Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

 
1. Türk tayfa xüsusiyyətlərini itirməklə tədricən Azərbaycan keyfiyyəti və sistemi müəyyənləşmiş 
dialekt və şivələr — bu "nitq fəaliyyəti", demək olar ki, yazılı mənbələrdə əksini tapmamış, ancaq şifahi 
məhəlli ünsiyyətə xidmət etmişdir.
 
 II. 
Dialektfövqü 
ümumünsiyyət dili — bu "nitq fəaliyyəti" forması  qədim köklərə malik olub, 
dialekt və  şivələrin ideal təmərküzləşməsi ilə getdikcə daha çox Azərbaycan keyfiyyəti daşıyır: 
normalılığı ləhcə səviyyəsi ilə şifahi ədəbi dil (şifahi xalq ədəbiyyatının dili) səviyyəsi arasında tərəddüd 
edir. Yazılı mənbələrdə müəyyən qədər əks olunmuşdur, lakin yazı üçün deyil və həmin ifadə formasında 
dilin kommunikativ funksiyası ilə poetik funksiyası qarşılıqlı əlaqədə mövcuddur.
 
 
III. Türkinin müxtəlif diferensial səviyyələrdə (və bir-biri ilə bilavasitə genetik əlaqədə) olan 
formaları, xüsusilə Qafqaz-Kiçik Asiya türkisi — ancaq yazıda işlənir.
 
 IV. 
Nəhayət, milli ədəbi dil — həm şifahi, həm də yazılı formada mövcuddur.
 
 
Şübhəsiz, XVIII əsrdə "nitq fəaliyyəti"nin həmin formalarından ən ədəbisi və perspektivilisi IV-
dür — II və III formalar bir sıra mənbələrdə IV ilə qarışır. Hətta onları bir-birindən seçmək çətin olur. I 
forma həm II, həm də IV formanın etnik-sosioloji əsasında dayanır, III forma isə həmin əsasdan, ümu-
miyyətlə, məhrumdur və xüsusilə  bədii üslub sahəsində  tənəzzül dövrü keçirir. Funksional üslubların 
formalaşması, əsasən, IV formanın diferensiallaşması ilə bağlı olsa da, II və III formaların materialı bu və 
ya digər dərəcədə həmin prosesdə iştirak edir.
 
 XVIII 
əsrdə Azərbaycan türk ədəbi dili daxili və xarici bir sıra qeyri-türk mənşəli ədəbi və qeyri-
ədəbi dillərlə kontaktda inkişaf edir, lakin konkret münasibətlərlə irəlidə görəcəyimiz kimi, həmin 
kontaktlar Azərbaycan türk ədəbi dilinin məzmununa və perspektivinə əsaslı bir təsir göstərmir, əksinə, 
əvvəlki  əsrlərdə Qafqaz—Kiçik Asiya türkisinə olan ərəb və fars təsirləri yeni dövrdə öz dinamizmini
intensivliyini itirir: milli ədəbi dil təşəkkül tapmaq ərəfəsində olan millətin daxili-mənəvi keyfiyyəti kimi 
təzahür edir. 
 
*   *  

 
 XVIII 
əsr Azərbaycan türk ədəbi dilinin mənbələri, birinci növbədə, dilin demokratizmi 
baxımından diqqəti cəlb edir. Əlbəttə, demokratizm, yaxud müəyyən mənada sərbəstlik mənbələrin dilini 
normativlikdən çıxarmır, söhbət ondan gedir ki, həm fonetik, həm leksik, həm də qrammatik norma xalq 
dili  əsasında yenidən təşkil olunur; belə ki, XIII—XVI əsrlərin yazı dili ən geci XVI əsrin sonu, XVII 
əsrin əvvəllərində şifahi ədəbi dillə (şifahi xalq ədəbiyyatının dili ilə) əlaqəsini tədricən itirmişdi, şifahi 
ədəbi dil Azərbaycan ərazisindəki dialektlərin konsenstrasiyası hesabına xəlqiləşdiyi (və regionallaşdığı) 
halda, yazı dilində türkinin müxtəlif regional təzahürləri güclü idi, Şərq dillərinə  məxsus elementlərin 
funksionallığı mühafizə edilirdi. 
 XVII 
əsrin  əvvəllərindən etibarən bu və ya digər mənbənin Azərbaycan türk dilində olub-
olmaması mübahisə törətmir, halbuki XIII—XVI əsrlərdə  mənbələrin dil mənsubluğu bir sıra hallarda 
mübahisəlidir, — XVIII əsr Azərbaycan türk ədəbi dilinin mənbələri, bir qayda olaraq, milli 
mədəniyyətin faktıdır. Yazı  mənbələrinin məzmunu getdikcə daha ardıcıl  şəkildə yerli ictimai-tarixi 
münasibətlərin avtonomiyasına tabe olur,
 
— bu cəhət mənbələrin həm meydana çıxma, həm də yayılma 
coğrafiyasına təsir edir, belə ki, XVII əsr Azərbaycan yazı  mənbələri Zaqafqaziyadan kənara çıxmır 
(hazırda heç bir tədqiqatçı həmin mənbələri nəinki, məsələn, Hindistanda, heç Türkiyədə də axtarmır, — 
söhbət həmin tarixi-filoloji məntiq əsasında gedir).
 
 
Mənbələrin tərtibatı ciddi şəkildə  əvvəlki  əsrlərdəkindən fərqlənir, — diqqət birinci növbədə 
məzmun planına verilir, formalizmdən bəzən ifrata varacaq qədər qaçılır. Hətta tədqiqatçılar göstərirlər 
ki, XVII əsrdə mövcud olan ictimai-siyasi şərait "kitab mədəniyyəti sahəsinə  də  ağır zərbələr vurmuş, 
bədii kitabların tərtibi sönükləşmiş, yüksək sənət əsərləri olduqca nadirləşmiş, ancaq bir neçə iri xanlığın 
mərkəzlərində  bəzi maraqlı  əlyazma kitabları yaranmışdı"  (C. V. Qəhrəmanov)
 
— bu mülahizənin 
doğruluğunu  şübhə altına almadan demək lazımdır ki, məzmunca xalqa yaxın olan əlyazma kitabları 
XVIII əsrdə yarandığı qədər heç bir vaxt yaranmamışdır; kitabların bədii tərtibində naqisliyin olması da, 
əslində, kütləviləşmənin faktıdır, — XVIII əsrdə əlyazma kitabı bilavasitə xalqın həyatına daxil olmuşdu. 
Tərtibatdakı professionallığın aşağı düşməsi,  şübhəsiz, demokratikləşmə prosesinin hesabınadır; 
mənbələrin ictimai dərki asanlaşdığına görə  tərtibat işi kustar şəkildə aparılır — təkcə sarayın 
professional katibi yox, ərəb əlifbasını bilənlərin hamısı yazır, ona görə də bir sıra hallarda mənbələrdə 
fonoqrafik variasiyalar meydana çıxır.
 
 XVII 
əsr Azərbaycan türk dilinin mənbələri bir qayda olaraq ərəb əlifbası ilə yazılmışdır, bununla 
belə, bir sıra mənbələrə də təsadüf etmək mümkündür ki, erməni və gürcü əlifbalarındadır — erməni və 
gürcü  əlifbalarında olan mənbələr  əsasən folklor nümunələrindən ibarətdir.  Ərəb  əlifbası ilə yazılmış 
mənbələr isə  məzmunca müxtəlif olmaqla yanaşı, müxtəlif regionlarda yaranmışdır, bu mənada XVII 


əsrin mənbələri Azərbaycan coğrafiyasını bütövlükdə  əhatə edir, deməli, demokratizm və kütləvilik 
region prinsipi ilə də təsdiq olunur. Yalnız paytaxt (məsələn, Təbriz, yaxud Şamaxı) deyil, yarıməyalət — 
xanlıq mərkəzi (məsələn, Şuşa, yaxud Şəki) və əyalət (məsələn, Qazax) də öz yazı  mənbələrini təqdim 
edir. Eyni zamanda məsələ burasındadır ki, paytaxtda, yarıməyalətdə  və ya əyalətdə yaranmasına 
baxmayaraq həmin mənbələri paytaxt, yaxud qeyri-paytaxt mənbələri deyə təsnif etmək üçün heç bir əsas 
yoxdur.
 
 Yazı  mənbələrinin üslubi mənsubiyyəti ilə regional mənsubiyyəti arasında müəyyən uyğunluq 
mövcuddur: klassik üslubda olan mənbələr bir qayda olaraq Şirvanda klassik şəhər mədəniyyəti ənənələri 
əsasında yaranmışdır, folklor üslubunda olan mənbələr isə adətən ölkənin qərbində — Qarabağda, 
Qazaxda  şifahi xalq ədəbiyyatının dil ənənələri  əsasında təşəkkül tapmışdır. Bununla belə, ümumi yazı 
ənənələri də var idi — hər iki üsluba (və regiona) aid olan mənbələr burada birləşir.
 
 XVII 
əsrdə Azərbaycanda üzü köçürülmüş, yaxud Azərbaycana gətirilmiş elə özbək, xüsusilə türk 
və türkmən mənbələri vardır ki, onlar XVII əsr Azərbaycan mənbəşünaslığının tarixi xarakterini (və eləcə 
də Azərbaycan türk ədəbi dilinin milli konturlarını) müəyyənləşdirməyə kömək edir — AMEA Əİ-nin 
fondunda saxlanan XV əsr özbək şairi Ə. Nəvainin, XVIII əsr türk şairi Ə. Nədimin, XVIII əsr türkmən 
şairi Məhtimqulunun əlyazma divanları bu baxımdan qiymətli mənbələrdir. Və həmin mənbələr (xüsusilə 
Ə. Nədiminin və  Məhtimqulunun divanları) XVIII əsrdə türk-oğuz  ədəbi dillərində gedən milliləşmə 
proseslərinin analogiyasını göstərir.
 
 XVII—XVIII 
əsrlərdə  tərcümə  mənbələrinə  təsadüfdən-təsadüfə rast gəlinir, — bunun ictimai-
tarixi səbəbləri vardır; milli mədəniyyət (və təfəkkürün) intibah bazasında təşəkkülü diqqəti əsasən daxili 
problemlərə yönəldir, ona görə də "Kəlilə və Dimnə" tipli bir neçə əsər və bir sıra dini-kütləvi risalələr 
tərcümə olunur. Ümumşərq (oğuz-səlcuq) mədəniyyətinin süqutu, məsələn, XVI əsrə  məxsus Nişati 
tərcümə məktəbinin ənənələrinin məntiqi olaraq unudulması ilə nəticələnir.
 
 XVI—XVII 
əsrlərdə, eləcə  də XVII əsrin birinci yarısında Azərbaycan türk dili mənbələrinin 
yağmalanması (Təbrizdəki, Gəncədəki,  Ərdəbildəki,  Şamaxıdakı  zəngin dövlət kitabxanalarının,  şəxsi 
kitabların dağıdılması, məsələn, "Kitabi-Dədə Qorqud"un hansı yollarlasa ölkədən didərgin düşməsi) 
xüsusilə XVIII əsrdə  ədəbi dil varisliyinin keyfiyyətinə  təsir edir; əlbəttə, bu təsir ikitərəflidir; klassik 
üslubda yazılmış mənbələrin aparılması ədəbi dildə demokratikləşməyə səbəb olur, folklorlar üslubunda 
yazılmış mənbələrin aparılması isə hər halda professionallığa (və normativliyə) təsir edir.
 
 XVIII 
əsrdə şifahi ədəbi dil yazılı ədəbi dil qədər mədəni-ictimai nüfuza malikdir: bir sıra faktlar 
göstərir ki, Zaqafqaziyada məhz şifahi forma daha sürətlə yayılır, ona görə ki, ərəb əlifbasını, başqa sözlə, 
Azərbaycan türk ədəbi dilinin yazı formasını  mənimsəməyin çətinliyi və xüsusilə Azərbaycandan kə-
narda bu dildə  məktəblərin olmaması yazılı formanın ictimai dəyərini öldürür. Folklor təfəkkürünün 
görünməmiş şəkildə canlanması ilə şifahi ədəbi dil inkişaf üçün zəngin linqvistik-estetik baza əldə edir.
 
 XVII—XVIII 
əsrlərdə intibah türk mifologiyasının Avropa intibahındakı kimi yazılı  mənbələr, 
heykəllər, arxitektura (yəni antik mədəniyyət) əsasında deyil, şifahi şəkildə mənimsəyirdi və bu da intibah 
ideyalarının inikasında şifahi formanı ön plana çıxarırdı. Yəni XVIII əsr mənbələrindən danışarkən şifahi 
mənbələri diqqətdən kənarda qoymaq nəinki ümumən ədəbi dili, hətta yazılı ədəbi dili mücərrəd şəkildə, 
genetik kontekstindən kənarda öyrənmək deməkdir. Şifahilik — intonasiyanın təbiiliyi (və diriliyi) XVIII 
əsr Azərbaycan türk ədəbi dilinin mühüm keyfiyyətidir, — bu keyfiyyət yazı  mənbələrinin dilində  də 
özünü dərhal büruzə verir.
 
 XVIII 
əsr yalnız  əsrin öz yaradıcılığının deyil, əvvəlki  əsrlərin, xüsusilə XVI, XVII əsrlərin 
yaradıcılığının da yazıya alındığı dövrdür, məsələn, Qurbaninin qoşmaları da bizə XVII əsr mənbələrində 
gəlib çıxmışdır.
 
 XVII 
əsrin məcmuə və çüngləri üçün xarakterik cəhət ondan ibarətdir ki, həm klassik üslubu, həm 
də folklor üslubunu hər bir mənbə birlikdə təqdim edir — bu isə XVIII əsr Azərbaycan türk ədəbi dilinin 
inkişaf tendensiyasının vəhdətini əyani şəkildə göstərir.
 
 XVIII 
əsr Azərbaycan türk ədəbi dili mənbələrinin görkəmli tədqiqatçısı H. Araslı (sonralar bu işi 
A. Dadaşzadə  və  Ə. Səfərli davam etdirmişlər) həmin  əsrə aid təxminən 100-ə  qədər çüngün təsvirini 
vermişdir — istər bu, istərsə də bizim AMEA Əlyazmaları İnstitutunun fondunda və şəxsi kitabxanalarda 
nəzərdən keçirdiyimiz çünglər bu qəbildən olan mənbələrin üç struktur — tipoloji növünü təsdiq edir:
 
 
I. Klassik (əsasən Cənub və Şərq şairlərinə məxsus) üslubda yazılmış şeirlərdən təşkil olunanlar.
 
 
II. Folklor (əsasən Qərb şairlərinə məxsus) üslubda yazılmış şeirlərdən təşkil olunanlar.
 
 III. 
Həm klassik, həm də folklor üslubunda yazılmış şeirlərdən təşkil olunanlar — bu cür çünglər, 
əsasən, XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində tərtib olunmuşdur.
 
 I 
və II tipli çünglərin bir qayda olaraq III tipli çünglərdən əvvəl — XVII əsrin sonu, XVIII əsrin 
birinci yarısına məxsus olduğunu nəzərə alsaq, deyə bilərik ki, ədəbi-bədii dildə gedən tipoloji 
yenidəntəşkilin məntiqini XVIII əsr mənbələrinin strukturu da əks etdirir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə