Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

 
76
- Mən etiraz etmirəm, - deyə general qocalara məxsus xoş  təbəssümlə gülümsündü. - 
Onsuz da evdə tək-tənha darıxıram. Həkimlər mütaliəni də mənə çox gördülər. Amma bir şeyi də 
demək istəyirəm. Sizin o alim yoldaşın günahı nədi, sapsağlam ola-ola xəstə... 
- Siz onun üçün narahat olmayın. O, özü buna ürəkdən razıdır. Başa düşür ki, bu 
xatirələrin hər bir epizodu xalqının azadlığı yolunda əzab-əziyyətlərə dözən, odlu səngərlərdə 
“Vətən uğrunda!” deyib hücuma keçən əsgər və zabitlərə hava, su qədər gərəklidir. 
- Mən hazıram, - deyə general ürəkdən razılıq verdi. Gur səslə, - bir şərtlə ki, lap 
uşaqlıqdan başlayacağam. Çünki uşaqlırım mənim üçün çox əzizdir, - dedi. Sizə onu da 
xatırladım ki, kiçik bir mülkədar olan atam İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci 
ildən başlayan igid bir nəslə  mənsub olub. Bizim ulu babamız Ağdolaq Məmmədağa Qazax 
qəzasında igidliyi ilə ad-san qazanıbmış. Onun iki oğlu olub, Böyük oğlu Şıxı çox ağıllı və sakit, 
kiçiyi  Əli Qazax isə çox igid, amma dəlisov bir adam imiş. Mən  Əli Qazaxın nəslindənəm. 
Əvvəllər ikisi də Qazaxlı kəndində yaşayıblar. Şıxının övladları artıb, böyüyəndə görünür, torpaq 
sahəsi azlıq edib. Ona görə də onlar bir qədər qərbə köçüb, biri Sınıq körpünün yanında, o biri də 
Kürün sahilində kənd salıblar. İndiki Şıxlı kəndləri mənim ulu babamın adını daşıyır. 
- Eşitdiyimə görə sizin böyük şair Molla Vəli Vidadiyə də qohumluğunuz çatır? 
  
Çatır yox, oğul, - general fəxrlə izah  etdi. - Mənim anam Şah Yəmən xanım Vidadinin 
dost-doğma nəvəsidir. O dövrün bir məşhur  şairi də bizim nəslin yetişdirməsidir. Kazım ağa 
Salik, eşitmisənmi? 
  
- Bəli, ədəbiyyat tarixində belə bir şair var.   Amma   heyf ki, çox az şerləri bizə gəlib 
çatıb.   O da   Firudin bəy Köçərlinin xidməti sayəsində. 
Alim hiss edirdi ki, danışmaq, o illəri xatırlamaq general üçün çətin də olsa xoşdur. 
Həyəcanlanmış general durub rəfdən qalın bir kitab gətirdi. Vərəqləyib istədiyi səhifəni tapdı. 
Kresloda əyləşib dərindən nəfəs aldı. 
- Rəhmətlik Firudin bəy gör nə  qədər künclərdə, bucaqlarda itib-batmaqda olan 
Azərbaycan  şairlərinin  şerlərini üzə  çıxartdı. Yəqin ki, bu kitabı oxumusunuz. Görürsünüzmü,  
Kazım ağa Salikin, Mustafa ağa   Arifin neçə şeri verilib.   Ömrünü Rusiyada sürgündə keçirən 
mayor Mustafa   ağa   da bizim   nəslə mənsubdur. Mustafa ağa ilə Kazım    ağa deyilənə   görə   
qardaş, ya da əmioğlu olublar. Diqtət elə, gör qürbətdə Qazaxı xatırlayan Mustafa ağa Arif 
Salikə nə yazır: 
 
Bilməm noldu bizim Qazax, Şəmsəddin,  
Gəlmədi onlardan bir xəbər yəqin.  
Qəzayi-ilahi bu imiş həmin,  
Getdi əldən o dövranlar, ağlaram! 
 
... Söhbətləri elə tutmuşdu ki, qonaq getməyi, general isə  xəstəliyini unutmuşdu. Sanki 
onlar bir-birini neçə illər idi tanıyıb sevirdilər. Alim ürəyində fikirləşirdi: “Hər bir xalq şübhəsiz 
ki, öz sərkərdəsi ilə fəxr edir. Biz isə belə sərkərdəni itirib-axtarmırıq. Vaxtilə rus artilleriyasının 
“allahı” sayılan, xalqımızın hərb tarixinə  şanlı  səhifə yaza biləcək insan Cəfər Cabbarlı adına 
küçənin on dörd nömrəli evində tək-tənha ölümünü gözləyir”. 
- Nəslinizdə sizdən əvvəl hərbçi olubmu? 
  
- Bizim  nəsil cəngavərliyi, tündməcazlığı ilə tanınıb. Ona görə  də bizi qəzada 
“dəliqazaxlı” adlandırıblar. 
Əli Qazaxoğlu nəslində birinci savadlı adam mənim atam olub. O, 1804-cü ildə Rusiya-
İran müharibəsində Qazax-Dilican yolu üstündə şahzadə Abbas Mirzə qoşunlarını məğlubiyyətə 
uğradan süvari dəstəsinin tərkibində vuruşmuşdur. Atam İsmayıl ağa döyüşdə xüsusilə 
fərqlənənlər, təltif olunanlar sırasında olub. 
Şıxlinskilər nəslində Avropa təhsili alan birinci adam mən olmuşam. 
Atam rus dilini bilməsə də, görünür ona böyük hüsn-rəğbəti olub. Məndən iyirmi beş yaş 
böyük qardaşımı çar konvoyuna göndərib. Qardaşım atamdan aldığı maddi yardımla özünə 
müəllim tutub rus dilini öyrənir. Üç ildən sonra zabitliyə imtahan verib, süvari zabiti adını alır. 


 
77
Mənə isə hərbi təhsil vermək atamın ən böyük arzusu idi. Ona görə də məni götürüb özü 
ilə Tiflisə apardı. Anamın  əmisi oğluna - o vaxtlar çox məşhur olan, bir çox azərbaycanlının 
təhsil almasına yaxından kömək edən Mirzə  Hüseyn Əfəndi Qayıbzadəyə tapşırdı. Həyatda 
tutduğun mövqeyə görə həm müəllimim həm də qayınatam Mirzə Hüseynə borcluyam. 
General susdu. Gödək saqqalını fikirli-fikirli sığalladı. Qonağın sorğu-sualı onu həyatının 
ilk gənclik çağına qaytardığından ürəyindəki nisgili də  tərpətmişdi. Saysız-hesabsız dostlarını, 
tanışlarını elə bil qonaq özü ilə gətirmişdi. “Qayınatam” deyəndə istər-istəməz Nigarını xatırladı. 
Başını söykənəcəyə dirədi. Dünyanın ağrısı-acısı onun köksünü didirdi. 
- Hə, oğul, - deyəsən kitabın bir fəslini yazıb bitirdik. Alim onun bərk yorulduğunu görüb 
ayağa durdu.    Sağollaşıb ayrıldı. 
Söhbətdən sonra xeyli vaxt özünə gələ bilməyən general nahar etməyi də unutmuşdu. O, 
fikrə getdi. Ötən günlər onu yaman kövrəltmişdi. Diqqəti məchul bir nöqtədə ilişib qalan ev 
sahibi fikrən hadisələri ilbəil bir-birinin yanına düzürdü. 
... 1908-ci il, iyirmi beş noyabr. Çarskoye Seloda müqəddəs Georki Pobedonosev günü 
bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə  əla xidmətinə görə polkovnik rütbəsi verilirdi. O, 
onillik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox 
nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu ağlasığmaz təltifat idi. 
Əliağanı məşhur Şipka qəhrəmanı, piyada generalı Nikolay Qriqoryeviç Stoletova burda 
təqdim etdilər. Hərbi sovetin üzvü N.Q.Stoletov çatılmış qaşları altındakı iri mavi gözlərini 
Əliağaya dikib təmiz Azərbaycan dilində dedi: 
- Tanışlığımıza çox məmnunam, cənab polkovnik. 
Əliağa donub qaldı. Ona elə  gəldi ki, qulağı  səsə düşüb. Generalın qarşısında hərbi qaydada 
farağat dayanıb təəccüblə: 
- Mən də həmçinin ... - səsi qırıldı. 
 Qulluğunuz necə keçir, füsunkar Qafqaz üçün darıxmırsınız? 
- İşin çoxluğu bəzən buna imkan vermir. Lakin Vətən, həmişə Vətən olaraq qalır. Məgər 
onun üçün darıxmamaq olarmı? 
- Çoxdanmı ayrılmısınız Qafqazdan? 
- Artıq səkkiz ili keçir. Cənab general, icazənizlə soruşmaq istərdim,  əgər sirr deyilsə, 
bizim dili belə təmiz kimdən öyrənmisiniz? 
General gülümsünüb ərklə  əlini  Əliağanın çiyninə qoydu: - Bu dili mən sizinkilərdən 
öyrənəndə    yəqin  ki, sən    onda uşaq idin. 1860-cı ildə Tiflisdə  hərbi xidmətdə olmuşam.   
Sevastopol kampaniyasından sonra mənə  ştabs-kapitan rütbəsi verib Qafqaz ordusunun baş 
qərargahına təyin etdilər. Onda cavan bir azərbaycanlı ilə tanış oldum. Bu adam ərəb, fars dilində 
yaxşı təhsilə malik olsa da,   rus dilini çox zəif bilirdi. Bu dilə isə güclü marağı vardı. Biz onunla 
dostlaşdıq. Belə    qərara gəldik ki, mən ona rusca, o da mənə azərbaycanca dərs keçək. 
Azərbaycan dilini bilməyən adam Qafqazda çətin hərəkət edə bilər. Bunu Martınov gülləsinin 
günahsız qurbanı, böyük şair Lermontov da etiraf etmişdir. 
Onu da deyim ki, sənin Azərbaycan dilin bir neçə dəfə Şipka döyüşlərində də köməyimə 
çatıb. Son həmlələrin birində  əsir aldığımız məşhur türk sərkərdəsi Hacı Osman Paşanı  mən 
Azərbaycanca danışdıranda onun cözü kəlləsinə  çıxdı. Dodaqaltı  mızıldanıb hirslə gözlərini 
üzümə bərəltdi: 
 - Gavura satılan qafqazlı, - deyə məni təhqir etdi. 
  
- Lütfən deyin, cənab general, o dərs aldığınız adamın adını xatırlamırsınız ki... 
- Əlbəttə, xatırlayıram, Mirzə Hüseyn Əfəndi. - General ani olaraq fikrə getdi. 
Əliağa Şıxlinski dərhal sevinclə soruşdu: 
  
- Qayıbzadə, eləmi? 
- Bəli, məgər siz də onu tanıyırsınız? 
   
-  Necə tanımayım. Hüseyn Əfəndi mənim anamın doğmaca  əmisi oğludur. Həm də 
mənim qayınatamdır. Mən də ondan   dərs alıb bu rütbəyə çatmışam. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə