80
yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin
keçmiş düşərgəsində indi küləklər əsirdi. Məşq üçün qazılan səngərdən,
basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən,
sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı.
İntizarlı gəlin kənarda dayanıb, ziyarətinə gəldiyi yerin hər tərəfinə
diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən
nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi:
- Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm!..
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli
sükut içində əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə
küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can
atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ
layiqincə anlaşılmamış kitablar kimi görünürdü...
İndi, soyuq payız axşamında Leyla yenə səfərə, həmin yerlərin
ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir
Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından
keçmir, zehnən bir dəqiqə də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu
aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır,
yenə bacısı Zibaya belə deməkdən həzz alır.
- Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol!
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun
yaralı qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın
ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır
ki: "Haraya gedirsən?" Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?"
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon
qapıdan bir zərf atıb ötdü.
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu:
"Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə
kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam.
Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada
yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət
çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim.
Bacınıza və qohumlarınıza Mir Əlinin və mənim dilimdən salam! Mürsəl
Babayev".
81
Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini
və sürətini dayandırıb, düşüncəyə daldı. "Mürsəl kimdir? Ziba hara, o hara?
Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın?.."
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu
Səriyyənin qızını çağırıb dalınca göndərdi:
- Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni
gözləyir.
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrar-
təkrar oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini
bir yerə qərarlaşdıra bilmədi:
"Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana
belə aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb,
görüşə çağırır. Yox, yaralının
belə şeylərlə uğraşmasına macalı hanı. Elə
vicdansız əsgər olarmı ki, bacı dediyi qıza əyri gözlə baxsın. Bəlkə bu
tamam ayrı Zibadır, kağızı səhv gətiriblər?.. Yox! Adres - filan yerli
yerindədir. Üstəlik Mir Əlinin də dostu...
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli
vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə
üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna
nə ad qoymaq olar?"
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş,
qızarmış özünü evə saldı.
- Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var?
Leyla onun sözünü kəsdi:
- Ay qız, sənin Mürsəl adlı tanışın varmı?
- Mürsəl?
- Mürsəl Babayev!
-Yox!
- Yaxşı fikirləş!
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi:
- Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə məktəbdən
tanıyıram.
- 7-ci sinif yox ey, əsgər!
- Mən Mürsəl adlı əsgər tanımıram.
- Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt
olub, sonra yadından çıxıb?
82
Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha
da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü:
- Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə
işdir?
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri
otağa keçdi və Zibanı da çağırdı:
- Bura gəl, söz deyirəm.
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən
o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı çıxardı. Leyla isə
məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb,
əlacsız qalmışdı.
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü:
- Bacım, - dedi, - bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk
başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm.
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən
nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola!..
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O,
aldığı məktuba belə məna verirdi:
"Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə gəlib,
məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir..."
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi.
Düşüncələrinin belə dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün
vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə məktubdur.
Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir
Əli ayrı Mir Əlidir...
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən
salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı.
- Bacım, - dedi, gedirəm. Gedim, görüm, bəlkə bədbəxtin başında,
dilim-ağzım qurusun, bir iş var...
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan
durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı
ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini
dəyişmiş, qəhərli səsinə qulaq asırdı.
- ...Bəlkə bədbəxtin başında bir iş var!..
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı.
Özünü güclə saxladı, uşağın başını sığalladı.
Dostları ilə paylaş: |