Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

 
95 
- Ən çox səni. 
- Nəyə görə? Axı o da sənin balandır. 
- Ona görə ki, sən böyüyüb, əsgər olacaqsan, məni, bacını 
düşmənlərdən qoruyacaqsan… 
Sonra atasının yanına gedib, onun dizləri üstə oturmuşdu. 
- Ata, düzünü de, məni çox istəyirsən, yoxsa qızını? 
- Hər ikinizi. 
- Bəs ən çox kimi? 
- Ən çox… Səmayəni. 
- Niyə bəs ata? 
-  Ona  görə  ki,  o  sabah  bir  evin  çırağını  yandıracaq.  O 
çırağın işığından atasına, anasına da nur düşəcək. 
- Mən sənin çırağını yandırmayacağam? 
Bu  gözlənilməz  sualdan  özünü  itirən  ata  onu  dizləri 
üstündən  yerə  salmış,  suala  cavab  vermədən,  bir  bəhanə 
taparaq ondan uzaqlaşmışdı. 
Bir azca nasaz olanda, başı ağrıyanda anasının gözlərində 
elə  qəribə  nigarançılıq  olurdu  ki.  Onun  sağına,  soluna  keçir, 
dodaqları ilə qızdırmasını  yoxlayır,  istisi, baş ağrısı keçməmiş 
onun  yanından  aralanmırdı.  Bu  nəvazişdən  Ziyad  daha  da 
ərköyünləşir,  bəzən  özünü  yalandan  xəstə  kimi  göstərirdi. 
Bunun üstündə neçə dəfə bacısı ilə də davaları düşmüşdü. Belə 
anlarda  bacısı  onun  paxıllığını  çəkirdi.  Ona  yanaşıb  məqam 
gəzir, sataşmaq üçün əldən, ayaqdan gedirdi. 
-  Nəyindir,  yenə  xəstələnmisən?  Yavaş  ol,  qızdırma  səni 
öldürər. Əsgərə bax… 
Onun  sözlərindən    Ziyad  əsəbləşir,  onu  döyəcəyi 
haqqında  xəbərdarlıq  edirdi.  Çox  vaxt  anası  münaqişəyə 
qoşulur, qızını hədələyib, bayıra qovurdu. 
Anasının  yeməklərindən  başqa  Ziyad  ayrı  şey  yeyə 
bilmirdi.  Qohumlarıgilə  qonaq  gedəndə  ac  qayıdıb  evlərinə 
gəlirdi. Anası məzəmmət edəndə: 
- Ana, sənin kimi heç kəs yemək bişirə bilmir, - deyirdi…  


 
96 
Hələ indi Tuqayın evdə olmadığının fərqinə vardı. 
- Bəs Tuqay hardadır? 
- Xalası aparıb. 
- Sən hardaydın? 
- Saçlarımı rəngləmək üçün getmişdim. Şahnaz ikisini də 
aparmışdı. Getdim qızı götürdüm, Tuqay qaldı. 
-  Tuqay  uşaq  deyil  ki,  yekə  kişidir.  O,  evdə  otura, 
bacısına da baxa bilər. 
- Ay Allah, sən söz güləşdirməkdən ötəri sino gedirsən. 
Ziyad  yenə  içmək  istəyirdi.  Arvadına  heç  nə  demədən 
bayıra  çıxdı.  Ən  yaxın  dükandan  araq  alıb,  elə  oradaca 
butulkadan  başına  çəkdi.  Oradan  uzaqlaşıb,  kənar  bir  yerdə 
tənha  guşə  tapdı.  Dəmir  oturacaqda  oturdu.  Birdən-birə 
hönkürüb  ağlamaq  istədi.  Atasının,  onlar  uşaq  olanda  dediyi 
sözlər  yadına  düşdü.  O,  deyərdi  ki,  kişi  ömründə  üç  dəfə 
ağlayar.  Bir  ata,  bir  ana  dünyadan  gedəndə,  bir  də  Vətən 
basılanda, düşmənin əlinə keçəndə. 
Özünü  zorla  ələ  aldı.  Elə  bildi  ağlasa  atası  hardansa 
boylanıb  onu  görəcək.  Birdən  özünü  itirən  kimi  oldu.  Elə  bil 
hər  yerdə, hər ağacda, hər budaqda atasının gözləri vardı və o 
gözlər hikkəli-hikkəli ona baxırdı. Axı atası ölmüşdü, ilan gəlib 
onun ölən gözlərini yemişdi. Bəs bu nə işdir belə?.. Hə, insanın 
ruhu  ölmür.  Hər  yandan  ona  baxan  o  gözlər  də  ölən  atasının 
diri qalan ruhudur. 
Ziyad  başını  aşağı  dikdi.  Əlləri  ilə  üzünü  qapadı.  Axı  o, 
atasının qarşısında günahkar idi. 
Atasının  ağır  xəstə  olması  xəbərini  eşidəndə  təcili  işdən 
icazə  alıb  kəndə  getmişdi.  Cansız,  ruhsuz  atasını  çarpayıda 
görəndə  özünü  saxlaya  bilməmiş,  astadan  ağlamışdı.  Uzanıb 
köksünə  düşmüş  ağappaq  saqqalına  tumar  çəkib,  ona  nəsə 
demək  istəmişdi.  Bu  anda  atası  gözlərini  geniş  açaraq 
gözdolusu  ona  baxmışdı.  Sonra  əlini  gətirib  oğlunun  üzünə 
sığal çəkmişdi. 


 
97 
- Ağlama, oğul, inşallah günahından Allah keçər. 
Ziyadın  anası  ərinin  səsindən  diksinmişdi.  Düz  gəlib 
başının  üstündə  dayanmışdı.  Və  sonralar  Ziyada  demişdi  ki, 
atan bir həftə idi ağzını açıb bir kəlmə belə danışmamışdı. Elə 
bil səni gözləyirmiş. Son sözlərini demək üçün… 
O  sözləri  deyəndən  beş  dəqiqə  sonra  atası  gözlərini 
yumaraq həyata əlvida demişdi. 
Ziyadın nə  günahı vardı ki? Öz-özünü illər boyu aldadıb 
yaşasa da, deyəsən, qəlbinin içində günahkar olduğunu bilirdi. 
Atasının  meyiti  ortada  ola-ola  anasının  yavaşca  onu 
qırağa çəkib,  «bala, qoy gəlin zəhmət çəkib gəlməsin» deməsi 
və  bu  sözlərin  bir  az  da  əmrə  oxşaması  ona  çox  şeyləri 
anlatmış,  daxilən  günahını  etiraf  etməsinə  gətirib  çıxarmışdı. 
Yasdan  sonra  anasını  dilə  tutub  Bakıya,  evlərinə  gətirmək 
istəməsini  deməsi,  onun  tək  qalacağından  ürəyinin  partlamaq 
qorxusunu yaratması və anasının onlarda qalması ilə günahının 
bir hissəsini yumaq arzusu da ürəyində qalmışdı. 
-  Tək  niyə  qalıram,  bala,  bacının  qızı  mənim  yanıma 
köçəcək. Maşallah, yekə qızdır. 
Onun  bu  ötkəm  sözlərindən  sonra  day  Ziyad  başqa  söz 
deyə  bilməmişdi.  Anasını  qucaqlayıb  ürəkdən  ağlamış,  qatara 
minib yetim qalmış quzu kimi geriyə qayıtmışdı. 
İndi  o  özünü  təkcə  atadan  yetim  hesab  eləmirdi.  Elə  bil 
hər  yandan,  hər  yerdən  tənhalıqlar  onu  qucur,  qoynuna  alır, 
yetim,  kimsəsiz  kimi  göstərirdi.  İnsanın  yetimliyini  özünə 
unutduran  ən  böyük  qüvvə  ömrünü  bir  yerdə  keçirdiyi,  bir 
yastığa  baş  qoyduğu  ömür-gün  yoldaşıdır.  Kişi  arvadından 
yetim qalanda isə… 
Neçə  illər  özü-özüylə  mübarizə  aparsa  da,  özü-özünü 
təsdiq və inkar eləsə də bir hiss, o biri hissi zalımcasına basıb 
öldürsə  də,  yaşadığı  əzab  dolu  illər  onun  bəxtəvərlikdən  çox-
çox uzaq düşdüyünə bariz nümunə deyildimi? 


 
98 
Arvadını bir  gün sevir,  o biri  gün sevmirdi.  Bir  gün ona 
inanır,  bir  gün  inanmırdı.  Bir  gün  xain  şübhələr  qəlbini  didir, 
başqa bir gün şübhələrin yerini kövrək inam, etibar əvəz edirdi. 
Bu inamsızlıq bir gün onun yaxasından yapışdı. Nazənini işdən 
çıxarıb  evdə  oturmasını  əmr  elədi.  Bir  gün  o  inamsızlığın 
təsirindən Şahnazı evindən qovdu. 
Başqa bir gün… 
Şahnaz yenə qayıdıb gəldi. Nazənin mələk donuna girib, 
Ziyadın könlünə həlim-həlim sığal çəkdi. 
-  Ziyad,  sən  bilirsən  Şahnaz  səni  nə  qədər  çox  istəyir?.. 
Deyir,  elə  bilirəm  Ziyad  mənim  dopdoğma  qardaşımdır.  Hələ 
uşaqları  demirəm.  Onları  duz  kimi  yalayır.  Deyir,  öz  uşağım 
olsaydı, heç onları bu qədər sevə bilməzdim. 
Yenə  Ziyadın  qəlbindəki  xeyirxah  mələk  başını  qaldırıb 
ona ağıllı, dərrakəli olmağı pıçıldamışdı. 
Nazəninin,  həm  də  Şahnazın  qadın  dost-tanışları  evi  su 
yoluna döndərmişdilər. Ziyad evdə olanda hələ bir az ayaqlarını 
çəkirdilər. Qonşuluqda yaşayan bir qoca qadının dediyinə görə, 
Ziyad işdə olanda evinin dabanı bir dəqiqə üstündə dayanmırdı. 
Bir  xanım  gedir,  o  birisi  xanım  gəlir,  bütün  günü  ancaq  işləri 
qəşəng-qəşəng xanımları qəbul edib, yola salmaq olurdu. 
Ziyad  Nazəninlə  söhbət  edirdi.  Evlərinə  gələnlərin 
kimliyi  ilə  maraqlanırdı.  Bir  az  dərinə  gedəndə  isə  Nazəninin 
yanaqları qızarır, əsəbi danışır, əlləri əsməyə başlayırdı. 
-  Dedin,  evdə  qaxıl  otur,  qaxılıb  oturdum.  İndi  deyirsən 
rəfiqələrimlə də görüşməyim?.. Nə qədər zalımsan, ay Ziyad. 
Belə  olanda  Ziyad  yenə  geri  çəkilir,  çox  şeyləri  ona 
güzəştə gedirdi... 
Ancaq  daha  hər  hansı  bir  güzəştə  gedib-getməməyin  elə 
bir  mənası    yox  idi.  Ya  Ziyad  qətiyyətlə  qəlbindəki  xeyirxah 
mələyi  qovub  ürəyinə  daş  bağlamalı,  Nazəninə  açıq  şəkildə 
etimadsızlıq  göstərməli,  ya  da  özünü  aldadıb,  arvadına  qarşı 
olan sevgi bağlarını tamam kəsib atmadan yaşamalıydı. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə