Aydınoğlu
deyilən bir ətdən qala,
Mehralı bənzəyir Rüstəm-Zala,
Kor İsmayıl boyun əyməz krala,
Girməynən onlarla bəhsə, əfəndim.
Səməd bəy yerli bəylərin, naçalnik və pristavların zorakılığına, özbaşınalığına dözə bilmir.
O, kəndlilərə göz verib işıq verməyən, onları ağır məhrumiyyətlərə düçar edən, becərdikləri
torpağın məhsulundan istifadə etməyə qoymayan pristavlara qarşı amansızdır. Sürgündəın yenicə
qayıdan Səməd bəyə xəbər verirlər ki, pristav camaatı möhkəm incidir, onların heysiyyətinə
toxunur, adi insani hüquqlarını tapdalayır. Bundan xəbər tutan Səməd pristava kağız göndərir.
Onu heç bir əsas olmadan günahsız camaatı incitməməyə çağırır:
Əcəlin gəlibdi, kəlməni söylə,
Camaatnan bir də işin olmasın.
Allahlıq edirsən, göydə gəzginən,
Yer bizimdi, yerdə işin olmasın.
El qəhrəmanı Səməd bəy öz başının dəstəsi ilə Türkiyə ərazisinə keçir. Dastanda təsvir
olunur ki, onlar burada da haqqı nahaqqa vermirlər. Zəhmətkeş xalq onları hər cür təqiblərdən
qoruyur. Səməd bəyin dəstəsi Aydınoğlu deyilən bir şəxsin evində qonaq olur.
Aydınoğlu onlara yaxşı hörmət edir və söhbət əsnasında camaatın Cəlali kürdləri
tərəfindən incidildiyini, var- yoxunun talan edilməsini söyləyir. Səhəri gün Səməd bəyin dəstəsi
Cəlali kurdləri ilə vuruşaraq xalqı onların zülmündən qurtarır. Dastanda Səməd bəyin dəstəsinin
bu qəhrəmanlığı bədii şəkildə ümumiləşdirilir:
Alosman elinə talan saldılar,
Cəlali kürdünə qılınc çaldılar,
Endilər İrandan xarac aldılar,
Şahını qoydular yasa, əfəndim.
Səməd bəyin dəstəsi Çıldır mahalında 5-6 gün qalır. Orada el qəhrəmanlarının şərəfinə
camaat məclislər keçirir. Həmin məclisləri Səməd bəyin dostu Aşıq Şenlik aparır. Sonuncu gün
türk polis idarəsinə xəbər çatır. Mehdixanın başçılığı ilə 100 nəfər əsgər Aydınoğlunun evini
mühasirəyə alır. Mehdixan vicdanlı adam idi. Odur ki, həmin igidlərə xətər yetirilməməsini əmr
etmişdi. Səhərə yaxın atışma olur, amma heç kim yaralanmır.
Türk polis idarəsində Aşıq Şenliyi dindirib, onu incidirlər. Mehdixan Aşıq Şenlikdən
Səməd bəyin necə adam olduğunu soruşur. Onda Şenlik sazla deyir:
Şenlik söylər bu bəylərin pirini,
Özgəsinə
verməm onun sirrini,
Səmədlə İsmayılın,vallah yerini,
Tutan olmaz bu mahalda, əfəndim.
Burada Aşıq Şenlik həyatını təhlükə qarşısında qoysa da, öz vicdanının əksinə getmir,
həqiqətin gözünə dik baxır. Bu mühüm insani keyfiyyəti aşıq öz yurddaşlarına təbliğ və təlqin
etmək istəyir.
Böyük həcmə malik olmayan “Səməd bəy” dastanında Səməd bəy haqq-ədalət
mücəssiməsi kimi təqdim edilir.Səməd bəyin dəstəsi yalnız kəndliləri istismar edən varlıları
qəraət edir, kasıblara həyan olur. Dastanda Aşıq Şenliyi həyəcanlandıran ölkədəki ağır vəziyyət,
yerli bəy, çinovnik və pristavların özbaşınalığı olmuşdur. Burada sənətin ictimai zülmə qalib
gəlməsi bədii boyalarla ümumiləşdirilmişdir.
Dastanda Aşıq Şenlik Səməd bəyin hər cür əzab-əziyyətlərə düçar olduğunu, hətta Sibirə
sürgün edilsə belə onu öz əqidəsindən, inamından dönməz bir şəxsiyyət kimi təqdim etmişdir.
Aşıq, çar mütləqiyyəti dövründə hakimlik edən məhkəmə məmurlarının ədalətsizliyini, insan
hüquqlarının tapdanmasını, şəxsiyyətinin təhqir olunmasını tənqid etmişdir:
Onları göndərdilər Sibir elinə,
Yüz min bəla gəldi onun sərinə,
Fərmansız şah oğlu qılınc zoruna,
Hökm eylədi divan kəsə, əfəndim.
Aşıq Şenliyin yaşadığı dövrdə xalqın azadlığı uğrunda mütləqiyyətə qarşı mübarizə aparan
qəhrəmanları kütlələr arasında tanıtmaq, onların qəhrəmanlığını vəsf etmək, xalqda el
qəhrəmanlarına qarşı rəğbət hissi oyatmaq böyük iradə tələb edirdi. Çünki elə sənətkarların
özləri ciddi təqiblərə məruz qalırdılar. Bu məsələyə toxunan prof. F.Qasımzadə yazır:” ...O
zamanın senzura şəraitində mütləqiyyətin əsaslarına toxunmadan onun məmurlarını kəskin
tənqid etmək özü də böyük cəsarət tələb edirdi”.
Tarixi sənədlərdə Aşıq Şenliyin vəsf etdiyi el qəhrəmanı Mehralı bəyin qəhrəmanlığından
bəhs edilir. Hətta “Mehralı bəy” dastanının mövcudluğu qeyd edilir: “24 iyul 1877-ci ildə
Arpaçayın hüdudunu keçən general Loris Melikovun rus ordusu irəliləyincə Qarapapaq (Borçalı
mahalı – Q.V.) boyundan igid Mehralı bəy 500 könüllü qarapapaq toplayaraq 8 ay düşmənə qarşı
vuruşdu. Böyük qəhrəmanlıq göstərdi, “Mehralı bəy” adında bir dastan yarandı”.
Aşıq Şenliyin “Məhəmməd və Güldənə” dastanı yaradıcılığının son dövr məhsulu olub,
nisbətən kiçik həcmlidir. Artıq “Lətif şah” dastanında müşahidə edilən lirik-epik, dramatik
səhnələrə, süjetin şaxəliliyinə bu dastanda təsadüf etmirik. Məlumdur ki, Aşıq Şenlik hələ
gənclik dövründə “Lətif şah” dastanını klassik dastan yaradıcılığı ənənələri əsasında yaratmışdı.
Lakin XIX yüzilliyin sonunda dövrün ictimai-siyasi, sosial ziddiyyətləri çox mühüm problemlər
doğurmuşdu. Yazılı ədəbiyyatda olduğu kimi, aşıq yaradıcılığı da zamanın qarşıya qoyduğu
həmin problemlərin bədii həllini ön plana çəkirdi.
“Məhəmməd və Güldənə” dastanında Aşıq Şenlik öz dövrü üçün son dərəcə zəruri olan
varlı-kasıb, ailənin qarşılıqlı sevgi əsasında qurulması, humanizm məsələsini əks etdirməyə
çalışmışdır.
Maraqlıdır ki, Aşıq Şenlik bilavasitə gördüyü, iştirakçısı olduğu hadisələri, cəmiyyət üçün
xarakterik olan detalları qələmə almış, bədii sənət süzgəcindən keçirərək öz yurddaşlarına təbliğ
etmişdir. Sözün həqiqi mənasında el aşığının əsil sənət şöhrəti xalqın mənəvi diriliyinə xidmət
etməsidir. Dastanın sonunda aşıq yuxarıda qeyd etdiyimiz fikirlə bağlı olaraq deyir:
Şenlik bu dastanı görəndə yazdı,
Gözəlin irəngi solanda yazdı,
Məhəmməd üstünə gələndə yazdı,
İnsan balasına düşmən olarmı?