Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə104/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   100   101   102   103   104   105   106   107   ...   137
    Bu səhifədəki naviqasiya:
  • Epizod

 
263
Ədəbi əsərin bütövlüyünün əsas əlaməti ona bitkin, vahid, tamam-
lanmış obraz kimi nəzər salanda meydana çıxır. Qeyri-peşəkar yazıçı 
başladığı fabulanı  nəinki bitirə bilmir, çox zaman əsəri  əsas fabulaya 
dəxili olmayan hadisə və adamların taleyi ilə bitirir. Bu bədii bütövlüyün 
pozulmasıdır. Ona görə də bəzi yazıçılar öz romanlarını yazmazdan əvvəl 
onun fabulası  əsasında müfəssəl plan hazırlayırlar. Belə plan əslində 
əsərin ilkin sxematik variantı olur. Əsərin bütövlüyünü qorumaq və öz 
fantaziyasını cilovlamaq üçün yazıçı ikinci dəfə plan üzrə əsərin hadisələ-
rini mütənasib  şəkildə yazmağa başlayır. Belə plan müəllifi lazımsız 
təfərrüat və epizodlardan qoruyur və onu münasib sonluqla bütövləşdir-
məyi asanlaşdırır. 
Ədəbi  əsərin bütövlüyü anlayışı yazıçının obraz yaratmaq istedadı 
və mədəniyyəti, ölçü hissi ilə bağlıdır. Hər bir obraz isə müəllifin yaradıcı 
istedadının  əsas  şəkli olan bədii abstraksiya prosesinin nəticəsidir. Bədii 
abstraksiya qabiliyyəti olmayan müəllif həyat faktlarını gördüyü kimi, 
eşitdiyi kimi əsərə daxil edir. Bu isə naturalizmdir, həqiqi yaradıcılıq 
prosesi aparmadan, hadisə  və insan obrazlarını, son nəticədə isə bütün 
fabulanı konkret obraz şəklində bədii abstraksiya məhsuluna çevirmədən 
qələmə almaqdır. Bu, bədii bütövlüyün və deməli, həqiqi bədiiliyin güclü 
fantaziyaya əsaslanan yaradıcılıq işinin ortada olmadığını göstərir. 
Belə halda uzun bədii mətn bitkin bədii obraz forması ala bilmir. 
Ona görə  də obraz yaradıcılığı ilə  mətn yaradıcılığı  fərqləndirilməlidir. 
Həqiqi istedad sahibi bitkin və inandırıcı obraza çevrilən mətn yarada 
bilir. Amma adi ədəbiyyat həvəskarı isə dünyanı göstərən  ədəbi mətn 
yaradır. Belə mətndə bədii abstraksiyanın məhsulu olan bütöv və sərhədli 
obrazlılıq çatmır. Ədəbi əsər isə faktların təsviri yox, ilk növbədə, bitkin 
obrazdır, belə obrazların sırasıdır. Bütövlükdə  də dünya obrazının bədii 
təcridlə bitkinləşdirilmiş və tamamlanmış şəklidir.  
 
 
5.4.2. Ədəbi əsərin obraz sırası kimi qurulması.  
Süjet və kompozisiya 
 
Yazıçı  qələmə almaq istədiyi fabulanı  əsərə çevirərkən fantaziya-
sında yaratdığı müxtəlif obraz formalarını, konflikt və  vəziyyətləri 
sıralandırmaqda sərbəstdir. Müəllif qələmə almaq istədiyi hadisələri istə-
dikdə əvvəldən sona, istədikdə isə sondan əvvələ doğru nəql edə bilir. Bu 
yazıçının müəllif niyyətindən, həyat biliyindən, fantaziyasından, hansı 
epizodlara daha artıq  əhəmiyyət verməsindən asılıdır.  Epizod  hadisəni 
təşkil edən ayrı-ayrı hərəkətlər və hissələrdir. 


 
264
Süjet.  Bədii  əsərin yazılması prosesini fabulanın konkret süjetə 
(fransızca: predmet, məzmun) çevrilməsi kimi də  təsəvvür etmək olar. 
Məsələn, sadə bir fabula götürək: şəhərə nabələd bir kişi Bakıya öz oğlunu 
axtarmağa gəlir və onu tapa bilməyib kəndə qayıdır və oğlunu evdə tapır. 
Bu fabulanı qalın bir kitab həcmində  də, balaca bir hekayə kimi də 
yazmaq olar. Amma konkret yazıçı bu süjeti, ilk növbədə, öz qayəsinə və 
həyat biliyinə, yəni  əvvəlcədən malik olduğu material və obraz bazasına 
əsasən qələmə alır. Yazı prosesində yazıçı ağlına gələn epizodların hamı-
sını yazmır, onlar içərisində seçmə aparır, mühüm saymadığı epizodları 
atır, mühüm olanları isə yazır.  Əsər hazır olanda onun mətni müəyyən 
hadisə və epizodların ardıcıllığından ibarət olur: hazır əsərdəki bu hadisə 
və epizod xətti əsrin süjetini təşkil edir. 
Əvvəllər süjet termini müasir elmdə işlənən mövzu (tema: yunanca 
əsas fikir)  termininə yaxın olmuşdur. Bu iki termində  mənaca bağlılıq 
vardır: süjet əsərin əsasında duran hadisələri bildirməklə onun mövzusuna 
müəyyən qədər işıq salmış olur. Mövzu termini əsərdəki hadisələrin insan 
və  cəmiyyət həyatının hansı sahəsinə aid olduğunu göstərməyə xidmət 
edir.  Əsərləri adətən  məhəbbət, qəhrəmanlıq, tarixi, əmək, bioqrafik, 
inqilabi, ailə məişət, elmi, səyahət və s. mövzulara aid edirlər. 
Süjet  əsasən hadisələrin inkişaf xəttidir, onların sıralanmasıdır. 
Süjet yaratmaq ustalığı yazıçının fəhmlə apardığı seçimlə müəyyən 
olunur. Yığcam hekayə ustası olan E.Hemenquey deyirdi ki, yazıçı yazı 
zamanı çox şeyi yazmaya bilər, buraxa bilər, amma bir şərtlə ki, o nələri 
buraxdığını aydın bilsin. Bu qeyd süjetqurma prosesində fantaziyanın və 
seçimin rolunu qeyd edir: yazıçı tanımadığı şəhərdə oğlunu axtaran atanım 
sərgüzəştlərini min epizod kimi də yaza bilər, on epizod kimi də. Yaxşı 
yazıçı epizodları azaltmağa və bununla obrazın konkretliyini və görümlü-
lüyünü artırmağa çalışır. Söz obrazın təbiəti yığcamlıq sevir, o nə  qədər 
yığcam olsa, daha əsan təsəvvürə gəlir.  
Ədəbiyyatşünaslıqda süjet termini çox vaxt fabulaya yaxınlaşır və 
ya onunla eyniləşir. Bu terminlər şərti və bir-birinə yaxındır. O biri tərəf-
dən, kiçik hekayə janrında, yığcam süjetli digər  əsərlərdə yazıçının  əsər 
üzərində düşünərkən qurduğu fabula ilə  əsər hazır olandan sonra alınan 
süjet yaxın olur. Ona görə də bir çox hallarda süjet həm də fabula məna-
sında işlənən termin olur. Əgər yazıçı əsəri yazmadan yeni süjet tapdığını 
deyirsə, bu halda o, süjet terminini həm də fabula mənasında işlədir. 
Süjet  ədəbi  əsərdə obrazların ardıcıllığını  əks edən bir anlayışdır. 
Ona görə  də  qədimlərdən bəri yaradıcılıqda süjetlərin roluna xüsusi 
əhəmiyyət verilib. Dini ədəbiyyat erasında bütün süjetlər müqəddəs kitab-
lara əsaslanırdı. Müqəddəs kitaba aidlik bir növ süjetin mədəni əhəmiyyə-


 
265
tini və statusunu təyin edirdi: şair Yusif və Züleyxa əhvalatını yazırdısa, 
hamı bu süjetin Bibliya və ya Qurandan götürüldüyünü bilir və buna görə 
həmin süjetə ortodoks dindarlar belə irad söyləyə bilməzdilər. Ədəbiyyat 
və  sənətə  şübhə ilə yanaşan müsəlman ortodoksları üçün süjetlərin 
qurandan götürülməsi və ya daha qədim kitablardan götürülməsi onların 
mədəni və estetik statusunu və dəyərini göstərirdi. 
Lakin intibah dövründən başlayaraq süjet yaradıcılığının dini 
kitablardan uzaqlaşması baş verir: intibah klassikləri antik ədəbiyyata və 
qədim tarix kitablarına, xronikalara üz tutur və orada süjetlər götürürdülər. 
Farsdilli  ədəbiyyat Quranla bağlı olmayan süjetləri Firdovsinin “Şahna-
mə”sindən, qərb intibahı xadimləri isə antik müəlliflərdən götürürdülər. 
Məsələn, Vilyam Şekspirin süjetlərinin çoxu tarixi xronikalardan götürül-
müşdür. Deməli, hələ intibah dövründə də süjetin (indiki terminlə mövzu-
nun) dini olmasa da digər qədim və mötəbər kitablardan götürülməsi onun 
mədəni əhəmiyyətini xeyli dərəcədə təyin edirdi. 
Yalnız romantizm və realizm erasında insanların adi və gündəlik hə-
yatları ədəbi əsər süjeti üçün yararlı, estetik baxımdan dəyərli sayılmağa baş-
ladı. Bu isə ədəbiyyatın predmetinin tarixi insana tərəf dönüşü ilə bağlı idi. 
Geniş  mənada götürəndə süjet də obraz formalarından biridir və 
digər obraz formaları kimi ədəbi tərəqqi boyu dəyişmişdir, təkamül 
etmişdir. Ona görə  də tarixi aspektdə götürülən süjet janr nəzəriyyəsinin 
və tarixi poetikanın əsas anlayışlarından biridir. Müxtəlif ədəbiyyatşünas-
lıq məktəbləri, xüsusilə mifoloji və formalist məktəblər müxtəlif  ədə-
biyyatlarda və  əsərlərdə özünü göstərən gəzəri və  təkrarlanan süjetləri 
araşdırmağa çalışmış, onların köklərini, ilk mənbəyini axtarmışlar. Nəticə-
də süjetlərin qədim kökləri olduğu, bunların isə insan həyatının ümumi 
tərəflərini əks etdiyi üzə çıxıb. Sevgi, xəyanət, qəhrəmanlıq və s. ilə bağlı 
süjetlərin təkrarlanması onların bütün adamlara və  cəmiyyətlərə  məxsus 
əxlaqi təzahürlər və ehtiraslar olması ilə bağlıdır.  Ədəbiyyatşünaslıq 
tarixində süjetləri məzmun və hadisəlik cəhətdən araşdırıb sistemləşdir-
mək təşəbbüsləri çox olmuşdur. 
XX  əsrin  əvvəllərində “fikir axını”  ədəbiyyatında süjetin rolunu 
azaltmaq, təhkiyəni fikir assosiasiyası  və axını üzərində qurmağa cəhd 
edildi. Lakin bu ədəbiyyat tarixində eksperiment kimi qaldı: süjetsiz nəsr 
əsərlərini oxumaq oxucu qavrayışı üçün çətinliklər yaradır, ona görə “fikir 
axını” nəsri elitar bir ədəbi yol olaraq qaldı, XX əsrin ikinci yarısında gər-
gin süjetli detektiv janrına geniş maraq ədəbi yaradıcılıqda və onun qav-
rayışında süjetin fundamental əhəmiyyətini təsdiq etdi. Müasir kino 
nəsrinin inkişafı da süjetin əhəmiyyətini təsdiqləyir və onun hətta artdığını 
nümayiş etdirir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə