Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə118/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   114   115   116   117   118   119   120   121   ...   148

________________Milli Kitabxana________________

136.

Heç oldu varlığım, heç oldu həyat,

Bu ev də, bu fərş də heç oldu, heyhat!

Nisyə, nəqd, nə varsa, cavanlığımdı,

Hamısı heç oldu, ey dadü-bidad!

137.

Gör necə bəlayə düçar olub can?

Qəza ox yağdırır başıma hər an.

Deyirlər: "Nə üçün nalə edirsən?"

Necə ağlamasın bu dərdlə insan?

138.

Sən getdin, könlümə doldu kədər, qəm,

Gözüm yolda qaldı, tapmadım həmdəm.

Demirəm: sən şərab içmə, iç, fəqət,

Əndazə bilən bir saqiylə hərdəm.

139.

Ahım üfüqləri tutmuş sərasər,

Ahımdan dumana bürünmüş göylər.

Ümid ayağına batar hər tikan,

Ömür şüşəsinə daim daş dəyər.

140.

Xaqani dünyadan, de, nə aldı? - heç.

Ya da əllərində, de, nə qaldı? - heç.

Bir şadlıq şamıdır, sönsə, heç olar,

Bir Cəmşid camıdır, sınsa, oldu heç!

141.

Cavanlıq gecəmin sabahına bax,

Yansı qapqara, yarısı dümağ.

Çəkdiyim bu soyuq nəfəs, deyəsən,

Axırda başıma qar yağdıracaq.



________________Milli Kitabxana________________

142.

Qurtarmaq çətindir bu dərd əlindən,

Birləşə bilməzsən təzə ayla sən.

Huridən, pəridən vüsal gözləmə,

Yaxşılıq gözləmə belələrindən.

143.

Bu bənd ki, vurdular qəlbimə mənim,

Lağımdır, qəlbimə atmış düşmənim.

Səbri tükənən bir ürək məhv olar,

Dayaqsiz çadıra dönmüş bədənim.

144.

Canıma od vuran məhəbbət budur,

Mənə qan udduran o afət budur.

Dərd hesab etmirəm bu dərdləri mən,

Dərdimi yar bilmir, əsil dərd budur!

145.

Xaqani, həyatın əsasıdır qəm,

Xeyr ilə, şər ilə doludur aləm,

Can əzəl,sitəmlə bədənə gəlmiş,

Bədəndən çıxarar yenə də sitəm.

146.

Ey saqi, dəyişməz rəngim heç zaman,

Ürəkdən nalələr ucalır hər an.

Şərabı ya az ver, ya çox, nə xeyri,

Hərlətməz bu daşı o selin, inan!

147.

Qəlbimin dərdinə dəva ediniz,

Məni o dilbərə fəda ediniz!

Məcnunəm, səhrayə qaçmaq istərəm,

Məni zəncirləyib, rüsva ediniz!



________________Milli Kitabxana________________

148.

Qaç paxıl, yalançı adamlardan sən,

Qaç südə su qatan hər hiyləgərdən.

Yalançı sübhün də işığı olmaz,

İmana nur çatmaz belə səhərdən.

149.

Ömrümün bağında becərildi qəm,

Qalmadı nə sərvim, nə də ki, laləm.

Dərd ilə sovruldu xırmanım tamam,

Məhv oldu sünbülüm samanla bahəm.

150.

Ulduzdan parlaq bir mirvarim vardı,

Günəşdən daha çox işıq saçardı.

Əlimdən qapdı tez bu zalım fələk,

Göylərin tacına töhfə apardı.

151.

Odlara salma bu yazıq bədəni,

Həyamı aparıb, xar etmə məni.

İndi ki, əlindən yaxşılıq gəlmir,

Barı pislik edib, incitmə məni.

152.

Tapanda ariflər yanında mənzil,

Eşqin göməyilə həll olar müşkül,

Mən qəmdən nə edim şikayət, çünki,

Dərd-qəmlə doludur bu yazıq könül.

153.

Xaqani hünərə şanlı soltandı,

Şam kimi o qızıl kürsüdə yandı.

Canım əritdi öz atəşilə,

Göz yaşı içində yanıb, odlandı.



________________Milli Kitabxana________________

154.

Xaqani nə etsin, çəkməsin dərd, qəm?

Onun ələminə vaqifdir aləm.

Şamın da başı od, canı pambıqdır,

Başı bədənini əridir hər dəm.

155.

Xaqaninin dərdi gözlərdən pünhan,

Can - xəstə, göz - yaşlı, ürəksə - al qan.

Qoy olsun işvəkar yarın vəslinə,

Can - töhfə, göz - müjdə, ürəyim - qurban.

156.

Hanı ürəyimin dərmanı zəhər?

Hanı həyatıma son qoyan xəncər?

Hanı o zərbə ki, məhv etsin məni?

Könlüm nagəhani bir ölüm istər.

157.

Qəm odu il boyu yandırır, aman,

Su dəyən od kimi edirəm fəğan.

Torpağın üstündə əsirəm yeltək,

Küləklə sovrulur torpaq kimi can.

158.

Dərdim var ki, sonsuz səmayə sığmaz,

Naləm hər ucalan nidayə sığmaz.

Dedin: "Axı, nədir dərdin dünyada?"

Elə bir dərdim var, dünyayə sığmaz.

159.

Ürəkdən yanıqlı fəğanə gəldim,

Ahımın oxuyla sinəni dəldim.

Boş yerə dolandım Ayla Gün kimi,

Gündüzlü-gecəli endim, yüksəldim.



________________Milli Kitabxana________________

160.

Ey edən könlümü qəmlərə məskən,

Könlümün bağında qəm açdı süsən.

Qəm ilə üzbəüz gələndən bəri,

O mənə düşməndir, mən ona düşmən.

161.

Hardasan, ey mənim itən mirvarım?

Səni necə tapım, sevimli yarım?

Kimdən bircə-bircə soruşum səni?

Dünyanı gəzməyə yox iqtidarım.

162.

Getdi göz yaşımı tökən o dilbər,

Getdi canı qurban etdiyim sərvər.

Ürəksiz, cansız bir vücudam indi,

Nal salan köhlən at necə yol gedər?

163.

Görürəm, üzünü hərarət alır,

Əqrəbin içində ayın saralır*.

İsa sehri varsa dodağlarında,

Neçin bəs canında qızdırma qalır?

164.

Hüsnün gözəlləri salır həycana,

İşvəkar gülüşün ruh verir cana.

Qəlbimin dərdinə dərman dişlərin,

Nədən möhtac olub indi dərmana?

165.

Ətirli nəsimlə gəldi novbahar,

Bəs neçin bir nəsim göndərmir o yar?

Dərdə bax, qönçələr pardaqlananda,

Pərdəyə büründü gül üzlü nigar.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə