vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş
tariximiz də bunu sübut edir” — deyən Heydər Əliyev 70-ci
illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda
tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin
ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin
nəticəsi idi ki, 70-ci illərdə Məşədi Əzizbəyovun, Nəriman
Nərimanovun, Qəzənfər Musabəyovun, İmadəddin Nəsiminin,
Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar
Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi
qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı
haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı
Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə
çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun,
Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri
yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının — əvvəl
Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.
Sonralar Heydər Əliyev 70-ci illəri yada salaraq deyirdi: “Biz
1973-cü ildə böyük şairimiz İmadəddin Nəsiminin 600 illik
yubileyini yüksək səviyyədə qeyd etdik. Adını əbədiləşdirməkdən
ötrü Bakının mərkəzi küçələrindən birində Nəsiminin heykəlini
ucaltdıq, rayonlardan birinə, bir sıra kolxoz və sovxozlara, institut
və məktəblərə, küçələrə onun adını verdik. Açığını deyim ki,
Nəsiminin məzarını da Azərbaycanda ziyarət etmək arzum olub.
Mən Suriya səfərimdə — Hələb şəhərində Nəsiminin məzarını
ziyarət etdim, onun nəslindən olan adamlarla görüşdüm. Düzü,
Nəsiminin məzarının yaxşı səviyyədə saxlanması, mühafizə
olunması məni bu fikrimdən daşındırdı. Xalqımın mənəvi
pasportu olan Nizamiyə gəlincə isə, biz onun irsinin öyrənilib
tədqiq edilməsi, 840 illik yubileyinin beynəlxalq səviyyədə
keçirilməsi, elmə və xalqa məlum olmayan əsərlərinin axtarılıb
tapılması üçün dövlət səviyyəli qərarlar qəbul etmişdik"...
Ulu öndər mədəniyyətin digər sahələri kimi teatra da böyük
diqqət və maraq göstərirdi. Onun tövsiyə və tapşırıqları, eləcə də
şəxsi nəzarəti altında respublikanın əkasər rayon və şəhərlərində
müxtəlif teatrlar açılmış, həmin teatrların əksəriyyəti üçün yeni
binalar tikilmişdi. Maraqlı cəhət o idi ki, təsərrüfat-sənaye
işlərinin başdan aşdığı 70-ci illərdə Heydər Əliyev tez-tez teatr
tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət
məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb
edirdi. Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1974-
cü ilin iyun ayında Azərbaycan Dövlət Dram Teatrının 100 illik
yubiley mərasimində çıxış edən ulu öndər demişdi:
“...Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq
ideyalarının carçısına çevrildi, köhnə dünyanı dağıdıb alt-üst
etməkdə mühüm rol oynadı. O zamanın qatı qaranlığını yararaq
parlaq gələcəyə yol açan, insanların şüurunu, qəlbini oyadan,
onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir
məşəl idi. Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov,
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov ilk dərin şırım açaraq Azərbaycan teatr
sənətinin toxumunu səpmiş, onun cücərtilərini köhnə dövrün
şiddətli qasırğalarından hifz edib qorumuşdular".
1970-82-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm
xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi
Qəhrəmanı adı verilməsinə nail oldu. Süleyman Rəhimov,
Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Fikrət Əmirov,
Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov,
Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları həmin
böyük ada məhz Heydər Əliyevin sayəsində layiq görülmüşdülər.
Doğrudur, onlar həqiqətən bu ada layiq idilər. Ancaq həmin
illərdə Kremldə bir çox siyasətçilər türk övladlarının o qədər də
irəli getməsini istəmirdilər. Ona görə də ən yüksək ada layiq olan
sənətkarlarımız belə diqqətdən kənarda qalırdı. Heydər Əliyevin
qüdrəti də məhz həmin diqqətdən kənarda qalan soydaşlarımızın
diqqət mərkəzinə gətirilməsi idi. Məhz həmin qüdrətin nəticəsi idi
ki, xalqımızın görkəmli mədəniyyət xadimlərindən Mehdi
Məmmədov, Müslüm Maqomayev, Soltan Hacıbəyov, İsmayıl
Osmanlı, İsmayıl Dağıstanlı, Rauf Hacıyev, Zeynəb Xanlarova,
Fidan Qasımova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov və Arif
Məlikov kimi sənət ulduzları SSRİ xalq artisti, Tahir Salahov isə
SSRİ xalq rəssamı fəxri adına layiq görülmüşdü. Mənim yaxşı
yadımdadır, ulu öndərimiz hələ Azərbaycana birinci dəfə
rəhbərlik etdiyi illərdə azərbaycançılıq ideyasına böyük önəm
verir, dünyanın hər yerində olan soydaşlarımızla əlaqələr
qurulmasına çalışır, xüsusən, Cənub mövzusunun gündəlikdən
düşməsinə yol vermirdi. Məhz həmin istəyin nəticəsi idi ki, 70-ci
illərdə Bakıda yaşayan cənublu şair və yazıçıların yaradıcılığına
yüksək qiymət verilirdi. O illərdə ulu öndərin təklifi ilə Balaş
Azəroğlu Yazıçılar İttifaqının katibi seçilmiş, ona Azərbaycanın
xalq şairi fəxri adı verilmişdi. Mədinə Gülgün, Əli Tudə, Söhrab
Tahir, Hökumə Billuri kimi qələm sahiblərinin yaradıcılığının
geniş şəkildə təbliğ olunması üçün xüsusi göstərişlər verilmişdi.
Kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət,
heykəltaraşlıq — ümumiyyətlə, mədəniyyət və incəsənətin elə bir
sahəsi yox idi ki, Heydər Əliyevin qayğısı ilə əhatə olunmasın. O,
gah yazıçıların qurultayında iştirak edir, bəstəkarların yaradıcılıq
gecəsinə gəlir, gah heykəltaraşlardan hansınınsa emalatxanasına
gedir, gah da mədəniyyət və incəsənət xadimlərinə orden və
medallar verirdi. Ən çox sevdiyi iş isə teatr tamaşasından və ya
konsertdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb
hal-əhval tutaraq, ifasına qiymət verməsi idi. SSRİ xalq artisti
Zeynəb Xanlarova Heydər Əliyevin həmin addımları barədə
deyirdi: “Mən elə bilirdim ki, Heydər Əliyev yalnız Azərbaycan
musiqisini dərindən bildiyinə görə bizim ifamızı düzgün
qiymətləndirir. Sonralar onun Azərbaycana qastrola gəlmiş əcnəbi
incəsənət ustalarının ifasına qiymət verməsini görəndə isə
düşündüm ki, Heydər müəllim, ümumiyyətlə, incəsənətin
xiridarıdır”. SSRİ xalq artisti Müslüm Maqomayev isə həmin
məqamı başqa cür ifadə etmişdi: “Heydər Əliyeviç bizim ifamızı
bizdən yaxşı duyur”. Əlbəttə, bütün bunlar böyük dövlət xadiminə
Tanrının verdiyi yüksək keyfiyyətlər idi. Ancaq aqillər deyiblər
Dostları ilə paylaş: |