319
zamanda teoloji mübahisələr üçün fəlsəfi hazırlığın zəruri olduğunu
göstərir, hətta fəlsəfənin dini suallarla məşğul olmaq qabiliyyəti inkar
edildiyi hallarda belə. Oxşar inkarın özü rasional olaraq
əsaslandırılmalıdır).
1) Kosmoloji arqument
Bu arqument əsasən belədir. Dünyada dəyişikliklər baş verir.
Toxum artaraq bitki olur, uşaqlar yaşlanır və i.a. Amma mövcud
hadisədə hər belə bir dəyişiklik bu dəyişiklikdən kənarda dəyişikliyin
mənbəyinin olduğunu göstərir. Hər bir dəyişilən hadisə, beləliklə,
dəyişikliyin başlanğıc nöqtəsi rolunda çıxış edən başqa bir hadisənin
olduğunu göstərir.
Bu sübut ideyasının mənbəyi ondadır ki, dəyişiklik eyni
zamanda öz səbəbi ola bilməz. Dəyişikliyə səbəb olmaq üçün başqa
bir hadisənin olması zəruridir. Bu yolla biz dəyişiləndən dəyişikliyin
səbəbinə doğru, sonra bu səbəbdən onun səbəbinə doğru və i.a.
hərəkət edə bilərik. Biz bu istiqamətdə irəliyə və irəliyə doğru hərəkət
edə bilərik. Konkret nümunə olaraq uşaqlardan valideynlərə doğru
genealoji ağac boyu hərəkət göstərilə bilər. Amma biz təsəvvür edə
bilmərik ki, hərəkət edəndən hərəkət etdirənə doğru olan belə reqress
sonsuz olaraq davam edə bilər. İlk keçid mövcud olmalıdır. Bunun
əksi ağlasığmazdır.
Deməli, özünün heç nə ilə şərtlənmədiyi, amma bütün
dəyişikliklərin və hər bir hərəkətin mənbəyi olan ilk səbəb mövcud
olmalıdır. Bu ilk səbəb "İlk təkanvericidir" və Fomaya uyğun olaraq,
biz onu Tanrı adlandırırıq.
Qeyd edək ki, Foma demir ki, ilk səbəb Tanrıdır, o, deyir ki,
biz onu Tanrı adlandırırıq. Arqumentin məğzi onda deyildir ki,
Tanrının mövcudluğu (bundan başqa, onun İlk səbəb olduğu)
göstərilsin, məsələnin məğzi ondadır ki, Tanrının mövcudluğunun
təsdiqinin ağlabatan olduğu göstərilsin.
Tanrının mövcudluğunun kosmoloji sübutu əleyhinə bir neçə
etiraz mövcuddur. Belə bir müqəddimə şübhə altına alına bilər ki,
dəyişilən hər bir şey bu dəyişiklik üçün kənardan impuls almalıdır.
Məgər şeylərin özləri dəyişilə bilmirlərmi? Bu şübhə bizi belə bir
müzakirəyə aparıb çıxarır ki, şey nədir və dəyişiklik qüvvələri ilə necə
bağlıdır. Tomist anlam aktuallıqlar və potensiallıqlar (actus və
potentia) və dörd "səbəb" barədə təlimlərə əsaslanır.
Başqa bir etiraz ondadır ki, «biz sonsuz reqressiyanı təsəvvür
edə bilmədiyimiz üçün ilk səbəb mövcud olmalıdır» mülahizəsi ilə
razılaşmaq ağlasığmazdır. Məgər dünya o mənada sonsuz ola
bilməzmi ki, o, çıxış nöqtəsinə malik deyildir?
320
Daha bir etiraz Foma tərəfindən yalnız və yalnız bir İlk
təkanvericinin qəbul olunması ilə bağlıdır. Amma bu, rasional
nöqteyi-nəzərdən inandırıcıdırmı?
Nəhayət, etiraz etmək olar ki, bu arqument xristian Tanrının
mövcud olmasını deyil, ən yaxşı halda, ilk səbəbin mövcud olmasını
sübut edir (ilk səbəbin isə şəxsləndirilmiş xristian Tanrısı olması
məcburi deyildir). İlk səbəbin xristian Tanrısı olmasını təsdiq etmək
üçün isə digər əsaslar zəruridirlər. Fomanın ifadə tərzi göstərir ki, o,
bu çətinlikləri dərk etmiş və buna görə də, öz arqumentasiyasını
həddindən artıq genişləndirməyə çalışmamışdır.
2) Kauzal arqument
Bu arqumentin mahiyyəti kosmoloji arqumentin mahiyyətinə
uyğun gəlir, amma o, başlıca olaraq, səbəbin və nəticənin əlaqəsinə
əsaslanır. İstənilən nəticə öz səbəbini göstərir, bu isə onun səbəbini və
i.a. göstərir. Kosmoloji arqument aktuallıq və potensiallıq haqqında
təlimlə və geniş mənada dəyişiklik anlayışı ilə bağlıdır. Kauzal
arqument eyni zamanda səbəbin və nəticənin spesifik əlaqəsindən
çıxış edir.
3) Zərurətə əsaslanan arqument
Zərurətə əsaslanan arqument özünün başlıca cizgilərində
aşağıdakılardan ibarətdir. Yer üzərində istənilən bir şey prinsipial
olaraq təsadüfidir, yəni o mənada təsadüfidir ki, onun mövcud olması
zəruri deyildir. O, olduğundan fərqli də ola bilərdi. İndi mövcud olan
şeylərin və hadisələrin əvəzinə digərləri də mövcud ola bilərdi. Bu,
şeylərə də, hadisələrə də və insanlara da aiddir. Sizin və ya mənim
mövcudluğum və ya Nyu-Yorkun və ya Londonun mövcudluğu zəruri
deyildir. Lakin ağlasığmazdır ki, bütün hər bir şey təsadüfidir. Nəsə
elə bir varlıq mövcud olmalıdır ki, o, zəruri olmuş olsun, və Fomaya
uyğun olaraq, onu "biz Tanrı adlandırırıq ".
4) Mükəmməllik və varlıq dərəcələrinə əsaslanan arqument
Biz görürük ki, mövcud olan hər bir şey bu və ya digər
dərəcədə mükəmməldir və böyük və ya kiçik varlığa malikdir.
Deməli, biz varlığın və mükəmməlliyin qradasiyasını təsəvvür edə
bilərik. Bu iyerarxik nizam dünyəvilik xaricində olan bir
mükəmməlliyin mövcud olduğunu göstərir. Bu nəsə mütləq Varlıqdır
ki, onu da, Fomaya görə, "biz Tanrı adlandırırıq". Bu arqumentasiya
dünyanın öncə təsvir olunan tomist iyerarxik mənzərəsinə istinad edir.
5) Teleoloji arqument
Həmçinin fiziki-teleoloji adlanan bu arqument təqribən
aşağıdakından ibarətdir. Biz təbiətdəki (physis) nizamı qavrayırıq və
nəticədə hər şeyin arxasında məqsəd (telos) görürük. Kainat bizim
qarşımızda yaxşı nizama salınmış və əla təşkil olunmuş kimi görünür.