mənafeyinə xidmət etdiyini sübuta yetirmək tələb olunurdu.
Bəs faciə ərəfəsində Bakı Soveti öz bədxah niyyətlərini həyata keçirmək
üçün: real silahlı quvvələrə malik idimi? Faktlar bu suala müsbət cavab verir. Faciə
ərəfəsində Bakı Soveti rəhbərliyi özünün sərəncamında olan silahlı qüvvələrin
təşkili və təchizatı sahəsində xeyli iş görə bilmişdi. Şaumyan bu məqsədlə RSFSR
hökumətinə müraciət etmiş və kifayət qədər döyüş sürsatı, göndərilməsinə nail
olmuşdu. Bakı Soveti qoşunlarının sərəncamına hətta top, zirehli maşın və
təyyarələr də göndərilmişdi.
Lakin bütün müsəlman əhalisini fəal müdafiə etdiyi müsavatçılara qarşı
gələcək hərbi əməliyyatlarda Bakı Soveti qoşunlarının kifayət edəcəyinə əmin
olmayan Şaumyan faciə ərəfəsində daşnaklarla taktiki ittifaqa girməyi də
unutmamışdı. Onu da qeyd edək ki, həmin dövrdə Bakıda daşnakların sayı 4 min
nəfərdən artıq olan yaxşı silahlanmış silahlı qüvvələri var idi. Daşnaksütyun
liderləri öz ənənələrinə sadiq qalaraq Rusiyada mərkəzi hökumətə,
Gürcüstanda menşeviklərə, Bakıda isə onların “əbədi” milli ehtiyaclarına
həssaslıqla yanaşan Şaumyan hökumətinə eyni dərəcədə yaltaqlıqla qulluq
göstərirdilər. Elə Şaumyanın özü də görkəmli daşnak liderləri ilə sıx əlaqə
şəraitində işləməyi bir an belə unutmurdu. Bunun müqabilində Şaumyanda
azərbaycanlılara nifrət hissi o qədər güclü idi ki, hətta bu sahədə daşnaklar belə
ona həsəd apara bilərdilər. İş o yerə çatmışdı ki, Şaumyan ömrü boyu qul kimi
itaətində durduğu Leninin də azərbaycanlıların muxtariyyəti məsələsinə diqqətlə
yanaşmaq barədəki məsləhətinə əməl etməyi mümkün saymamışdı. Axı, 1918-ci
il martın 18-də V.İ.Lenin və RK(b)P Mərkəzi Komitəsinin tapşırığı ilə İ.V.Stalinin
“Stepana, Alyoşaya, başqa yoldaşlara” məktubunda aydınca yazılmışdı ki,
“Müsəlmanlar muxtariyyət tələb etsələr mərkəzdə və yerlərdə Sovet hakimiyyətini
sözsüz olaraq qəbul etmək razılığını almaqla, onlara muxtariyyət vermək
lazımdır”. Lakin Şaumyan bunları qulaqardına vurmuşdu. Daha sonra, həmin
dövrdə Bakıda İran və Qərb cəbhəsindən qayıdan 7000 nəfərə qədər rus əsgəri
(bunların da müəyyən hissəsi, bir neçə polkun isə hətta rəisləri ermənilərdən
ibarətdi) ilişib qalmış, dəmir yolu bağlı olduğu üçün evlərinə gedə
bilməmişdilər. Bolşeviklərin təşviqatı da bu işdə öz mənfur rolunu oynamış və
sonralar həmin əsgərlərin bir çoxundan müsəlmanlara qarşı hərbi əməliyyatlarda
istifadə olunmuşdu. Xəzər hərbi donanmasının matrosları eserlərin təsiri altında
olduqlarından onların da gec-tez Bakı Sovetinin tərəfində vuruşacağı şübhə
doğurmurdu. Öz növbəsində menşeviklər də Bakı Sovetini müdafiə etdiklərini
gizlətmirdilər.
Ən dəhşətlisi bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı
Soveti silahlı qüvvələrinin, istər tərkibinin, istərsə də komandir heyətinin müəyyən
hissəsini erməni millətindən olanlar təşkil edirdilər. Bunların arasında Bakı Soveti
Qızıl Ordu qərargahının rəisi, çar ordusunun polkovniki “Daşnaksütyun”
partiyasının üzvü Z.Avatisyan, 3-cü briqadanın komandanı Amazasp, daşnak
partiyasının digər üzvü, qızıl qvardiyaçıların ümumi dəstəsinin başçısı, çar
ordusunun məlum polkovniki Kazarov və başqaları var idi. Buradan məlum olurdu
ki, daşnak qoşunlarından əlavə, Bakıda Qızıl Ordu sıralarında xidmət edənlərin də
bir çoxu “Daşnaksütyun” partiyasının nəzarətinə tabe edilmişdi.
Beləliklə, yuxarıda göstərilənlərdən aydın olduğu kimi, mart
faciəsi
ərəfəsində Bakıda hərbi qüvvələr nisbəti müsavatçıların tam zərərinə olmuşdu.
Daha doğrusu, bir tərəf müharibəyə yaxşı hazırlanmış özünün hərbi imkanlarını
hərtərəfli ölçüb-biçmiş, toqquşma başlayarsa, müttəfiqlərinin kimlərdən ibarət
olacağını dəqiq müəyyənləşdirmiş, digər tərəf isə, yarımçıq hərbi hazırlıq görmüş
əsgərlərinin çoxluq təşkil etməsi, hərbi əməliyyatların gedişi planının olmaması,
intizamın zəifliyi, pis silahlanmaları, ağır silahlarının isə, demək olar ki, olmaması
ucbatından çox çətin vəziyyətə düşmüşdü. Toqquşma ərəfəsində hər iki tərəfin
silahlı qüvvələrinin sayca bərabər olmasına (hər tərəfdən on min nəfər) dair indiyə
qədər tarix ədəbiyyatında verilmiş rəqəmlərin dəqiqliyi barədə isə heç söhbət də
ola bilməz. İstər canlı qüvvə, istərsə də texnika sahəsində hərbi üstünlük Bakı
Soveti qoşunları tərəfində olmuşdur. Təsadüfi deyildir ki, mart faciəsi ərəfəsində
bir tərəf (Bakı Soveti) müharibəni udacağına tam arxayın olduğu üçün onu tezliklə
başlayıb, qalibiyyətlə qurtarmağa can atırdısa (hərbi toqquşmaların milli münaqişə
zəmininə keçə biləcəyi barədə N. Nərimanovun xəbərdarlıq və yalvarışlarına
baxmayaraq), digər tərəf (müsavatçılar) şəhərdəki hərbi qüvvələr nisbətinin onlar
üçün əlverişli olmadığını tamamilə dərk edərək hərbi-toqquşmaya yol verməmək,
ya da heç olmazsa, onu bir qədər yubatmağa nail olmaqla, dinc əhalini, xüsusilə də
qocaları, uşaqları, qadınları şəhər ətrafında yerləşdirmək üçün vaxt qazanmaq
barədə daha çox düşünürdülər.
Nə qədər acınacaqlı olsa da, etiraf edilməlidir ki, müsavatçılar məğlub
olacaqlarını sanki əvvəlcədən bilə-bilə həmin dəhşətli faciəyə cəlb edilmişdilər.
Görünür, bu məsələdə erməni milli şurası üzvlərinin və daşnak liderlərinin
xəyanətkar rolu da az iş görməmişdir. Onlar müsavatçıları Bakı Soveti ilə silahlı
töqquşmaya təhrik etmək üçün özlərinə məxsus riyakarlıq, xainlik
keyfiyyətlərindən bütün səviyyələrdə istifadə etmişdilər. Onlar əvvəlcə
bolşeviklərlə mübarizədə müsavatçılarla ittifaqa girməyə hazır olduqlarını
bildirmiş, sonra isə bitərəf qalacaqlarına söz vermişdilər. Səmimilikdən uzaq olmuş
bu adamlar özlərinin əsl niyyətlərini isə, həmişə olduğu kimi, gizli saxlamışdılar.
İndi isə faciə ərəfəsində erməni liderlərinin “diplomatik fəallığını” əks etdirən bir
neçə fakta nəzər salaq:
“...martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən
İslamiyyə binasına gələrək erməni milli şurası və daşnaksütyun partiyasının
adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda
erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub
çıxarmaqda onlara kömək edər”.
“Erməni milli şurasının başqa bir nümayəndəsi Ter Zaxaryan həmin gün
müsəlman milli şurası və müsavat partiyasının binasına gələrək demişdi ki,
daşnaklar müsavatçılarla birlikdə bolşeviklərin əleyhinə çıxmaq üçün
məsləhətləşmək istəyirlər. Ter-Zaxaryan əlavə etmişdi ki, bu mübarizə siyasi
əqidələr üstündə mübarizədir, müsəlman və erməni milli şuraları çıxış etmək
üçün sazişə gələ bilərlər. (Sitatlar Z.İ.İbrahimovun “Sosialist inqilabı uğrunda
Azərbaycan zəhmətkeşlərinin mübarizəsi” (Bakı, 1957) kitabından
götürülmüşdür).
Bəs ümumi düşmənə, (Sovet hakimiyyətinə) qarşı birgə çıxış müqabilində