5
özümə məbəd saydığım bu məktəblər xalqımıza böyük
şəxsiyyətlər, alimlər verib, ziyalılar bəxş edib.
Naxçıvanın görkəmli dövlət adamlarından, nüfuzlu
ziyalılarından, sayılıb-seçilən müəllimlərindən biri olan atası
Mənaf Xudiyevin onun ədəbiyyatçı, dilçi olmasında, elm
yolunu seçməsində böyük rolu olub. Atasının: «Ədəbiyyat bir
dünyadır, əbədi bir yoldur. Söz sənəti ən qüdrətli sənətdir,
çünki söz bu dünyada əbədi yadigar qalır. Amma bunun üçün
çox oxumalısan, kitablarla dostluq etməlisən. Əsl ədəbiyyat
mənsub olduğu xalqın görən gözü, eşidən qulağı, danışan dili,
duyan qəlbi olmalıdır. Orxon-Yenisey daşlarında, «Dədə-
Qorqud» eposunda əbədiləşən, Nizami poemalarında, Nəsimi,
Füzuli, Xətai qəzəllərində əlçatmaz zirvələr fəth edən
Azərbaycan ədəbiyyatı milli-mənəvi dünyamızın əbədiyyət
yoludur. Səhhətin, Sabirin, Mirzə Cəlilin, Səməd Vurğunun,
Rəsul Rzanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, İslam
Səfərlinin yaradıcılığı xəlqiliyi, vətəndaş qayəsi, amalı ilə bu
əbədi yolun davamıdır. Bu yolun halal yolçusu olmaqdan
şərəfli nə ola bilər!…Unutma, elmlə məşğul olanlar isə
Allaha, Yaradana sarı yol gedirlər…» fikrini özünə həyat
kredosu seçən Nizami Xudiyev elə taleyini də Azərbaycan
sözünün taleyinə bağlayır. Görkəmli alimin valideynləri ilə
bağlı xatirələri olduqca maraqlıdır. Onun atasına həsr etdiyi
və bu günlərdə işıq üzü görmüş «Mənalı ömür yolu» kitabının
səhifələrində, hər şeydən əvvəl, bir övlad kimi onu bu dünyaya
bəxş edən, onun bioloji varlıqdan şəxsiyyətə ucalmaq yoluna
işıq salan valideynləri haqqında ən əziz xatirələrini böyük
səmimiyyətlə oxucularla bölüşür: «… Sadə bir ziyalı ailəsində
doğulmuşam: atam müəllim olub, anam isə ailəsinə, ocağına
möhkəm tellərlə bağlı olan, ailə-ər-uşaq qayğısı çəkən əsl
Şərq qadını. Gözümü açanda əziz valideynlərimi görmüşəm
başımın üstə. İlk duyduğum nəfəs də, ilk eşitdiyim səs də
6
onlarınkı olub. Anamın ruhumu oxşayan nazlı laylaları,
atamın xoş, nəvazişli pıçıltıları indi də yaddaşımdadır. Və
bunlar səs yaddaşımın ən əziz, ən məhrəm səsləridir. Atamın
öyüdləri qalıb yadımda, anamın əlinin istisi indi də
mənimlədir. Onların üz cizgiləri, çöhrələrindəki riyasız
məsumluq, təmizlik indi də gözümün önündədir… Tanrıya
şükranlıq edirəm ki, atalı dünyamın bol-bol işığını, sevincini
görmüşəm. Atamın gözlərindəki aydınlıq, sönməyən işıq
ömrüm boyu mənə arxa, kömək, dayaq olub. O işıq əllərimdən
tutub, yerimək öyrədib, beynimi, düşüncələrimi nura qərq
edib, fikrimi formalaşdırıb. Atam həyatda ilk bələdçim, ilk
məsləhətçim, ilk yolgöstərənim olub. O, mənə həyatı sevdirib,
zəhmətə alışdırıb, xeyirxahlıq öyrədib. Hər şeyə görə atamın
gözlərində gördüyüm o parlaq işığa borcluyam. Hər dəfə
onun xəyalı ilə danışanda tez-tez işlətdiyi bir kəlamı
xatırlayıram: «Özünüzü idarə edərkən ağlınızı, başqalarına
rəhbərlik edərkən isə qəlbinizi eşidin». O, belə bir rəhbər işçi
olub. İndi mən özüm illər keçəndən sonra da yeni bir işə
başlayanda atamı xatırlayır, «belə məqamda o necə hərəkət
edərdi?» deyə düşünürəm. Və bu düşüncələr məni yanlış
addım atmaqdan qoruyur…»
1966-cı ildə V. İ. Lenin adına APİ-nin (indiki ADPU-
nun) filologiya fakültəsinə daxil olan Nizami Xudiyev tələbəlik
illərində də yaşıdları orasında seçdir, «Nizami Gəncəvi»
təqaüdü ilə oxuyub, fakültə komsomol təşkilatının katibi
vəzifəsində işləyir.
Nizami Xudiyevin tələbəlik illəri ilə bağlı xatirələri də
zəngindir. Alim öz tələbəlik illərini «mənim əziz illərim»
adlandırır. Onun hələ 1970-ci ildə tələbə ikən «Gənc
müəllim» qəzetində çap etdirdiyi «Pillələr» adlı məqaləsində
oxuyuruq: «… 1966-cı ildə Cəlil Məmmədquluzadə adına
Şahbuz qəsəbə orta məktəbini bitirib sənədlərimi V. İ. Lenin
7
adına APİ-nin filoloji fakültəsinə təqdim etdim. Xoşbəxtlik
nəsibim oldu. İnstituta daxil oldum. Tələbəlik həyatı məni öz
qoynuna aldı. Qrup komsomol təşkilatının katibi seçildim. İlk
semestr imtahanlarından müvəffəqiyyətlə çıxdım. Tələbəlik
həyatımın birinci pilləsini əla qiymətlərlə başa çatdırdım.
1968-ci il. Fakültə komsomol təşkilatının katibi seçildim.
Bir tərəfdən dərslər, bir tərəfdən də ictimai iş daha səylə
çalışmağımı tələb edirdi. Yuxusuz gecələrin, gərgin əməyin
nəticəsi olaraq həyatımın ikinci pilləsini də əla qiymətlərlə
başa çatdırdım.
1969-cu. Bu il həyatımda daha əlamətdardır. Nizami
adına təqaüdə layiq görüldüm…»
İndi illər keçəndən sonra da Nizami müəllim tələbəliyini
unutmur, bu barədə söhbət düşəndə deyir: «Xatirələr o
qədərdir ki, sonu görünmür, hər biri yaddaşımdan boylanır. O
xatirələrdə daim oxumaq, öyrənmək istəyimiz də var, tələbə
dostlarımla birgə sevincli günlərimizin sədası da,
müəllimlərimizin həyat qədər dəyərli tövsiyələri də…
Tələbəlik illərinin insanın həyatında mühüm rolu danılmazdır.
O illər bizi elmə, biliklərə daha dərindən yiyələnmək üçün
səfərbər etdi, dünyagörüşümüzü zənginləşdirdi, bizi həm də
fəal ictimaiyyətçi, təşkilatçı kimi yetişdirdi. O illərdə gözəl
alimlərdən dərs aldıq, öyrəndik. Tələbəlik illəri mənim
nəzərimdə, həm də yaxşı dostlar deməkdir. Mən o illərdə
çoxlu dost qazandım. Bunu xüsusi vurğulamaqda məqsədim
var… Mən instituta qəbul olandan sonra atam tez-tez Bakıya
gələr, müəllimlərimlə, dostlarımla görüşərdi. Xüsusilə də
kimlərlə dostluq etməyim onun üçün çox önəmli idi.
Dostlarımla yaxın tanışlıqdan sonra rahatlıq tapar, arxayın
olardı. Deyərdi ki, gərək dostunu tanıyasan, dostunu
tanımayan adamın heç özü də tanınmağa layiq deyil. Onu da
deyərdi ki, əgər insanın özünə inandığı qədər inana biləcəyi
Dostları ilə paylaş: |