Müasir Azərbaycan dili
229
Baş üzvlərdən biri əsasında qurulan sadə
cümlələrə təktərkibli cümlələr deyilir.
Təktərkibli cümlələr iki növə ayrılır:
1.Xəbər əsasında qurulan təktərkibli cümlələr;
2. Mübtəda əsasında qurulan təktərkibli cümlələr.
Xəbər əsasında qurulan təktərkibli cümlələr mübtədanın
təsəvvür dərəcəsindən asılı olaraq qeyri-müəyyən şəxsli,
ümumi şəxsli, şəxssiz cümlələr olmaqla üç növə ayrılır.
Mübtəda əsasında qurulan təktərkibli cümlələr isə adlıq
cümlələr adlanır. Beləliklə, dilimizdə təktərkibli cümlələrin
qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz, adlıq cümlələr
olmaqla dörd növü qeyd edilir.
Xəbər əsasında formalaşan təktərkibli cümlələrdə
bütün ikinci dərəcəli üzvlər iştirak edə bilər. Adlıq
cümlələrdə bu cəhət məhduddur – yalnız təyin və
determinant üzvlər (zaman, yer zərflikləri və s.) işlənə bilir.
Xəbər əsasında qurulan
təktərkibli cümlələrdə
müəyyən bir iş, hərəkət, hadisə haqqında məlumat verilir,
bir şey soruşulur, biri işə təhrik edilir. Adlıq cümlələrdə
yalnız əşya və hadisələrin adı çəkilir, onun haqqında əlavə
məlumat verilmir.
Təktərkibli cümlələr cüttərkibli cümlələrlə
müqayisədə az işlənsə də, qısalığı, emosionallığı ilə fikir
ifadəsində mühüm yer tutur.
Qeyd. Dilçilikdə xəbər əsasında formalaşan təktərkibli
cümlələr adlandırılarkən şəxs terminindən qrammatik şəxs
mənasında istifadə edilir. Belə cümlələrdə həqiqi şəxs iştirak edə
bilər. Lakin cümlə təktərkibli cümlə olar. Məsələn, Qədiri
gülmək tutdu. – cümləsində şəxs (Qədiri) olduğu halda, cümlə
şəxssiz cümlə hesab edilir. Şəxssiz, qeyri-müəyyən şəxsli, qeyri-
müəyyən mübtədalı terminlərində qrammatik şəxs, yəni
mübtəda nəzərdə tutulur. Başqa sözlə, şəxssiz - mübtədasız,
qeyri-müəyyən şəxsli - qeyri-müəyyən mübtədalı, ümumi şəxsli-
ümumi mübtədalı deməkdir.
Gülarə Abdullayeva
230
Qeyri-müəyyən şəxsli cümlələr. Mübtədasız təktərkibli
sadə cümlənin növlərindən biri qeyri-müəyyən şəxsli
cümlələrdir. (Bu cümlələrdə işin icraçısı
qeyri-müəyyən
olur və cümlədə öz ifadəsini mübtəda şəklində tapa bilmir.
İcraçı şəxs konkret olmasa da, formal olaraq təsəvvürə
gətirilə bilir).
Bir və ya bir neçə qeyri- müəyyən şəxs
tərəfindən icra edilən iş və hərəkəti bildirmək üçün
işlədilən təktərkibli sadə cümlələrə qeyri- müəyyən şəxsli
cümlə deyilir. Bu cümlələrin ifadə etdiyi iş və hərəkətin
əksər halda icraçısı olur – iş bir və ya bir qrup şəxs
tərəfindən icra edilir. Lakin cümlədə əsas məqsəd işin
icraçısını deyil, icra edilən işi nəzərə çatdırmaq olduğundan,
həmin
şəxslər bir subyekt, bir mübtəda kimi cümlədə öz
ifadəsini tapa bilmir, qeyri-müəyyən şəkildə qalır və
cümlənin qeyri- müəyyən şəxsli cümlə kimi formalaşmasına
səbəb olur. Belə cümlələrin xəbəri həmişə üçüncü şəxsin
cəmində əksərən indiki, qeyri-qəti gələcək zamanlarda,
bəzən də şühudi keçmişdə, qəti gələcək zamanda olur.
Məsələn,
Fevralın iyirmi səkkizində axşam saat altıda
Yeqorovu örtülü karetada bir evə gətirdilər. (S.Rüstəmxanlı)
Gəlinlərin Tehranda yaşayıb, Tehranda da oxuduqlarını
söylədilər. (M.S.Ordubadi)
Qeyri-müəyyən şəxsli cümlələrdə qeyri-müəyyənlik
dərəcəsi müxtəlif olur:
1. İcraçı həm dinləyənə, həm də danışana məlum olduğu
məqamlarda da bəzən bu cümlə tipindən istifadə olunur.
Məsələn,
Sənə deyirlər danışma.
2. Bəzən işin icraçısı danışana məlum olur, lakin qarşı
tərəfi işra olunan işə yönəltmək əsas məqsəd olduğundan
mübtədanın cümlədə işlənməsinə ehtiyac olmur
və qeyri-
müəyyən şəxsli cümlə yaranır:
Səni telefona çağırırlar.
3. İşin icraçısı nə danışana, nə də dinləyənə məlum olur:
Gecə evinə girib bütün qiymətli şeylərini oğurlayıblar.
Müasir Azərbaycan dili
231
4. Bəzən qeyri-müəyyən şəxsli cümlələr irreal (qeyri-
real) hərəkəti bildirir. Məsələn,
Elə bil başına bir qazan qaynar
su tökdülər.
Qeyri - müəyyən şəxsli cümlələr müxtəsər və geniş
olur. Müxtəsər qeyri- müəyyən şəxsli cümlələr yalnız
xəbərdən ibarət olur və əksər halda tabeli mürəkkəb
cümlələrdə baş cümlə kimi işlənir. Məsələn,
Deyirlər,
Bakıda yaman neft çıxarırlar. (M.İbrahimov) Xəbər
gətirdilər ki, Xoy, Mərənd xanları Maku sərdarını sizinlə
vuruşmağa razı salıblar. (P.Makulu)
Qeyri-müəyyən şəxsli cümlələr tabeli mürəkkəb
cümlənin budaq cümlə komponenti də ola bilər. Məsələn,
A başına dönüm, divanbəyiyə ərz elə ki, bu dərəyə Fındıqlı
dərəsi deyirlər.(M.F.Axundzadə)
Bəzən həm baş, həm də budaq cümlə qeyri-müəyyən
şəxsli cümlə ola bilir. Məsələn,
Aqili buraxsalar, bizi Bakıdan
köçürərlər.(Y.Səmədoğlu)
İkinci dərəcəli üzvlər - tamamlıq,
təyin və zərfliklər
qeyri-müəyyən şəxsli cümlələrin genişlənməsinə səbəb olur.
Məsələn,
Məni gözümün ağı-qarası bircə qızıma həsrət
qoymaq istəyirlər. (İ.Əfəndiyev) Xançobana toy etdilər.
(İ.Əfəndiyev) Ötürməyə gələnlərdən heç kəsi gəmiyə
buraxmırdılar. (M.Hüseyn) Mələk xanıma ərinin ertəsi gün
yenə bir böhtana düşdüyünü xəbər verdilər. (R.N.Güntəkin)
Qeyri-müəyyən şəxsli cümlələr də bütöv və yarımçıq
ola bilər. Əgər üzvlərindən biri və ya bir neçəsi buraxılarsa,
yarımçıq, bütün üzvləri yerində olarsa, bütöv qeyri-müəyyən
şəxsli cümlələr formalaşır. Bu cümlələrdə mübtədanın
olmaması yarımçıqlıq deyil, təktərkiblilik yaradır.
Qeyd. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri, bir qayda
olaraq, III şəxsin cəmində olur. Lakin xəbəri III şəxsin cəmində
ola bütün cümlələrə qeyri-müəyyən şəxsli cümlə demək olmaz.
Belə cümlələr həmçinin cüttərkibli bütöv (Bacı-qardaş düşərgədə
səs-səmir kəsilənə qədər beləcə uzandılar (İ.Şıxlı)), cüttərkibli
Gülarə Abdullayeva
232
yarımçıq (Onlar yaxınlaşdılar. Hər tərəfdən ayğırı dövrəyə aldılar.
(F.Kərimzadə)), ümumi şəxsli (İşləməyənə tənbəl deyərlər. (Atalar
sözü)) cümlə də ola bilər.
Ümumi şəxsli cümlələr.
Hamıya, hər yerdə, həmişə
aid olan iş, hal, hərəkət, hadisə və hökm bildirən təktərkibli
cümlələrə ümumi şəsxli cümlə deyilir.
Ümumi şəxsli cümlələr hamıya aid olan, hər yerdə,
həmişə müşahidə edilən, bir qayda şəklini almış iş, hərəkət
və hadisəni, ümumiləşmiş şəxsi bildirir. Ona görə də
təktərkibli cümlənin bu növü əksər
halda atalar sözü və
məsəllərdən, hikmətli sözlərdən, aforizmlərdən, müxtəlif
monolit cümlələrdən ibarət olur.
Ümumi şəxsli cümlələrin xəbəri ikinci şəxsin təkində,
üçüncü şəxsin cəmində, bəzən də birinci şəxsin təkində
olur. Məsələn,
Sözün doğrusunu zarafatla deyərlər. (Atalar
sözü) Yıxılana balta çalmazlar. (Atalar sözü))
Ümumi şəxsli cümlələrin xəbəri aşağıdakı fel formaları
ilə ifadə olunur:
1. Xəbər əmr şəklinin birinci şəxs təkində olur. Belə
ümumi şəxsli cümlələr az müşahidə olunur. Məsələn
, Adımı
sənə qoyum, səni yana-yana qoyum. (Atalar sözü) Özümə
yer eyləyim, gör sənə neyləyim. (Atalar sözü)
2. Xəbər dah çox əmr,
az halarda xəbər, vacib, arzu
və şərt şəkillərinin ikinci şəxs təkində olur. Məsələn,
Sözü
de ağzın isti ikən.(S.Rüstəmxanlı) Sözü ağzında bişir, sonra
çıxart. (Atalar sözü) Sözü yaxşı anla, sonra get banla. (Atalar
sözü)
3. Xəbər qeyri-qəti gələcək zamanlı xəbər şəklinin III
şəxs cəmində olur:
Cücəni payızda sayarlar. (Atalar sözü) Bu
günün işini sabaha qoymazlar. (Atalar sözü) Sözün doğrusunu
zarafatla qeyərlər.(Atalar sözü) Sözü sözdən alarlar. (Atalar
sözü) Cavan olanda bəyəm sözə baxmazlar? (M.İbrahimov)
Qonaq çörək yeyəndə ağzına baxmazlar. (İ.Hüseynov)