Giriş Hicrət və əhəmiyyəti



Yüklə 376,45 Kb.
səhifə4/6
tarix17.11.2017
ölçüsü376,45 Kb.
#11001
1   2   3   4   5   6

C. Qureyşin təlaşı.

Qureyş Mədinəlilər ilə Həzrəti Məhəmməd arasındakı müqavilə bağlanması xəbərini o gecəki casusların sözlərindən eşitmişdi. Ancaq bu iş onlara qaranlıq qalmışdı. Çünki casusları belə işin mahiyyətini anlaya bilməmişdilər. Qureyş bir ip ucu əldə etmək üçün şirk qardaşları Mədinəli bütpərəstlərə baş vurdular. Onlardan gecəki hadisəni, müzakirəni öyrənmək istədilər. Ancaq onlar bu işdən xəbərdar olmadıqları üçün, and içərək elə bir şeyin olmadığını söylədilər. Məkkə müşrikləri də bütpərəst qardaşlarının bu sözlərinə inandılar. Müsəlmanlar bu məsələ barəsində susmağı münasib bildilər, müsbət və ya mənfi heç bir şey söyləməmk hamısından yaxşı idi. Mədinəli bütpərəstlərin cavabı onları müşkül vəziyyətdən qismən qurtardı.

Qureyş işin əslini öyrənənə qədər Məkkəlilər yüklərini toplayıb məmləkətlərinə doğru yollanıdılar. Onlar getdikdən sonra Qureyş olub bitəni öyrəndi və o dəqiqə onların arxasınca getdi. Ancaq Mədinəlilər çoxdan oralardan uzaqlaşmışdılar. Onlardan yalnız Səd ibni Ubadəni yaxalaya bildilər. Onu alıb Məkkəyə gətirdilər və əzab-əziyyət verməyə başladılar. Cübeyr ibni Mutim ibni Adiy və Haris ibni Umeyyə onu himayələrinə alaraq xilas etdilər. Onlar Suriyaya ticarətə getdikləri zaman, Mədinəyə baş çəkəndə onları həmişə Səd qonaq edərdi.

Qureyş tələşlanmaqda haqlı idi. On üç ildə müsəlmanlara nələr etməmişdi? Bir gün elədiklərinin əvəzini alacaqlarına, şübhə yox idi. O günün yaxınlaşdığını hiss edirdilər. Bu dünyada heç kimin etdiyi yerdə qalmaz, deyirlər. Qureyş kimsəsiz müsəlmanlara hücum etmiş, onlara əzab-əziyyət vermiş, zavallı qadınların qanını tökmüş, müsəlmanları mühasirəyə alaraq ac-susuz saxlamışdı. Ağbirçək anaların, südəmər uşaqların ah-naləsinə fikir verməmişdi. Məzlumların ahı göylərə yüksəlmişdi. Qureyş bunları bilirdi. Onun üçün də hesablaşmaqdan, hesab günündən qorxaraq təlaşlanırdı.

Yeni andlaşma müsəlmanların önündə yeni bir sahə açdı. Əqidələrini sərbəst izhar edəcək, dinlərini qorxub-çəkinmədən yayacaqdılar. Mədinəli Evs və Həzrəc qəbilələri onlara ağuşunu açmış, kömək vəd etmişdi. Müsəlmanlıq orada bütün cah-calalı ilə parlamağa namizəd idi. Müşriklər islamiyyətin bu yeni hərəkatını dayandırmaq üçün fikirləşir, Mədinədə qüvvətlənməsinin qarşısını almağa çalışdığı vaxt, Həzrəti Peyğəmbər də bu yeni islam mühütinin daha sürətlə islam mərkəzinə çevrilməsi üçün çalışırdı. İslamiyyət üçün çox əhəmiyyətli bir hal əmələ gəlmişdi. Ölüm-qalım məsələsi belə adlandırıla bilərdi. Əgər işlər yolunda getsə, yeni hərəkatla uğur qazanılsa, islamiyyət zəfər çalacaqdı. Allahın dini yer üzünə mübarək işıqlarını salacaq, bəşəriyyətin yolunu aydınladacaqdı.

Əks təqdirdə isə, bəşəriyyəti bürüyən zülm və zülmət buludları parçalanmayacaq, həqiqət günəşi parlamayacaq, insanlıq qaranlıq və cəhalət içində çaşıb qalacaqdı. Allah sadiq olanlardan yardımını əsirgəməz. Ona görə də Allaha bağlanaraq, onun köməyinə güvənərək, tutulan bu yeni yolda davam etmək lazım gəlirdi. Həzrəti Məhəmməd müsəlmanları Mədinəyə köçürmək işində çox tədbirli hərəkət edərək ən incə planları cızdı. İkinci Akabə beyəti zilhiccə ayında olmuşdu. Əshabı Kiram iki-bir, üç-bir Mədinə yolunu tutmağa başladı. Qureyşin nəzərini cəlb etməmək üçün, kütləvi surətdə getmirdilər. Ancaq Qureyş yenə də məsələni anladı və nəticələri düşünməyə başladı. Hicrət edənlərə mane olmağa başladılar. Zilhiccənin son günlərində, Məhərrəm və Səfər aylarında Məkkədəki müsəlmanların böyük bir hissəsi Mədinəyə hicrət edə bildi. Ancaq yol tədarükünü görə bilməyəcək qədər yoxsul olanlar, yola çıxmağa taqəti olmayanlar qaldılar.

Məkkəlilərdən Mədinəyə ilk hicrət edən, Əbu Sələmə ibni Əbdül-Əsəddir. Sonra Amir ibni Rəbiə arvadıyla birlikdə hicrət etmiş, onların arxasından Abdullah ibni Cahş ailə üzvlərinin hamısı ilə, köçlü-külfətli Mədinəyə köçmüşdülər. Qureyş müsəlmanların Mədinəyə hicrətlərinə mane olmaq üçün hər çarəyə əl atırdı. Bir hissəsini əllərindən qaçırmaq istəmədikləri üçün, buraxmırdılar. Ər-arvadın arasına girərək onları bir-birindən ayırırdılar. Qureyşdən olan qadınların, ərləri ilə birlikdə hicrət etmələrinə icazə vermirdilər. Bir çox ailələri buna görə pis vəziyyətdə qoymuşdular.86 Həzrəti Osman arxasından Həzrəti Ömər də hicrətə getmişdilər. Həzrəti Ömərin hicrəti başqalarına bənzəmirdi.87Hamı xəlvətcə ana-ata yurdunu tərk edərək Mədinəyə hicrət etdiyi zaman O hicrət edəcəyini gizlətməyə lüzum görmədən qılıncını qurşadı, Kəbəyə gəldi, oranı yeddi dəfə tavaf etdikdən sonra İbrahim məqamına gələrək iki rəkat namaz qıldıqdan sonra orada olan müşriklərə, Qureyşin başçılarına:

-Baxın mən də dinimi qorumaq üçün Allah yolunda hicrət edirəm, arvadını dul, uşaqlarını yetim buraxmaq istəyən, bu vadidə önümə çıxsın, dedi və günün günorta çağı yola düzəldi.88


D. Müsəlmanların hicrət etməsinin səbəbləri.

Bu adamlar niyə hicrət edirdilər? Mal, mülk, ev-eşik, hamısını buraxaraq niyə ana-ata yurdundan çıxıb qürbət ellərə gedirdilər? Bu sualların cavablarını qavraya bilmək insanlığın mənasını anlamaqdadır. Bu insanlar hürriyyət axtarırdılar. Əqidə, vicdan azadlığı, Məkkədə yaşamaq hüqüqlarına sahib deyildilər. Məkkəlilər onları təzyiq altında boğmaq istəyirdilər, ən müqəddəs varlıqlarına, iman və əqidələrinə hücum edirdilər. Onlara həyat haqqı, vicdan azadlığı vermirdilər. İman və əqidə isə hər şeydən əzizdir. Din uğrunda hər şeydən, mal-mülk, nə varsa hamısından əl çəkdilər. Gözləri arxalarında qalmırdı. Azad üfüqlərə doğru getdikləri zaman, rəhbərləri iman nuru olduğu üçün, üzlərində parlaq bir ümidin xoş işıqları sezilir, gülə-gülə gedirdilər. Təzyiq altında yaşamaq onları bezdirmişdi. Təzyiq və zülm altında yaşamaq insanı əzər, canından bezdirər, dərin bir qaranlıq içində çürüdər. İnsan belə bir yerdə, hətta düşünmə qabiliyyətini də itirər. Düşünməkdən qorxar və çəkinər. Doğrudur, fikirlər qorxu və təzyiqlə öldürülməz, ancaq qorxudan gizlədilər. Müşriklər müsəlmanlarla belə rəftar edirdilər. Belə bir yerdə yaşamaqdan, köçmək yaxşı idi. Həbəşistan hicrətini də eyni zərurət doğurmuşdu. Zülmdən qurtarıb azad yaşamaq üçün, indi daha da əlverişli hesab etdikləri Mədinəyə can atırdılar. Mədinə də ağuşunu açaraq onları gözləyirdi. Onları şirin təbəssümlə qarşılayacaqdı. Doğrudur Məkkə onların ana torpaqları idi. Orada doğulub, orada böyümüşdülər. Vücudları oranın torpağından yoğrulmuşdu.89Orada ölərək vətən torpağına qarışmaq xoş bir şey idi.

Ancaq «Rəbbimiz, tək bir Allahdır» dedikləri üçün müşriklər onlara hər cür əzab-əziyyəti rəva görürdülər. Mədinəyə edilən hicrətin səbəbləri bunlardır.

Məkkədə, hicrət etməkdən məhrum olanlarla Həzrəti Peyğəmbərin özü bir də Əbu Bəkir həzrətləri qalmışdı. O da Həzrəti Peyğəmbərə müraciət edərək hicrət arzusunu bildirmişdi.

Peyğəmbərimiz ona:


  • Tələsmə, baxaq bəlkə Allah sənə bir yoldaş verər dedi.90

Qureyş, Həzrəti Məhəmmədin nə fikirdə olduğunu bilmirdi.

Müsəlmanlar Həbəşistana hicrət etdikləri zaman, O hicrət etməmişdi. Yenə də elə edəcəkdimi? Əshabı hicrət edəcək, özü Məkkədəmi qalacaq? Yoxsa O da Mədinəyə müsəlmanların arasına gedib, dini inkişaf etdirmək üçün oranı mərkəzmi edəcək? Bu barədə heç kim heç nə bilmirdi. Həzrəti Peyğəmbərin ən yaxın və səmimi dostu, yarı canı olan Əbu Bəkirə belə bu barədə bir şey söyləməmişdi. Kiçik işarələrlə kifayətlənirdi.


E. Qureyşin sui-qəsd toplantısı.

Hər nə olsa, müşriklər müsəlmanların Mədinədə çoxalmasından son dərəcə narahat idilər. Mədinə onların ticarət yolunun üstündə idi. Suriyaya göndərdikləri ticarət karvanları oradan keçirdi. Mədinə qüvvətli bir islam mərkəzi halına çevrilirdi. Bunun axırının müşriklərin əleyhinə olacağına, şübhə yox idi. Əvvəllər müsəlmanları mühasirəyə ala bilirdilər, ancaq indi onları əllərindən qaçırmışdılar. Ancaq İslam hərəkatının başında duran peyğəmbər hələ Məkkədə idi. Onu da əllərindən qaçırsalar, işləri qurtarmışdı. Nə etməli? Həzrəti Məhəmmədi Məkkədə mühafizədə saxlamaq, Onun Mədinəyə gedərək müsəlmanların başına keçməsinə mane olmaq, Onun hicrətinə icazə verməmək, bunlar ola bilərdi. Ancaq Mədinədəkilər peyğəmbərlərini qurtarmaq üçün, Məkkəyə hücum edə bilərdilər. Məkkəlilər Mədinəlilərin hücumlarına qarşılıq verməkdən qorxaraq qəti qərara gələ bilmədilər. Nəhayət ən pis və qorxunc bir şey fikirləşdilər. İşi kökündən həll etmək, islam cərəyanının qaynağını qurutmaq! Bu da Həzrəti Məhəmmədi aradan götürməklə ola bilərdi. Bu xain məqsədlə, «Darun Nədvədə» toplandılar. Ora Kusay bin Kilabın evi idi. Qureyşlilərin idarə mərkəzi idi. Vacib işlərini orada həll edirdilər.91

Onlardan Əbülbəxtəri və Hişam bin Əmir «Onu zəncirləyib zindana ataq dedi92.Ərəblər belə işlər görürdülər. Məsələn, Zühəyr və Nabiqa kimi şairlərinin başına belə işlər açmışdılar. Yeni fikirləri öldürmək üçün, ərəblər bu vasitəyə baş vururdular. Ancaq bu dəfə bu fikir qəbul edilmədi.

İçərilərindən biri Əbül Əsvəd Rəbiə bin Əmr dedi:

Onu aramızdan çıxarıb sürgün edərək, Ərəbistanın izsiz bir səhrasına ataraq, göz həbsinə alaq 93.O bizdən uzaq olunca biz də ondan canımızı qurtararıq.

Nəcdli bir şeyx işə qarışaraq dedi:

«Xeyr bu görüş uyğun deyildir. Siz onun gözəl danışmasını, gətirdiyi şeylərlə insanların qəlblərinə hakim olduğunu görmürsünüz? Əgər bu dediyinizi etmiş olsaq O ərəb qəbilələrinin arasına girərək özünə çoxlu tərəfdar toplayacaqdır və bir gün sizin üstünüzə hücum çəkməyəcəyindən əmin ola bilməzsiniz. Siz onun haqqında bundan başqa bir tədbir düşünün dedi.94 Nəhayət Əbu Cəhl ortaya belə bir təklif atdı. Onu öldürmək. Ancaq kim öldürsün? Ərəblərdə qan davası var idi. Abdi-Manaf oğulları, Həzrəti Məhəmmədin qanını, əsla yerdə qoymazdılar. Bu da düşmən qarşısında bərabər durmalar, lazım olan Ərəbləri bir-birinin üstünə salar, bir-birinə düşmən edərdi. Nəhayət onun da asan yolunu tapdılar. Hər qəbilədən bir gənc eyni anda qılınc çəkərək onu vursun, kimin qəbiləsinin öldürdüyü məlum olmayacaqdı. Abdi Manaf oğulları da, qan davasına qalxa bilməyəcək, çarəsiz əvəzinin ödənməsinə razı olacaqdılar. Onlar da əvəzi ödəyəcək, beləliklə bu məsələ həll olunacaqdı. Onlar bu görüşlə razılaşıb evlərinə dağıldılar.95

Onlar belə fikirləşdilər və qərara gəldilər. Adamlarını hazırlayıb Məhəmmədin evini mühasirəyə almaq üçün fəaliyyətə başladılar. Onlar bu işə həll olunmuş kimi baxırdılar. Tövhid dinin nurunu söndürəcəklərini zənn edirdilər. Halbuki, Allahın təqdiri başqa cür zühur edəcəkdi. Hadisə hər halda ilahi-təqdiri üzrə baş verəcəkdi, ancaq qafillər bunu fikirləşmirdilər.


F. Həzrəti Peyğəmbərə hicrət izni verilməsi.

Hicrətə izin verilməsinə dair işarələr Meracda artıq Həzrəti Peyğəmbərə verilmişdi. Onlar səni sıxışdırmaqla az qala torpağından çıxarırdılar. O cür osaydı onlar da səndən sonra yerlərində çox az bir zaman qala bilərdilər. Səndən əvvəl göndərdiyimiz Peyğəmbərlər haqqında da eyni yolu tutmuşduq, bu yolumuzu heç dəyişdirmərik. (İsra 76-77) Qureyşə indiyə qədər edilən şirin dillə vəz və nəsihət dövrünün sona çatmaq üzrə olduğu, onlara gələcək əziyyətin yaxınlaşdığı Həzrəti Məhəmmədin aralarından hicrət etmək üzrə olduğu xəbər verilir.

Allah müşriklərin toplantısını və aldıqları qərarı Həzrəti Peyğəmbərə bildirdi və Mədinəyə hicrət etməsinə izin verdi. Rəsulallah digər müsəlmanların hicrətindən sonra Məkkədə tənhalıq hiss edirdi. Bunu görə də hicrət üçün izin verilməsinə sevindi.

Üçüncü Bölüm.

Məkkədən Mədinəyə Hicrət.
A. Həzrəti Peyğəmbərin hicrəti.

Qureyş Həzrəti Məhəmmədi öldürmək kimi qorxunc bir qərar vermişdi. Həzrəti Peyğəmbər hər şeydən xəbərdar idi. İlahi vəhy nazil olaraq bildirdi və hicrət etməsinə izn verildi. 96

Hicrətdən iki gün əvvəl, bir günorta vaxtı Həzrəti Peyğəmbər Əbu Bəkirin evinə gedərək:


  • Səninlə bu gün mühüm bir şey danışacağam, yanımızda heç kim olmasın, dedi.

  • Əbu Bəkir də:

  • Burada qızlarımdan başqa bir adam yoxdur, dedi.

  • Hicrət üçün ilahi əmr aldım.

  • Sənin rəfaqətinlə şərəflənəcəyəmmi, Yə Rəsulallah?

  • Bəli.

Həzrəti Əbu Bəkirin bir neçə aydan bəri bu gün üçün bəslədiyi iki dəvəsi var idi. O dəqiqə birini Rəsuli Əkrəmə təklif etdi97. Ancaq böyük peyğəmbərimiz ən yaxın dostunun, ən səmimi yoldaşının belə minnəti altında qalmaq istəməyərək:

- Qəbul edirəm yalnız əvəzini ödəmək şərti ilə, və Əbu Bəkir dəvənin əvəzini qəbul etməyə məcbur oldu. Hicrət üçün Allahın əmrini qəbul etdikdən sonra, onu Əbu Bəkirə müjdələdi və iki dost hicrət hazırlığını tamamladılar. Həzrəti Ayişənin böyük bacısı Əsma yol üçün lazım olan tədarükü gördü, yol heybəsini hazırladı.

Burada haqq və əqidə uğrunda tarixin ən böyük hərəkatı başlamaq üzrə idi. Müqəddərat necə olacaqdı? Onu Allahdan başqa heç kim bilmirdi.

Qureyşin qərarını həyata keçirmək üçün seçdiyi qatil namizədləri gecə peyğəmbərin xaneyi səadətini mühafizə edib, əhatəyə aldılar. Ərəblərdə bir adamı öz evinin içində öldürmək murdarlığın, qorxaqlığın ən pisi sayıldığı üçün, Peyğəmbərin evdən çıxmasını gözləyir, evdən çıxan kimi hərəsi bir tərəfdən onu vurmaq istəyirdilər. Başqa alimlərin dediyinə görə sui qəsdçilərin içəri hücum etməmələrinin səbəbi onların içəriyə girmək istərkən evin içindən bir qadın qışqırığının eşidilməsi oldu.98Bir birilərinə «Vallahi bizim əmi qızlarımızın yanına girmək üçün divara çıxdığımız xalqın dilinə düşərsə rəzil olarıq. Buqa görə də sabaha qədər, qapının önündə durdular və Peyğəmbərimizin çölə çıxmasını gözlədilər.99

Hicrət axşamı, hava qaralanda evini əhatə etdilər. Həzrəti Peyğəmbər çox ağıllı bir taktika ilə onları aldatdı. O, müşrikləri çaşdırmaq uçün gözəl bir üsul işlətdi. Həzrəti Əli əfəndimiz Onun yatağına yatacaq, Onun yaşıl yorğanını örtəcək, düşmənlər də onu qarşıdan gördükləri zaman yatdığını zənn edəcəkdilər.100 Onlar onun oyanıb bayıra çıxacağını gözlədikləri zaman, O buralardan uzaqlaşacaqdı. Hicrətin ilk anı belə, çox parlaq bir planla başladı.

Həzrəti Peyğəmbər Həzrəti Əlini çağıraraq ona hicrət etmə qərarını bildirdi vədüşmənləri aldatmaq üçün hazırladığı planı söyləyərək onun yatağına girməsini təklif etdi.101 Tanrı aslanı (İslam tarixində Həzrəti Əli, belə adlandırılır) bu təhlükəli işi tərəddüd etmədən, canı ürəkdən qəbul etdi. O zaman 22-23 yaşlarında idi. Qorxunun, təlaşın nə olduğunu bilməyən o böyük insanlar, hər şeyi soyuqqanlıqla həll edir, tədbirini aldaqdan sonra hər şeyi Allaha həvalə edirdilər.

Hər zaman olduğu kimi, hicrətdə də Həzrəti Peybəmbərin böyüklüyü görsənmişdir. Buna misal olaraq;

Həzrəti Peyğəmbərin Əbu Cəhl, Əbu Ləhəb kimi can düşmənləri də Onun əminliyindən əsla şübhə etməzdilər. Qövmünün ən inanılmış şəxsi O idi. Çox etibarlı olduğu üçün müsəlman və müşriklərin çox hissəsi ən qiymətli əşyalarını, qızıllarını ona əmanət edirdilər. Haqqında ölüm qərarı çıxarıldığı, canı təhlükədə olduğu bir zamanda belə, O yalnız öz başının hayına qalmadı, əmanətləri unutmadı. Vəzifəsini böyük adama yaraşan bir bir ləyaqətlə yerinə yetirdi. Onda olan əmanətləri Həzrəti Əliyə verərək, onların sahiblərinə çatdırılmasını tapşırdı.102 Ondan sonra ona qoşulmasını əmr etdi. Ən ağır zamanda belə, vəzifəsini unutmadı. Həyatının bütün səhifələrində məhz belə yaxşılıqlarla insanlara nümunə oldu.

Aralarında Əbu Cəhl də olmaqla düşmənlər evi əhatə edərək gözləyirdilər. Əbu Cəhl onlara dedi:

Məhəmmədin iddiasına görə; Siz ona tabe olub müsəlman olsanız ərəblərə və ərəb olmayanlara hökmdar olacaqsınız. Ölümünüzdən sonra diriltiləcək iordaniya bağçaları kimi bağçalarda yaşayacaqsınız. Əgər onun dediyini etməzsəniz, boğazlanacaq və diri diri cəhənnəmdə yanacaqsınız deyərək Həzrəti Peyğəmbərin sözünü lağa qoydu. Bu zaman Həzrəti Peyğəmbər çölə çıxdı. Bir ovuc torpaq götürüb «Bəli bunu mən deyirəm». Cəhənnəmdə yanacaq insanlardan biri də sən olacaqsan dedikdən sonra torpağı onların başlarına atdı və bu ayələri oxudu.103 Yasin. Hikmətli Qurana anda olsun ki, Həqiqətən sən peyğəmbərlərdənsən. Doğru yol üzərindəsən. Bu qüdrətli, rəhmli (Allahın) nazil etdiyi Qurandır ki, Sən ata babalarına öyüd-nəsihət verilməmiş, qəflətdə olan adamlara (onunla) öyüd-nəsihət verəsən. İman gətirmədiklərinə görə onların çoxu barəsində söz (Allahın hökmü) haqq oldu.104

Onlar görmədən, Həzrəti Peyğəmbər yanlarından keçib getdi. Onlarla orada olmayan müşriklərdən bir nəfər onlara yaxınlaşıb dedi: Burada kimi gözləyirsiniz? Onlar Məhəmmədi gözləyirik dedilər. Adam onlara: Vallahi Məhəmməd sizin üstünüzə torpaq atıb çıxıb öz işinə getdi. Müşriklər əllərini başlarına sürtdükdə həqiqətən torpaq olduğunu gördülər.105Bununla bərabər onlar Həzrəti Peyğəmbərin getdiyinə inanmadılar və onu gözləməyə başladılar. Beləcə sabaha qədər gözlədilər. Həzrəti Əli sabah namazına qalxınca onun üzərinə hücum etdilər, ancaq peyğəmbər olmadığını gördükdə o adamın düz dediyini təsdiq etdilər.106Ancaq iş işdən keçmişdi. Həzrəti Peyğəmbər artıq Əbu Bəkirin evinə getmişdi. Əbu Bəkir hicrət üçün hazırlanmışdı. Heç kimin sezməməsi üçün, Həzrəti Əbu Bəkirin evinin arxa pəncərəsindən çıxdılar. Allaha təvəkkül edərək hicrət yoluna başladılar. İman yolunda ən böyük mübarizəyə atıldılar.

Həzrəti Peyğəmbər Məkkədən ayrıldığı zaman bu tarixi sözləri söylədi:



  • Ey Məkkə, bütün dünyada ən çox sevdiyim yer, sənin torpaqlarındır. Ancaq sənin övladların məni sənin divarların içində sakit buraxmırlar.! 107

Bu sözləri ilə Həzrəti Peyğəmbər mübarək səfərinə başlamışdı. Bu səfərin səmərələrindən bütün insanlıq yararlanmışdı. Çünki bu səfər ümumi dəvətin başlanğıcı idi.
B. Sevr mağarasında.

Məkkənin cənubunda bir saat yarımlıq məsafədə yerləşən Sevr dağı var idi. Bu iki şərəfli yolçu o istiqamətdə getdilər. Düşmənləri yanıltmaq üçün ən yaxşı yol bu idi. Müşriklər Həzrəti Peyğəmbərin Mədinəyə müsəlmanların yanına hicrət edəcəklərini gözlədiklərindən, bu cür tərs istiqamətdə Yəmənə tərəf gedəcəkləri ağıllarına gəlməzdi. Həzrəti Peyğəmbər də bu istiqamətdə gedərək çaş-baş düşmənlərini daha da çaşdırdı.

Sevr mağarasına doğru gedərkən Əbu Bəkir bəzən Peyğəmbərin önünə keçir bəzən də arxasınca gəlirdi. Peyğəmbərimiz ounun bu hərəkətini görüncə, Ey Əbu Bəkir niyə belə edirsən?

Həzrəti Əbu Bəkir:

Öndə gedərkən arxadan səni tutmalarından qorxduğum üçün arxaya keçirəm. Arxada olarkən isə səni öndən izləyərlər deyə qorxur və önə keçirəm.108

Həzrəti Peyğəmbər:

Ey Əbu Bəkir! Mənim başıma gələcək bir müsibətin sənin başına gəlməsini istəyərdinmi?

Həzrəti Əbu Bəkir:

Bəli! Səni haqq dinlə Peyğəmbər göndərən Allaha and içirəm ki, gələcək bir müsibətin, sənin yerinə mənim başıma gəlmiş olmasını istərdim.

Sevr mağarasının qapısına çatdıqlarında Əbu Bəkir: Ya Rəsulallah! Siz yerinizdə durun Mən içəri girib ətrafa nəzarət edim və mağaradakı dəlik-deşikləri bağlayım dedi. Sonra mağaraya girdi.109 Ətrafdakı dəlik deşiyi bağladı.Çölə çıxdı, ancaq bir dəliyi bağlamadığını xatırlayınca: Ya Rəsulullah yerindən ayrılma. Unutduğum bir dəlik var. Onu da bağladıqdan sonra içəri girərsən dedi. İçəri girib o dəliyi örtdükdən sonra buyur Ya Rəsulallah dedi.110 Həzrəti Peyğəmbər də içəri girdi. Beləliklə onlar burada gizləndilər. Əbu Bəkirin oğlu Abdullah gündüzləri Qureyş arasında gəzir, dolanır, gecələri onlara xəbər aparırdı.111O qayıtdıqdan sonra Əbu Bəkirin köləsi Amir ibni Fuheyrə qoyunları o tərəfə sürür, həm Abdullahın izlərini itirir, həm də mağaradakılara süd verirdi. Onlar mağarada üç gün qaldılar.

Müşriklər əllərindəki adamı qaçırmamaq üçün, hər tərəfi alt-üst edərək axtarırdılar. Axtarmadıqları yer, soruşmadıqları adam qalmadı.Məhəmmədi tapana yüz dəvə bəxşiş vəd etdilər.112 Ancaq hara baş vursalar, əliboş qayıtdılar.Qureyşin əli çomaqlı beli xəncərli dəliqanlıları Məhəmmədin izinə düşərək onu axtarırdılar.Bunlar bir ara onların gizləndikləri mağaranın kənarına gəldilər.Orada rast gəldikləri bir çobandan soruşdular. Çoban: Mağarada ola bilərlər, ancaq mən ora heç kimin girdiyini görmədim.

Bayırdakı bu danışıqları içəridən eşidirdilər. Onların içindən bəziləri lap mağaranın ağzına kimi gəldilər və o qədər yaxınlaşdılar ki, içəridən onların ayaq səsləri eşidilirdi. Əbu Bəkir özü üçün deyil, çox sevdiyi Həzrəti Peyğəmbər üçün qorxurdu. O, qədər yaxınlaşmışdılar ki, ayaqlarının altına baxsaydılar, onları görəcəklərindən əndişə edən Əbu Bəkir:



  • Bizi görəcəklər Yə Rəsulallah, dedi.

Həzrəti Peyğəmbər iman və arxayınlıq təlqin edən bir səslə:

  • Bikefləmə qəm yemə Allah bizimlə bərabərdir, dedi.113

Qurani Kərim mağaradakı bu həyəcanlı anlardan bəhs edərək Allahın onlara mağarada inayəti Rəbbaniyyəsindən necə sakitlik verdiyini, yardım etdiyindən bəhs edir. Şübhəsiz ki, onları ilahi müqəddarət qoryub saxlamışdır. Yoxsa hər tərəfi axtaran müşriklərin mağaraya qədər gəldikdən sonra içəri girməmələrini nə ilə izah etmək olar?
C. Hicrət əsnasında baş verən bəzi möcüzələr.

Müşriklər Həzrəti Peyğəmbəri axtardıqları vaxt, mağaranın ağzına qədər gəldikləri zaman biri içəri girib baxmaq istədi. O zaman Ümeyyə ibni Xələf içəri girmək istəyənə:

- Orada nə işin var? Ağlını itrmisən? Bax Məhəmməd doğulmamışdan əvvəl, hörmüçəklər orada tor qurub, quşlar yuva salıb, deyə səslənmişdi.114

Mağaranın ağzında hörmüçəklər tor qurmuş, orada bir ağac bitmiş, budaqlarından bir cüt göyərçin yuva tikmişdi. Siyər kitablarının rəvayət etdiyi qar möcüzəsi bunlardır.115 Şərqşünaslardan Dərməngəm bu möcüzədən bəhs edərkən, bu üç qəribə şeyin bənzərlərini, demək olar ki, yer üzündə hər gün görürük, deyir. Ancaq bir bxışa baxılırsa, təbii və sadə görünən bu şeylərin şübhəsiz ki, hər biri möcüzədir. Möcüzə deyiləndə, hər halda göylərdən alovlar yağması yerlərin yarılması kimi fövqəlada dəhşət verici bir şey gözləmək lazım deyil, əsl etibar nəticə ilə meydana çıxar. Qəhramanlıq qazanmaq da elədir. Ən bəsit və sadə görünən bir şeylə də ən böyük qəhramanlıq qazanıla bilər. Döyüşlərdə belə nümunələr çoxdur. Kiçik şeylər böyük nəticlər doğura bilər. Təbii görünən bu əcaib hallar, nəticə etibarı ilə böyük bir möcüzədir, tarixin şəklini dəyişdirən bu möcüzələrin təbii görünməsinin özü də əsl möcüzədir. Məqsədə uyğun olması, təbii görsənməsi lazım idi. Başqa cür olsaydı, müşriklər başa düşərdilər. İlk baxışda sadə görünən bu möcüzələr tarixin ən böyük hadisələrindən biridir. Onsuz da hicrət başdan-ayağa möcüzələrlə doludur.

Qureyşin Həzrəti Məhəmmədi öldürmək üçün etdiyi təqibdən və qar hadisəsindən Qurani Kərim belə bəhs edir:

O ki o vaxtlar, o kafirlər sənə qarşı müxtəlif hiylələr qururdular. Səni tutub bağlamaq, səni öldürmək, yaxud yurdundan çıxarmaq üçün sui-qəsd hazırlayırdılar. Allah da onların məkr və hiylələrini öz başlarına çaldı. Onların planlarını alt-üst etdi. Cənabı Haqq pusquçuların şərlərini aradan qaldırıb onlara hədlərini bildirir.116

Siz ona yardım etməzsiniz, Allah o peyğəmbərinə yardım edər. Baxın,ona necə kömək etdi. Kafirlər onu yurdundan çıxartdığı və ikisi də o mağarada olduğu zaman, O vaxt dostuna bikefləmə, qəmgin olma, Allah bizimlə bərabərdi, deyirdi. Onu görmədiyiniz ordu ilə təmin etdi. Kafirlərin sözünü alçatdı, yerə çaldı. Allah kəliməsi isə ən ucadır.

Hicrət hadisəsində hər cəhətdən Həzrəti Məhəmmədin böyüklüyünü görürük.117 O dənizdə qəzaya uğrayan bir gəminin kapitanı kimi, əvvəlcə bütün müsəlmanları Məkkənin təzyiqli mühitindən çıxarıb Mədinəyə köçürtdü. Ən axıra özü qaldı. Müsəlmanları geriyə buraxıb özü, hamıdan əvvəl çox rahat Mədinəyə gedə bilərdi. Bu onun üçün asan bir iş idi. Ancaq onu etmədi. Mədinəlilər Onu həsrətlə gözləyəirdilər. Böyük Peyğəmbər haqq və həqiqət uğrunda hər cür fədakarlığı gözə aldı. Təhlükələrə sinə gərdi. Həyatının bahasına müşriklərin arxasında qaldı. Məkkədə qalmaq təhlükənin içində olmaq demək idi. O bunu da gözə aldı. Bilirdi ki, Cənabı Haqq Onu düşmənlərinin əlindən qurtarıb Mədinəyə yollayacaqdı.

Mağarada üç gün üç gecə qaldıqdan sonra təqibin bir az azaldığını hiss etdilər.118 Çünki düşmənlər bu üç gün ərzində Məkkə ətrafında qalacaqlarını güman etmədikləri üçün, onların uzaqlaşdığını zənn edirdilər. Əbu Bəkirin oğlu Abdullahın gətirdiyi xəbərlərdən elə başa düşülürdü. Buraya qədər ustalıqla, aldadıcı şəkildə davam edən hərəkət tərzi bundan sonra da Allahın inayəti ilə eyni müvəffəqiyyətlə davam edəcəkdi. Dəvələr gətirildi. Həzrəti Peyğəmbər ilə Həzrəti Əbu Bəkir bu iki hicrət yoldaşı dəvələrə mindilər. Onlara Abdullah bin Uraykıt bələdçilik edəcəkdi.119 Əbu Bəkirin qızı Əsma onlara yol tədarükü etmişdi. Gətirdiyi yeməyi və suyu dəvələrdən asmaq üçün bir şey tapa bilmədi. Dərhal belindən kəmərini açdı, onu cırdı. Bir parçası ilə yemək qabını bir parçası ilə də su qabını dəvədən asdı. Buna görə Əsmaya «Zatün Nitakayn» yəni cüt kəmərli deyilir.120 Həzrəti Peyğəmbər ona bütün bunların mükafatını axirətdə görəcəyini müjdələmişdi.

Beləliklə Abdullah ibni Uraykıtın bələdçiliyi ilə yola çıxdılar.

Abdullah müşrik olsa da pul qarşılığında onlara yol göstərirdi. Səhranı yaxşı tanıyırdı. Yolda da aldadıcı istiqamətlə hərəkət etdilər. Mədinəyə hamının getdiyi yolla deyil, başqa bir yol ilə getdilər. Əvvəlcə cənub istiqamətində, Qırmızı dənizə yaxınTəhaməyə doğru getdilər. Sonar şimala qayıtdılar. Qırmızı dəniz sahilindən uzaq, səhra içindən sahilə paralel olaraq gedirdilər. Gecə boyu və gündüzün böük bir qismini dəvələrin üstündə keçirirdilər, səhra ilə yol gedirdilər. Qızğın günəşin altında, yorğunluğa əhəmiyyət vermədən gedirdilər. Mədinəyə daha tez yetişmək, dostlarına qovuşmaq üçün can atırdılar.

Peyğəmbərimizlə Həzrəti Əbu Bəkir hər tərəfdə axtarılmalarına baxmayaraq, Məkkədən ayrıldıqları gün və o gündən sonrakı gecə durmadan yollarına davam etdilər.121

Həzrəti Əbu Bəkir: Kölgəsinə sığınıla biləcək bir yer varmı? deyə göz gəzdirərkən kölgəli, uzun bir qaya gördü.

Qayanın üzərinə, hələ günəş gəlməmişdi. Onlar qayanın yanına endilər.122

Həzrəti Əbu Bəkir: qayanın kölgəsində, peyğəmbərimizin yatacağı bir yer düzəltdikdən sonra:

Ya Rəsulallah! Sən yat istirahət et.

Mən də ətrafa göz qulaq olaram dedi.

Peyğəmbərimiz yatıb istirahət etdi.123

Həzrəti Əbu Bəkir onları axtarn kimsə varmı? deyə ətrafa baxarkən onlara yaxınlaşmaqda olan bir çobanı gördü. Onu qarşılayıb « Sən kimin çobanısın ey oğul? deyə soruşdu.

«Şəhər camaatından, Qureyşlilərdən bir adamın çobanıyam!» dedi.

Adamın adını xəbər verincə Həzrəti Əbu Bəkir onu tanıdı.

Həzrəti Əbu Bəkir çobana:

Davarında süd varmı? deyə soruşdu.

Çoban: Bəli var dedi.

Həzrəti Əbu Bəkir:

Mənim üçün süd sağa bilərsənmi? Deyə soruşdu. Çoban bəli deyincə Həzrəti Əbu Bəkir bir qoyun tutmasını ona əmr etdi. Çoban da Həzrəti Əbu Bəkirin dediyini edib yanındakı çanağa bir miqdar süd sağdı.

Həzrəti Əbu Bəkirin yanında bir tuluq var idi. Onu süd ilə doldurub peyğəmbərimizə gətirdi. Rəsulallah artıq yuxudan oyanmışdı. Həzrəti Əbu Bəkir, südün üzərinə bir az su töküb onu soyutdu.

Ya Rəsulallah süddən iç dedi.124

Peyğəmbərimiz süddən içincə Həzrəti Əbu Bəkir rahatlaşdı.

Həzrəti Əbu Bəkir: Ya Rəsulallah! Yolçuluq üçün vaxt gəldi dedi.

Günəş qərbə doğru əyildikdən sonra, qalxıb yollarına davam etdilər. Müşriklər isə hələ də onları axtarırdılar.


Yüklə 376,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə