Ömrün etməyəcək vəfa dedilər
57
LƏNƏT
İnsanlıq adına ləkə gətirən,
Bəzi insanların üzünə lənət!
Həyatı dərindən duymadığından,
Hər addım titrəyən dizinə lənət!
Dostu dost yanında hörmətdən salan,
Abad könlü yıxıb, eləyən talan.
Çatanda qulağa şahmar tək çalan,
Hiylə, kələk dolu sözünə lənət!
Hicrani, nəbzini dinlə hər anın,
Çox çəkmə dərdini dağın, aranın!
İblis, mərdiməzar, aravuranın,
Fitnə ocağının közünə lənət!
1972-ci il
Aydın Çobanoğlu
58
ELƏYİR
Deyirlər, öldürməz aşiqləri eşq,
Bəs niyə saraldıb, diltəng eləyir?!
Aparıb ağlını, huşunu başdan,
Niyə susuzladıb, bədrəng eləyir?!
Nədəndir, min əzab verir sevənə?!
Deyin, bu əzabdır, ya da ki cəfa?!
Axı deyirlər ki, cəfa çəkməsə,
Nə aşiq, nə məşuq sürəmməz səfa.
Ömrün etməyəcək vəfa dedilər
59
GƏLDİ
Küləkli, yağışlı bir payız günü
Mən səni gözlədim, sözlərin gəldi.
Sakitcə dinləyib, xəyala daldım,
Görüşümə şəhla gözlərin gəldi.
Düşündüm, yəqin ki, işlərin çoxdur,
Bəlkə də gəlməyə imkanın yoxdur.
Sandım, görməmişəm mən xeyli vaxtdır,
İzlər arxasından izlərin gəldi.
Kim dözər sevdanın hicran közünə,
Heyranam hüsnünə, şirin sözünə.
Hicrani Aydının qəmli gözünə
Soyuqdan titrəyən dizlərin gəldi.
06.01.1973
Aydın Çobanoğlu
60
LEYLİ DEMİŞƏM
Niyə müəmmalı baxdın üzümə,
Pərişan halıma, de, niyə güldün?!
Mən ki, sənə çoxdan Leyli demişəm,
Məcnun olduğumu təzəmi bildin?!
Möhnət yoldaşımdı, dərd həmdəmimdi,
Kədər oylağımdı, qəm məskənimdi.
Zülmlərlə keçən ömür mənimdi,
Söylə, bəs sən niyə xəyala daldın?!
Həyat son dərəcə olsa da zalım,
Səninlə bağlıdır varlığım, halım.
Aydınam, döndükcə tərsə iqbalım,
Nəmli gözlərimi əlinlə sildin.
Bakı şəhəri,
1973-cü il
Ömrün etməyəcək vəfa dedilər
61
KÖNÜL BİRLİYİ
Sevib, sevgisindən ayrı düşənin
Şəvə saçlarına tez düşməzmi dən?!
Həyatda heç nədən qorxmasam da mən,
Qorxuram bir səni itirməyimdən.
Səmada buludlar toqquşan zaman
Tənha ağacların qorxusu vardır.
Biz ki, tək deyilik, qoşa durmuşuq,
Tufan gücü çatmaz sevgimiz vardır.
Cüt olan milçəyə aslan dəyərmi?!
Namərd neyləyəcək qəlbi mərdlərə?!
Ancaq ölüm hakim kəsilə bilər
Sevgi tellərilə bağlı qəlblərə.
Bakı şəhəri,
1973-cü il
Aydın Çobanoğlu
62
HƏSRƏTİNDƏYƏM
Hər zaman, hər yerdə sevinc içində
Danışıb, gülməyin həsrətindəyəm.
Bir sadə baxışla əziz dostumun
Dərdini bilməyin həsrətindəyəm.
İstərəm, heç kəsi görməsin kədər,
Qəzaya düşməsin bir zərrə qədər.
Ömrün getdiyini görəndə hədər,
Göz yaşı silməyin həsrətindəyəm.
Aşiq vüqarını gəzər yarında,
Aydın öz eşqində, etibarında.
Ay ana, sən nəvə intizarında,
Mən hələ gəlninin həsrətindəyəm.
Ömrün etməyəcək vəfa dedilər
63
AĞLAMA
Səni gördüm, sandım dünya mənimdir,
Şəhla gözlüm, mehribanım, ağlama!
Xöşbəxtliyin şöhrətimdir, şanımdır,
Sərv boylum, xuramanım, ağlama!
Xoş danışdın, dərdim, qəmim azaldı,
Qış getdi, yerin güllü yaz aldı.
Qəmləndin, bu şair könlüm sozaldı,
Şirin sözlüm, din-imanım, ağlama!
Sən güləndə sanki təbiət gülür,
Ürəyimə sevinc, həm fərəh gəlir.
Aydınam, əlimdə saz dilə gəlir,
Gülər üzlüm, məhtəbanım, ağlama!
Bakı şəhəri,
1973-cü il
Aydın Çobanoğlu
64
SƏNSİZ
Həsrət, hicran dolu sevda karvanım
Gedib mənzilinə çatarmı sənsiz?!
Toy-büsat görəndə tay-tuşlar kimi,
Şadlıq kəməndini atarmı sənsiz?!
Məni gördü, yağan yağış dayandı,
Günəş çıxdı, aləm əlvan boyandı.
Şəhla gözlüm, halım sənə bəyandı,
Könül dərd yükünü satarmı sənsiz?!
Sən bir xoş həyatsan, sən bir xoş dilək,
Arzumdu, birlikdə qəmlənək, gülək.
Bir özün fikirləş, sevdalı mələk,
Aydın rahat olub, yatarmı sənsiz?!
Bakı şəhəri,
1973-cü il
Dostları ilə paylaş: |