Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə31/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
Mühazirələr 2021

Şifahi (akustik) nitq − cəmiyyətin tərəqqisi ilə əlaqədar tarixən inkişaf edərək ilk mövcud olduğu vəziyyətdən fərqlənmişdir. Nitqin bu forması zaman-zaman təkmilləşərək cilalanmışdır. Çağdaş şifahi nitqimiz kifayət qədər zəngin, səlis və aydındır. Bu nitq vasitəsilə mürəkkəb fikirləri ən incə çalarlarınadək asanlıqla ifadə etmək mümkündür. Lakin fikrin ifadə vasitəsi olan dil yalnız şifahi formada fəaliyyət göstərsə, o halda ünsiyyət birtərəfli inkişaf edər. Nəticədə isə dil özünün kommunikativ funksiyasını məhdudlaşdırmış olar. Əslində isə ünsiyyətin bu iki forması biri digəri vasitəsilə inkişaf edən, biri o birini tamamlayan vahid kommunikasiyaya xidmət edən vasitələrdir. Odur ki, insanlar bir-birini başa düşmək, bir-biri ilə fikir mübadiləsi etmək məqsədi ilə səsli dildən istifadə etdikləri kimi, səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemi olan yazıya da müraciət etmişlər. Bu səbəbdən də nitqin iki forması yaranmışdır: a)şifahi (akustik) nitq; b)yazılı (optik) nitq. Bu nitq formalarının hər birinin özünə məxsus əlamət və xüsusiyyətləri vardır.

Şifahi və yazılı nitqin oxşar və fərqli xüsusiyyətləri

Oxşar cəhətləri:

1. Nitqin hər iki forması-həm şifahi, həm yazılı nitq ünsiyyətə xidmət edir, kommunikativ vəzifəyə malik olur;

2. Ədəbi dilin fonetik, leksik və qrammatik normaları nitqin hər iki formasına eyni dərəcədə aiddir;

3. Nitq mədəniyyətinə verilən tələblər hər ikisi üçün səciyyəvidir;

4. Yüksək səviyyəli nitq üçün müəyyən edilmiş şərtlər (prinsiplər) həm şifahi, həm də yazılı nitqə tətbiq edilir;

5. Natiqlik sənətinə məxsus olan əlamətlər: auditoriya üçün anlaşıqlı olmaq, mətləbdən uzaqlaşmamaq, əvvəlcədən nitqə hazırlaşmaq və s. hər iki nitq forması üçün də xarakterikdir.

Lakin bu ümumi cəhətlərin və oxşar əlamətlərin olmasına baxmayaraq, şifahi və yazılı nitqi bir-birindən kəskin şəkildə fərqləndirən xüsusiyyətlər də vardır. Həmin xüsusiyyətlər aşağıdakılardır:

Fərqli xüsusiyyətləri:

1. Şifahi nitq yazılı nitqdən çox əvvəl meydana gəlmiş və işləkliyinə görə yazılı nitqdən aktivdir;

2. Şifahi nitqi səciyyələndirən vacib əlamətlərdən biri onun birbaşa, canlı şəkildə ünsiyyətin vasitəsi olması və müsahibə ünvanlanmasıdır. Deməli, bu nitq prosesində iki tərəf-danışan və dinləyən iştirak edir;

3. Şifahi nitqin leksikasında hamı üçün anlaşıqlı olan ümumişlək söz və ifadələrdən daha çox istifadə edilir;

4. Şifahi nitqdə nitqin növündən (dialoji və monoloji) asılı olmayaraq, danışıq dilinin xüsusiyyətləri qorunaraq qısa replikalardan və yarımçıq cümlələrdən geniş şəkildə işlədilir. Bu baxımdan da cümlələr müxtəsər və quruluşca əsasən sadə olur;

5. Şifahi nitqdə nitqin ifadəliliyini artıran, onu canlı və təsirli danışığa çevirən vasitələrdən: intonasiya, fasilə, vurğu, tembr və s. istifadə edilir;

6. Şifahi nitqdə fikrin daha düzgün və aydın ifadəsi üçün, həm də asan anlaşılması məqsədilə jest və mimikadan da intonasiyanın tələbinə uyğun şəkildə istifadə olunur;

7. Şifahi nitqin tempi çox sürətli olur. Adi halda (normalda) insan bir dəqiqədə 80-100 söz tələffüz edə bilər. Peşəkar natiqlər isə 120-dən çox söz tələffüz edirlər.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə