Müasir Azərbaycan dili
225
Sadə cümlələr
və onların təsnif prinsipləri
Üzvlənən sadə cümlələr. Sadə cümlələr bir
predikativ mərkəzdən ibarət olan cümlələrdir. Belə cümlələrin
müxtəlif struktur -semantik tipləri vardır. Bunlardan bəziləri
asanlıqla cümlə üzvlərinə parçalanır, bir, iki və daha çox
cümlə üzvündən ibarət olur. Elə cümlələr də vardır ki,
onları cümlə üzvlərinə ayırmaq olmur. Bu cəhətdən sadə
cümlələri iki qrupa bölmək olar: 1. Üzvlənən sadə
cümlələr. 2. Üzvlənməyən sadə cümlələr.
Fikrin əsas ifadə vasitələri üzvlənən cümlələrdir.
Sadə və mürəkkəb cümlələrin bütün növləri,
bütün təsnif
prinsipləri üzvlənən cümlələr üzərində aparılır. Üzvlənməyən
cümlələr də yalnız üzvlənən cümlələrin köməyi ilə (bəzən
də situasiya ilə) məna ifadə edir. Üzvlənməyən cümlələrin
iki növü vardır: söz cümlələr, vokativ cümlələr.
Azərbaycan dilində üzvlənən sadə cümlələr müxtəlif
prinsiplər əsasında təsnif edilərək rəngarəng növlərə bölünür.
Cümlə üzvlərinin iştirakını nəzərə almaqla sadə
üzvlənən cümlələri aşağıdakı kimi təsnif etmək olar:
1. Baş üzvlərin iştirakına görə. Cüttərkibli cümlələr,
təktərkibli cümlələr.
2. Baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərin də
iştirak edib-etməməsinə görə: geniş cümlələr, müxtəsər
cümlələr.
3. Fikrin ifadəsi üçün lazım olan üzvlərin iştirak edib-
etməməsinə görə:
bütöv cümlələr, yarımçıq cümlələr.
Hər iki baş üzvün iştirakı ilə qurulan cümlələrə
cüttərkibli, baş üzvlərdən yalnız birinin iştirakı ilə formalaşan
cümlələrə isə tərktərkibli cümlələr deyilir.
Baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlər də (bir və
ya bir neçə) iştirak edən cümlələrə geniş cümlələr, yalnız
Gülarə Abdullayeva
226
baş üzvlərdən ibarət olan cümlələrə isə müxtəsər cümlələr
deyilir. Elə cümlələr də olur ki, həmin cümlədə fikri ifadə
etmək üçün lazım olan bütün üzvlər bilavasitə iştirak edir. Belə
cümlələrə bütöv cümlələr deyilir. Bu üzvlərdən biri və ya bir
neçəsi buraxıldıqda yarımçıq cümlələr yaranır.
Cüttərkibli cümlələr və onların quruluş
xüsusiyyətləri. Baş üzvlərin hər ikisinin iştirakı ilə
qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir. Bu
cümlələrdə adətən fikir predmeti mübtəda və ya mübtəda
qrupu
şəklində, fikir predmetinin hərəkət və əlaməti xəbər
və ya xəbər qrupu şəklində ifadə olunur.
Məsələn,
Mən
sizin belə düşünməyinizdən də incimirəm. (İ.Əfəndiyev)
Gülmirənin marağı daha da artdı. (Ə.Hacızadə) Cüttərkibli
cümlələrdə əksər halda mübtəda məntiqi subyektə, xəbər
məntiqi predikata uyğun gəlir. Cümlə geniş olduqda iki
zonaya, yəni mübtəda və xəbər zonasına ayrılmış olur.
Mübtəda ona aid olan üzvlə-təyinlə birlikdə mübtəda
zonasını, xəbər isə ona aid olan üzvlərlə: tamamlıq, zərflik
və təyinlə birlikdə xəbər zonasını əmələ gətirir. Məsələn,
Havada süzən iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb,
həyətin ortası ilə tövləyə doğru süründü. (İ.Şıxlı)- cümləsində
subyekt mübtəda zonasına
(Havada süzən iri bir çalağanın
kölgəsi), predikat isə xəbər zonasına
(çəpərin üstündən aşıb,
həyətin ortası ilə tövləyə doğru süründü.) uyğun gəlir.
Cüttərkibli cümlələr dildə ən çox işlənən cümlə
növüdür, buna görə də bədii əsərlərin dilində böyük
üstünlük təşkil edir.
Qeyd
etdiyimiz kimi, cüttərkibli cümlələrin
qurulmasında hər iki baş üzvün iştirakı vacibdir. Lakin
bəzən təkrara yol verməmək, fikri sadə, səlis və yığcam
ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda
bilavasitə cümlədə iştirak etmir. Bu cür cümlələrin
mübtədasını mətnə əsasən asanlıqla bərpa etmək
olduğundan, onlar da cüttərkibli cümlə hesab edilir. Məsələn,
Müasir Azərbaycan dili
227
Bu fikirlərdən Zərnigar xanım dəhşətə gəldi. Suyun soyuq
havasını üzündə hiss edib geri çəkildi. (İ. Şıxlı) – cümlələrindən
birincisində mübtəda
(Zərnigar xanım) iştirak etmiş, ikinci
cümlədə onu təkrarlamağa ehtiyac olmamışdır. Əvvəlki
cümləyə əsasən, bu cümlənin mübtədasını müəyyənləşdirmək
və bərpa etmək mümkün olur. Bu cür cümlələr mübtədası bərpa
edilə bildiyi
üçün cüttərkibli, buraxıldığı üçün yarımçıq cümlə
adlanır. Yersiz təkrara yol verməmək üçün, bədii əsərin
dilinin gözəlliyi, səlisliyi, bədiliyi, sadə və yığcamlığını
təmin etmək üçün belə cümlələrdən bədii əsrlərdə çox istidafə
olunur. Lakin I, II şəxsin tək və cəmində olub
mən, sən,
biz, siz sözləri ilə ifadə olunan mübtədalar da buraxıla
bilir. Belə cümlələrin mübtədasını müəyyənləşdirmək üçün
mətnə ehtiyac olmur. Xəbərdəki şəxs sonluğu bunu
aydınlaşdırmağa imkan verir. Məsələn,
Ovçuluğa meyl
saldım, Gecə-gündüz çöldə qaldım (S.Vurğun). Bu
cümlələrdə
mən mübtədası işlənməmişdir. Belə cümlələrin
cüttərkibli və ya təktərkibli olması barədə türkologiyada
müxtəlif fikirlər vardır. Bəzi alimlər belə cümlələri
təktərkibli müəyyən şəxsli cümlələr adlandırır. Əslində, belə
cümlələr cüttərkibli, həm də bütöv cümlələrdir.
Üçüncü şəxs bütün canlı və cansız varlıqları əhatə
etdiyindən həmin şəxsdə olub, buraxılmış mübtədanı yalnız
mətnə əsasən dəqiq müəyyənləşdirmək mümkündür.
Məsələn,
Baxır. - cümləsinin mübtədasını mətni və ya
situasiyanı nəzərə almadan dəqiq müəyyənləşdirmək olmaz.
Ona görə də, belə cümlələr yarımçıq sayılır, daha doğrusu,
cüttərkibli yarımçıq cümlə hesab olunur.
Müxtəsər və geniş cüttərkibli cümlələr. Cüttərkibli
cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görə müxtəsər və
geniş olur. Müxtəsər cüttərkibli cümlələr yalnız baş üzvlərdən:
mübtəda və xəbərdən ibarət olur. Məsələn,
Yağış yağırdı.
Havalar istiləşdi. Suyun üzü titrədi.
Gülarə Abdullayeva
228
Bəzən müxtəsər cüttərkibli
cümlənin baş üzvləri
ismi və feli birləşmələrlə ifadə olunur, cümlənin həcmi
böyüyür, cümlə zahirən geniş cümləyə oxşayır, lakin
müxtəsər olaraq qalır. Məsələn,
Hamıdan çox sevinən
Qulunun uşaqları oldu. (Ə.Haqverdiyev) Məni narahat edən
sizin belə düşünməyinizdir. (İ.Əfəndiyev)- cümlələri yalnız
baş üzvlərdən ibarət müxtəsər cümlələrdir.
Cüttərkibli cümlələr feli və ismi xəbərli, təsdiq və
inkar ola bilər.
Müxtəsər cümlələrdə baş üzvlərin ətrafında ikinci
dərəcəli üzvlər (
təyin, tamamlıq və zərflik) toplanmaqla
geniş cümlə əmələ gəlir. Tərkibindəki ikinci dərəcəli üzvə
görə geniş cümlələri də müxtəlif cür qruplaşdırmaq olar
Prof. Q.Ş.Kazımov yazır ki, sadə geniş cümlənin
100-dən artıq quruluş modeli vardır. Bunlardan nümunə
üçün bir neçəsini qeyd etmək olar:
təyin + mübtəda +
xəbər; mübtəda + təyin + ismi xəbər; mübtəda + vasitəli
tamamlıq + xəbər; mübtəda + tərz zərfliyi + xəbər;
mübtəda + zaman zərfliyi + xəbər; mübtəda + yer zərfliyi +
xəbər; mübdəta + səbəb zərfliyi + xəbər; mübtəda +məqsəd
zərfliyi + xəbər; təyin + mübtəda + vasitəsiz tamamlıq+
xəbər; təyin + mübtəda + vasitəli tamamlıq + vasitəsiz
tamamlıq+ xəbər; təyin + mübtəda + vasitəli tamamlıq +
vasitəsiz tamamlıq + tərz zərfliyi + xəbər və s. Baş üzvlərlə
ikinci dərəcəli üzvlərin bu cür əlaqəsi sadə geniş cümlə
modellərinin rəngarəngliyini üzə çıxarır. (4, səh. 179)
Təktərkibli cümlələrin quruluş xüsusiyyətləri.
Cüttərkibli cümlələrdən fərqli olaraq, təktərkibli cümlələr
baş üzvlərdən yalnız biri əsasında formalaşır. Digər baş
üzvə ehtiyac qalmır. Məsələn,
Payızın ilk günləri idi.
(İ.Şıxlı)
Şirəlinin evləndiyi
zamandan
çox
keçir.
(S.Rüstəmxanlı) Bu cümlələr baş üzvlərdən yalnız xəbərin
iştirakı ilə qurulmuşdur. Burada mübtəda yoxdur və onun
bərpası mümkün deyildir.