128
- Sən də danışdın ha! Ramiz sənə qız uşağı-zad deyil ki, qaxılıb vaqonda
otursun, kənara çıxmasın. Yoldur, səyahətdir. Düşəcək də, minəcək də!
Yolda, məsələn, xoşuna gələn bir meyvə oldu, alacaq da.
Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən?!
Namazovun rəngi dəyişdi. Dediyinə peşman oldu. Ramiz də: "Heç nə
lazım deyil" - dedi, başını aşağı saldı. Ətrafındakılar güldülər. Ərknaz
xanım özü də güldü. İrəli yeriyib, oğlunun kürəyindən bir şapalaq vurdu:
- Qorxma, oğul, puldan özünə korluq vermə. Anan ölməyib ki!
Vallah, öz canım üçün düz deyirəm!
Axırıncı zəng vurulana yaxın bir gödək, çalbaş kişi, bir də ortaboylu
qoca qadın tələsik özlərini səkiyə yetirdilər. Iri bir bağlamanı ehtiyatla
vaqona çıxarıb, Ramizin yerinə apardılar. Onların dalınca Ərknaz xanım da
çıxdı. "Uşağın" kupesini, rahatlığını bir də yoxladı. Çox çəkmədi ki, axırıncı
zəng çalındı, yola salanlar vaqondan düşdülər. Ramiz əvvəl kənardakılarla,
sonra da valideyni ilə əl verdi, öpüşdü. Ərknaz xanım həyəcan keçirirdi:
- Qadan alım, Ramiz, qalarsan, tez ol!
Ramiz qatarın hərəkətini görən kimi cəld vaqonun pilləsinə atıldı.
Dəsmal eleyə-eləyə vidalaşdı. Vaqon bir an içində onu götürüb getdi.
Qohumlar, tanışlar, yoldaşlar - hamısı vaqon gözdən itənəcən Ramizə əl
eləyir, xeyir-dua verirdilər. Yalnız Ərknaz xanım gah qırmızı haşiyəli
balaca ipək dəsmalını gözünə basıb ağlayır, gah da sağ əlini havada
tərpədirdi.
1
Kim desə ki, mən övladımı istəmirəm, inanmayın. O, yalan deyir. Elə
adam ola bilməz ki, doğma balasını istəməsin. Övlad şirin şeydir. Nəinki
insan, hətta bütün yaranmışlar balasını istəyir, əziz tutur. Amma istəmək
var, istəmək var.
Ərknaz xanımın oğluna məhəbbəti ayrı bir məhəbbətdir. Qardaş
görmədiyindənmi, tək bir oğul anası olduğundanmı, Ramizin göz qabağında
necə tez boy atıb böyüməyini yoldaşlar arasında fərəhlə dönüb-dolaşmasını,
oxumasını, çalmasını, oynamasını gördüyündənmi, nədənsə, söz və
söhbətinin əvvəli də, axırı da Ramizdir. Məclis olmaz ki, Ramizdən
danışmasın. Hər yerdə deyir ki:
129
- Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli uşaqdır.
Çox rəhmli, qabiliyyətli uşaqdır. Onun telefonla ibarəli danışmağını,
cürbəcür kino artistlərinin təqlidini çıxarmağını, şəkil çəkməyini, maşın
sürməyini, qəşəng-qəşəng məktub yazmağını, kostyum seçməyinimi deyim,
səliqə-sahmanınımı, kefi gələndə çalmağını, oxumağınımı, oynamağımı
handa bir dəvətnamə ilə konsertlərə getməyinimi, lap baş cərgədə handa bir
qızla oturmağınımı deyim, ədəb-ərkanını, mərifətini, qanacağınımı, hansını
deyim!..
Münasib məclisin münasib bir yerində söhbət düşəndə Ərknaz xanım
oğlundan həvəslə, şirin-şirin danışır. Həmişə eyni sözləri danışsa da, elə bir
vəcdlə danışır ki, deyərsən bu sözlər "xoruz səsi eşitməmiş" təzə
xəbərlərdir. "Söhbət düşəndə" dedik. Əslinə baxsan söhbət düşmür, onu
Ərknaz xanım özü salır. Özü də yeri oldu, olmadı baxmır. Bəlkə ayrı bir
adam bunu bacarmaz. Ayrı bir mətləb danışılan zaman, yuyulmamış qaşıq
kimi, aralığa girmək hər adamın işi deyil, "nə dəxli var!" Amma Ərknaz
xanım bunu demir və düşünmür. O, Ramiz söhbətini elə ustalıqla başqa
mətləblərə qatır ki, danışanda, bir də görürsən Ərknaz xanım aralığa girdi:
- Balam, indikilərə paltar bəyəndirmək olmur. Ramiz iki dəst xalis
baston, triko kostyum tikdirmiş, bir dəst də atası Tiflisdə komissiyonnudan
alıb, lap əcərri! Di gəl heç birini bəyənmir. Neyləyəsən, məcbursan ayrısını
alasan. Cavandır...
Adamlar Qubanın alma bağlarından, bu il meyvəcatın bol gəlməyindən
danışanda Ərknaz xanım şikayətini başlayır:
- Bizim Ramiz bazardan alınan meyvəyə məhəl qoymur. Vallah, öz
canım üçün, məhəl qoymur. O deyir: gərək üzümü, özü də ağ şanını ya
dərbəndini meynədən özüm dərəm: almanı, ağacdan özüm üzəm. Atası ona
keçən il Qusarda bir bağ tutmuşdu, iki minə. Başdan-ayağa almalıq,
armudluq...
Camaat beynəlxalq vəziyyətdən, hökumətlər arasında sülh
yaranmasından danışıb, şükür eləyəndə, Ərknaz xanım fikrini belə bildirir:
- Bə nədi, o gün hamınınkını Allah saxlasın, Ramiz qəzeti almışdı əlinə,
sülhün barəsində bülbül kimi elə oxuyurdu, elə oxuyurdu, adamın canına
yağ kimi yayılırdı. Qonum-qonşu tökülüb, deyəsən lap leksiyadı. Gədənin
döşündə də mərmər göyərçin qanad açıb, elə biləsən bu saat uçub taxtapuşa
qonacaq, öz canım üçün!
Məktəbdən söhbət açılanda, Ərknaz xanımın dəftər-kitabı lap uzanır:
130
- Bizimki ayrı cür uşaqdır! Müəllimlər danışa, görəsən! Belə, bir özgə
cür uşaqdı. Direktorlar lap məəttəl qalıblar. Bu yaşda uşaqda belə fərasət!
Görünməyib axı. Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri
deyir: mənim institutuma gələcək, o biri deyir: yox, onu özüm dərs
verəcəyəm. Biri deyir: gərək akademiyalar yanında dərs ala. Səs-sədası
şəhəri götürüb, bilmirəm necə olacaq, öz canım üçün nənəsi gədənin
köynəyinə gözmıncığı tikməkdən yorulub. Özü qoymur, biləndə söküb atır
bir qırağa. Görmüşdük oğlan üstündə qızlar sözə gələr, indi daha
professorların gözü qalıb gedədə! Vallah, öz canım üçün, elə biləsən bənd
olublar...
- Ərknaz xanım, hansı dərsə Ramizin meyli çoxdur?
- Elə hamısına! Dərs var ki, o bilməsin? Kitab var ki, oxumasın?
Müəllimlər heyrandır ki, aya, bu yaşda belə baş!.. Belə lap özgə cürdür,
allah hamınınkını saxlasın...
* * *
Vaqona əyləşəndə adamları zəfəran iyi vurdu. Zəfəran iyi gəlirdi, amma
birtəhər gəlirdi. Deyəsən bu zəfəran ya qaynanmış, ya qovrulmuş, ya da yağ
içinə qoyulmuşdu. Sərnişinlər soruşurdular:
- Bu nə ətir ola, yoldaş konduktor?
- Mənim də burnuma dəyir.
- Yoxsa vaqon-restorandan gəlir bu?
- Xeyr, vaqon-restoranda belə şey yoxdur
Konduktor vaqonun o biri başına yaxınlaşanda, zəfəran iyinin daha da
tündləşdiyini duyanda düşündü ki, bu təzə müsafirin, oxumağa gedən
tələbənin kupesindən gəlir. Ötəndə gözucu nəzər saldı. Pəncərə qabağında
baş-başa verən, konyak stəkanlarını çaqqıldadan iki gəncin zəfəran-plov
yediyini görüb, tez ötdü. Çalışdı ki, gənclər onun nəzər yetirdiyini görüb,
narahat olmasınlar.
2
Doğrudur, Ərknaz xanım hər yerdə oğlunu ağız dolusu tərifləməkdən
doymurdu. Tərifli cavanların heç birindən əskik saymırdı ki, artıq sayırdı.
Amma buna onun əsası yox idi. Ramiz orta məktəbdə miyana və bəlkə
miyanadan bir pillə aşağı oxuyan uşaqlardan idi. Ərknaz bunu bilməmiş
deyildi. Bilsə də, Ramizi tərifləməkdən əl çəkmirdi. Ona
Dostları ilə paylaş: |