92
Qloballaşma dövründə dünyada dillərin, o cümlədən Azərbaycan dilinin sadalanan mənfi təsirlərə
məruz qalmasının getdikcə geniş vüsət alması və sürətlə kütləviləşməsi artıq narahatlıq doğurmağa
başlamışdır. Bunların arasında xüsusi təşviş doğuranı isə inkişafın müasir mərhələsində böyük, çoxsaylı
xalqlara məxsus dillər də daxil olmaqla (alman, fransız, rus, italyan və i.a.), dünya dillərinin əksəriyyətinin
çox güclü yabançı dillərin (daha dəqiq desək, ingilis dilinin) təsirinə məruz qalmasıdır. Bəzi dilçilər və
mütəxəssislər bunun elə bir qorxulu hal olmadığını, dəyişikliklərin yalnız nitqdə baş verərək, dil sisteminin
olduğu kimi qaldığını iddia edirlər. Bəziləri isə hər hansı dilin alınmalarla zənginləşməsinin yalnız anlaşma
və təmasa xidmət etdiyini, bu prosesləri, sadəcə, asanlaşdırdığını bildirirlər. Lakin belə mövqe tərəfdarları
azlıq təşkil edir.
Mütəxəssislərin əksəriyyəti bu problemlə bağlı həcəyan təbili çalır, xüsusən son onilliklərdə (keçən
əsrin sonlarından etibarən) ingilis dilinin sürətlə ön plana çıxması, bütün dünya dilləri arasında lider
mövqelərinə yiyələnərək, başqa dillərin inkişafına güclü təsiri, cəmiyyətin həyatının ən müxtəlif sahələrində
– siyasətdə, iqtisadiyyatda, mətbuatda, kütləvi informasiya vasitələrində, reklamlarda və s. aparıcı dilə
çevrilməsi barədə danışırlar. Bu dilin beynəlxalq münasibətlərdə aparıcı vasitəyə çevrilməsi prosesi XX əsrin
ortalarından başlamış, qlobal şəbəkələrin, internetin yaranması ilə isə görünməmiş bir vüsət almışdır. 90-cı
illərdən isə artıq ingilis dili beynəlxalq münasibətlər və əlaqələr sistemində hegemon dilə çevrilmişdir. Bu
gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada təhsildə, siyasətdə, kommersiyada, ümumiyyətlə, cəmiyyət
həyatının istənilən sahəsində uğur qazanmaq, yüksək zirvə fəth etmək üçün ingilis dilini bilmək tələb
olunmasın. Cəmi 60-70 il bundan əvvəl Avropada əsas millətlərarası təmas dili olan fransız dili indi, hətta
Fransa dövləti tərəfindən dəstəklənməsinə baxmayaraq, əvvəlki mövqelərini itirmiş, inkişaf etmiş digər
ölkələrin dillərinin işlənmə arealı kəskin şəkildə daralmışdır. Keçmiş sosialist düşərgəsi ölkələrinin – Şərqi
Avropa dövlətlərinin Avropa İttifaqına üzv olması ingilis dilinin beynəlxalq təmas vasitəsi qismində
istifadəsini daha da gücləndirmişdir. Artıq Avropada vaxtilə aparıcı mövqelərə malik alman, fransız, ispan
dillərinin ingilis dilindən alınmalarla zəngin «qolları» - Denglish (Germeng), Franglais, Spanglish meydana
çıxmağa başlamışdır. Hətta çin dili də ingilis dilinin təsirinə məruz qalmış, nəticədə, «Çin ingiliscəsi»
(Chinglish) meydana çıxmışdır.
Qeyd olunduğu kimi, ingilis dili beynəlxalq həyatın bütün sahələrində hegemon statusuna yiyələnmiş,
diplomatiya, kommersiya, turizm, hətta məhkəmə sahəsində də aparıcı dilə çevrilmişdir. Onun ayrı-ayrı
xalqların dillərinə təsiri təkzibolunmazdır.
Etiraz etmək olar ki, ingilis dilinin belə hegemonluğu yalnız beynəlxalq münasibətləri, millətlərarası
təmasları ehtiva edir və bu, milli dillər üçün o qədər də təhlükəli bir hadisə deyil. Bir çoxlarında belə bir
əminlik var ki, müstəqil dövlətlər ölkədaxili qanunvericiliklərində milli dillə dövlət dili statusu verməklə,
dilin qorunması, onun ölkə daxilində tətbiqinin məcburiliyi, yabançı dillərə nisbətən üstün dominantlığı ilə
bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməklə milli dili yad təsirlərdən qoruya, onun dinamik
inkişafını təmin edə bilərlər. Dilə dövlət səviyyəsində belə qayğıya ən bariz örnəklərdən biri elə Azərbaycan
Respublikasıdır. Müstəqilliyimizin bərpasında sonra respublikada Azərbaycan dilinə dövlət dili statusu
verilməsi, onun tətbiqinin yaxşılaşdırılması, ölkə daxilində başqa dillərlə müqayisədə üstün mövqedə olması
ilə bağlı qanunlar, dövlət proqramı qəbul edilmiş, sərəncamlar verilmiş, bu sahədə görülən işlərə nəzarət
üçün müvafiq qurumlar qarşısında vəzifələr qoyulmuşdur. Görülən işlər səmərəli bəhrəsini vermiş,
Azərbaycan dilinin dövlət dili kimi tətbiqi yüksək səviyyədə təmin olunmuşdur. Bu səpkili və bu istiqamətdə
tədbirlər dünyanın bir çox ölkəsində yer almışdır. Lakin bu, heç də o demək deyil ki, son zamanlar daha tez-
tez ortaya çıxan «İngilis dili başqa dilləri məhv edəcəkmi?» sualına birmənalı şəkildə və əminliklə «Yox»
cavabını vermək olar.
İngilis dilinin barəsində daha əvvəldə danışdığımız və aşkar xarakterli müdaxiləsindən başqa,
üstüörtülü, gizli təsiri də diqqətdən kənarda qalmamalıdır. Bu təsir isə aşkar təsirdən daha təhlükəlidir və
özünü bir neçə istiqamətdə göstərir.
Birinci istiqamət təhsil sahəsi sayıla bilər. Məlum olduğu kimi, dünyanın aparıcı ali təhsil müəssisələri
arasında ABŞ və İngiltərə universitetləri artıq onilliklərdir ki, aparıcı yer tutmaqdadır və yaxın gələcəkdə hr
hansı bir ölkənin ali təhsil müəssisələrinin onları qabaqlaya bilməsi qeyri-realdır. Həmin universitetlərin
məzunları dünyanın istənilən ölkəsində işlə təmin olunmaqda heç bir çətinlik çəkmir, elmi araşdırmalar
sahəsində aparıcı mövqelərə yiyələnirlər. Təbii ki, bu universitetlərdə təhsil almaq üçün ingilis dilini
mükəmməl bilmək tələb olunur. Tələb təklif yaradır və hər yerdə, o cümlədən Azərbaycanda nəinki tədris
ingilis dilində olan məktəb və liseylər, hətta ingilisdilli uşaq bağçaları açılır. Ali təhsil müəssisələri də bu
prosesdən kənarda qalmır. Dünyada bəlkə də elə bir ölkə yoxdur ki, orada universitetlərdə milli dillə yanaşı,
müxtəlif ixtisaslar üzrə ingilis dilində də təhsil verilməsin. Yenə də etiraz oluna bilər ki, bu, zamanın
tələbidir və ingilis dilini mükəmməl bilmək, bu dildə təhsil almaq gənclərə gələcək karyeralarını qurmaq,