cürətləndirməsəydi, o kəs heç vaxt belə eləməzdi. Qız ayağa qalxdı, çəkdiyi əzabdan tutqunlaşmış
baxışlarla onu
diqqətlə süzüb, bütünlüklə titrəyərək, otaqdan çölə sıçradı. Qız özünü birbaşa Uintonun
üstünə atdı. Qızın, sanki, daşa dönmüş sifətinə, dodaqlarının künclərinin tanış titrəməsinə baxan kimi,
o, başa düşdü ki, qız üçün nəsə qorxulu bir iş olub. Qız heç nə demədi, yalnız yorğunluqdan
şikayətləndi və evə getmək istədiyini dedi. Bütün axşamı ixtiyarsız olaraq, susan, indisə birdən
danışmağa başlayan öz sadiq mürəbbiyəsi ilə maşına oturdular və ani olaraq, şaxtalı gecə onları
ağuşuna aldı. Uinton xəz boyunluğunu qaldıraraq, sürücü ilə yanaşı oturmuşdu və girdə tüklü papağını
aşağı endirib, qaranlığa baxaraq, əsəbi halda siqaret çəkirdi. Onun sevimli qızının xətrinə dəyməyə kim
cürət eləmişdi? Maşının arxasında
mürəbbiyə astadan çərənləyirdi, Cip isə qaranlıq küncə sıxılıb, ona
edilən təhqirdən başqa heç nə düşünməyərək, sakitcə oturmuşdu.
Evdə uzansa da, bir müddət yata bilmədi, şüurunda tədricən hadisələr arasındakı bağlılıq
aydınlaşmağa başladı. «O, əslində, onun atasıdır! …» sözü və onun çılpaq əlini öpən bu kişi… Bütün
bunlar, sanki, sirli hadisələrin üzərindən pərdəni qaldırır və qızın əminliyini daha da möhkəmləndirirdi
ki, onun öz həyatını da hansısa sirr əhatə eləyir. Uşaqlıqda o qədər həssas idi ki, ətrafındakıların ona
münasibətlərində gizli olanları dərhal başa düşürdü, ancaq instinktlə hər şeyi aydın anlamaqdan
qaçırdı. Uinton şərqdən qayıdana qədər günlər sönük keçirdi. Betti, oyuncaqlar,
cürbəcür ani
təəssüratlar, onun «papa» deyə çağırdığı xəstə adam… Bu sözdə Uintona dediyi «ata» sözündəki
mənanın cüzi bir hissəsi belə yox idi. Bettidən başqa heç kim heç vaxt onunla anası haqqında
danışmamışdı. Onun təsəvvürüncə, valideynləri müqəddəs adamlar olmamışdılar, onlar haqda indiyə
qədər bilmədiyi nəyisə öyrənə bilsəydi, bu inamı dağılardı. Başqa qızlardan təcrid olunduğundan, hətta
məişət qaydaları haqda da çox zəif təsəvvürlərə malik idi. İndi qaranlıqda uzanarkən möhkəm əzab
çəkirdi – ürəyindəki kəskin ağrıdan yox, daha çox hansısa narahatlıq
hissindən ona elə gəlirdi, sanki,
tikanlarla tamamilə dəlik-deşik edilib. Qəlbinə iğtişaş salan inciklik hissinin nədən doğduğunu özünə
aydınlaşdırmaq əzabverici dərəcədə ağırdı. Bu bir neçə saatlıq yuxusuzluq onun qəlbində dərin izlər
buraxdı. Nəhayət, hələ də çaşqın halda yuxuya getdi və yuxudan hər şeyi bilmək kimi qəribə arzuyla
oyandı. Bu səhəri royal arxasında keçirtdi, otaqdan çölə çıxmadı, Betti və mürəbbiyəsi ilə elə soyuq
rəftar elədi ki, Betti göz yaşlarını saxlaya bilmədi, mürəbbiyəsi isə Vordsvortu oxumağa girişdi. Çaydan
sonra Cip
Uintonun kabinetinə, dəri üzlüklər çəkilən oturacaqlar düzülmüş elə də böyük olmayan
tutqun otağa girdi, burada o, heç vaxt nəyləsə məşğul olmamışdı, əgər «Mister Corroksa», Bayron,
atlara qulluq edilməsi haqdakı məlumat kitabı və Uayt-Melvilin romanları nəzərə alınmazsa, buradakı
kitabları heç vaxt oxumamışdı. Divarlardan təmiz qanlı cins atların şəkilləri olan miniatür əsərlər,
Uintonun qamçısı, Cipin şəkli və atasının zabit dostlarının şəkilləri asılmışdı. Otaqda, ancaq iki parlaq
əşya vardı, buxarının alovu və Cipin həmişə tər çiçəklər qoyduğu balaca güldan.
Zərif və düz qamətli,
solğun çöhrəli, qara gözləri nəmli olan qız qaşqabağını tökmüş halda,
qaçaraq otağa girəndə, Uintona birdən-birə böyümüş kimi göründü. Bütün günü fikirli olmuşdu, onun
Cipə olan coşqun sevgisinə nəsə narahatlıq dolu, az qala qorxuducu bir hiss qarışmışdı. Dünən axşam
onun cəmiyyətə ilk gedişində nə baş verə bilərdi? Orada hamı qeybət eləməyə və burunlarını
başqalarının işlərinə soxmağa alışmışdılar.
Qız döşəmənin üzərində oturdu və onun qıçına söykəndi. Sağ tərəfində oturduğundan qızın sifətini
görə bilmirdi və salamat əli qıza çatmırdı. Həyəcanını boğmağa çalışaraq, soruşdu:
– Nə var, Cip, yorulubsan?
– Yox.
– Heç?
– Yox.
– Dünən axşam yaxşımı oldu, hər şey gözlədiyin kimiydimi?
– Hə.
Odunlar fısıldayır və çatırtı ilə yanırdılar, alovun uzun dilləri buxarının borusuna doğru can atırdı,
çöldə külək uğuldayırdı. Bir qədər keçəndən sonra qız elə gözlənilmədən soruşdu ki, onun nəfəsi
çatmadı:
– De görüm, doğrudanmı, sən mənim əsl atamsan?
Uinton hədsiz heyrətləndi, cavab verməyi düşünmək üçün onun bir neçə saniyə vaxtı vardı, həm
də bu cavabdan qaça bilməzdi. Bu qəfil sualla yaxalanan daha az iradəli insan dərhal «hə», ya da
«yox» deyərdi. Uinton isə verəcəyi cavabın bütün sonrakı nəticələrini götür-qoy eləməyə bilməzdi.
Qızın atası olması fikri onun bütün həyatını isindirmişdi, amma əgər bu sirri açarsa, qızın ona olan
məhəbbətinə xələl gələrdimi? Qız bunu necə öyrənə bilərdi? Onu necə başa salsın? Vəfat eləmiş anası
haqda nə düşünərdi? Sevdiyi qadın buna indi necə münasibət bildirərdi? Onun yerinə olsaydı, necə
cavab verərdi?
Çətin anlar idi. Qız isə sifətini gizləyərək, onun dizinə sığınıb oturmuşdu, heç nəylə ona kömək
eləmirdi. İndən belə qızda şübhə oyanandan sonra bunu ondan gizləmək mümkün deyildi.
Barmaqlarıyla oturacağın yanlığını sıxıb dedi:
– Hə, Cip. Ananla biz bir-birimizi sevirdik.
Qızın bədənindən yüngül bir
titrəyiş keçdiyini hiss elədi, bu an onun sifətini görmək üçün
nələrdən keçməzdi. Hətta indi qız hər şeyi başa düşəndən sonra da. Yox, sona qədər getmək lazım idi.
– Nəyə görə soruşdun? – dedi.
Qız başını yırğalayıb pıçıldadı:
– Mən sevindim.
O, hər şey gözləyirdi, kədər, qəzəb, hətta sadəcə, heyrətlənmə, – bu, onun bütün sağalmamış
köhnə yaralarının közünü qopardar, qəlbindəki lal sadiqliyi silkələr və o, daha çox soyuqqanlılıqla
özünə qapılardı. Ancaq bu sakit pıçıltı! Onda dediyini yumşaltmaq istəyi doğdu.
– Heç kim heç nə bilmədi. Anan doğum vaxtı öldü. Bu mənim üçün ağır dərddir.
Əgər sən nəsə
eşidibsənsə, bil, bunlar hamısı qeybətdir, sən mənim adımı daşıyırsan. Heç kim heç vaxt sənin ananı
buna görə mühakimə eləmədi. Sən artıq böyüyübsən, hər şeyi bilsən daha yaxşı olar. Bizim bir-
birimizi sevdiyimiz kimi, təsadüfi hallarda sevirlər. Sən heç nəyə görə xəcalət çəkməməlisən.
Cip hələ də əvvəlki kimi otururdu. Çox sakitcə dedi:
– Mən xəcalət çəkmirəm. Mən anama çox oxşayıram?