20
Konfutsi öyrədirdi ki, bir neçə adam bir adamdan daha məlumatlı,
məsələlərdən baş çıxarandır. O, təlqin edirdi ki, «başqaları ilə özünlə necə
davranmağı istədiyin kimi hərəkət et». O, sadəcə təvazökarlığa deyil, həm də
itaətkarlığa öyrədirdi və bütün comərdlikləri təbliğ edirdi.
Çinə və çinlilərə az qala pərəstiş qaydasında yanaşan Volter özlkəsinin
idarə edilməsindəki eybəcərliklərə isə kəskin nifrətini bildirirdi, onları
bütünlüklə məhkum edirdi. Günəş Kral öldükdən sonra taxta çıxan nəticəsi, az
yaşlı XV Luinin regenti olan və sonralar əyyaşlıqda, əxlaqsızlıqda ad çıxaran
Orlean hersoqu özünü xalqa qənaətcil kimi qələmə vermək üçün, idarəçiliyinə
başlayan kimi sarayın tövləsində saxlanan atların sayını iki dəfə azaltdı. Bunu
eşidən Volter yazmışdı ki, yaxşı olardı ki, o, sarayın atlarının sayını ixtisar
etməkdənsə, saraydakı eşşəklərin sayını yarıbayarı azaldaydı. Volter Fransanın
idarçiliyinə belə sərt yanaşdığı halda, Çində mövcud olan qaydalara böyük
hörmət bəsləyirdi və buradakı dövlət imtahan sisteminə və layiq olanların
hakimiyyətinə vurğunluğunu gizlətmirdi.
Başqa, hətta bəzi müasir dövlətlərdən fərqli olaraq, Çin heç də öz
keçmişinə inkar, istehza və ifşa qaydasında yanaşmır, əksinə, nəcib ənənələrə
hörmət bəsləyir. Çin heç də şərqdəki qonşusu, adalar ölkəsi olan Yaponiya kimi
özünü dünyadan izolyasiya olunmuş şəkildə saxlamamışdı. Burada həmin
qonşudan fərqli olaraq müasirliyi feodal intizamı ilə birləşdirməyə cəhd edilmir.
Öz keçmiş ənənələrini fetişləşdirməkdən, əndazədən çıxarmaqdan da uzaqdır.
Burada keçmişin yaxşı nümunələri zamanın tələbləri üçün istifadə edilir. Son
vaxtlarda Çinin dünya iqtisadiyyatına təsiri artdıqca, əslində bu ölkə indii dünya
əhalisi üçün hər cür müasir tələblərə cavab verən mallar istehsalı və təchizatı ilə
məşğul olan qlobal emalatxana rolunu oynayır, ABŞ ilə Çin arasında rəqabətin
gündəliyə çıxması labüddür. Əlbəttə, Birləşmiş Ştatlar iqtisadi, elmi, hərbi və
texnoloji nöqteyi-nəzərdən dünyanın yeganə fövqəldövləti olaraq qalmaqdadır.
Lakin Çinin nəfəsi ən azı iqtisadi sahədə onun peysərində hiss olunmaqdadır.
Burada təəccüblü bir şey də yoxdur. Hələ yarım əsr bundan əvvəl İsrailin ilk baş
naziri David Ben-Qurion peyğəmbərcəsinə demişdi ki, faciəli və qəhrəmanlıq
tarixinə malik olan Çin gələcəkdə fövqəldövlət olacaqır.
Əgər tarix nəyəsə öyrədirsə, onda Çinin inkişafı Amerika üçün həqiqətən
bir çağırış təsiri yaratmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, qüdrəti
solan dövlətlər bir qayda olaraq səhnəni nadir hallarda döyüşüz tərk edirlər.
Çin iki min il bundan əvəl imperiyaya Tsin dövründə, imperator Şi Xuan-
dinin vaxtında vahid mərkəzi hakimiyyət altında birləşmişdi. İmperiya dövrü
müxtəlif qabiliyyətlərə malik olan liderlər görmüşdü. Qədim Çin hərb
nəzəriyyəçisi Sun-tszının rəyinə görə liderliyin üç növü vardır: humanist
hakimiyyət, hökmranlıq və tiraniya. Humanist hakimiyyət həm vətəndə, həm də
xaricdə insanların qəlblərini və zəkalarını fəth edir. Yəqin ki, xalqların
əksəriyyəti, mürgüləmələrinə son qoyub, belə hakimiyyət növünü arzu edərdi.
Birləşmiş Ştatların görkəmli siyasətçisi Henri Kissincer demişdir ki,
hansısa bir xarici ideologiya deyil, qədim Çin ideologiyası aparıcı intellektual
gücə çevriləcəkdir və bu, Çin xarici siyasətinin dayağı olacaqdır. Onda görən Çin
21
bütün dünyada insanların qəlbini necə fəth edəcəkdir? Qədim Çin filosoflarının
sözlərinə görə, humanist hakimiyyət vətəndə xalqın arzu etdiyi modeli
yaratmaqla fəaliyyətə başlamalıdır ki, bu yolla xaricdə olan adamları da
ilhamlandırsın. Humanist hakimiyyə ölkənin öz xalqı tərəfindən bütünlüklə və
cəmiyyətin hər bir seqmentində açıq şəkildə hiss olunmursa, onun elan edilməsi
də saxta şüardan başqa bir şey deyildir, çünki o, gerçəklikdə öz əksini tapmır.
Bu o deməkdir ki, Çin öz prioritetlərini iqtisadi inkişafından harmonik
birliyin yaradılmasına dəyişməlidir. Belə cəmiyyət varlılarla kasıblar arasındakı
bu gün mövcud olan uçurumdan azad olmalıdır. Merkantil təfəkkür ənənəvi
əxlaqla əvəz edilməlidir.
Bu ölkənin sakinlərinin düşündürən məsələlərdən biri də Çinin dövlət
quruluşunu yorulmadan təkmilləşdirməkdir: siyasi sistemin islahatını sakitcə,
addımbaaddım aparmaqdır. Öz mədəniyyətinin qədimliyi ilə öyünən bir ölkədə
mədəni quruculuğun əhəmiyyətini də qiymətləndirməmək olmaz. Bütün bu
vəzifələr onu göstərir ki, Çin millətini həqiqətən də böyük intibah epoxası
gözləyir.
Çin özünün ənənəvi meritokrtiyasına arxalanmalıdır. Yüksək dövlət
vəzifələrini tutmaq üçün adamlar sadəcə texniki və inzibati uyğun gəlmələrinə
görə deyil, ləyaqətlərinə və müdriklərinə müvafiq olaraq seçilməlidir.
Əlbəttə, Çin dövləti meritokratiyaya bir sistem şəklində yanaşdığından,
onun fadalı nəticələrinin də şahidi olurdu. Belə güman edilir ki, ABŞ-la
rəqabətdə Çin meritokratiyası qalib gələcəkdir. Çin yaxşı nə varsa, onu əxz
etmək və vətəndə əlavə yaxınlaşdırmaq və təkmilləşdirmək qabiliyyətinə də
malikdir. Bu xüsusiyyət ona iqtisadi yüksəlişdə çox kömək etmişdir.
Demokratiya və meritokratiya - onlar dinc yanaşı yaşaya bilərlərmi?
Demokratiya çox sayda xalqların can atdığı dövlət quruculuğudur və
özünün şübhə edilməyən üstünlüklərini dünyanın bir sıra qabaqcıl ölkələrində
hərtərəfli nümayiş etdirə bilmişdir. Həqiqi demokratik ölkələrdə xalq üçün
hakimiyyətin təşəkkül tapması ilə yanaşı, xalq hökumətin fəaliyyətinə ən
başlıcası, çox vaxt birbaşa olmasa da, real nəzarət etmək hüququna yiyələnir.
Belə bir şəraitdə hökumət daim xalq qarşısında məsuliyyət daşıdığını, cavabdeh
olduğunu hiss edir və ona görə də özünü başqa dövlətlərdə addımbaşı baş verən
əllaməliklərdən qoruyur.
Lakin demokratiya pərdəsi altında əslində avtoritar sayılmalı
hakimiyyətin bərqərar olduğu ölkələrdə xalq əslində dövlətin idarə edilməsində
ya bütünlüklə iştirak etmir, yaxud da bu iştirak cüzi və əhəmiyyətsiz bir əlavəyə
çevrilir. Bütün seçkilər qanun pozuntuları ilə, saxtakarlıq şəraitində keçdiyindən
həmin vacib demokratik tədbir nəticədə xalqın iradəsini ifadə etmir, dövlətin
hakimiyyətdəki və ona yaxın olan bir qrup adam tərəfindən idarə olunması
özünü nümayiş etdirir. Ona görə də bu qaydada seçilmiş ali dövlət vəzifəsinin,
qanunvericilik və bələdiyyə orqanlarının legitimliyi daim şübhə altında qalır.
Həm də böyük rus tarixçisi V.O.Klyuçevski demişkən: «Böyük ideya səfeh
mühitdə bir sıra cəfəngiyyatlara çevrilir». Buradan belə görünür ki, demokratiya