Elşad Ərşadoğlu ____________________________________
134
O İLLƏR
GERİYƏ DÖNSƏYDİ ƏGƏR
Gözəl tələbəlik illərim mənim,
Getdi, sevincimi götürüb getdi.
Uşağın aldadan analar kimi,
Başımı aldadıb, yatırıb getdi.
Şirin xatirəyə çevrilib getdi,
Dilimin ən şirin kəlməsi oldu.
O illər bir gözəl nağıldı, bitdi.
Sonda mənə qalan alması oldu.
Ax, necə bir anda quş kimi uçdu,
Mənə həm sevilmək, sevmək öyrətdi.
O illər yuxuydu, mən də yatmışdım,
Açdım gözlərimi, dağıldı getdi.
O gözəl, qayğısız, mehriban illər,
İndi xəyalımı oxşayır mənim.
Bir zamanlar məni yaşadan illər,
İndi xatirəmdə yaşayır mənim...
_________________________________________Eşqə doğru
135
O illər geriyə dönsəydi əgər,
Yalvarıb-yaxarıb saxlardım onu.
Necə olur-olsun qoymazdım gedə,
Tutub ağaclara bağlardım onu.
O illər geriyə dönsəydi əgər,
Öpüb, sığallayıb, oxşardım onu.
O illər geriyə dönsəydi əgər,
Vallah, iki növbə yaşardım onu.
O illər geriyə dönsəydi əgər...
Bu misra ağlıma haradan gəldi?
O illər geriyə dönsəydi əgər,
Bircə Allah bilir mən neyləyərdim.
Dünyada ən xoşbəxt bəndə olardım,
Nə kədər, nə qayğı daşıyardım mən.
Yox, heç nə etməzdim dönsə o illər,
Sadəcə, təzədən yaşayardım mən.
Elşad Ərşadoğlu ____________________________________
136
RUHU DİNCƏLDİ, DİNCƏLDİ
Uzun sürən xəstəlikdən sonra
gənc yaşında dünyadan köçmüş
bibim oğlu Xanəhmədin
əziz xatirəsinə...
Ömür-gün olmamış yarı,
Yetim qaldı arzuları.
Canda ağrı-acıları,
Ahı dincəldi, dincəldi.
Nur içində yatmış onu,
Vüsalına çatmış onu,
Ağrıdan həyatmış onu,
Baxın, dincəldi, dincəldi.
Olacaqdan duyuq qalan,
Gecə-gündüz sayıq qalan,
Gözlərində oyaq qalan,
Yuxu, dincəldi, dincəldi.
_________________________________________Eşqə doğru
137
Qəfil əsən yeldi deyək,
Vaxtsız solan güldü deyək,
Ona necə öldü, deyək,
Axı, dincəldi, dincəldi.
Üz tutdu bildiyi yerə,
Rahatlıq bulduğu yerə.
Qayıtdı gəldiyi yerə,
Ruhu dincəldi, dincəldi...
Elşad Ərşadoğlu ____________________________________
138
SAHİBSİZ ƏSA
Babamın dünyasını dəyişməsindən
artıq keçdi iki gün.
Qohumlar,
doğmalar,
hamı elə darıxır ki onunçün...
Amma
hamıdan çox
sonuncu dəfə necə qoyubsa
elə də qalan
əsası darıxır,
əsası!!!
Həm kədərli,
həm də şən günlərinin
ən yaxın sirdaşı olan əsası.
Özü ölən kimi gərəksizləşən,
özüylə bərabər ölən əsası...
Bir vaxtlar o əsa,
həyatın
qocalıq adlı çala-çökür yollarında
_________________________________________Eşqə doğru
139
büdrəməyə qoymayıb,
əlindən tutub babamın.
Fikirli,
darıxan vaxtlarında
ucuyla yeri eşib,
başını qatıb babamın.
Babam da əvəzində
onun əyri başına çəkib sığal, tumarı.
Həm yaradanı,
həm də yaşadanı olubdur
(əsaların başından basmasan
yaşaya bilmirlər).
Başından aşsa da öz qayğıları,
bir əli həmişə üstündə olub...
Yazıq əsa...
İndi gör nə günə qalıbdı ancaq.
Özün elə kimsəsiz,
gərəksiz hiss edir ki.
Axı,
babama bir daha əsa lazım olmayacaq...
Elşad Ərşadoğlu ____________________________________
140
50 YAŞLI ZİRVƏ
Atama, əlli yaşı münasibəti ilə ...
Mənim 50 yaşlı, ay uca zirvəm,
Ağappaq qar tutmuş başın mübarək!
Sevinc bağışladın mənə bir dünya,
Canım-gözüm, 50 yaşın mübarək!..
İllər yola salıb o müdrik insan,
Ağrılar, acılar daşıyıb gəlib.
Həyata həyatdan yaxşı bələtdi,
Sanki neçə əsr yaşayıb gəlib.
Həyatın hər cürə üzün görübdü,
Hər cür sınağından çıxıbdı ömrün.
Daim gözləriylə od götürübdü,
Bizim qəlbimizi qızdırmaq üçün.
Bizimçün yaşayıb öz ömrünü, o
Fikirdən-fikrə daşınan kişi.
Dostları ilə paylaş: |