____________Milli Kitabxana____________
232
müəyyənləşdirir: 1) tarixi-realist; 2) tarixi-romantik; 3) tarixi-
oçerkvari (135, 112). O, tarixi-romantik romanları da iki qismə
ayırır: tarixi-bioqrafik və tarixi-macəra (135, 161). Tarixi
romanlarda sənədlilik, tarixi fakt və məlumatla yanaşı tarixi
dövrün ruhunun düzgün əks olunması da vacib şərt hesab edilir.
Elə ilk romanlarda “tarixilik və bədiilik” prinsipinə
mühüm diqqət yetirilmiş, tarixi həqiqətlərin düzgünlüyü, hadisə
və sənədlərin saxtalaşdırılmadan obyektiv həqiqətə əsasən
göstərilməsi, realizm, müasirlik ruhunda yanaşma amilləri,
tarixi dövrün ruhu da özünü göstərmişdir.
İlk tarixi romanı 1933-cü ildə M.S.Ordubadi yazdı. Bu,
“Dumanlı Təbriz” romanı idi. Dörd kitabdan ibarət olan əsər
1948-ci ildə tamamlandı. M.S.Ordubadinin ikinci tarixi romanı
– “Qılınc və qələm” (iki hissəli) 1940-1948-ci illərdə araya
gəldi.
Otuzuncu illərdə Y.V.Çəmənzəminli də iki tarixi roman
yazdı: “Qızlar bulağı” və “İki od arasında”(“Qan içində”).
Həmin dövrün beşinci tarixi romanı isə A.Zöhrabbəyovun
“Odlu diyar” əsəri idi (1945).
Düzdür, o illərdə yaxın tarixi keçmişdən bəhs edən inqilab
mövzulu romanlar da yazılmışdı (o cümlədən elə
M.S.Ordubadinin “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya
____________Milli Kitabxana____________
233
dəyişir” romanları). Lakin həmin dövr üçün heç də tarixi
olmayan (15-20 il əvvəlin hadisələri) və hakim ideologiyanın
gündəlik tələbləri ilə səsləşən bu əsərlər tarixi romanlar
cərgəsinə qatılmır.
Beləliklə, beş tarixi roman. Proletar ədəbiyyatının, sonra da
onun davamı olaraq təşəkkül tapan sosialist realizmi
konsepsiyasının çərçivəsində qələm tutan yazıçıların bəlkə də
nisbətən rahat nəfəs aldıqları, sərbəst hərəkət etdikləri mövzular
aləmi.
Bu romanların hər şeydən əvvəl, xalqın milli iftixar hissinin
oyanmasında və güclənməsində, milli şüurun təşəkkülündə
əhəmiyyətli rol oynadığını inkar etmək olmaz. Həmin dövrdə
təkcə “İki od arasında” (“Qan içində”) romanı çap oluna
bilmədi. Əsər yazılandan sonra müəllifi – Y.V.Çəmənzəminli
repressiyaya uğradı və yalnız ötən əsrin 60-cı ilindən “Qan
içində” adı ilə çap olunmağa başladı. Digər dörd roman isə elə
yazıldığı dövrdə oxuculara öz sözünü deyə bildi.
Dövrün tanınmış ədəbiyyatşünasları, yazıçıları, sənət
adamları bu əsərlər haqqında öz fikirlərini bildirdilər.
Romanlara oxuculardan geniş əks-sədalar gəldi, başqa dillərə
tərcümə olunmağa başladı.
____________Milli Kitabxana____________
234
M.S.Ordubadi və Y.V.Çəmənzəminli kimi böyük
sənətkarların həmin dövrdə tarixi mövzulara müraciət etməsi bu
gün yəqin ki, kifayət qədər başadüşüləndir. Onlar yeni ədəbi
mühitə (proletar ədəbiyyatı, sosialist realizmi mühitinə) öz
yaradıcılıq prinsipləri, üslubları, dəst-xətləri ilə gəlmişdilər.
Bununla belə, yeni ab-havaya, yeni tələblərə uyğunlaşmaq
lazım gəldiyini də başa düşürdülər. O illərdə böyük şövqlə yeni
sovet ədəbiyyatını yaradanlar belələrini (o cümlədən Cəlil
Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, Əli
Nəzmini, Abdulla Şaiqi, Süleyman Sani Axundovu və b.) “əski
yazıçılar” hesab etsələr də, onları “yeni həyat”a qovuşmağa,
“öz keçmişindən ayrılmağa”, “yenidən qurulmağa” çağırırdılar.
“Bunlar müəyyən dövrdə müsbət ədəbi bir hadisə olaraq
yaşamış və bundan sonra ciddi təşəbbüs göstərərək
inqilabımızın mahiyyətini lazımınca anlamaq üçün öz
dünyagörüşlərini sağlamlaşdırmaq yolunda çalışsalar və bu işdə
irəlidə gedən şura yazıçıları onlara lazımınca məfkurəvi yardım
göstərərsə, özlərini yenidən quraraq, ciddi bədii əsərlər
verərlər” (45, 59). Qeyd edək ki, bu sözlər 1932-ci ildə
səslənmişdir.
Əlbəttə, M.S.Ordubadi və Y.V.Çəmənzəminli kimi
sənətkarlar dövrana, hakim ideoloji tələblərə qarşı durmasalar
____________Milli Kitabxana____________
235
da, milli mənliklərini ifadə etməliydilər, mənsub olduqları
xalqın arzu və istəklərini göstərməliydilər, tarixi yaddaşları
oyatmalıydılar. Onlar tarixə müraciət etməyi lazım bildilər və
“Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Qızlar bulağı”, “İki od
arasında” kimi romanlar yarandı.
Ədəbiyyatşünas alim Y.Qarayev yazır ki, “xalqın milli
mənəviyyatının müasir mərhələdəki təkamülünü onun tarixi
keçmişinin realist bədii tədqiqi zəminində izləmək və mənəvi
təcrübəsinin dərslərində cavab tapmaq bu əsərlərin ən yaxşıları
üçün ümumi olan başlıca ideya-bədii və vətəndaşlıq məqsədini
təşkil edir” (Bax: 4, 5).
Haqqında söhbət açdığımız əsərlərdə müəlliflər tarixi
həqiqətləri gözləmişlər, lakin bədii təxəyyülün gücü ilə maraqlı
və inandırıcı süjetlər də yaratmış, milli-mənəvi ideallarını da
ifadə edə bilmişlər. Xalqın tarixi və taleyi ilə, onun keçdiyi
mübarizə yolu ilə bağlı motivlər belə romanlarda qabarıq
görünür. Görkəmli yazıçı və ədəbi tənqidçi Mehdi Hüseyn
qırxıncı illərin əvvəllərində yazırdı: “Yazıçının tarixə
münasibətində başlıca prinsip tarixi həqiqətin mahiyyətini tam
mənası ilə mühafizə edib göstərməkdən ibarətdir” (45, 417).
Əlbəttə, yazıçı tarix yazmır. M.Hüseynin dediyi kimi, “tarixçi
“nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola
____________Milli Kitabxana____________
236
bilərdi?” suallarına da cavab verir” ( 45, 417). “Tarixçi dövrün
ümumi-ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox
dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir.
Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa
da, tarixi-bədii əsər yarana bilməz!” (45, 417). Həmin fikirlərin
davamı: yazıçının tarixçidən üstünlüyü onun həyata fəlsəfi
emosional yanaşmasındadır, gerçəkliyə mütəfəkkir baxışındadır
(34, 60).
“DUMANLI TƏBRİZ ”. DUMAN ÇƏKİLƏNDƏ
Otuzuncu
illərin
əvvəllərində (1933-cü ildə)
M.S.Ordubadinin “Dumanlı Təbriz” romanı çap olunmağa
başladı və dörd hissədən ibarət olan bu əsərin çapı 1948-ci ildə
başa çatdı. Bu əsər (onu roman-epopeya, yaxud milli-tarixi
epopeya da adlandırırlar) Azərbaycan ədəbiyyatında ilk tarixi
roman hesab edilir və müəllifinə böyük şöhrət qazandırmış,
oxucularını ısə öz cazibə dairəsinə salaraq sevindirmiş və
zənginləşdirmişdir.
Ədəbiyyatşünaslarımız “Dumanlı
Təbriz” romanını
Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən hesab etmişlər.
M.Hüseyn, H.Araslı, M.C.Cəfərov, A.Zamanov, F.Vəzirova,
Q.Xəlilov, F.Hüseynov, M.Hacıyev və başqaları romanın
təhlilini aparmış, onun Azərbaycan ədəbiyyatında yerini, rolunu
Dostları ilə paylaş: |