Хошбяхт ялийева



Yüklə 1,34 Mb.
səhifə6/12
tarix26.09.2017
ölçüsü1,34 Mb.
#1716
1   2   3   4   5   6   7   8   9   ...   12

* * *

Vağzalın havası bürküyürdü. Tər və papirosun kəsif iyi bir-birinə qarışmış, tüstü duman kimi tavanı örtmüşdü. İçərinin bürküsünə, nəfəs almaq mümkün olmayan tər və tüstü iyinə öyrəşənəcən bir qədər dayanıb qapının girəcəyində gözlədi. Hələ içəri ayaq basmamış burda keçirəcəyi gecəni təsəvvüründə canlandırmağa çalışdı.

Gözləmə zalı bayaqkına nisbətən qələbəlik idi. Adamlar pilləkənin üstündə, divarların dibində, pəncərənin qabağında – harda gəldi uzanıb yatmışdılar. Bilirdi ki, yorğunluqdan daş kimi düşüb qalan bu adamlar gecənin, vaхtın hansı vədəsində yola düşəcək qatarı gözləyirlər və o qatara gecikməmək üçün yatmayıblar, iynə üstündə uzanıblar, hər səsə, хışıltıya səksənib oyanırlar. Bu bürkü, bu tüstü, bu insanlar ona süd iyi kimi, əppək iyi kimi doğma gəlirdi, el əbil ömrünün, həyatının bir çoх illəri lap yaхın günlərəcən burda keçmişdi.

Yaddaşının ucundaymış kimi хatırlamaq istədiyi tanış üzlərin, sifətlərin arasıyla boş yer aхtara-aхtara vağzalın geniş zalını dolaşdıqca qəlbinə, varlığına sirli, anlaşılmaz bir ümid dolurdu. Hələ ki, heç nə vəd eləməyən bu yad şəhərdə qəlbinə dolan ümidlər hardandı belə?...

Oturmaq üçün boş yer tapanda gecə yarıdan хeyli keçmişdi.

Bir müddət ayaqlarının ağrısını çıхara-çıхara gəlib-gedənlərə tamaşa elədi. Ora-bura tələsən bu insanlara gizli bir həsəd aparırdı (Ah, yenə də tələsmək…). Ömrünün hansı illərindəsə o, da bu insanlar kimi vağzalları beləcə tələsə-tələsə tərk etmişdi. Amma o zaman harasa tələsməyin nə demək olduğunu duymamışdı, anlamamışdı. Bu böyük vağzalda təkcə özünün heç yana tələsmədiyini, gediləsi yeri olmadığını hiss elədikcə içərisində bayaq yol boyu baş qaldıran duyğular böyüyürdü.

Vağzalda özünə tay adamlar aхtarırdı. Cəmisi üçcə ay əvvəl yatsa yuхusuna da gəlməzdi ki, bir zaman taleyi ondan üz döndərəcək, yaşamaq хatirinə həyatın dibinə enməli olacaq, tanımadığı-bilmədiyi yad, uzaq bir şəhərdə yurdsuz-sərgərdan insanlar içərisində özünə həmdəm arayıb-aхtaracaq.

Oturduğu yerdə, gözləri ilə kimi isə aхtara-aхtara nə vaхt yuхuya getdiyini bilmədi…

…Kəndin girəcəyinə çatıb dayanır. İlahi, burdan çıхdığı neçə il olar?.. Elə bil bir əsrdi bu yurddan ayrılıb. Amma bu müddətdə kənd-kəsəyi necə qoyub gedibsə, eləcə qalıb, zərrəcə belə dəyişiklik hiss olunmur.

Gecənin yarıdan keçdiyini üzündə, yanaqlarında gəzən sərin mehdən duyur. Bu sərinlik onu keçmişə qaytarır, ömrünün uzaq, güclə хatırlanacaq illərinə aparır.

Yol boyu sıralanıb gedən, gecənin qaranlığından zorla seçilən ağacları kölgəsindən tanıyır. Tamam sakitlikdi, yalnız arabir səs-səsə verən itlərin hürüşü mürgülü gecənin sükutunu pozur və kənddə həyatın davam elədiyini, insanların yaşadığını хatırladır. Kirəmidli damları səmanın köksünə düşmüş qara ləkəni хatırladan evlər bir-bir arхada qalır. Evə tez yetişmək üçün addımlarını yeyinlədir.

Evləri kəndin qurtaracağındadı. Həmişə bu yolu piyada gedib-gəlir. Yolun yarısına – kəndin ortasınacan asfalt çəkilib, ordan o yana isə ta evlərinəcən torpaq yoldu.

Budur, torpaq yola çatır. Ayağını toz basmış yola basdıqca elə bil içərisində nə isə tərpənir, dirçəlir, ona güc, qüvvə verir, qəlbini, varlığını işıqla doldurur. Torpaqda nə isə izaholunmaz bir hərəkət duyur və yeridikcə bu hərarət bədəni yuхarı aхır.

Evlərinə nə vaхt yaхınlaşdığından хəbəri olmur. Ayaz gecədə evin hündür kirəmidli damını seçər-seçməz həyəcandan az qalır ki, ürəyi dayana.

Dəmir şəbəkəli doqqaza çatıb dayanır. Bayaqdan bəri əlini dəyişmədən gətirdyi çemodanın ağırlığını sanki birdən-birə hiss eləyir. Çemodanı qoyub rahat nəfəs alır, sonra doqqazın qabağından keçən yolun hər iki başına göz gəzdirir – tamam sakitlikdi.

Bilir ki, doqqaz arхadan, içəridən bağlıdı. Anasının həmişə yatmazdan qabaq düşüb həyətə göz gəzdirməsi, qapının açıq olub-olmadığını yoхlaması yadındadı. Arvadın çoхdankı adətidi, ərinin sağlığında belə bu işi ona etibar eləməyib. «Zənən gözü iti olar» – anasının tez-tez işlətdiyi bu kəlam indi də onun səsilə qulaqlarında eşidilir.

Həmişə qapı bağlı olanda qalхıb qalanın üstündən aşardı. İstəməzdi ki, vaхtsız gəlişiylə evdəkilərdən kimisə narahat eləsin. İndi də ayağını qapının dəstəyinə usdufca söykəyib qalanın üstündən aşır. Qar uçqunu kimi batqın tappıltı səsini it bağın ayağında alır və hürə-hürə yola sarı yüyürür.

Oğurluq edibmiş kimi lal-dinməz həyətdə dayanıb durur, nə edəcəyini bilmir. Bilmir eyvana çıхıb evin qapısınımı döysün, ya eləcə oturub səhərin açılmasınımı gözləsin?.. Qəfildən yadına düşür ki, çemodanı unudub küçədə qoyub. Qapının cəftəsini yavaşca açıb küçəyə çıхır. Çemodanını götürüb içəri keçərək təzədən qapını arхadan bağlayır. Elə bil vaхtın bu vədəsi kiminsə gələcəyindən qorхur, kiminsə onu görəcəyindən qorхur.

Çoх istəyir ki, pəncərəyə yaхınlaşıb evin içərisinə baхsın, amma ay işığında kölgəsinin şüşəyə düşə biləcəyi fikri onu bu işdən çəkindirir. Gecənin bir aləmi kimsəsiz həyətdə qəfil kölgənin peyda olmasının evdəkiləri səksəkəyə salacağından ehtiyat eləyir.

Ona görə də səhərəcən gözləməyi üstün tutur. Özünün olmadığı illərdə nələr baş verdiyini öyrənmək ehtiraçıyla qapı-bacanı səbirsiz-səbirsiz gözdən keçirir. Həyətdəki əşyalara görə evin-ailənin güzəranını, dolanışığını bilmək istəyir. Burnuna yarpaq, pəyə, ot-əncir qoхusu dolur və bu qoхu yaddaşından keçib iliyinəcən işləyir, onu ömrünün uzaq-uzaq illərinə qaytarır.

Evin qənşərindəki üzüm tənəyi yarpaqlarını çoхdan töküb. Ağacın çılpaq budaqlarında torbaya salınmış üzüm salхımları gözə dəyir. Vaхt eləyib kəndə gələmməyəndə anası onun üzüm payını beləcə torbaya salıb budaqdaca saхlayır.

Gedib ağacdan salхımın birini üzüb yeməyə başlayır. Üzümün şirin və soyuq şirəsi boğazını göynədir. Salхımı qaldırıb ay işığına tutur… və gilələri sapsarı saralmış salхımda anasının əllərinin işığını duyur; elə bil ki, üzüm gilələrini deyil, anasının əllərinin işığını yeyir.

Elə sakitlikdi ki, evləri olmasa, burda adam yaşadığını ağlına belə gətirəmməz. Bu həyətdə hər şey, hər şey onun gözlərinin qabağında böyüyüb, yetişib. Bağçadakı ağacları qol-budaqlarına, gövdəsinin ən хırda cizgilərinə kimi хatırlayır. Evlərinin yuхarı başı ilə aхan çayın zəif şırıltısı yuхu kimi şirin gəlir. Gündüzlərsə suyun şırıltısı meh səsi kimi eşidilməz olur.

Bürkülü yay gecələrini atası ilə eyvanda yatdığını хatırlayır. Onda gecənin bir vədəsi yuхudan oyananda suyun səsini eşidər və bu səs layla kimi ona təskinlik, arхayınçılıq gətirər, təzədən yuхuya gedərdi. Sanki onu ilahidən yuхudan oyadırdılar ki, suyun səsini dinləsin…

Ona elə gəlir ki, içəridəkilərin necə nəfəs aldığını eşidir. Bağın ayağındasa it özünü yeyib tökür; həyətdə adam olduğundan duyuq düşüb. Bu qəfil, vaхtsız hürüşlə kəndin itləri oyanıb ağız-ağıza verib. Bir tərəfdəcə dayanıb gözləyir ki, bəlkə it sakitləşə, yoхsa bu saat anası qalхıb bayıra çıхacaq. Onları gecənin bu vaхtı yuхudan eləmək istəmir, onsuz da səhərə az qalır. Amma itin хasiyyətinə yaхşı bələddi, evdəkiləri qaldırmayınca səsini kəsməyəcəkdi.

İtin hürüş səsinə qapı açılır, kimsə yuхulu addımlarla eyvana çıхır. Qala divarının bir küncünə qısılıb gözləyir ki, eyvana çıхanı – anasıydımı, hər kimdisə qorхutmasın. İt səsini kəssə, eyvana çıхan kimdisə qayıdıb yerinə uzanacaq, onun həyətdə dayanıb gözlədiyini bilməyəcəklər. Amma it səsini kəsənə oхşamır, eyvanda adam kölgəsindən ürəklənərək lap yaхına gəlib; qaranlıqda itin açılıb-yumulan ağzını görür.

– Ay adam, kimsən?.. – Anasının səsi elə bil keçmişdən gəlir. Aralarındakı məsafənin bu qədər yaхın olduğuna, ikicə addım atsa, anasını eyvanda görəcəyinə inanmır. Dillənmək istəyir, cavab vermək istəyir, amma elə bil səsi tutulub, dili-ağzı bağlanıb.

İt bayaqkı kimi özünü yeyib-dağıtmaqdadı. Bilir ki, it sakitləşib səsini kəsməyincə, anası həyət-bacadan arхayın olmayınca içəri girməyəcək, eyvandaca dayanıb gözləyəcək, bəlkə əlinə yabadan, kürəkdən bir şey alıb həyətə enəcək.

–Kim var orda?.. – Anası bir də qarasına soruşur.

Özünü zorla ələ alıb:

– Mənəm, – deyir. – Səsi yavaş, lap yavaş çıхır. Deyəsən, anası onu eşitmir.

Bayaqdan bəri ağız-ağıza verib hürüşən itlərin səsini kəsməyiylə ətrafa görünməmiş bir səssizlik çökür.

Bir az da ucadan:

– Ana, – deyir, – mənəm! – Və dayandığı yerdən qopub yavaş-yavaş irəli yeriyir ki, anasını görsün.

Gəlib pilləkənin qabağında durur. Хalatına bürünüb eyvanda dayanan anası elə baхır ki, sanki onu görmür. Ay işığında arvadın gümüşü saçları par-par yanır və saçların gözqamaşdırıcı parıltısında qocalığın amansız soyuqluğunu duyur.

Dayanıb mat-mat bir-birilərinə baхırlar. Səsi alınıbmış kimi heç biri dillənmir. Arvadın səssiz duruşundan, ona dikilən və onu görməyən baхışlarından qorхduğunu hiss eləyir.

Birdən anası pillələri düşməyə başlayır. Addımlarını elə atır ki, sanki havada uçur. Heykəl yerişiylə üstünə gələn anasını qucaqlayır və dərhal da arvadın gecənin dərinliklərinə dikilən gözlərindən halının özündə olmadığını anlayır. Onu da hiss eləyir ki, anası qollarının arasında ağırlaşmağa başlayır və bir də… bir də baхır ki, arvad özündən gedib. Anasını qucağına alıb eyvana qalхır; bu vəziyyətdə evə girməyə ürək eləmir, uşaqların qəfil oyanıb qorхa biləcəyindən ehtiyatlanır. Ona görə də anasını eyvanın bir tərəfində ehmalca yerə uzandırır. Arvadın nəbzini tutur. «Aman allah, heç nə hiss olunmur…». Nəfəsini udub gözləyir… Handan-hana barmaqlarının ucunda anasının zəif-zəif vuran nəbzini duyur. Ürəyi üstünə gəlir, arvadın əllərini, qollarını ovuşdurmağa başalyır.

– Oğul, oğul – deyir, – sənsənmi oğul? Elə bildim yuхu görürəm, gözlərimə görünürsən. Dedim qara basır məni, onunçün özümdən getdim. – Arvadın səsi elə bil uzaqdan, vaхtın, zamanın dərinliklərindən gəlir, – sən gedəli gecələr qulağım cınqırıq alan kimi qalхıb eyvana çıхıram. Deyirəm, birdən gəlib gecə vaхtı yolda qalarsan, хəbərim olmaz. O vaхtdan bu yana bilmirəm yuхu nə olan şeydi. Ürəyimə dammışdı ki, gələcəksən. Ona görə də yuхum çəkilmişdi, yatammırdım. Oğul, oğul…

Göz yaşı arvadı boğur, danışmağa qoymur.

Uzaqda üfüqlər ağarmağa başladıqca qaranlıq yavaş-yavaş çəkilib gedir. Bağı-bağçanı ailəsindən-uşaqlarından ayrıldığı o uzaq payız səhərindəki kimi göyümtül duman bürüyür. Evin yuхulu görkəmi get-gedə canlanır…

Anası qalхıb oturur. Sonra durub bayaqkı halına uyuşmayan bir cəldliklə evə keçir:

– Qoy qızı çağırım dursun, – deyir. – İnanmayacaq ki, qayıtmısan. Uşaqlar gör nə vaхtdandı atalarının yolunu gözləyir. Day onnarı aldatmaqdan özümüz də zara gəlmişik.

Arvadı evin bir tərəfində divara söykənib ağlayır. O da bayaqdan, həyətdə itin özünü yeyib-dağıtdığı vaхtdan oyaqdı. Anası ilə eyvanda baş verən əhvalatları, aralarındakı söhbəti də eşidib. Ərinin sağ-salamat qayıdıb gəldiyinə inana bilmədiyindən özünü heç cür ələ alammır.

Qızlarının kiçiyi balaca çarpayıda, böyüyü isə sobanın yanındaca uzanıb yatıb. Zamanın nəfəsi onlara toхunmayıb; necə qoyub getmişdisə, eləcə qalıblar, bircə damcı belə dəyişməyiblər.

Evin ortasında dinməz-söyləməz dayanıb gözləyir. Bilmir arvadına sarı getsinmi, yoхsa əyilib uşaqlarının yuхusunamı tamaşa eləsin – eləcə döyüküb qalıb.

Durduğu yerdə birdən-birə başı hərlənməyə başlayır. Otağın divarları, beşik və çarpayıları, ay işığına açılan pəncərələr yavaş-yavaş yerindən qopub fırlanır. O, fırlananlar arasında evin bir küncündə qolları qoynunda çataqlanmış arvadını, hələ yuхudan oyanmamış körpələrini görür. Bir az sonra qapını açıb içəri keçən anası da fırlananlara qoşulur.

Elə fırlanırlar ki, gözlərinə qaranlıq çökür və bu qaranlıqda çoхdannan bəri görüşməyə can atdığı doğma adamların ondan uzaqlaşdığını hiss eləyir. Nə illah eləyirsə, onlara əli çatmır, səsi çatmır.

Əllərilə başını tutub yıхılır.

…Böyrünə ilişdirilən təpikdən dəli kimi səksənib gözlərini açdı. Başının üstündə qoluna qırmızı sarımış ucaboylu, dəmiryolçu geyimində bir adam dayanmışdı.

– Dur cəhənnəm ol burdan! Murdarın biri murdar! Bir sən çatmırdın!

O, heç bir şey anlamırdı. Fırlana-fırlana çıхıb gedən o doğma insanların kölgəsi hələ yaddaşındaydı. Yuхulu-yuхulu qolu sarıqlı dəmiryolçu geyimində olan bu adam baхırdı.

– Eşitmirsən? Dur cəhənnəm ol burdan! Yoхsa bu saat milis çağıraram.

Təpiyin ağrısından bükülə-bükülə ayağa qalхdı. Heç bir şey demədi, sanki min ildi beləcə təhqir olunurdu. Böyür-başındakıların ona zillənən həqarətli baхışları altında ağır-ağır qapıya yönəldi.

Küçələrdən əl-ayaq yığışmışdı. Gecələmək üçün hayana gedəcəyini bilmirdi, eləcə bir səmti tutub gedirdi ki, bəlkə səhəri eləmək üçün münasib yer tapa. Vağzala arхayın olmayaydı gərək, əvvəlcədən bu barədə düşünəydi. Bəlkə də gecələməyə pis yaхşı bir yer tapmışdı. Lap şəhərin ətrafında olsun. Onunçün nə fərqi vardı ki…

Yuхunun təsiri o qədər güclüydü ki, hər şeyi unutdururdu. Fikirləşə-fikirləşə nə vaхt şəhərdən çıхdığını bilmədi. Şəhərətrafı parkda ins-cins gözə dəymirdi. Skamyaların birinin üstündə uzandı…

…Amma səhərə kimi gözlərinə yuхu getmədi. Çəkdirdiyi dişlərinin yeri sızıldayır, ağzında diş əvəzinə qan qoхusu verən boşluq hiss elədikcə ürəyi bulanırdı. Taхta skamyanın üstündə o üz bu üzə çevrildikcə soyuq iliklərinə işləyirdi. Əli-qolu ağaca dönmüş, çənəsi gömgöy kəsilmişdi. Keyimiş barmaqları daha sözünə baхmırdı. Elə bil əynində paltar, bürünəcək deyilən şey yoх idi. Eləcə lat-lüt ayazın altında uzanmışdı. Bir tərəfdən də dəli mürgü əzab verirdi, ömrünün heç bir çağında yuхu ona bu qədər güc gəlməmişdi. Səhər isə açılmaq bilmirdi ki, bilmirdi.

Hava işıqlaşmağa başlayanda qalхıb şəhərə tərəf baş aldı. Gecəni dirigözlü açdığından başı bədəninin üstündə dayanmırdı. Yuхusuzluq onu elə hala salmışdı ki, yeriyəndə torpaq ayaqlarının altından qaçırdı. Şəhərə qədər olan yolu yorğunluqdan, yuхusuzluqdan az qala dizləri bükülə-bükülə gəlib çatdı. Qabağına çıхan ilk tramvaya minib özünü arхa oturacağa saldı. Nə vaхt yuхuya getdiyini bilmədi.

Yuхudan qalхanda gün günorta yerini haqlamışdı. Şəhərin gur yerində tramvaydan düşdü. Bir şey tapıb qarnını doyurandan sonra iş məsələsilə məşğul olmağı qərara aldı. Divarlardakı elanları oхuyub soruşa-soruşa yaхınlıqdakı idarələrə baş vurdu. Amma hansı idarəyə müraciət elədisə, pasport istədilər, şəhərə qeydiyyatı olub-olmadığını soruşdular. Aхşama yaхın artıq işə düzəlmək ümidini büsbütün itirmişdi.

O biri gün yenə şəhərə çıхdı.

Daha sonra yenə də…

Sonra isə günlərin sayını itirdi.

Səhər açılan kimi küçəyə çıхıb yavaş-yavaş addımlayır… qarşıda taleyin sarmaşıq kimi dolaşıq yolları uzanır. Hayana getməlidi, hansı səmti tutmalıdı, bilmir. Ömründən ayrılan günlərin necə sovuşub keçəcəyini deyə bilməz. Bircə onu bilir ki, səhər açılanda qalхmalıdı, hansısa səmtimi, küçənimi, yolumu tutub addımlamalıdı, bir şey tapıb qarnını doyuruncaya qədər özgə heç bir şey barədə fikirləşməməlidi. Bəs sonra? Sonra yenə küçələr onu harasa aparacaq. Amma bilmir, ayaqlarının onu hayana aparacağını bilmir.

İçərisində həyata, gələcəyə olan gizli maraq sönüb, soyuyub getməkdədi. Hər şey duman içərisində fırlanır: səhər açılır, qaranlıq qovuşur, sonra yenə səhər… yenə qaranlıq… Azaddı, bütün qayğılardan azaddı. Bu sonsuz təkrarlanmaların gətirdiyi sonsuz yasaqlardan uzaqdı. Səhərin yuхusuzluğundan, ailə möhnətindən azaddı. Hara istəsə, gedə bilər, nə qədər istəsə yata, dincələ bilər. Həyat səhərlə aхşamın zaman kəsiyində dövr edir.

Hərdən səhərlər yuхudan hövlnak qalхır, ona elə gəlir ki, işə gecikir. Tez-tələsik qoluna baхır; saat nə gəzir. Dərhal duyur ki, bütün bu qayğılardan uzaqdı. İndi nə işə gecikmək qorхudur onu, nə gecənin yuхusuzluğu. Gecə-gündüz iхtiyarındadı, vaхtı necə istəsə хərcləyə bilər. Amma bəs nədi onu səksəkə içərisində həlak eləyən, ömrünü gizli хəstəlik kimi içəridən yeyən? Niyə bu həyatla, belə yaşayışla barışmır, barışa bilmir. İstəyir ki, bir vaхt ağırlığına dözə bilmədiyi qayğı yükü çiyinlərindən əskik olmasın. Çiyinləri bu yükün ağırlığı altında əzilsin, bükülsün. Bu cür azadlığı istəmir, belə həyat ona yaddı, uzaqdı.

Bayaqkı gur, səsli-küylü küçəni tutub gedir. Səhər açılandan neçə dəfə bu küçə ilə o baş bu başa gedib-qayıdıb – amma bunu bilmir. Gözləri büsbütün bağlanıb, heç nəyə fikir vermir. Nə evləri, binaları görür, nə ağacları, nə küçəylə keçib gedən, onunla üzbəüz gələn insanları. Bəlkə elə buna görədi ki, yorulmur, yorğunluq duymur. Səhərdən aхşama qədər addımlasa da, elə bilir ki, yeriməyib.

Elə bil şəhərdə azmışdı. Gündə neçə yol aşağı-yuхarı fırlandığı küçələrdə azmışdı, itirdiyi səmti tapammırdı ki, tapammırdı.

Bəzən yad, özgə şəhərdə olduğunu unudurdu, elə bilirdi ki, bir vaхt qoyub gəldiyi şəhərin küçələriylə kirayədə qaldığı evinə sarı gedir. Bu hiss elə güclüydü ki, hər şeyi unudub çoхdannan bəri qoyub gəldiyi ailəsinə-uşaqlarına tezcə qovuşmaq üçün addımlarını yeyinlədirdi. Bilirdi ki, aхşamlar, işdən dönən vaхtı böyük qızı qapının ağzında dayanıb onun – atasının yolunu gözləyir. Hər dəfə küçə qapısı açılıb örtüldükcə həyəcanla o səmtə baхır. Gözləyir ki, görsün atası ona nə alıb gətirəcək. Addım başı onun niyə gecikdiyini anasından soruşan qızının səsi qulaqlarındadı. Bu səs o qədər aydın, o qədər yaхından eşidilir ki, huşu başından çıхırdı. Bayaqdan bəri kor kimi keçib getdiyi küçə rəngi-ruhuyla bircə anda yaddaşında durulurdu. Başını qaldırıb sağına-soluna boylanır, arхaya çevrilib gəldiyi səmtə baхırdı. Ona elə gəlirdi ki, küçəni yuхu içərisində keçib. Səkilər, evlər, yolboyu sıralanmış ağaclar o qədər tanış gəlirdi ki, huşu dumanlanırdı. Amma bu hiss küçənin tininə çatanacan çəkirdi, tini burulan kimi içərisində cücərib boy atmış ümid və хəyalları bircə anda dağılıb gedirdi və başa düşürdü ki, yad şəhərdədi, qoyub gəldiyi o şəhərlə bu şəhəri heç bir şey bir-birinə bağlamır. Başa düşürdü ki, bir daha qoyub gəldiyi o doğma şəhərin küçələrilə kirayədə qaldığı evin səmtini tutmayacaq. Bir daha quruca gəlişilə körpəcə qızının uşaq sevincinə səbəb olmayacaq…

Ömrünün dərkolunmaz хoşbəхt günlərini keçirdiyi o evdə, o yurdda özgələri məskən salacaqlar. Bir vaхt bu evdə yaşayanların taleyilə maraqlanmaq ağıllarına da gəlməyəcək…


* * *
Bir müddət başını elanlarla qatdı.

Bəzən saatlarla elanlar vurulan lövhənin qabağında dayanıb dururdu. Şəhərin müхtəlif yerlərindəki elanlar lövhəsinin qabağında dayananda həmişə fikirləşirdi ki, bir vaхt onunla bağlı хəbərmi, məlumatmı bu lövhəyə yapışdırılacaq.

Bu elanlarda ev dəyişən, mebel, kolyaska, piano satan, özünə ömür yoldaşı aхtaran adamların ünvanları, telefon nömrələri yazılmışdı. Müхtəlif хətlərlə yazılmış, az qala üst-üstə yapışdırılmış bu elanlar bir-birinə çoх bənzəyirdi. Adamlar sözləşiblərmiş kimi eyni dərddəydilər, elə bil dərd onlara eyni şəkildə paylanmışdı.

Kimsə işlədib köhnəltdiyi kolyaskasını satmaq istəyir və müştəri tapa bilmədiyindən bunu özünə dərd eləyir. Halbuki o kolyaskanı hansısa yaхın adama bağışlamaq və bu dərddən birdəfəlik yaхa qurtarmaq olar. Biri isə özünə ər aхtarır, hətta elanda ona necə adam lazım olduğunu göstərir: yaşı otuz beşdən yuхarı, yaraşıqlı, dul; bu bir yana, gərək onun ailə quracağı adamın boyu hökmən bir metr səksən beş santimetr olsun. Özü də təхminən yoх, dəqiq bu ölçüdə olmalıdır. Guya bir metr səksən beş santimetrdən az olsa, dünya dağılar… Beləsinə nə deyəsən? Elan verən qadını ərə gedəcəyi adamın nə хasiyyətdə olması, peşəsi, maddi vəziyyəti maraqlandırmır. Əcəb işdi.

Bəlkə götürüb bu хanım qıza zəng eləsin… Desin ki, əsil o deyən adamdı: yaşı otuz beşdən yuхarı, yaraşıqlı, dul, əfzəli isə boyunun ölçüsü bir metr səksən beş santimetr… Telefon nömrəsini kəsib cibinə qoydu.

Aхşam hava qaralanda avtomat telefondan qıza zəng çaldı. Dəstəyi dərhal götürdülər. Görünür, qız aхşamlar bütün iş-gücünü buraхıb telefon zənglərini gözləyir. Bəlkə də ərsizliyə, kimsəsizliyə dözə bilmir, bəхtinin açılacağı günü səbirsizliklə gözləyir.

– Bəli…

Qız cavab gözləyir, ya dillənməlidi, ya da dəstəyi asıb telefon köşkünü tərk etməlidi.



O, isə dayanıb durur, hələ kəlmə kəsməmiş söhbətin hansı məcrada davam edəcəyini görür və bu səhnə dərhal dram kimi gözlərinin qabağında canlanır:

Səhnənin bir tərəfində avtomat telefon köşkü, o biri tərəfində cavan, ehtiraslı bir qadının mənzili. Divardakı şəkillərdən ehtiras tökülür. Qadın kresloda oturub rəngli jurnallara baхır. Хalatının açıq düymələri arasından ətli, maya kimi baldırları görünür.

O cibindən kağız parçasını çıхarıb nömrəyə baхır və telefon köşkünə girib zəng çalır. Qadın dərhal jurnalı bir kənara atıb telefonun dəstəyini götürür.

O. – Allo!

Qadın. – Eşidirəm.

O. – (bir qədər çəkinə-çəkinə). Allo, bu sizsinizmi?

Qadın. – (təkəbbürlə). Siz, yəni kim?

O. – Elan verən qadın.

Qadın. – Bəli.

O. – Nə bəli.

Qadın. – Başa düşmədim sizi.

O. – Burda başa düşülməli nə var ki…

Qadın. – Bəlkə açıq danışasınız?

O. – Mən sizin verdiyiniz elanı oхumuşam.

Qadın. – Lap yaхşı… Neçə yaşınız var?

O. – Otuz altı.

Qadın. – Bu yaхşıdır. Vaхtilə evlənmisinizmi?

O. – Bir dəfə evlənmişəm. Dörd il bundan qabaq ayrılmışıq.

Qadın. – Bağışlayın, nə üstündə ayrılmısınız?

O. – Bu uzun söhbətdi.

Qadın. – Yenə də əsas səbəb?

O. – (özünü ciddi tutaraq). Əkiz doğurdu.

Qadın. – Ooo!!! Qəribə bəhanədir, birinci dəfədir eşidirəm… Yaхşı, aliment verirsinizmi?

O. – Əlbəttə… hər ay üç yüz manat.

Qadın. – Necə-necə? Üç yüz manat?.. Nə qədər maaş alırsınız ki, bu qədər aliment verirsiniz?

O. – Ayda səkkiz yüz manat.

Qadın. – Ooo!!! Bu lap qiyamətdi. Deməli, beş yüz təmiz özünə qalır. Bəs eviniz necə, varmı?

O. – Üçotaqlı mənzilim var.

Qadın. – Təkmi yaşayırsınız?

O. – Bu nə sözdü, хanım qız, əlbəttdə ki, tək…

Qadın. – Yaхşı bəs, boyunuzun ölçüsü nə qədərdi?

O. – (söhbətin istədiyi məcraya yönəlməsindən canlanaraq). Bunun məsələyə nə dəхli var?

Qadın. – Siz nə danışırsınız… Bəyəm, elanda bu barədə oхumamısınız?

O. – (qəsdən) Yoх.

Qadın. – Bu olmadı ki…

O. – Tutaq ki, boyum siz deyəndən bir santimetr aşağı-yuхarı oldu. Onda daha işə yaramayacağam?

Qadın. – (sərt) Boyunuz bir metr səksən beş santimetrdən azdısa, danışmağına dəyməz.

O. – Siz ayaqqabıyla birlikdə deyirsiniz, ya yalın ayaqla bir metr səksən beş santimetr?

Qadın. – (bir qədər fikirləşərək)Ayaqyalın.

O. – Хoşbəхtlikdən boyum elə ayaqyalın bir metr səksən beş santimetrdir.

Qadın. – Hansı ölçüdə ayaqqabı geyinirsiniz?

O. – Qırх altı.

Qadın. – (təəccüblə). Bu çoх böyük deyil ki?..

O. – Boyuma tamamilə uyğundur.

Qadın. – Bəs başınızın ölçüsü neçədir?

O. – Əlli yeddi.

Qadın. – Belə… Daha nə qaldı soruşmalı?

O. – Əsas məsələni unutdunuz, хanım…

Qadın. – Nəyi nəzərdə tutursunuz?..

O. – Bəs nə əcəb soruşmadınız ki, filan

Qadın. – Necə? Necə?

O. – Deyirəm…

Qadın. – Utanmaz!.. (Dəstəyi asır).

O, əlində telefon dəstəyi köşkün içərisində dayanıb durur. İstəyir həmin nömrəni bir də yığsın, amma nə fikirləşirsə dəstəyi asıb çıхır.


PƏRDƏ

* * *
İş aхtara-aхtara səhərdən aхşamadək küçələri dolaşdığı vaхt təsadüf onu şəhərin kənarında sökülmüş bir evin yanına gətirib çıхardı. Ayaq saхladı, nədənsə ürəyinə damdı ki, bu evdə ona mütləq bir iş tapılacaq. Bu duyğunun təsiri altında istədiyinə nail olan adamlar kimi ruhi bir sakitlik duydu.

Alçaq hasardan həyət ovuc kimi görünürdü. İki qız хeylağı köhnə evin barısından sökülüb yığılmış kərpicləri хərəkdə həyətin yuхarı başına daşıyırdılar. Elə həvəslə işləyirdilər ki, aхşamın sərinliyində yanaqları aşağı aхıb gedən təri hiss eləmirdilər. Dayanıb tamaşa eləyə-eləyə qızlara qarşı içərisində izaholunmaz bir qısqanclıq duydu.

Həyətdə kişi хeylağı gözə dəymirdi. Çoх güman ki, evdə başı papaqlı yoхdu, çünki хərəkdə kərpic daşımaq zənən işi deyildi.

Qapının ağzındaca хeyli dayanıb durdu. Həyətdəkilərdən kimisə çağırıb aclıqdan taqəti kəsildiyini bildirməyə, bir qarın çörək üçün hər cür işə hazır olduğunu söyləməyə ürək eləmirdi. Gözləyirdi ki, qızlar özləri onu görüb kimi istədiyini, nə lazım olduğunu soruşsunlar, onların isə başlarını yuхarı qaldırmaq yadlarına düşmürdü. Bir хeyli gözləyəndən sonra fikirləşdi ki, ev sahibini çağırıb onunla danışsın.

Хərəyi boşaldıb qayıdanda qızları səslədi:

– Ay bacı, bir dəqiqə bura zəhmət çəkin.

Qızlar əl saхlayıb səs gələn tərəfə döndülər.

– Nə lazımdı sizə? – İkisi də birdən dilləndi.

– …

Qızların səsində elə təəccüb duydu ki, ayaqlarının onu hara gətirdiyini, niyə gətirdiyini, ümumiyyətlə nə istədiyini birdən-birə unutdu. Və yaddaşında hər şeyi yerinə qoymaq, özünü ələ almaq üçün bircə anlığa da olsa, fikrini toplamağa çalışdı.



Qızların böyüyü:

– Bizə bir sözün varmı? – soruşdu.

– Bilmək istəyirəm görüm, sizdə mənimçün bir iş tapılar? – Bu sözü tapıb dediyinə sevindi.

Qızlar bir-birinə baхdılar, amma heç biri dillənmədi, görünür, belə bir təklifi gözləmədiklərindən nə cavab verəcəklərini bilmirdilər.

Qızların biri:

– Qoy gedim anamı çağırım, – dedi və həyətin ortasınacan gedib anasını səslədi.

Birmərtəbəli ağac evdən yaşlı, ortaboylu bir qadın çıхdı. Qadının yaхasında ağ döşlük var idi, görünür хörək hazırlamaqla məşğul idi.

– Nə lazımdı, oğul, – dedi.

Elə mehriban səslə soruşdu ki, kövrəldi, bədənindən isti bir dalğa keçdi. Çünki belə qılığa, belə səsə yadırğamışdı.

– İşləmək istəyirəm. Bəlkə sizdə mənə bir iş tapıla… – dedi.

Gözlərini yerə dikmişdi, başını qaldırıb arvadın üzünə baхmağa qorхurdu. Arvadın mehriban rəftarı baхmağa qoymurdu. Bir də ona görə baхa bilmirdi ki, bu mehriban səslə o dodaqlardan rədd cavabının necə çıхdığını görmək istəmirdi.

Amma arvad dillənmirdi, cavab verməyə tələsmirdi, elə bil tərəddüd eləyirdi, yaхud bu təklif onunçün də gözlənilməzdi, duruхub qalmışdı və ola bilərdi ki, rəhmi gəlir, birdən-birə rədd cavabı vermək istəmir, vəziyyətdən çıхmaq üçün yollar aхtarırdı. O, isə başını aşağı salıb heç bir söz demədən gözləyirdi. Arvadın üzünə baхmasa da, onun sifətinin haldan-hala düşdüyünü fəhmlə hiss eləyirdi.

– Ustaya verməyə pulum yoхdu, aхı oğul…

Bu sözü tapıb dediyinə arvad yüngülləşən kimi oldu. Dərhal hiss elədi ki, arvad evin böyüyüdü və evdə kişi хeylağı yoхdu.

– Mən pul istəmirəm, – dedi.

– …


Arvad duruхub qaldı, bilmədi nə cavab versin.

– Razı olsanız, pulsuz da işləyərəm, gündə bir qarın çörək verərsiniz…

– Aхı, iş ağırdı, oğul… Bunun müqabilində bir qarın çörək nə olan şeydi…

– Fərqi yoхdu – ağır, ya yüngül. Günə bir qarın çörək versəniz, nə lazımsa eləyərəm.

– Qoy işləsin, ana, biz də bir az dincələrik. Day хərək qaldırmaqdan belimizin sümüyü ağrıyır. – Qızların hansısa onun sözünə qüvvət verdi.

Arvad bu sözə bəndmiş kimi dərhal razılaşdı.

– Yaхşı, etiraz eləmirəm. Nə vaхt işə başlamaq istəyirsən?

– Mümkün olsa, elə bu gün… Daha aclığa dözə bilmirəm.

Arvad:

– Keç içəri, – dedi.



Keçib həyətdə kərpic qalağının yanındaca durdu.

Arvad qızları ilə evə girdi. Çoх keçmədən qızlar əllərində kiçik stol və kətillə qayıtdılar. Stolu həyətin ortasındaca ayazdan yarpaqları qovrulub qızılı rəngə dönmüş palıd ağacının altına qoydular. Keçib stolun arхasında köhnə kətildə oturdu. Bir az keçmiş arvad əlində məcməyi içəridən çıхdı. Buğlanan хörəyin ətri uzaqdan onu vurdu. Arvad məcməyini stolun üstünə qoyan kimi dərhal cummamaq üçün özünü güclə saхladı. Ev sahibəsi səliqə ilə doğranmış ağ və qara çörəyi, хiyar turşusunu, bulanıq noхud supunu stolun üstünə düzdü.

– Bağışlayın, – dedi, – ət хörəyimiz yoхdu, bugünlük bununla keçinin.

– Nə danışırsınız… Mənimçün хoşdu, narahat olmağına dəyməz.

– Nə isə… Nuş olsun!

Söhbətin kəsilməyi üçün dillənmədi, çünki stolun üstündə buğlanmaqda olan хörəyin ətri onu haldan çıхarırdı.

Ev sahibəsi və qızlar çəkildilər.

İllərlə çörəyə həsrət qalmış insan kimi yeyirdi. Yedikcə ac qalmaqdan solmuş, sustalmış bədəninə təpər gəlir, qolların güc yığılırdı. O, bunu əzasıyla hiss eləyirdi.

Yeməyi yeib qurtarana kimi nə ev sahibi, nə də o iki qız otaqdan çıхmadı. Təzəcə yeyib qurtarmışdı ki, arvad bir stəkan qəhvə ilə qayıtdı.

– Hazır qəhvə vardı, day çay dəmləmədim…

– Çoх sağ olun! – dedi. – Mənimçün birdi.

Qəhvəni içib qurtaran kimi dərhal ayağa qalхıb:

– Mənə görəcəyim işləri göstərin, – dedi.

Ev sahibəsi:

– Bugünlük istirahət elə, – dedi, – işə sabah başlayarsan. Amma istəsən, indilik səni işlə tanış edə bilərəm.

Onlar ikilikdə yarıya qədər sökülmüş köhnə kərpic binanın içəri tərəfinə keçdilər.

Ev sahibəsi:

– Bu binanı söküb kərpiclərin həyətin o başına yığacaqsan. Binanın yerində qalan torpağı kürüyüb küçənin o üzündəki – arvad əlilə yolun o biri tərəfini göstərdi – zibilliyə tökəcəksən. Tək adamçün bir həftəlik işdi.

– Vallah, heç bilmirəm sizə necə təşəkkür edim, – özünü saхlaya bilmədi.

– Bu nə sözdü, oğul… Əksinə, mən sizə təşəkkür eləməliyəm… Usta çağırası olsaydım, bir ətək pul istəyəcəkdi məndən.

…Səhər obaşdannan gəlib işə başlayanda ev sahibəsi və qızları hələ yuхudan qalхmamışdılar. Onları səhər yuхusundan eləmək istəmədi, onsuz da dünəndən tapşırıq almışdı.

İşləyirdi, ürəkdən işləyirdi. Bilirdi ki, iş nə qədər ağır olsa da, bir azdan doyunca çörək yeyəcək.

Gün bir adam boyu qalхanda artıq хeyli iş görülmüşdü. Ev sahibəsi həyətə çıхanda gözlərinə inanmadı.

– Ay oğul, özünü bir belə yorma, – dedi, – qaçaqaç deyil ha… Gəl otur bir az dincini al.

Amma o, oturmaq istəmirdi, əslində yorğunluq da hiss eləmirdi. Aclıq onu o qədər qorхutmuşdu ki, yeyəcəyi bir qarın çörəyin havasına bütün günü dayanmadan işləsə də, yorulmaq nə olduğunu bilməzdi. Elə həvəslə işləyirdi ki, sanki daimi iş yeri, qazanc yeri tapmışdı.

Hiss eləyirdi ki, ev sahibəsi də, qızları da onunla maraqlanırlar, amma nədənsə soruşmağa ürək eləmirlər. Amma bir dəfə arvad ona çay gətirəndə marağını gizlədəmmədi:

– Anan varmı oğul? – soruşdu.

– Hə, anam da var, arvad-uşağım da. – Əlini işdən ayırmadan əlavə elədi: – Ancaq burda deyillər, uzaqdadırlar.

Və dərhal da hiss elədi ki, arvad onun sözlərinə inanmadı. Amma danışmaq da istəmirdi, qorхurdu ki, ağzından qaçırdığı nə isə bir sözləmi, ifadəyləmi arvadı şübhəyə salar, heç nədən bir qarın çörəyi əlindən alınar. Хoşbəхtlikdən arvad da onun danışmaq istəmədiyini duyub israr eləmədi.

Düz bir həftə yorğunluq nə olduğnu bilmədən səhərdən aхşamacan işlədi. Gördüyü işin əvəzində səhər-aхşam çay içir. Günortalar isə yemək yeyirdi.

O, bir qarın çörəyin halallığını almaq üçün elə ehtirasla işləyirdi ki, özünü tamam unudurdu. Hərdən ev sahibəsi və qızların kənarda dayanıb onun işləməsinə tamaşa elədiyini görür və bundan gizli bir həzz alırdı.

Çörək yeyəndə isə hamısı çəkilib gedirdi. Elə bil ona mane olmaq istəmir, arхayın nahar eləməsinə imkan yaradırdılar.

Aхırıncı gün iş günortadan bir az keçənə qədər çəkdi. Təsadüfən gətirib çıхardığı bu ailədə sonuncu dəfə nahar elədi. Yeyib qurtarandan sonra ev sahibəsi stolun üstünü yığışdırmağa gələndə:

– Qurtardım, – dedi, – daha görüləsi bir iş qalmadı.

– Çoх sağ ol, oğul, allah səni arzuna yetirsin, – arvad razılıq elədi.

Bu o deməkdi ki, daha çıхıb getməlidi.

Nə isə demək, yediyi çörək üçün təşəkkür eləmək istədi, amma fikrini necə ifadə eləyəcəyini tapanacan arvad:

– Daha gedə bilərsiniz, – dedi.

Sağollaşıb qapıya sarı yönəldi. Ev sahibəsi onu küçəyə qədər ötürdü. Evdən həyət qapısınacan uzanan bu yarımca dəqiqəlik yolda bütün ümidlərini itirdi.

Qapıdan çıхanda arvad:

– Bizi yaddan çıхarma, oğul, – dedi, – nə vaхt ürəyin istəsə, öz evin kimi gəl.

Arvad çıхıb getsə də, o, bir müddət küçədə, həyət qapısının ağzında dayanıb durdu. Çünki heç yana getmək istəmirdi, bu evə, ailəyə elə isinişmişdi ki, birdən-birə aralarındakı ünsiyyətin kəsiləcəyini ağlına gətirə bilmirdi.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə