş hesab olunardı
və qanunu da ikiqat pozardı, axı K. istintaq altında idi, məhkəmə məmurları
ona toxuna
bilməzdilər. Əlbəttə, burda xüsusi hallar da ola bilərdi. Hər halda, K. başqa cür hərəkət edə
bilməzdi, qapını örtməli idi, halbuki bunun özü də onun təhlükədən tam azad olması demək
deyildi. Son anda Fransa dürtmə vurduğuna təəssüfləndi, ancaq bunu da həyəcanına
bağışlamaq olardı.
Uzaqdan xidmətçilərin addım səsləri eşidildi. Onların diqqətini cəlb etməmək üçün pəncərəni
bağlayıb əsas pilləkənə tərəf getdi. Anbarın yanından keçəndə, ayaq saxlayıb içərini dinşədi.
Tam sakitlik idi. Bəlkə də kişi onları ölənəcən döymüşdü, çünki hər şey onun ixtiyarına
buraxılmışdı. K.-nın əli artıq dəstəkdə idi və onu tez geri çəkdi.
Daha heç birinə kömək edə
bilməzdi, xidmətçilər də indi gəlməli idilər. Özünə söz verdi ki, bu işi belə qoymasın, əsil
günahkarları, hələ indiyədək cəsarət edib onun qabağına çıxa bilməyən o yüksək çinli
məmurları, imkanı
daxilində, layiqincə cəzalandırsın. Bankın qabağındakı pillələri düşərkən
bütün ətrafa diqqətlə göz gəzdirdi, ancaq o həndəvərdə kimisə gözləyən qız görmədi.
Nişanlısının onu gözlədiyini deyən Fransın sözləri yalan çıxdı, ancaq bu yalanı bağışlamaq
olardı, çünki kiminsə qəlbində daha çox mərhəmət hissi oyatmaq üçün deyilmişdi.
Səhəri gün də keşikçilər K.-nın yadından çıxmadı. Fikri dağınıq olduğu üçün yaxşı işləyə də
bilmədi və onu qurtarmaq üçün kabinetində dünənkindən çox qalmalı oldu.
Evə gedəndə yenə
anbarın yanından keçəsi oldu və sanki adət etdiyi üçün onun qapısını açdı. İçəridə qaranlıq
əvəzinə gördükləri onun ağlını başından çıxartdı. Hər şey dünən qapını açarkən gördüklərinin
eyni idi: girəcəkdə qalaqlanmış köhnə kağız-kuğuzlar, əlində kötək olan kişi, çılpaq
keşikçilər, rəfdəki şam... Keşikçilər o dəqiqə şikayətə başladılar:
– Cənab...
K. tez qapını çırpdı, üstəlik də onu yumruqladı, sanki bununla daha bərk bağlamaq istəyirdi.
Az qala ağlaya-ağlaya sakitcə oturub nüsxə çıxaran xidmətçilərin yanına getdi. Onlar K.-nı
görən kimi dayandılar.
– Anbarı da qaydaya salın! – ucadan dedi. – Zibilin içində batıb qırılırıq!
Xidmətçilər söz verdilər ki, sabah mütləq təmizləyəcəklər. K. başını tərpətdi, gecənin bu vaxtı
onları işləməyə məcbur etmək olmaz, halbuki elə bu niyyətlə gəlmişdi. Xidmətçilərin
yaxınlığında olmaq məqsədilə bir az da oturdu, nüsxələrdən bir-iksini götürüb baxdı, özünü
elə göstərdi ki, guya onları yoxlayır və sonra da çıxdı.
Bilirdi ki, xidmətçilər onunla birlikdə
çıxmağa cəsarət eləməyəcəklər və daha heç nə haqqında düşünməyərək yorğun halda evə
qayıtdı.
ALTINCI FƏSİL
Əmi. Leni.
Bir gün günortadan sonra – poçtu göndərmə vaxtı olduğu üçün K. çox məşğul idi – kağızları
gətirən xidmətçilərlə birlikdə əmisi Karl da – o, mülkədar idi və kənddə yaşayırdı – içəri girdi.
K. bir ay bundan əvvəl onun gələcəyini fikirləşərkən qorxduğundan az qorxdu. Təxminən bir
ay bundan əvvəl dəqiq bilirdi ki, əmisi mütləq gələcək. Onda fikirləşirdi ki,
qəddi bir az
əyilmiş əmisi yastı şlyapası da sol əlində uzaqdan sağ əlini ona tərəf uzadaraq gələcək,
masanın üstündən K.-ya tərəf tələsən əli qarşısına çıxan hər şeyi silib-süpürəcək. Əmisi
həmişə tələsirdi, çünki beynində belə bir axmaq fikir dolaşırdı ki, paytaxta gəldiyi bircə günün
ərzində nəzərdə tutduğu bütün işləri görsün, bundan əlavə də təsadüfən alınan danışıqları,
alveri, ya da əyləncəni əldən buraxmasın. Bunula belə, K. çalışırdı ki, həmişə ona arxa olmuş
dayısına, imkanı daxilində, kömək eləsin. Üstəlik də gecələmək üçün onu həmişə özünün
qaldığı evə aparmışdı. Adını da “Kənddən gələn xəyal” qoymuşdu.
Salamlaşan kimi, hətta K.-nın təklif etdiyi kresloya oturmamış dedi ki, onunla təklikdə
danışmaq istəyir.
– Belə lazımdır, – güclə danışa bilirdi, – rahat olmağım üçün belə lazımdır.
K. o dəqiqə xidmətçilərə dedi ki, çıxsınlar və yanına da heç kəsi buraxmasınlar.
– Eşitdiklərim düzdür, Yozef? – tək qalan kimi kişi soruşdu və oturdu. Yeri rahat olsun deyə
əlinə keçən bir neçə kağız qalağını da altına qoydu.
K. susdu, söhbətin nədən gedəcəyini başa düşdü, ancaq çox
gərgin işdən sonra onu qəfil, şirin
bir yorğunluq bürüdü, gözlərini pəncərəyə dikdi: oturduğu yerdən qarşıdakı küçənin balaca
üçkünc bir hissəsi, iki mağazanın vitrinləri arasındakı boş divarlar görünürdü.
– Sən hələ pəncərəyə baxırsan! – Əmisi əllərini göyə qaldırdı. – Allah eşqinə, mənə cavab
ver, Yozef! Bu doğrudur? Belə şey ola bilər?
– Əziz əmi! – K. nəhayət özünə gəldi. – Axı sənin nə istədiyini bilmirəm...
– Yozef! – əmisi xəbərdarlıq etdi. – Bildiyimə görə sən həmişə həqiqəti danışmısan. İndi bu
son sözlərini nəsə bir pis əlamət kimi qəbul etməliyəm?
– Nə istədiyini başa düşürəm, – K. ona tabe oldu, – yəqin məhkəmə barədə eşitmisən...
– Elədir... – əmisi başını asta-asta yırğaladı. – Eşitmişəm, məhkəməyə düşübsən.
– Kimdən eşitmisən?
– Erna yazmışdı... Düzdür,
səninlə get-gəli yoxdur, özün də, təəssüf ki, onunla az
maraqlanırsan, ancaq buna baxmayaraq, xəbər tutub. Məktubu bu gün aldım və o dəqiqə də
durub gəldim. Bura gəlməyimin başqa səbəbi yoxdur, ancaq
bunun özü də elə-belə səbəb