Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

 
69
– Sən bura tez-tez gəlirsən?  
Məsməxanım dedi: 
– Hərdənbir...   
Məmmədağa soruşdu: 
– Tək gəlirsən? 
Məsməxanım ona baxdı  və  Məmmədağa bu baxışlarda bir təəccüb oxudu
Məmmədağa özü də bu əbləh sualına mat qaldı:  əlbəttə, Məsməxanım tək gəlirdi 
bura, lap tək-tənha olanda gəlirdi bura; Məsməxanımın kimi vardı ki, onunla gəlsin? 
– Gedək mənimlə Bakıya. – Bu sözlər öz-özünə  gəldi, elə bil, bu sözləri 
Məmmədağa yox, bu Yanarqaya dedi, bütün bu ətraf dedi, dedi ki, Məsməxanım, bir 
halda ki, «Məsməxanım Məsmədi, əl-ayağı əsmədi», sənin gecənin yarısı tək-tənha 
burada işin yoxdu. 
Məsməxanım lal-dinməz Məmmədağaya baxırdı. 
– Eşitmirsən nə deyirəm? Gedək Bakıya mənimlə!  
Bu dəfə Məmmədağanın səsi lap bərkdən çıxdı və bu bərk səs bu yerlərə heç 
yaraşmırdı. Məsməxanım gözlərini ondan çəkib yenə də Yanarqayaya baxdı və dedi: 
– Məndən Tamilla olmaz... 
Yarasalar, elə bil, qəflətən adam səsləri eşidib daha da bərkdən çığır-bağır 
saldı  və  Məmmədağa bir an təəccüblə hiss etdi ki, yarasa səsindən, lap uzaqdan 
gələn dəniz uğultusundan başqa, yenə də nə isə qəribə bir səs gəlir, sonra başa düşdü 
ki, bu onun ürəyinin döyüntüsüdü. 
Bəzən elə olur ki, adam nə deyəcəyini, nə edəcəyini bilmir, adama elə gəlir ki, 
hər sözü, hər hərəkəti artıqdı; adama elə  gəlir ki, ümumiyyətlə, yer üzündə artıq 
vücuddu, gərəksizdi, lazımsızdı, dərisi bir qəpiyə dəyməz; adamın özünün özündən 
zəhləsi gedir: həmin qəribə yay gecəsi Məmmədağa Yanarqayanın qarşısında 
dayanıb nə edəcəyini, nə deyəcəyini bilmirdi və ümumiyyətlə, bu dünyaya nə üçün 
gəldiyindən də xəbəri yox idi; ona elə gəldi ki, başdan-ayağa bir miskinlik içindədi; 
sonra başa düşdü ki, Məsməxanım səhərdən bəri ona baxır. 
Məsməxanım birdən-birə güldü: 
– Elə  sən də bir az bəbəsən ha, deyəsən... – dedi.– Gəl bura. Otur, bax, bu 
daşın üstündə. Bu saat sənin üçün çörək qızdıracağam. Bilirsən nə əntiqə iyi gələcək 
çörəyin?.. Gəl bura. 
Məsməxanım Yanarqayanın qabağındakı balaca qaya parçasının üstündə qəzet 
açıb pendiri, üzümü səliqə ilə yerbəyer elədi, çörəyi götürüb Yanarqayanın kənarına 
qoydu və həmin qəribə yay gecəsi Yanarqayanın hər tərəfinə odda bişən çörək iyi 
yayıldı. Ən qəribəsi isə bu oldu ki, hər tərəfə yayılmış bərəkət iyi Məmmədağanın 
əhvalını  dəyişdi, o, Yanarqayanın yanında çöməlib qayanın üstündəki təndir 
çörəyini o tərəf-bu tərəfə çevirən Məsməxanıma baxdı, sonra Yanarqayanın odlu 
gözlərinə baxdı, sonra da Abşeronun həmin gecəki aylı-ulduzlu göyünə baxdı  və 
fikirləşdi ki, bu dünya ki, bu qədər böyükdü, bu dünyada ki, bu cür yanarqayalar var, 
bu cür çörək iyi var, adam niyə gərək həmişə sevinməsin, həmişə kefi kök, damağı 
da çağ olmasın? Bir halda ki, dünyada Məsməxanım adlı bir qız var və həmin qızın 
sərin və quru, qalın dodaqları sənin çənənə toxunur, niyə gərək özünü dünyanın ən 
birinci xoşbəxti hesab eləməyəsən? Və bir halda ki, sən düz adamsan, heç kimə 
xainlik eləməmisən, qolunda güc var, yerin üstündə möhkəm dayanmısan, niyə 
sənin işin müşkülə düşməlidi, niyə nə istəyirsən o da olmamalıdı? 


 
70
Və  Məmmədağa ulduzların arasında Məsməxanımın işığı güclə sezilən 
ulduzuna baxdı. Məsməxanım da qayanın üstündən götürdüyü isti çörəyi  əlindən 
əlinə atıb tuta-tuta öz ulduzuna baxdı və Məmmədağa qızdan soruşdu: 
– Ulduzun day bir söz demir sənə? 
– Deyir. 
– Nə deyir? 
Məsməxanım Məmmədağanın Yanarqayanın işığında daha da açılmış göy 
gözlərinə baxıb: 
– Deyim nə deyir? – dedi. 
– Hə, de nə deyir. 
– Deyir ki, Məsməxanım, sənin başının üstündən Humay quşu uçub, kölgəsi 
bu gecə üstünə düşüb... 
...Yanarqayanın dörd tərəfinə bu cür çörək iyi nə qədər yayılmışdı, Yanarqaya 
nə qədər bu cür gecələrin şahidi olmuşdu? Əlbəttə, bunu nə Məmmədağa bilərdi, nə 
də Məsməxanım. Yanarqayada nə qədər çörək bişiriblər? Bəlkə çox-çox illər bundan 
əvvəl, o vaxtlar ki, bu yerlərdə, ancaq dəniz idi, ancaq təbiət idi və insan da hələ 
təbiətin qənimi deyildi, ov əti qızardılardı bu qayada?.. 
...Dan yeri yavaş-yavaş sökülürdü. Buradan dəniz görünmürdü, amma bir 
azdan günəş  dənizin üzərindən qalxacaqdı, qıpqırmızı  şəfəqlər hər tərəfə  işıq 
saçacaqdı və o zaman təkcə bu Yanarqayanın ətrafı yox, hər tərəf işıqlanacaqdı. 
Məsməxanım qaya parçasının üstündə oturub üzümlə pendir-çörək yeyən 
Məmmədağanın Abşeron yollarında yanıb qaralmış üzünə baxırdı və elə bil ki, onun 
bütün cizgilərini, təbəssümünü, gözlərinin ifadəsini  əzbərləmək istəyirdi. 
Məsməxanıma elə  gəlirdi ki, Yanarqaya onun ocağıdı  və  həmin qəribə yay 
gecəsində bu ocağı Məmmədağa üçün qalayıb. Ona elə gəlirdi ki, bu çörəyi də özü 
yoğurub bişirib, üzümü də özü becərib dərib, pendiri də özü tutub və bütün bunların 
hamısını ona görə edib ki, günlərin bir günündə bu göygöz oğlan bu ocağın 
qırağında oturub bu üzümü, pendiri, çörəyi bu cür şirin-şirin yesin; günlərin həmin 
günündə ki, Humay quşu uçub kölgəsini Məsməxanımın üstünə salmışdı; amma bir 
məsələ vardı ki, kölgənin ömrü qısadı yaman – adam kölgəsinin də, ağac kölgəsinin 
də, Humay quşunun kölgəsinin də; yavaş-yavaş səhər açıldıqca bu kölgə də çəkilib 
gedəcəkdi. Bu saat Məsməxanımın da, Məmmədağanın da Yanarqayanın işığında 
qumluğun üstünə kölgələri düşmüşdü və bir azdan səhər açılanda Humay quşunun 
kölgəsi də bu kölgələr kimi yox olacaqdı. Bu hiss adamın ürəyinin ən dərin yerinə, o 
yerinə ki, Yanarqayanın üstündə qızdırılmış bu çörəyin iyi gedib ora çatmırdı, bax, 
ürəyin həmin yerinə nisgil gətirirdi; səhərin açılmasına lap az qalmışdı və gərək bu 
nisgilin üstü açılmayaydı; amma burası da vardı ki, Məsməxanım da bunu çox yaxşı 
bilirdi: bir nisgil ki, bu cür çörək iyinə bürünmüşdü, ona dözmək yaman olacaqdı. 
Sonra Məsməxanım yadına saldı ki, bu saat Zuğulbanın dəniz sahilində 
alüminium örtüklü bir furqon hələ  də alaqaranlıqda gümüş kimi ağarır və  həmin 
furqon indi bütün sahildə  tək-tənhadı, amma bu furqon canlı olsaydı, başa düşən 
olsaydı, onda bilərdi ki, bu dünyada Məsməxanım adında bir qız var, bu 
Məsməxanımın göydə bir ulduzu var və indi həmin ulduz göydən həmin furqona 
baxır və  həmişə  də baxacaq, fərqi yoxdu, istəyir gecə olsun, istəyir gündüz olsun, 
həmişə baxacaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə