görə əl çəkmirdi ki, "Dedi-dedi ev yıxır! O müəllim pis deyər, bu pis
deyər, valideyn də onlara qoşulub pis deyəndə, uşağın adı doğrudan da pisə
çıxar, sabah ali məktəbə gedəndə onu qapıda dayandırarlar..."
İkinci tərəfdən Ərknaz xanım Ramizin dərsdən aldığı qiymətləri doğru
saymırdı. Bu qiymətlər bəzən onu təbindən çıxarır, əsəbiləşdirirdi:
- Nə olmuşdu bəyəm? Çoğrafıyadan da zəif? Yəni Ramiz o qədər əfəl
oldu ki, dağların, dəryaların adını da saya bilmədi? Mənim oğlum həmin
dağları aşıb, dəryaları ötüb dönə-dönə gəzməli yerlərə gedəndə, çoxları heç
Bakıdan qırağa çıxmamışdı. Kislovodskə, Soçiyə, Moskvaya onu atası neçə
dəfə özü aparıb, indi götürüb coğrafiyadan uşağa iki yazıblar. Yox! Gözləri
götürmür! Məktəbdəkilər bizim uşağı aşkar gözümçıxdıya salmaq istəyirlər,
ögey baxırlar, ögey!..
Əri mane olmasaydı, bəlkə Ərknaz xanım coğrafıya müəllimi ilə
savaşacaq, kim bilir necə ağır sözlər deyəcəkdi.
Üçüncüsü də bu idi ki, Ərknaz xanım oğlunun ali məktəbə düzələcəyinə
arxayın idi. Xəyalına qoymuşdu ki: "İmtahan zamanı müəllim tutub
hazırlaşdıraram, atası da sözü keçəndir, tapşırar. Bir də Moskva
məktəblərinə gedən az olur. Ramizdən yaxşı kimi götürəcəklər..."
Həmin il Moskva məktəblərində respublikalardan gələnlərə çox yer
ayrılmışdı. İmtahan da, Ramizin bəxtindən yerli komissiyalarda olurdu. Bu
komissiyalarda da Ramizin atasını tanımayan kim idi.
Vəziyyət belə olsa da, Ramiz imtahanda kifayət qiymətlər yığa bilmədi.
Oğlunun adını qəbul olunanlar siyahısında görməyəndə Ərknaz xanım
təcili bilet alıb oğlu ilə birbaşa Moskvaya yola düşdü. Neçə qapı döyəndən
sonra mərkəzi qəbul komissiyasının məsul katibinin yanına getdi. Ərinin
məsul işlərdə ömrünü qoyduğunu, oğlunun naxoş vəziyyətdə həyəcan
keçirərək imtahan verdiyini, yerli komissiyada "ədalətsizlik olduğunu",
yeganə oğlu Ramizin ərizəsi rədd edilərsə, özünü bədbəxt ana hesab
edəcəyini xüsusi bir həyəcan və hiddətlə, təkid və cürətlə danışdı.
Haçandansa Ramizin məktəb dram dərnəyindən aldığı təşəkkürnaməni
paketdən çıxarıb göstərdi:
- Qabiliyyətsiz uşağa belə təşəkkürnamə verməzlər!
Çox haray-həşir salandan, dönə-dönə dilindən zəmanət verəndən sonra
inşaat institutunda hələ tutulmayan yerlərdən birini Ramiz aldı. Təqaüdsüz
və yataqxanasız olaraq oxumağına icazə verdilər.
131
132
Ərknaz xanım bu icazə kağızını alıb Bakıya qayıdandan sonra daha
yerə-göyə sığışmırdı. Müəllimlərin, komissiyaların ünvanına acı-acı sözlər
deyir, daş-qaş parıldayan şəhadət barmağını silkələyərək, Ramizin
qeyrətinə, biliyinə məhz yuxarı təşkilatlarda "lazımi və layiqli qiymət
aldığını" bir daha iddia və təsdiq edir, bədxahlarına sanki acıq verməkdən
həzz alırdı.
Ramiz oxumağa gedəndən Ərknaz xanımın yarı canı da onunla getmişdi.
İndi oğul sözü-söhbətini əvvəlkindən də beşqat artıq iştaha və həvəslə
danışsa da, ürəyini sakit edə bilmirdi. Ramizə halva, şəkər-çörək bişirir,
səbət-səbət meyvə göndərir, həftəbaşı bir bağlama yola salırdı. Söz yox ki,
bu bağlamaları poçtla, adi qayda ilə göndərsə, gecikəcəyini, bəlkə xarab
olacağını güman edirdi. Ona görə hər dəfə Moskva qatarını yola salmağa
çıxır, bağlamanın ya xörəyi tanışlardan birinin kupesinə qoyur, oğluna
teleqram vururdu ki: "Ramiz, ayın fılanında 19-cu qatarı qarşıla. Vaqon
nömrə filan, dostumuz filankəsdə əmanətin var! Öpürəm. Anan!"
Ramiz qəbul olunandan sonra poçtalyonlar inşaat institutuna çox get-gəl
eleyirdilər. Görürdün bu qarabuğdayı oğlana hey kağız, teleqram,
bağlamalar gəlir. Poçtalyonlar onu dərsdə, idman meydançasında, konsert
zalında tapır, tələsik qol çəkdirib gedirdilər. Səhərlər saat doqquzda-onda
isə Ramizi arıq, büzüşmüş bir oğlanla vağzalda - vaqon ayağında
"əmanətini" almağa gələn görərdin. Bu əmanətlər onu, demək olar ki, təngə
gətirmişdi. Gələn əmanəti alıb minik tapmaq, evə gətirmək, açıb yerbəyer
eləmək, taxtanı, torbanı, kağızı aparıb zibilxanaya atmaq özü bir iş idi.
Ramizdə bu səliqəyə hövsələ yox idi. Bir dəfə üzüm səbətini vaqondan
götürüb aparmaq istəyəndə milçəklər boğanaq kimi koma ilə uçdu. Səbətin
altından axan su isə Ramizin təzəcə geyindiyi triko kostyumu buladı.
Ramiz anasına dönə-dönə yazır, telefonla deyirdi ki: "Göndərməyin, heç
şey lazım deyil, xörək də, meyvə də xarab olur, nahaq yerə zəhmət
çəkməyin!"
Buna baxmadan "əmanətlərin" sayı nəinki azalmırdı, hətta günü-gündən
artırdı. Haçandansa, institutda oxuyan, qurtara bilməyən, möhlət alıb,
arxivdə kargüzar vəzifəsi daşıyan köhnə bir tələbə İbiş Məsimov Ramizə bu
işlərdə yaxın köməkçi idi. Hər səhər-axşam İbiş Ramizin mənzilinin əziz
qonağı idi. Onu otaqda kolbasa doğrayan, çay
133
dəmləyən, butulka ağzı açan, yaxmac düzəldən, teatr kassasına zəng vuran
görərdin İbiş Ramizin bazarlığına gedir, bələdçiliyini eləyir, paltarını
yudurdur, münasib qiymətlə çertyojlarının, konspektlərinin surətini
çıxartdırırdı. Kinoya, teatra, stadiona aparırdı. Mənzil sahibilə sözü
çəpləşəndə təzə otaq tapırdı. Ramiz oxumağa gələndən üç dəfə otağını
dəyişmişdi. Atası ünvanların belə tez-tez dəyişməyinə təəccüb edəndə,
Ramiz belə cavab verirdi:
- Birincisində telefon yox idi, ikincisinin hamamxanası xarab idi,
üçüncüsünün radiosu işləmirdi...
- Ola bilməzmi ki, əvvəlcədən bu şərtləri yoxlayasan, ay oğul?
- Bundan sonra yoxlayacağam, yaxşısını tutacağam, ata!
Əlbəttə ki, bu cavabları Ramizə İbiş öyrətmişdi. Ramiz heç vaxt otaq
dəyişmək istəmirdi, buna hövsələsi də, bacarığı, vaxtı da yox idi. Onu
otaqlardan ev sahibləri qovurdular. Ona görə qovurdular ki, gəlib-
getməyinin vaxtı yox idi. Gecə yarısı bir də görürdün İbişlə başmaq seyrinə
çıxdılar, səhərə yaxın qayıtdılar.
Ramizin etirazlarına atası da, anası da təvazökarlıq adı qoyurdular.
Göndərilən xörəklərin, meyvələrin yolda xarab olmamasına isə çarə
axtarırdılar.
Axşam Ərknaz xanım ərinə, necə deyərlər, göydəndüşmə bir sual verdi:
- Kişi, təzə təyyarə çıxıb, xəbərin var?
- Nə təyyarədir?
- Adını bir təhər deyirlər ey!
- Reaktiv təyyarə?
- Həri, aktiv təyyarə, eşitmisən?
- O təzə deyil, neçə ildi var!
- Var, bəs mənə niyə demirsən?
- Sənə nə deyəsiyəm ki?
- De görüm o aktiv təyyarə buradan Moskvaya neçə saata gedir?
- Gərək ki, iki saata gedir.
- Bu yaxşı, belə iş var, mənə niyə demirsən, a sağ olmuş?
- Neyləmək istəyirsən bəyəm?
İki saata mən Ramizə paxla-plov çatdırararn ki, lap buğlana-buğlana!
Ərinin gülməyi, müəyyən bir cavab verməməyi Ərknaz xanımı
hirsləndirdi:
Dostları ilə paylaş: |