Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə119/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   115   116   117   118   119   120   121   122   ...   148

________________Milli Kitabxana________________

166.

Başıma-od tökür könlüm, bir də sən,

Yolumda tor qurur könlüm, bir də sən.

Can getdi zülmünlə, könlümü atma,

Mən getdim, dur-otur - könlüm, bir də sən.

167.

Yarım gəmidədir, əsir ruzigar,

Gözlərim yaş töküb, dəniz yaradar.

Qəribə hal vardır onunla məndə:

Yel mənim əlimdə, yel əlində yar*.

168.

Yolunda qılıncla öldürülsəm mən,

Xoşdur bunu əgər sən istəyirsən.

Ayağım onunçün dərdə düşüb ki,

Ayrıla bilməyim bir daha səndən.

169.

Yar getdi, könlümü verdi hicrana,

Hicransa od saldı bu yazıq cana.

Elə uçuqlatdı dodağımı ki,

Yara həsrət qalım mən yana-yana.

170.

Ey fələk, ayımı səfərdən döndər,

Qoy yolda fıkrini dəyişsin dilbər.

Bir-bir eşit mənim ürək arzumu,

Sonra gedib yardan tez gətir xəbər!

171.

Eşitdək - şirləri yıxan ceyranım,

Yas tutmuş, qalmadı canda tavanım.

And olsun cananın canına, sanki,

Qəlbimin yasına qərq oldu canım.



________________Milli Kitabxana________________

172.

Ay üzlüm, gəmidə qorxu çəkən mən,

Gəmitək çalxanıb, titrəyir bədən.

Külək bir şad xəbər gətirsə ondan,

Quruyar göz yaşım, könlüm olar şən.

173.

O xumar gözlərin necədir, canan?

Varmı badamında püstə kimi qan?*

Necəsən, gözağrın keçdimi indi?

Ey mənim günəşim, dərdimə dərman!

174.

Bilirsən, nə üçün Qəffardır Allah?

Yəni, əfv edəcək kim etsə günah.

Sən ki, cahillikdən günah etmədin,

Əfvdən məhrumsan, yazıq, ol agah!

175.

Dün gecə ləbini dişlədim, canan,

Ondan isitməyə düşdü bu gün can.

Dişim dodağına toxunduğuyçun,

Odun dodağımı yandırmış, inan.

176.

Xaqani, rahatlıq yoxdur dünyada,

Fələklə vuruşan çatmaz murada.

Cəmşidə qalmayan bu qoca dünya,

Nə eybi, qalmasa bir yoxsula da.

177.

Xaqani, itibdir can da, ürək də,

Çətindir rəhm ola zalım fələkdə.

Ya çoxlu duz olar, ya heç duz olmaz,

Onun bişirdiyi hər bir xörəkdə.



________________Milli Kitabxana________________

178.

Fələkdən yaxşılıq görməmiş bir kəs,

Ondan xoşluq umma ömrünə əbəs.

Kül olsun fələyin başına, özü,

Başına tökülən gülə də dəyməz.

179.

Xaqani, bu bəla yurdunu at, get,

Bu qəm ocağını söndürüb, şad get.

Bənd etmiş səni bu fələk verən can,

Canını fələyə qaytar, azad get!

180.

Xaqani, tükənməz zülmü fələyin,

Gör, necə olmuşdur əhvalın sənin:

Bənzərsən bir hamam qazanına ki,

Suyu gözün verir, odu ürəyin.

181.

Sarımsaq kimi ol - dərdlərə dərman,

Qəlbinin oduyla soğantək odlan!

Xaqani, içində coş tərə kimi,

Keşniştək sözünə ləzzət ver hər an.

182.

Buğdayı sifətin behiştə bənzər,

Aşiqlər Adəmtək dövrəndə gəzər.

Buğdaya dəyməmiş Xaqani əli,

Cənnətdən qovdular onu bixəbər.

183.

Əzablar içində ömr oldu yarı,

Sonra fələk verdi mənə dildan.

Ey fələk, nə miniət qoyursan mənə,

Ömrümü almamış vermədin yarı.



________________Milli Kitabxana________________

184.

Biz ki,mədrəsədə qələt dərs aldıq,

Mənaya çatmayıb, ləfzdə qaldıq.

Eşidən gülər bu uydurmaya ki,

Nöqtəni misratək hesaba saldıq.

185.

Xaqani, qəlbinə dağ basmış fələk,

Duzsuzdur dünyadan aldığın çörək.

Hər şey əyridirsə, bəs düzlük nədir?

Düzlüyü, faydanı bəs kimdən görək?

186.

Bir ayda taparaq bir-iki imkan,

İstəsəm görüşəm yarımla bir an.

Fələk qoşun çəkib, kəsər yolumu,

Yaradar qəm dolu kədərli hicran.

187.

Fələk bu taleyi düzəltsə əgər,

İtən ürəyimdən gətirsə xəbər.

Qəlbimdən söndürsə hicran odunu,

Vüsalə qovuşub sağalar ciyər.

188.

Fələk Xaqanini buladı qana,

Ayımı bürüdü qatı dumana.

O dodaq ki, onu hər gün öpərdim,

Bu gün torpağında gəldim fəğana.

189.

Ey fələk, vurmuşsan qəlbimə nəştər,

Ey şənlik badəsin qıran hiyləgər.

Zülmünün müddəti sonsuzdur, lakin,

Mehrinin növbəti bircə an qədər.



________________Milli Kitabxana________________

190.

Uzaq ol zəmanə adamlarından,

Bu müdrik sözləri unutma bir an!

Saat şüşəsitək saf olsalar da,

İçləri toz ilə doludur, inan.

191.

Hər gün fələk mənə verir yeni qəm,

Edir alçaqların əlilə sitəm.

Səfil adamların göməyidir o,

Pay üçün mən səfil olmaq istəməm.

192.

Sözdə misilsizsə Xaqani əgər,

Ona alçaqlardan zərbələr dəyər.

Şöhrəti başına bəladır, çünki,

Hünər sahibinə zəhərdir hünər.

193.

Deyirlər: hər min il bu qoca dövran,

Yaradar vəfalı, müdrik bir insan.

Birin yaratmışdır biz doğulmamış,

Birin də yaradır biz ölən zaman.

194.

El səni çox sevər, lovğalanmasan,

Elinə xeyir ver, çəksən də ziyan.

Xurma ağacıtək paltarını at,

Torpağa dayanıb yüksəl hər zaman.

195.

Xaqani, uzaqlaş namərd adamdan,

Həmişə mərdlərin yanında dolan!

Yarıma pərvanətək çıraq oduna,

Zanbaqtək Günəşdən işıq al hər an.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə