74
İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu
Lətifdir. Atası çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar
yığıncaqlarında onu stol başında, ayaq üstə durub, açarı mürəkkəbqabına
döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi.
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik
olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu,
çörəyimizi də hazırlar? Yürüşlərdə, gecə istirahət əmri veriləndə, bir də
görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç
adam üçün "yataq" düzəldərdi. Əleyhqazlarımızı başımızın altına qoyub
tirtap düşərdik.
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənim nə
danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi.
Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa yalnız bir
şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına
darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri
şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki,
"xəstə yuxudadır". Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin
üzünü gördüm. Dərhal bacının səsi gəldi:
- Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim:
- Oyanmışam, - dedim, - bacı, burax gəlsin.
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya
sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz
kimi, balışa yapışıb qaldı.
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar.
Bacı onlara yalvarırdı:
- Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin!
Nəsrəddin ona təsəlli verdi:
- Tez, arxayın ol, tez gedəcəyik. Lətif dedi:
- İki-üç dəqiqə, artıq yox.
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü
eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı
kimi, həsrətlə söhbətə başlamışdı...
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər:
- Güllə yarası əti bişirir, tez sağalır. Anan dua eləyir, yaxşı ötüşmüşsən,
on-on beş günə duracaqsan.
75
Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi:
- İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün
hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır.
Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca
ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir.
Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat
yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi
mükəmməldir, əsl həyatdır. Sən belə gənclərdənsən. Ancaq onu da bil ki,
bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş,
bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm
dincələcəksən, həm də ki...
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:
- Həm də ki, vətənə gedəcəksən.
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə
baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar on illərə bərabər olan
bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın
adamlarına çatdırmaq istəyirdilər.
Bacı Nəsrəddinin qarşısında dayanıb, xahiş edirdi. Nəsrəddin isə gözünü
məndən ayırmırdı:
- Səndən, - deyirdi, - heç nə istəmirəm. Bizim evə get, mənim yazı
stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub
gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan, itirib-axtaran olurmu?
Küçəmizdən bir neçə dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu
qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam...
Univərsitetə, bilirəm gedəcəksən. Uşaqlara bir-bir salam de.
Mənim əvəzimdə bir lektoriyada sükut içində otur. Bu gördüyün
gurultuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur, onu bir al, bax
gör kitabxanaçı deyirmi ki: "Bu oğlan niyə kitab götürmür?".
Lətif Nəsrəddinə macal vermədi:
- Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək.
Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy.
Gör Ədil müəllim oradadırmı? Gör yenə dərslər qaydasındadırmı?
Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim adresimi
direktora, Ədil müəllimə ver, bəlkə məktub yazan oldu.
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:
- Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin.
Yəqin hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil,
76
bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da,
mən burada çargahın səsini eşidəcəyəm...
Lətif tapşırırdı:
- Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durnagözlü bulaqdan
ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə
deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl
yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən
taparsan. Yaş yarpaqları tök dəftərinin arasına, qurusunu bizə gətir.
Torpağın ətrini oradan alarıq. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb
yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm.
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş
evimizə gəlirdim. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu
küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən
keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə dəyişmişdir. Mənim
qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər
şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz
möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına
xeyir-dua verir.
Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən
götürdüm, qapını açıb, evdə rahatlandım.
Bu evdə nə təzəlik var?
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə
qoyulmuşdur. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında
balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə
göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının
şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir
gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır, - oxumamış
qəzeti o, tərk etməz.
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən
həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin
açarını nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən
başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir?
Dostları ilə paylaş: |