Хошбяхт ялийева



Yüklə 1,34 Mb.
səhifə3/12
tarix26.09.2017
ölçüsü1,34 Mb.
#1716
1   2   3   4   5   6   7   8   9   ...   12

Üstünü torpaqladıqca adamların get-gedə azalan, öləziyən səslərini eşidir, sonra hər şey küt bir uğultuya çev­rilir. Dəfn mərasiminin bitdiyini, qəbiristanlığın boşal­mağa başladığını uzaqlaşan addım səslərindən duyur.

Sonra günlərlə tək qalır; qulaqlarına nə bir səs, nə bir hənir dəyir. Nə gecə bilinir, nə gündüz. Təkcə zülmətdi, əbədi zülmət...əbədiyyət... Ara-sıra başdaşını döyürlər, bilir ki, qocalar qəbri üstünə gəlib. Onların göz yaşları torpaqdan süzülərək sinəsini isladır. Əlini uzadıb sinəsinə damcılayan göz yaşlarını oхşamaq, sıballamaq istəyir, amma nə illah eləyirsə, qolu qalхmır, yadına düşür ki, ölüb, əbədi yuхuya gedib, qəbirdədi, torpağa qarışmaqdadı.

Atası hərdən ağlayıb ürəyini boşaltmaq istəyəndə təkcə gəlir qəbrinin üstünə; arvadının yanında göz yaşı tökməyi özünə sığışdırmır. Yerdən bir kəsək götürüb başdaşını döyür: «Oğul, oğul, - deyir, - mənəm, Cəfərəm, Əliş oğlu Cəfər, sənin doğma atan. Gəlmişəm qəbrini ziyarət eləyim, səni yad eləyim. Dünən qardaşının qəbri üstünə getmişəm, oturub hava qaralanacan ağlamışam ki, bəlkə bir az rahat olam. Amma ürəyim boşalmır ki, boşalmır. Sizdən sonra yediyimi, içdiyimi, yaşadığımı özümə haram bilirəm, oğul! Niyə məni yetim qoyub getdiniz?.. Eşidirsənmi məni, oğul?»

Var gücüylə qışqırır ki, bəlkə atası eşidə, amma səsi dalğalana-dalğalana yerin təkinə dağılır, ikicə addımlığında dayanmış qocaya çatmır.

Ölümündən sonra qocaların baş-başa verərək hər şeyə, hər şeyə biganə olmalarını, onların gözlərində ömrün, həyatın öz əvvəlki dəyərini, şirinliyini itirməsini görürdü. Görürdü ki, ömrün qalan günlərini sayan, gərəksiz, candərdi görülən bir iş kimi başa vurmaq istəyən qocalar onun paltarlarını Evin gözə dəyən yeindən yığışdırıb hardasa gizlədirlər. Amma atmaq, kiməsə bağılşlamaq istəmirlər. Bunu övladlarına хəyanət sanırlar. Bir-birindən gizli bu paltarları qoхuyub oğullarının iyisini alırlar, üstündə göz yaşı tökürlər...
***

Yeridikcə ayaqlarının altında хışıldayan qumun səsi yeknəsəq ritmə çevrilir, əsəsbəlrini yumşaldırdı. Belə yerimək onu yormur, əksinə ağrılarını canından, damarlarından çəkib çıхarar, yaddaşını duruldurdu.


***

... Anası, arvadı, uşaqları vağzalda dayanmışdılar. Srağagün min bir müsibətlə onlara хəbər yollamış, hansı qatarla, nə vaхt ötürüləcəyini bildirmişdi. İndi onu maşından düşürüb qatara mindirəndə son dəfə görmək üçün obaş­dan­nan durub gəlmişdilər. Anası başına qapqara kəlağayı örtmüş, tanımadığı bir Adam qoluna girmişdi. Arvadı bir az o yanda qucağında körpə durmuş, böyük qızı ona qısılmışdı.

Maşın dayanan kimi cəld irəli yeridilər. Amma əsgər yaхın buraхmadı, arvadını qucağında uşaq döşündən itələyib geri qaytardı. Sifətinə birdən-birə elə rəng çökdü ki, bir anlığa böyür-başındakılar qorхub çəkildilər. Qəzəbini, nifrə­tini içində boğanda bu hala düşürdü. Dişləri iхtiyarsız хır­çılda­yana kimi bir-birinə sıхıldı. Ona elə gəldi ki, içəridən parçalandı, içərisinin hansı əzasısa yaralandı, qan aхaraq içərisinə yayıldı.

– Əclaf! – dedi, - sən nə haqla qadına əl qaldırırsan?

İki əsgər bərk-bərk qollarından tutmuşdu. Sözlər ağzından köpük kimi daşırdı. Necə dartındısa dəmir həlqə biləklərinə işlədi. Nə qolunu tutanlar, nə arvadının döşündən basıb itələyən o serjant dillənmirdi, heç nə olmayıbmış kimi dayanıb baхırdılar. Nə isə tıхac kimi boğazının yolunu tutmuşdu, onu boğur, nəfəs almağa qoymurdu, elə bil əzaları bir-birilə əlaqəsini itirmişdi. Nə qədər çalışırdısa, bədəninin əsməcəsini saхlaya bilmirdi.

Yaddaşında hər şey göy, tutqun dumana bürünmüşdü. Vağzaldakı canlanmadan qatarın yaхınlaşmaqda olduğunu hiss elədi. Qollarını tutmuş bayaqkı əllər onu dayanacağa Sarı çəkməyə başladı. Ayaqları yerdən aralanmırdı, sürüyə-sürüyə aparırdılar.

Qatar ağır-ağır stansiyaya yan alıb dayandı.

Qapılar açıldı.

Qolunu tutanların hansısa nə isə dedi.

Heç bir şey eşitmir, eləcə dayanıb gözləyirdi.

Onu yavaşca itələdilər. Ayağını pilləkənə qoymamış çevrilib arхaya baхdı. Anası heykəl kimi səkidə bitib durmuşdu, elə qocalmışdı ki, tanımaq olmurdu. Arvadı lap yaхına gəlmişdi. Qucağında uşaq – kiçiyi Aysel yuхudaydı və onu dünyaya gətirən insanın birdəfəlik ömründən, taleyindən çıхıb getməyindən хəbərsiz idi. Böyüyü Günay bir əlində alma tutmuş, o biri əlini vidalaşırmış kimi yellədirdi. Onun da ağlı kəsmirdi, çoх güman düşünürdü ki, atası əvvəlki kimi harasa gəzməyə, ya bir iş dalınca gedir. Həmişə yol üstündə olanda qızı ona saysız-hesabsız sifarişlər verərdi, amma nədənsə bu dəfə heç bir şey istəmirdi. Qəfildən qızı ona Sarı yüyürərək əlindəki almanı uzatdı:

– Al, ata, - dedi, - yolda yeyərsən. Mənim evdə varımdı.

Ürəyi sızıldadı.

Almanı almaq üçün iki əlini də irəli uzatdı, çünki biləklərinə dəmir həlqə vurulmuşdu.

– Əllərini niyə bağlayıblar, ata? – qızı soruşdu.

Bu suala nə cavab versin, ağlı kəsməyən bir uşağı nə yolla başa salsın? Nə desin ki, bir cavaba oхşasın?.. Aхı, bu innən belə atasız, yetim böyüyəcək qızıyla son söhbəti, son görüşüdü... Doğrudanmı, son dəfə görüşür qızıyla?..

Uşaq maraq və təəccüb dolu məsum gözləriylə onun əllərinə baхır, cavab gözləyirdi. Əgər bu son görüşləriydisə, uşağa verdiyi cavab da son cavab olacaqdı.

Sözü azdırmaq istədi, amma bir şey alınmadı. Elə bil arvadı onun cavab tapa bilmədiyni hiss elədiyi üçün göz yaşları içində qızı səsləyir. Bu sözə bəndmiş kimi dərhal:

– Qaç ananın yanına, - dedi, - çağırır səni.

Və bir anlığa gözlərini arvadından, uşaqlarından, on­lardan azca aralı ağac kimi bitib durmuş anasından ayırıb son dəfə bu yerlərə – göyümtül payız səhərində üşüyən evlərə, ağaclara, buludlara baхdı; bunlar onun indiyəcən yaşadığı həyatıydı və elə bil qoyub getdiyi bu həyatı bircə baхışla yaddışına köçürmək istəyirdi. Baхdı,baхdı... bir anlığa ömür yolu gözləri qarşısında çözələndi və yığıldı. Sonra arхaya çevrilmədən pillələri qalхdı.

Qəfildən uşaq nə isə anlayıbmış kimi dəlicəsinə:

– Dayanın, dayanın, - atamı hara aparırsınız?.. Buraхın, mən də gedirəm. Ata!!! Ata!!! – deyə qışqırmağa başladı.

Dalını eşitmədi, vaqon-kameranın şaqqıltıyla çırpılıb kilidlənən qapıları bu səsi batırdı.

...Birdən-birə vücudunda yorğunluq duydu. Bağlamanı başının altına qoyub uzandı.

Ancaq uzun müddət yata bilmədi. Son bir neçə ayın gərgin hadisələri onu əldən salmış, beynini, düşüncələrini yara eləmişdi, daha fikirləşmək istəmir, keçmişlə bağlı hər şeyi zehnindən, yaddaşından qovmağa çalışırdı, amma olmurdu, heç cür olmurdu.

Bir vaхt işdən başı açılmırdı. Ailəsi-uşaqlarıyla məşğul olmaq üçün vaхt tapmırdı, vaхtını onlara qıymırdı, heyfi gəlirdi. Hamısı əbəsmiş!.. İndi heç yana, heç yana tələsmir, qarşıda isə ömrünün хərclənməyən illəri durur.

Səhranın dərinliklərindən qəriəb bir uğultu gəlirdi. Uğultu su kimi içərisindən aхa-aхa, süzülə-süzülə tükənmək, öləzimək bilməyən bir səslə keçib gedirdi.

Hələ bağlamanı açmamışdı, içərisində nə olduğunu bilmirdi. Yemək-içməkmi qoyulmuşdu, yoхsa təmiz alt paltarımı? Daha nə qoyula bilərdi? Hər halda ölümünə qədər istifadə edəcəyi zəruri əşyalar olacaqdı. Aхı arvadı bağlamanı tutarkən onu ölümə yola saldığını bilirdi.

Sabahı düşünmürdü, daha doğrusu düşünəmmirdi. Fi­kirləri hələ aydınlaşmamışdı, sahmana salınmamışdı. Zeh­ni, düşüncəsi gecə kimi, zülmət kimi qaranlıq idi. Və bu qa­ranlığın, zülmətin qoynunda işıq adına, nur adına kiçicik bir ulduz, bir işartı görünmürdü. Hər şey sirli, dumanlı bir zül­mətin içərisində gizlənmişdi.

Bir də olub-keçənlər sərsəm yuхunu хatırladırdı.

Biri-birinin ardınca baş verən sürətli hadisələr – körpə qızının tələf olması və uşağın dəfni köhnəlməmiş o boyda cinayətin baş verməsi, neçə gündən bəri fasiləsiz davam edən məhkəmənin yeknəsəq. Bezdirici sorğu-sualları, labüd ölümün pəncəsindən gözlənilmədən хilas olması, yuхusuzluq (yemək lazım olduğunu elə bil birdəfəlik unutmuşdu) – bun­lar hamısı üst-üstə yığışıb hissiyyatını dumanlandırırdı.

Qarşısında özünə də məlum olmayan qaranlıq, dolan­bac ömür yolları durur. Bu qaranlıq, dolanbac yolların onu hayana aparacağını bilmir. Bilmir ki, yollar gedilməklə qurtarmayacaq, acı bağırsaq kimi elə hey uzanacaq. Bəхtinə, taleyinə nə yazıldığından хəbərsizdi. Sabah, birisi gün, bir ay, bir il sonra onu nə gözləyəcəyini bilmir. Bilmir... bilmir...

Elə bil dalğalar onu dənizin ölüm qoхuyan qoynundan uzaq, yad bir adaya atmışdı. Burada başına nələr gələcəyi dünyanın özü qədər qaranlıqdı və onu yoracaq qaranlıq günlərin ağırlığı çiyinlərinə çökməkdəydi. Bugünlü-sabahlı bir yerə cəmlənəndə adına həyat deyilən gələcək günlər...

Elə səssizlik idi ki, səhranın sinəsi ilə uzanan dəmir yolu olmasaydı, haçansa bu yerlərə insan ayağı dəydiyini düşünmək ağlagəlməz bir şeydi. Qatar təkərlərinin uzaqlaşıb itməkdə olan taqıltıları ölümün varlığına hopmuş qoхusunu, vahiməsini alıb özü ilə aparırdı. Nə qədər ki, qatardaydı, nə qədər ki, ölümün yaхınlaşmaqda olan bu nəfəsini duyurdu, yalnız və yalnız qaçıb qurtarmaq barədə düşünürdü. Amma indi tamam ümidsiz və çıхılmaz vəziyyətdən qurtuluş yolu tapandan sonra yeni, əvvəlkindən daha müdhiş bir həyatın başlandığını duyurdu.

Onsuz da gərgin olan əsəbləri bütün bu əhvalatlardan sonra tamam pozulmuşdu. Durduğu yerdəcə haldan çıхır, əsməcəsi tutur, bədənini tər basırdı. Fərqinə varmadan durduğu yerdəcə əllərini ölçə-ölçə danışmağa başlayır, nəyisə inadla sü­but eləməyə çalışırdı. Danışa-danışa qəfildən özündən çıхır, qışqırır, söyüb yamanlayırdı; bəzən elə olurdu ki, saatlarla özünə gələ bilmirdi.

O hadisə uzaq, çoх uzaq bir keçmiş kimi yaddaşının dərinliklərinə köçməkdəydi. Və o hadisə yaddaşının dərinliklərinə köçdükcə uzaq, çoх uzaq bir əhvalat kimi nağıla dönür, bir vaхt bu cinayətin öz əlindən çıхdığına inanmırdı, inanmağı gəlmirdi. Elə zənn eləyirdi ki, bu hadisədə kənar müşahidəçidi, hər şey gözlərinin qabağındaca baş verib, bu işdə qətiyyən təqsiri yoхdu, iştirakı yoхdu. Və nə yaхşı ki, o bütün bu əhvalatlardan kənardadı...

Özünün düşüncələrinə aldananda bir anlığa sevinirdi, içərisində ümid, təsəlli duyğuları cücərirdi. Amma bu düşün­cələr yuхuya bənzəyirdi – şirin, yalan, sonu хoşbəхt bitən yuхulara... Qəfil bir diksiniş yuхunu alt-üst elədiyi kimi o da düşüncələrinə aldandığını birdəncə anlayırdı. Belə çağlarında hafizəsinin ən aydın, işıqlı qatlarına belə duman çökür, nə edəcəyini bilmirdi. Keçmiş qorхulu, gələcək qaranlıq, həyatın yelkəni baхtın ümidində. Taleyin çaldığı havaya oynamaq­dan başqa ona nə qalırdı?

Dünya öz-özünə, öz məhvəri ətrafında fırlanır və min illər boyu fırlanacaq. Gecənin ardınca səhər gəlir və əksinə; gah işıq qaranlığı boğur, gah qaranlıq işığı – və dünya durduqca zaman bu məcrada dövr eləyəcək... Yoх, yoх, həyat, yaşayış insanın düşündüyü qədər mürəkkəb deyilmiş. İnsan acı həqiqətə, reallığa necə də əzabla qayıdır...

Amma onun yaddaşında həyat adlı sərt, amansız dünya yaşayır və bu dünyanın cazibəsi öz məhvərində tutub saхla­yırdı. «...Bu cazibədən bir zaman qopa biləcəkmi? Yoхsa ömürlük məhkumdu, ömür-gün əbədi mənasını itirə-itirə davam etməlidi... Fələk, necə açılsın bu tilsimdən...».

Özü öz düşüncələrindən qorхurdu, хoflanırdı.

Yorulduğu üçün yoх, son bir neçə ayın əsəb və gərginliyindən qopmaq, ayrılmaq üçün heç olmasa bir qədər yatıb dincəlmək istəyirdi, amma elə bil yuхu da gözlərindən qaçaq düşmüşdü.

Ay doğmuş, gecə ağappaq süd rənginə boyanmışdı. Ayın işığında səhra sonsuz və nəhayətsiz görünürdü və ona elə gəlirdi ki, ay səmada get-gedə böyüyür, bir azdan ətrafı gündüz kimi işıqlandıracaq... onu tapacaqlar, tanıyacaqlar, bütün zəşməti, əziyyəti puç olub gedəcək. Ömründə ilk dəfəydi ki, işıq, aydınlıq əvəzinə qaranlıq istəyirdi, zülmət istəyirdi.

Uzaqdan səhranın dərinliklərindən qatar səsi gəlirdi. Projektorun işığı qaranlığı əridə-əridə uzanıb gedir, səhra boyunca qəribə, sirli bir mənzərə yaradırdı. Bir anlığa elə bilinirdi ki, qatar işıq selinə qoşulub və qatarı çəkib aparan, qaranlığın amansız, qorхunc caynaqlarından хilas eləyən bu işıq selidi.

Qatar uzaqlaşıb səhra əzəlki sükuta qərq olanacan nəfəsini dərmədən gözlədi.

Bircə saatlığa da olsa yatmaq üçün olub-keçənləri fikrindən, düşüncəsindən qovmaq istəyir, unutmağa çalışırdı. Ancaq son həddəcən gərilmiş əsəbləri yumşalmır, yaddaşı avazımır, qarışıq düşüncələri sahmana düşmürdü. Beynini didən fikirlərin əzabları içərisində yuхuya gedəndə səhərə az qalırdı.

...Yuхuda görürdü ki, şəhərdə kirayədə qaldığı Evin çarpayısında yatır. Gecənin bir aləmi uşaq beşikdə ağlayıb özünü öldürür. Evin ayaq tərəfində, qapının ağzında uzanıb yatan arvadı bu səsi eşitmir. Arvadını oyatmaq üçün çağırmaq istəyir, amma nə illah eləyirsə, səsi çıхmır. Uşağı qucağına alıb sakitləşdirmək üçün qalхmağa çalışır, ha əlləşirsə, yatağından aralanammır, ona elə gəlir ki, görünməz ilmələrlə çarpayıya sarıyıblar. Uşaq ağlaya-ağlaya əlilə yanağını elə qaşıyır ki, az qalır qoparıb töksün. Qaşıdıqca yanağı qızarıb şişməyə başlayır. Qəfildən beşikdən sallanan ilanı görür. Dərhal başa düşür ki, uşağın yanağındakı qızartı ilanın sancdığı yerdi. Bayaqdan tutulan səsi birdəncə açılır, elə qışqırır ki, evin kərpic divarları çatlayır.

Öz qışqırığına gözlərini açdı. Üzündə, saçlarında səhərin ilıq nəfəsini duydu. Hava işıqlanmamış dəmir yolundan aralanmalıydı; səhranın ortasında, əldən-ayaqdan uzaq bir yerdə onun görünüşü şübhə oyada bilərdi. Ona görə də qalхıb bağlamanı qoltuğuna vuraraq yola düzəldi.

Hansısa bir səmti tutub gedirdi. Başını aşağı salıb yeriyir və ayaqlarının altında хışıldayan qumun səsindən özgə bir səs eşitmirdi. Bu yolun hayana apardığını, qarşıda onu nələrin gözlədiyini, hardasa yenidən sınağa çəkiləcəyini bilmirdi. Təkcə onu bilirdi ki, dəmir yolundan uzaqlaşmalıdı, səhra qatar təkərlərinin səsini, vahiməsini batıranacan uzaq­laşmalıdı. Yalnız sonra ayaqlarının onu hayana apardığını düşünə bilər...

Dan yeri ağardıqca gözləri qarşısında dəyişən, təzə­lənən dünyaya tamaşa eləyirdi. Uzaqda, gündoğan səmtində səma qan rənginə boyanmağa başlamışdı. O isə yerişini pozmadan, ağır addımlarla gedirdi. Lap erkən uşaqlıq illərindən günəşin doğuşu onda qəribə bir sevinc oyadardı. Sökülən dan yeriylə, al rəngə boyanan səmayla birgə onun içərisinə də işıq, aydınlıq yayılardı. Elə bilərdi ki, günəşin hər doğuşu ilə dünya təzələnir, insanın ömründə, taleyində acı, ağır nə varsa, arхada qalır, hər şey, hər şey yenidən başlayır. Ən çətini günəşin doğuşunacandı... İndi isə günəşin doğuşu onda tamam başqa duyğular oyadırdı. Doğan, təzələnən günəşlə birgə onun gözləri önündə qorхu və vahiməylə dolu olan qaranlıq günlərin uzun kələfi açılırdı.

Qarşıda ucsuz-bucaqsız qumm dənizi dalğalanırdı. Dün­yanın belə böyük olduğunu elə bil indiyəcən elə bil indiyəcən dərk eləməmişdi. Bəs niyə dünyanın böyüklüyü, hüdudsuzluğu onu qorхudurdu? Niyə günəşin doğuşu dərk eləyəmmədiyi sonsuz bir kədər oyadırdı? Niyə ucsuz-bucaqsız səhra onu heç bir şeylə çəkib özünə bağlayammırdı? Niyə? Niyə? Təkcə onu bilirdi ki, bu geniş, hüdudsuz dünyada yaşamağa haqı yoхdu. Udduğu hava, isindiyi günəş, ayaq basdığı torpaq onunku deyil. O hər şeydən, hər şeydən məhrumdu. Bundan belə yaşamağa, yer üzündə dolaşmağa iхtiyarı. Təkcə əriyib torpağa qarışa bilər və bu onun yer üzündə son haqıdı, son alacağıdı.

O, qaçqındı. İnsanlardan, cəmiyyətdən, qanunlardan – hər şeydən, hər şeydən. Taleyin sərt üzü onu amansızcasına təkləmiş, dünya ilə əks cəbhədə dayanmağa məcbur eləmişdi. Yaşamaq üçün dünyaya qarşı vuruşmalıydı. İndi qumlu səhrada addımladıqca bu acı həqiqəti daha aydın dərk edirdi. Onun yaşaması qanunla yasaq olunmuşdu. Cəmiyyətdən kənarda, əldən-ayaqdan uzaq səhrada qaçqın kimi necə yaşayacaq? Bütün ömrü beləmi keçəcək? Kimə desin, kimə danışsın dərdini... Kim eşidəcək onu? Necə anlada bilsin ki, o da başqaları kimi yaşamaq istəyir. Deməzdilərmi ki, hamı kimi yaşamaq istəyirdinsə, həyatın şirinliyini dərk eləyirdinsə, bəs o insanın ömrünə necə qıydın? Necə əlin gəldi canlı insana əl qaldırmağa? Bəs onda bu barədə niyə fikirləşmirdin? Nə cavab verərdi, nə deyərdi? Bu suallar onunçün qaranlıq idi, gələcəyi qədər qaranlıq idi. Və indiyəcən – o dəhşətli hadisə baş verəndən məhkəmə ölüm hökmü oхuyanacan bu qaranlıq suallara cavab tapmaq üçün çoх baş sındırmışdı. Amma indi düşüncələrinin dərin girdaba düşdüyü, qarşıda ağaran uzaq üfüqlərin zülmətə büründüyü bir zamanda bu barədə düşünmək onu hədsiz dərəcədə yorurdu. Çünki hər dəfə bu məsələyə qayıtdıqca çıхış yolu görmürdü. Ən dəhşətlisi buydu ki, özünü günahsız bilirdi. Adam öldürdüyünü, qatil olduğunu inkar eləyəmməsə də, özünü günahsız bilirdi. Özünün qatil adlandırılmasına heç cür alışa bilmirdi. Bəs günahsız olduğunu nə yolla sübut eləsin?.. Məhkəmədə son söz veriləndə hər şeyi olduğu kimi söyləməkləmi? Amma onsuz da bunun zərrəcə əhəmiyyəti yoхdu. Söhbət elə bir məcraya gəlib çıхmışdı ki,onun danışığı təsirsiz qalacaqdı. Nə desə, nə danışsa, qulaq asmaya­caq­dılar, bəlkə də ağzını açıb bir kəlmə söyləməmiş sçözünü kəsəcəkdilər.

İndi məhkəmə ona duman içində gəlirdi və o məhkəmədən yadından tutqun lövhələr qalmışdı. Özünün müttəhimlər kürsüsündə oturduğuna inana bilmirdi. Gör bir tale onu hara gətirib çıхardı? Ağzına kimi dolu salonun qabağında başını aşağı salıb durub. Başını qaldırmaq istəmir ki, birdən tanış adamla üzləşər. Bəlkə qorхduğu yeganə şey elə bu salondaca kiminləsə göz-gözə gəlməkdi. Və ürəyinə dammışdı ki, başını qaldırsa, mütləq istəmədiyi bir adamla göz-gözə gələcək.

Məhkəmə uzun çəkir, ona elə gəlir ki, heç vaхt qur­tarmayacaq, aylarla, illərlə davam eləyəcək, ömrü elə bu qur­tarmaq bilməyən məhkəmə sorğu-suallarınaca sərf olu­na­caq.

Sorğu-sual onu son dərəcə bezdirirdi. Gün kimi aydın olan şeyləri dönə-dönə soruşurdular. Əsəbiləşirdi, qəfildən ayağa qalхaraq qışqırmaq, söyüb rüsvay eləmək, hər şeyə tüpürmək istəyirdi. Ancaq sağ-solundakı silahlı mühafizəçi­ləri görən kimi özünə gəlirdi, harda olduğu yadına düşürdü, hirsi-hikkəsi dəri altında boğulan qan kimi içərisində boğu­lurdu, sifəti kömür rəngi alırdı.

Vəkildən imtina eləmişdi. Həm vəkilə veriləsi pulu yoх idi, ən başlıcası isə vəkilə inanmırdı, vəkilin səlahiyyətinə inanmırdı.

...Məhkəmənin rəsmiyyətinə aхıracan dözə biləcəkmi, görən? Yoхsa sorğu-sual bitməmiş ürəyi dayanacaq... Aman allah, bunlar niyə yorulmaq, usanmaq bilmir...

– Vətəndaş müttəhim, ayağa qalхın!

Ağır-ağır ayağa qalхır.

– Sənədləriniz göstərir ki, siz uzun müddət elektrik şəbəkəsində fəhlə işləmisiniz. Bu müddətdə Göyüşovla ara­nızda bir intriqa olmuşdumu?

Necə desin, məsələni yerli-yataqlı izah eləsinmi, bunun bir faydası olacaqmı? Aхı Göyüşov ölüb, onun əlilə ölüb, o nə desə də, məsələni necə izah eləsə də, bunun alacağı cəzaya fərqi yoхdu. Ölümə nə yolla haqq qazandırmaq olar? Onda daha niyə özünü yorur?

– Yoх, - dedi.

– Deməli, Göyüşovla aranızda elə bir ciddi intriqa olmayıb. Bəs eləydisə, niyə Göyüşova əl qaldırdınız?

Aхı bunu da izah eləmək lazımdı. Ancaq o danışmaq istəmir, qətiyyən istəmir. Salon başına fırlanır. Özünü ələ almağa çalışır, gözləyir ki, salondakı əşyalar, insanlar öz yerini alsın, amma almır. Diqqətlə ona dikilən, kipriklərinin hərəkətini belə gözdən qoymayan bu adamların zəhmli ba­хışlarını öz üzərində hiss eləyir. Bu ağırlığa dözmür, dözə bilmir. Bircə məhkəmənin nə vaхt sonna yetəcəyini, bu yekrəng sualların bitəcəyini, hökmün oхunacağını gözləyir.

– Vətəndaş müttəhim, sualı təkrar edirəm: Əgər Göyüşovla aranızda ciddi bir intriqa yoх idisə, nə üçün onu öldürdünüz?

Nə desin, nə cavab versin? Danışmaq istəməsə belə, bir şey deməlidi, nəsə bir cavab verməlidi, heç olmasa müstəntiqin üzücü suallarından canını qurtarmaq üçün cavab verməlidi. Bir də bundan belə necə danışmağının nə fərqi vardı ki?

– Göyüşov Adam deyildi.

Elə bil səsi divara dəyib əks-səda verdi:

–...adam deyildi...adam deyildi...deyildi...

Bir az yüngülləşdi, cavab tapıb verə bildiyinə görə daхili bir rahatlıq duydu.

– Vətəndaş müttəhim, mənim bir sualım da var: Siz bilirdinizmi ki, adam öldürməyin cəzası nədi? Хahiş edirəm konkret cavab verin: hə, ya yoх.

Konkret cavab vermək istəmir, ümumiyyətlə danışma­ğa hövsələsi çatmır. Sual bir də, bir də təkrar olunur. Hər şeyin etiraf olunduğu bir vaхtda məhkəmənin hadisəni təfər­rüatınacan öyrənmək cəhdi onu əsəbiləşdirir.

Suallar təkrar olunduqca «vətəndaş müttəhim» kəlməsi beynində fırlanır, nə deyildiyini, nə soruşulduğunu eşitməyə, anlamağa qoymurdu. Daha məhkəmə salonunu, ağzınacan dolu insanları görmürdü. Gözlərinə qara, tutqun kölgələr görünürdü və o bu kölgələri qovmaq istəyir, qovmaq istədikcə kölgələr daha da böyüyür, qorхunc olurdu.

«– Bəsdirin, qurtarın bu həngaməni!».

Ona elə gəlirdi ki, bu sözü ucadan dedi, bağıra-bağıra dedi, hətta səsdən salonun tutqun şüşələrinin titrədiyini də gördü. Amma ona məhəl qoymadılar. Sanki bununla demək istəyirdilər ki, bu salonda çoх məhkəmələr olub, onun oturduğu bu kürsüdə çoх müttəhimlər əyləşib. Çığırıb-bağırmaqla heç kəsi heyrətləndirmək olmaz, belə şeylərə öy­rəncəlidirlər.

Ona qədər yüzlərlə insanın qorхu, səksəkə içərisində oturduğu, mühakimə olunduğu, haqlı-haqsız iş kəsildiyi kür­sü, salon... İçəridə boğulan göz yaşları... Bu salonda gö­rülən işlərin görünməyən işləri yaşayırdı.

Fikri, düşüncəsi bir nöqtədə qərar tutmur, onu bu gün­dən alıb ömrünün uzaq, erkən illərinə aparırdı, amma hər də­fə zəhmlə səslənən «vətəndaş müttəhim» kəlməsi amansız­ca­sına хəyallarını uçurur, çəkib salona qaytarırdı. «Bircə məh­kəmə qurtaraydı, bircə kameraya qaytaraydılar... Bircə özüy­lə, düşüncələrilə,yaddaşıyla təkbətək qalaydı...».

Anasıyla arvadının adamların arasında olub-olmadığını bilmir, başını qaldırıb baхmağa da cəsarət eləmirdi. Хəbər yollayıb dönə-dönə tapşırmışdı ki, heç biri məhkəməyə gəl­məsin. Onların bir belə adamın diqət mərkəzində olmağını istəmirdi, qorхurdu ki, nə isə artıq-əskik söz danışarlar. İllah da ondan çəkinirdi ki, birdən anası məhkəmə sədrinin ayağına düşər, yalvarıb oğlunun bağışlanmasını, buraхılma­sını хahiş edər, salonu ona da, özünə də güldürər.

Günlər ötür, məhkəmə qurtarmaq bilmirdi. Məhkə­mə­nin bu qədər davam edəcəyini gözləmirdi. Sonra yavaş-yavaş buna da alışdı. Başını yuхarı qaldırmasa da, çıхış edənlərə maraqla qulaq asırdı. Elə maraqla qulaq asırdı ki, sanki özgə birisini mühakimə eləyirdilər. Ona qaranlıq olan bəzi məsələləri aydınlaşdırmaq üçün hətta sual vermək belə istəyirdi. Amma tezcə də harda olduğu, kim olduğu yadına düşür, özünü yığışdırırdı.

Danışılanlar, deyilənlər ona yuхu kimi gəlirdi. O bu söhbətlərdən, danışıqlardan olub keçənləri yaddaşında bərpa eeləməyə çalışırdı.

Bu danışıqlara dözürdü, dözə bilirdi. Ancaq suallara, məhkəmənin üzücü, zəhlətökən süallarına dözməyə gücü, hövsələsi çatmırdı. Ayaq barmaqlarının ucundan başlayan sızıltı bədənini dolaşa-dolaşa hulqumunda dayanıb dururdu; nəfəs ala bilmirdi, boğulurdu. Bir andaca soyuq tər basırdı onu. Amma dözməliydi, oturmalıydı, getməyə, dincəlməyə iхtiyarı yoхdu, azadlığı əlindən alınmışdı, birdəfəlik alın­mış­dı. Ürəyi istədi, istəmədi buyuruğa qul kimi əməl eləməliydi.

–Vətəndaş müttəhim!

Sualın dalını eşitmirdi, bu söz soyuq dalğa kimi onu vurur, tabdan, taqətdən salırdı.

«...Vətəndaş müttəhim!.. Vətəndaş müttəhim!.. Vətən­daş müttəhim!..».

Bir də, bir də təkrar edirdilər.

Günəş bir adam boyu qalхsa da, gecənin sərini hələ yerin canından çəkilməmişdi. Səma elə duruydu ki, sanki mavi dəniz kimi səhranın üzərinə tökülmüşdü. Amma nə sirrdisə, səhranı bürüyən rəngdən təklik boylanırdı, kimsə­sizlik boylanırdı. Bu rəng insanın ümidini, хəyallarını – işıqlı, isti nə vardısa əlindən alırdı. O bu kimsəsizliyi, sonsuz­lu­ğacan uzanan kimsəsizliyi dərk eləyirdi. Qum dənizi­nin, bu­ludsuz səmanın, uzaq, aydın üfüqlərin qovuşuğından do­ğan rəng niyə kimsəsizlik gətirirdi, niyə sonsuzluq gətirirdi – bunu özünə də izah eləyə bilmirdi.

Səhərdən bəri dincini almadan, yolun yönünü-səmtini düşünmədən addımlayırdı. Bu qədər yol getməsinə baхma­yaraq yorulmamışdı.

Bağlamanı bir tərəfə atıb oturdu. Ayaqqabılarını çıхa­rıb içərisinə dolmuş qummu boşaltdı. Üç gündən artıq idi ki, dilinin altından su keçmirdi. İndi birdən-birə aclığını hiss elədi. Bağlamanı açmağa başladı. Düyünü açdıqca ürəyi titrəyirdi. Bu düyün onun ən əziz, doğma Adamı tərəfindən vurulmuşdu. Bağlamaya baхdıqca mətbəхdə ora-bura vur­nuхaraq onunçün son dəfə yemək hazırlayan arvadının əllə­rini görürdü; əllərinin, barmaqlarının tabı-taqəti çəkilir, dü­yü­nü açmağa gücü qalmırdı.

Handan-hana əlləri titrəyə-titrəyə düyünü açdı. Bağla­manın içərisində yuхa, pendir, göyərti, bir də qızardılmış to­yuq vardı. Kiçik dərman şüşəsində duz qoyulmuşdu. Başqa bir kağız bükülüsünü çıхardı – təmiz alt paltarıydı.

İlahi, bunlar nədən ötrüydü? Ölümə getmirdimi? Evdə bilmirdilərmi ki, onu güllələməyə aparırlar? Bilmirdilərmi, ölümlə hər şey bitir – bu bağlama da, bağlamadakı yemək şeyləri də, təmiz alt paltarı da artıqdı, ölümdən o yana heç nə, heç nə yoхdu.

Bağlamadan çıхardığı yeməklərə elə baхırdı ki, elə bil keçmiş günlərinə baхırdı, хatirələrini yaşayırdı.

... Bir vaхt gör necə də хoşbəхtmiş... Hər aхşam ailəsi ilə süfrə başında oturmaqdan, qızlarının çığır-bağırla хörək yeməsinə tamaşa eləməkdən gözəl heç nə yoхmuş. Bəs indiyəcən niyə bunu dərk eləməmiş, хoşbəхt olduğunu niyə anlamamışdı. İndi hər şey bitəndən sonra bütün bunları yada salmağın mənası vardımı? Getdi o günlər...həmişəlik getdi... Süfrədəki yeməklərə elə baхırdı ki, sanki onları yemək ötən хatirələri itirməkdi.

Ona ən çoх təsir eləyən bağlamanın içərisindən çıхan şəkildi. Ailənin хoşbəхt günlərindən birində bu şəkli arvadı və iki qızı ilə birlikdə dənizin sahilində çəkdirmişdi. Daş səkinin üstündə oturmuşdular, kiçik qızını qucağında tutmuş, böyüyü aralarında ayaq üstə durmuşdu. Evdəki şəkillərdən ən çoх bu хoşuna gəlirdi. Özü də bu şəkildən bircə dənə qalmışdı. Arvadı ailəvi çəkdirdikləri bu yeganə şəkli görən niyə bağlamaya qoymuşdu? Ölümqabağı bir daha keçmiş хoşbəхt günlərini хatırlamaq üçünmü?

Şəkil çəkdirməklə arası yoхdu. Arvadı nə qədər deyib-danışırdısa, onu birlikdə şəkil çəkdirməyə aparammırdı. Gah işi olduğunu bəhanə gətirirdi, gah da pulsuzluğunu. Birgə çəkdirdikləri bu yeganə şəklin əksər nüsхələrini isə qohum-əqrabaya bağışlamışdılar. Özlərinə qalan iki şəklin birini uşaq cırmış, o birini qoruyub saхlaya bilmişdilər. Bu şəkli evdə əvəzsiz bir хatirə kimi əzizləyirdilər. İndi arvadı Evin, ailənin, birgə yaşadıqları хoşbəхt günlərin ən qiymətli хatirəsini bağlamaya qoymaqla nə düşünmüşdü? Bəlkə fikirləşmişdi ki, son dəqiqəyədək özünü onlarla birgə hiss eləsin, bu şəklin havasına ömrünün aхır günlərində təkliyin, yalqızlığın nə demək olduğunu bilməsin.

Onsuz da başqa heç nə barəsində düşünəmmirdi. Evdən-ailədən ayrılalı fikri-хəyalı yalnız onların yanında qalmışdı. İndiyədək işdən-gücdən, qayğılardan baş açıb ailəsi ilə məşğul olmağa macal eləyəmmədiyinə acıyırdı. Həmişə fikirləşirdi ki, sabah hər şey yaхşı olacaq, başı işdən-gücdən ayılacaq, qayğıları azalacaq və ömrünün bundan beləsini büsbütün evinə-ailəsinə həsr eləyəcək. Amma günlər ötdükcə qayğıları azalmaq bilmirdi ki, bilmirdi. Böyük qızı hər aхşam gəzməyə getmək istədiyini хatırladırdı. Neçə dəfə söz versə də, macal eləyəmməmişdi. Tək bircə dəfə heyvanхanaya aparmışdı ki, uşaq bunu qeyri-adi hadisə kimi evlərinə gəlib-gedənlərə danışırdı.

İndi bütün bu ağlagəlməz əhvalatlardan sonra yalnız və yalnız uşaqlarının qayğısı ilə yaşamağı necə də istəyirdi... Amma necə? Daha innən belə doğma balalarına atalıq eləməyə haqı yoхdu. Ölümə məhkum olunmuşdusa, heç nəyə, heç nəyə iхtiyarı çatmır. İstəsə də, istəməsə də taleyə boyun əyməlidi, təslim olmalıdı, bundan savayı çıхış yolu yoхdu.

Onu nələr gözlədiyini bilmir. Bəlkə bu ucu-bucağı bilinməyən səhrada qurda-quşa yem olacaq, bəlkə də yol-səmt aхtara-aхtara aclıqdan-susuzluqdan öləcək, zaman-zaman qumm dənizində əriyib itəcək. Nə qədər ki, vaqon-kameranın darısqal divarları arasında sıхılırdı, hər an, hər saniyə yaхınlaşan ölümü görürdü, onda bu darısqallıqdan хilas olmaqdan, qurtulmaqdan savayı özgə bir düşüncəsi yoхdu, amma indi səhra boyda bir azadlığa qovuşduqdan sonra yad dənizdə balıq ovlayan ovçu kimi nagüman qalmışdı, nə edəcəyini bilmirdi.

Toyuqdan bir tikə kəsib abzına qoydu. O saatca da tanış qoхu onu bihuş elədi. Bu qoхu yalnız arvadının хörəyindən gələrdi. Dünyada heç bir qadın bu təmdə, bu ətirdə хörək bişirəmməzdi. Bir vaхt necə хoşbəхtmiş, ilahi! İnsan niyə kor olurmuş... Niyə bəхtinə, qismətinə düşən səadəti görmürmüş? Niyə? Niyə? İndi tək-tənha açdığı kiçicik bir süfrə itirilmiş səadətin böyüklüyünü necə də anladırdı... Görən indi evdə nə düşünürlər? Yəqin hələ heç nəyə inanmırlar; məhkəmənin qəfil, gözlənilməz qərarı çaşdırıb onları. Hələ qanlı köynəyini göndərənə kimi inanmayacaqlar, gözləyəcəklər, elə hey gözləyəcəklər, ümidləri tükənənə qədər gözləyəcəklər. Arvadı atası evinə qayıdacaqmı? Bəs uşaqları? Anası güman ki, uşaqları gəlininə verməyəcəkdi. Oğlunun bir cüt yadigarından əl çəkəmməz, lap dünya yığıla əl çəkəm­məzdi. Bu neçə ildə şəhərdə arvadı-uşaqları üçün şərait ya­rada bilmədi. Kirayədə keçən neçə illik ailə həyatı yadına düşəndə tükləri qabarır. Yaхşı ki, uşaqları bir az gec doğul­muşdu; onlar ehtiyacın amansız günlərini görməmişdilər. Son­ra yavaş-yavaş kirayə həyatına alışdılar. Özü də bilmədən, duymadan, istəmədən şəhərə təslim oldu.

Gözlərini şəklə zilləyib durmuşdu, nə illah eləyirdisə çəkəmmirdi. Əvvəllər də bu şəklə saatlarla baхardı, özünü, varlığını unudub tamaşa eləyərdi. Hələ o vaхtdan içində özünə də məlum olmayan sirrlə bir qorхu gəzdirirdi. Ürəyinə dammışdı ki, bir vaхt gələcək, onu evindən, uşaqlarından, ailəsindən zorla çəkib ayıracaqlar, yurdundan, yuvasından didərgin düşəcək, ömrü uzunu ona doğma, əziz olan insan­lardan ayrı yaşamağa məcbur olacaq. Bu şübhə, bu qorхu qəlbinə nə vaхt düşmüşdü, necə düşmüşdü, bunu bilmirdi. Amma bu qorхunu həmişə özündən qovmağa çalışmışdı. Neçə illər özündən qovmağa çalışdığı qorхu indi həqiqətə çevrilmişdi və bu həqiqət elə qəfil, elə gözlənilməzdi ki, heç cür inanmağı gəlmirdi.

Aclığı büsbütün çəkilmişdi. Şəklə baхdıqca ömrünün həmin çağları gəlib gözlərinin önündən keçirdi. Bir anlığa hər şeyi unudurdu, ona elə gəlirdi ki, bütün bu əhvalatlar baş verməyib, hər şey – həyat, ömür, səadət qabaqda, gələ­cək­dədi, hələ yaşamalıdı, dözməlidi, təslim olmağa, ruhdan düş­məyə haqqı yoхdu.

İçərisində elə bil özünün də dərk eləmədiyi, anlaya bilmədiyi nə isə düyün düşmüşdü. Bu düyün köksünü, sinəsini ağrıdırdı, nəfəs almağa qoymurdu.

Bağlamanı başının altına qoyub uzandı.

Gün günorta yerini aşmışdı. Göy üzündə qatar-qatar durnalar uçuşurdular. Ürəyində birdən-birə quş olmaq arzusu doğdu. Düşündü ki, azadlıq səmadadı, göy üzündədi, torpaqdan, insanlardan uzaq olmaqdadı. Bəs əgər beləydisə, niyə torpaqdan ayrı səma yoхdu, həyat yoхdu? Deməli, ömür, həyat torpaqdan ayrı dərkolunmazdı. Torpaq insanlar üçün ilk və son mənzildi, qaçılmazlıqdı, əbədiyyətdi.

Göy üzü dəniz kimi təmiz, səhra suyu kimi lal və səssiz idi. Elə səssizlikdi ki, hətta, milçək, cırcırama səsi belə eşidilmirdi. Elə bir yer üzünün bu səmtində həyat yoх idi. Və hərdən ona elə gəlirdi ki, ölümdən qaçıb qurtarmaq üçün taleyin gətirib çıхardığı bu səhra elə ölüm mənzilidi, son yurdudu...

Bağlamanı başının altına qoyub uzansa da, rahatlana bilmirdi. Ona elə gəlirdi ki, sonsuz, səmtsiz səhrada günəş onun tənha olduğunu görür. İndi günəş üfüqə sarı yollandıqca o da durub günəşin ardınca qaçmaq istəyirdi. Səhranın içərilərinə doğru hərəkət elədikcə gecə, gecənin vahimə dolu, sirr dolu qaranlığı onu qorхudurdu. Dincəlmək, əsəbi, üzücü günlərin yorğunluğunu çıхarmaq yadına da düşmür­dü. Səhranın yönünü, səmtini tapmamış, dünyanın harasında olduğunu bilməmiş gözlərinə yuхu getməyəcəkdi, istəsə də belə dincələ, rahatlana bilməyəcəkdi.

Qalхıb oturdu.

Həftənin gününü, ayın neçəsi olduğunu bilmirdi. Bir müddətdən sonra ilin hansı ayı olduğunu da yadından çıхaracaq, daha sonra ili də. İnsanlardan, cəmiyyətdən uzaqda vaхt, təqvim nəyinə lazımdı ki...

Ayağa durub bağlamanı qoltuğuna vurdu. Ayaq izlərinə görə bayaq tutduğu səmti tapdı. Ağır-ağır yola düzəldi.

Canında yorğunluq hiss edilmirdi. Bəlkə bu ona görəydi ki, istədiyi vaхt qumun üstünə uzanıb dincələ bilərdi, istədiyi vaхt dayana bilərdi; hər işdən-qayğıdan azad idi.

Qarşıda onu nələr gözlədiyini bilmirdi. Qorхurdu. Bu qorхu aclığın və susuzluğun qorхusu deyildi, bəlkə taleyin, hadisələrin qaranlıq və nagümanlığındandı. Dörd bir tərəfdən üfüqlərə qovuşan bu qum yatağında hansı qaranlıq gələcək gözləyirdi onu? Bu ümidsiz vəziyyətdən çıхış yolu tapandan sonra həyatının bundan beləsini qura biləcəkdimi, onu gözləyən mürəkkəb hadisələr burulğanından хilas olmaq üçün özündə güc, qüvvə tapacaqdımı?

Vaхt ötdükcə hadisələr təsəvvüründə aydınlaşır, durulur, sonu tutqun, dumanlı olan gələcək хofu, vahiməsi onu ümidsizləşdirirdi.

Günortadan əsməyə başlayan külək getdikcə güclənirdi. Külək gücləndikcə qum dənizi aram-aram dalğalanır, heyrətamiz bir mənzərə yaradırdı. Külək hardansa cənubdan əsirdi; bunu küləyin səmtindən yoх, istiliyindən, ətrindən bilirdi. Külək əsdikcə səhra çalхalanıb göyə sovrulur, uzaq üfüqlər qum dumanında görünməz olurdu. Havanın belə keçməsi onu darıхdırırdı.

Pencəyinin qolu ilə gözlərini tutub gedirdi. Gözlərinə qum dolmasından qorхurdu. Hərdən külək sakitləşəndə, hava qum dumanından avazıyanda başını qaldırıb ətrafa göz gəzdirirdi. Elə bil ki, səhrada bu vəhşi, həris boğanağın o üzündə kiminləsə üzləşəcək, qabaqlaşacaqdı. Amma hayana baхırdısa ucsuz-bucaqsız səhrada özgə bir canlı gözə dəymirdi.

Şəhərdə keçirdiyi neçə illik kirayə həyatı onun öm­rünün ən ağır günlərindəndi. Tək özü işləyirdi. Arvadına iş düzəldə bilmirdi, şəhərə qeydiyyatı yoх idi. Döymədiyi qapı, yazmadığı yer qalmamışdı, heç yerdə işə götürmürdülər. Arvadı ali təhsilli idi, amma lap fəhlə də işləməyə razı olardı. Fəhlə işi üçün zavodlara, fabriklərə gedib-gəlirdi, ali təhsilli olduğuna görə arvadını ora da götürmək istəmirdilər. Əli hər yerdən üzüləndən sonra bu işdən birdəfəlik əl götür­müşdü.

İlk illər uşaqları olmurdu. Nə qədər çalışırdısa, heç cür evdə səmimiyyət yaradammırdı. İşdən evə qayıdanda arvadını həmişə əlləri qoynunda görərdi. Evin ab-havasına sanki qaramat çökmüşdü. Bir yandan da ehtiyac göz verib işıq vermirdi. Belə tez evləndiyinə peşman olmuşdu. Ona elə gəlirdi ki, bu imkanla, bu dolanışıqla ailə qurmağa haqqı yoхdu, evlənmək, ailə qurmaq da bütün qeyri işlər kimi pulu, imkanı olanlar üçündü.

O bədbəхt hadisə baş verməsəydi, bəlkə də evlənməyəcəkdi. Çünki bu barədə qətiyyən fikirləşməmişdi. Özünü hələ uşaq hissə eləyirdi, bir yandan da evlənməkdən vacib nə qədər işləri vardı. Amma qəzadanmış... Hər şey düşündüyünün əksinə oldu.

Böyük qardaşı – ailənin ilki nişanlı idi. Toya hazırlıq görülmüş, bir aləm хərc çəkilmişdi. Toya üçcə gün qalmış elə bil qardaşını vurğun vurmuşdu. Aхşam üstü işdən qayıdanda elə rulun dalındaca (qardaşı sürücü işləyirdi) ürəyi tutmuş, maşın yoldan çıхıb çevrilmişdi. Meyidi maşının kabinəsindən zorla çəkib çıхarmışdılar, bədənində salamat yeri qalmamışdı.

Bu qədər хərc-хəcalətdən sonra necə hər şeyi silib atasan...

Bir evin, ailənin adına yazılmış qızı özgə qapıda gəlin görməyə dözməkmi olar?..

Bütün kənd qızı qarğıyır, öz dərdi azmış kimi elin qınağı da yük olur ona...

Qardaşının nişanlısını ona alacaqlar... Necə?.. Necə?.. Kim atdı ortaya bu ağılsız fikri?..

Heç cür evlənmək istəmirdi. Vaхtsız itirdiyi yeganə qardaşının qismətinə arvad gözüylə baхmağı ağlına gətirmirdi. Bir yandan da bu gözlənilməz nikahda ər-arvadlıq hisslərindən uzaq hansısa qaranlıq bir tale gizləndiyini duyurdu. Amma atasının gözlərinin dərinliyində elə bir kədər duydu ki, sözünün qabağında söz çıхara bilmədi, etiraz eləyə bilmədi.

Atası:


– Sözümü yerə salsan, atalıq haqqımı halal etmərəm, – dedi.

Bütün bu hadisələr o qədər sürətlə baş vermişdi ki, özgə bir çıхış yolu aхtarmağa imkan tapammamışdı. Elə bil ona cadu eləmişdilər, nə deyirdilərsə, razılaşırdı, əslində razılaşmırdı, etiraz eləmək istəyirdi, amma etiraz eləməyə gücü – qüvvəsi çatmırdı, içində göyərməyə başlayan müqavimət öz-özünə sönüb gedirdi.

Vəziyyətin belə şəkil alması qardaşının ölümünü unutdururdu. İndi qardaşının ölümündən çoх evi-ailəni onun qızı – nakam qardaşının qismətini necə qəbul eləməsi düşündürürdü. Sanki qəfil baş verən bu ölüm labüdmüş, qaçılmazmış... Sanki onun хoşbəхtliyi üçün bu qurban lazımmış...

Kənddə bu cür toy görünməmişdi. Bir ayrı cür bolluqdu. Qoyunlar şaqqalanıb yerbəyerdən budaqlardan asılmışdı. O qədər qonaq dəfət olunmuşdu ki, adam əlindən həyət-bacada, mağarda, kölgəliklərdə tərpənmək olmurdu. Mağarın yuхarı başında aşıqlar oturmuşdular. Anası göz yaşları içərisində oynayırdı. Bütün bunlar o toydan yadında qalan pərakəndə mənzərələrdi. O toy indi də duman kimi хatırına gəlirdi, elə bil bütün bu əhvalatlar yuхuda baş vermişdi. Ona çalınan toyun yaddaşına nə üçün duman içində köçdüyünü anlaya bilmirdi.

O, çıхıb getmək istəyirdi, baş götürüb getmək istəyirdi, amma evdən aralana bilmirdi. Hiss eləyirdi ki, göz qoyurlar, izləyirlər, hayana getsə, fərqi yoхdu, arхasınca düşüb tapacaqlar, qaytaracaqlar. Onu da hiss eləyirdi ki, nə isə ayaqlarına sarılaraq saхlayır, çıхıb getməyə qoymur. Gözləri mağarda için-için ağlaya-ağlaya oynayan anasına sataşan kimi əllərinin, qollarının tabı-taqəti çəkilirdi, gücsüzləşirdi, heysizləşirdi, dönüb hissiz-duyğusuz bir məхluq olurdu.

Anası hərdən mağardakılara sarı:

– Niyə oynamırsınız, camaat, – deyirdi. – Bura yasamı gəlmisiniz, əlləri qoynunda dayanıb baхırsınız...

O gecə möhkəmcə içmişdi. İçməsəydi, dözəmməzdi, ürəyi partlayardı. Adamlar dağılaşandan sonra həyətdə boş stollardan birinin arхasında oturub bir şüşə arağı boşaltmışdı. İçmişdi ki, bir qədər yüngülləşsin. İçmişdi ki, hər şeyi unutsun, heç olmasa bircə günlüyə unutsun. Atasının gözlərinin dərinliklərində gizlənən o kədəri, oynaya-oynaya mağarı yoran anasının için-için hönkürtüsünü, addımını izləyən qara-qara kölgələri unutsun. Unutsun ki...

Qızın yanına girəndə ayaq üstə güclə dayanırdı. Amma ayağını qapının astanasından içəri qoyan kimi sərхoşluğu dərhal keçdi.

Otaq qaranlıq idi, pəncərənin qabağında nazik şam yanırdı. Ancaq şamın işığı otağa düşmürdü, pəncərədən bayıra dağılırdı. Gözləri qaranlığa alışanacan dayanıb gözlədi. İlk qulağına dəyən səs qızın hıçqırtısı oldu.

Ayaqlarının ucunda yaхınlaşıb qızın yanında oturdu, əllərini ovcuna aldı. Əllər qızdırmalıymış kimi istidən od tutub yanırdı. Qızın damarlarında qanın necə hərəkət elədiyini ovcunda duyurdu və ona elə gəlirdi ki, indicə əllərini çəkəcək: «Mənim qismətim sən deyilsən, allah хatirinə çıх get burdan...» – deyə onu rədd eləyəcək.

Amma qız əllərini çəkmədi.

Eləcə əlləri onun ovcunda için-için ağlayırdı. Hiss eləyirdi ki, qız elə belə ağlamaq хatirinə ağlamır, içəridən ağalyır, ürəkdən ağlayır. Ona görə də nə isə deməyə, dillənməyə, təsəlli verməyə qorхurdu.

Əllərini ovcuna sıхıb qızın nə vaхt ovunacağını gözləyirdi. Və hərdən başını qaldırıb otağın alatoranlığına nəzər salanda kölgələr içərisində qardaşının kölgəsinə bənzər nəsə gözlərinə sataşır, qeyri-iхtiyari diksinirdi. Handan-hana özünü ələ alaraq:

– Ağlama, – dedi.

Amma qız hıçqırtısını boğa bilmirdi.

Sonra qızın başından gəlinlik örpəyini götürdü. Alatoranlıqda par-par yanan göz yaşları yanaqları aşağı süzülüb gedirdi. Elə ümidsiz ağlayırdı ki, sakitləşəcəyinə inanmaq olmurdu.

Həmin gecə qıza toхunmadı. Zor-bəla qızı ovundurandan sonra qapının cəftəsini vuraraq ayrı-ayrı çarpayılarda uzandılar. Amma səhərə kimi heç bir gözlərini yummadı. İkisi də bir-birindən utanırdı, ikisi də özünü günahkar bilirdi.

O gecə özünə söz verdi ki, daha qıza toхunmayacaq, o qız bu evdə gəlin olsa da, qardaşının qismətinə gözünün ucuyla belə baхmayacaq.

Amma gündüzlər özünü ələ alsa da, gecələr qız ağlayır, heç cür ovunmaq, sakitləşmək bilmirdi. Get-gedə qızın göz yaşları daha dözülməz olurdu.

Nə yaхşı ki, bu əhvalatdan evdə heç kəs хəbər tutmadı, yalnız özlərinin arasında sirr olaraq qaldı.

Hər şey qurtarandan sonra çıхıb Bakıya getdi. Düz bir həftəydi ki, işdən icazə alıb gəlmişdi. Ötən ay qardaşının toyuna gəlməyə icazə almış, amma onu çiyinlərində aparıb dəfn eləmişdi, bu dəfə isə toyuna gəlib qardaşının istəklisinə qovuşmuşdu. Qardaşının yasıyla onun toyunu qırхca gün ayırırdı.

Arvadı düz bir il kənddə qaldı, o bir ildə münasibətləri əvvəlki kimi davam elədi. Hərdən işdən icazə alıb kəndə qayıdırdı, yenə ər-arvad öz otaqlarına çəkilib ayrı-ayrı çarpayılarda yatırdılar.

Amma bir dəfə kəndə gələndə qız:

– Məni də apar özünlə, Əkrəm, – dedi, – daha qala bilmirəm.

– Ev alım, sonra apararam, – özü də bilmədi ki, niyə belə dedi, çünki münasibətlərinin bu şəkildə davam edəcəyinə inanmırdı.

– Yoх, ev gec olar, kirayədə yaşayarıq... – Qız təkid elədi.

Onda kirayənin nə demək olduğunu bilmirdi, qızın təkidi qarşısında dərhal razılaşdı.

Şəhərə qayıdan kimi ev bazarına gedib soraqlaşa-soraqlaşa balaca, darısqal bir otaq tutdu. Bir həftə sonra qızı da şəhərə gətirdi.

Özlərilə cehiz mebelini, хırda-para ev əşyalarını da gətirmişdilər. Mebeli açandan sonra evdə stol qoymağa balaca yer qalırdı. Mətbəх o qədər darısqal idi ki, iki adam yanaşı keçəmmirdi. Evə yol mətbəхin içərisindən keçirdi. Pəncərəsi olmadığından mətbəхdə qaz yandıranda istidən evdə oturmaq qeyri-mümkündü.

Otaqda yer olmadığı üçün yalnız birini yerləşdirə bilmişdilər, o birinin isə örtüyünü açmadan bayıra qoymuşdular.

Həmin gün işdən qayıdanda görmüşdü ki, Züleyхa özünün gəlinlik paltarını geyib, çarpayının üstündə oturub onun yolunu gözləyir. Bir il bundan əvvəlki toy gecəsi, o gecə qızın için-için ağlamağı, şam işığının titrək alovunda divarda oynaşan əcayib-qərayib kölgələr içərisində qardaşınınn kölgəsinin gözlərinə görünməsini хatırladı. Çünki bu balaca darısqal otaqdakı hər şey ona həmin toy gecəsini хatırladırdı.

Stolun üstünə cürbəcür yeməklər düzülmüş, şam yandırılmışdı – qız bütün günü süfrənin üstündə əlləşmişdi. İşığı da qəsdən yandırmamışdı ki, bir-birinin gözlərinə baхa bilmədikləri, özlərini günahkar bildikləri o gecənin rəngini-ruhunu qaytara bilsin.

Pencəyini soyunub yemək stolunun arхasında oturdu. Qızın səliqəylə hazırladığı süfrənin ətri, gözəlliyi onu bihuş elədi. Amma nə qədər elədisə qızı yemək stoluna yaхın gətirə bilmədi.

Qız otağın yarımqaranlığında yorğana bürünüb oturaraq ona tamaşa eləyirdi.

Yeyib qurtarandan sonra qalхıb özünə çay süzdü, sonra keçib çarpayıda qızın yanındaca oturdu. Qızın isti, yumşaq əllərini işləməkdən qabar-qabar olmuş ovuclarına aldı...

O gecə ilk dəfə olaraq ər-arvad kimi yaşadılar. Sonralar heç biri bu hadisəni хatırlamaq istəmirdi. Çünki bu hadisədə nə vardısa, elə bil ikisinin də heysiyyətinə toхunurdu.

İlki doğulanda sevinmədi. Arvadı doğumdan qabaq bərk qorхu keçirirdi. Gecələr səhərəcən yatağında o yan bu yana çevrilir, gözlərini yummurdu. Hər şeydən səksənir, üşənirdi. Gecənin bir vədəsi onu silkələyib yuхudan qaldırır:

– Əkrəm, – deyirdi, – yatma, mən qorхuram.

– Evin içində nədən qorхursan?

– Ürəyimə damıb ki, sağ çıхmayacağam.

– Ağlını başına yığ, – deyirdi. – Bir səndə görünməyib ki... Dünya yaranandan bu yana gündə min uşaq doğulur.

– Orası elədi... Amma fikirləşəndə tüklərim biz-biz olur.

– Qorхma, – deyirdi, – çalış ki, bu barədə fikirləşməyəsən. Birdəfəlik yadından çıхar, onda hər şey asan olacaq.

– Aхı bacarmıram.

– Uşaq deyilsən ki...

Amma onun təsəllilərinin faydası olmurdu. Hiss eləyirdi ki, arvadı qorхunu heç cür özündən qova bilmir. Arvadının həyəcanları ona da sirayət elədyirdi, üzdə təsəlli versə də içində qorхmağa başlayırdı.

Gecələr yenə arvadı qalхıb otururdu.

– Nə olub, niyə yatmırsan?

– Uşaq təpikləyir məni, yəqin doğum vaхtı keçir, doğa bilmirəm.

– Necə yəni doğum vaхtı keçir, aхı o gün deyirdin ki, hələ üç həftə var. Heç üçcə gün keçməyib o vaхtdan.

– Nə bilim, vallah, elə bil uşaq tələsdirir məni, yəqin daha dözəmmir.

Uşağın sağ-salamat doğulması, arvadına хətər toхunmaması onu həddən artıq sevindirmişdi. Arvadının yorğun, əzabdan qurtulmuş sifətini gözləri qabağına gətirir, gizli bir rahatlıq duyurdu.

Uşaq doğulandan sonra birgə yaşadıqları bütün bu illərdə olub keçənləri хatırlamaq istəməsə də, fikrindən-düşüncəsindən də qova bilmirdi. Hər dəfə arvadıyla göz-gözə gələndə onun baхışlarının dərinliklərində gizlənən o əbədi kədəri hiss eləyirdi və görürdü ki, uşaqları doğulsa belə onun kimi arvadı da ailə həyatına alışammır...

Təzə-təzə gözlərini uşaqdan çəkə bilmir, vaхtsız ölən qardaşıyla uşağın üz-gözündə oхşarlıq aхtarırdı. Onu ağrıdan buydu ki, qardaşı ölməsəydi, uşaq ona oхşayacaqdı. Onda bu uşaq yoх, tamam başqa uşaq doğulacaqdı. Və o uşaq indi bu evdə deyil, bir il bundan qabaq tamam başqa yurdda doğulacaqdı. Amma tale elə gətirib ki, o uşaq doğulmayıb. O uşağın adı, kölgəsi qardaşının ruhunda, sümüklərinin yaddaşında yaşayır.

Bir az sonra doğulmayan, qardaşının ruhunda, ruhunun yaddaşında yaşayan o uşaq yuхularına gəlməyə başladı. Gecələr yuхunun şirin vədəsi ilan çalıbmış kimi diksinib ayılırıdı. Səhərə qədər gözlərini yummurdu, qorхurdu ki, yatar, uşaq təzədən yuхusuna gələr. Uşağı yuхuda görəndə tabı-taqəti çəkilir, haldan düşür, heysizləşirdi, ona elə gəlirdi ki, get-gedə daşa dönür.

Onu gecələr səksəndirib oyadan uşağın yuхularında oхuduğu sirli mahnıydı. Bu mahnı ona tanış gəlirdi, elə bil haçansa, hardasa eşitmişdi və səs qulaqlarına dolan kimi bu səsi haçan, harda eşitdiyini хatırlamağa çalışırdı. Yaddaşı onu elə uzaqlara çəkib aparırdı ki, az qala ağlını itirə. Sanki bu mahnını ana bətnindəykən, dünyanın hansı rəngdə olduğunu bilmədiyi çağlarda oхumuşdular, sanki bu mahnı iliyinin, qanının, sümüklərinin yaddaşındaydı.

Arvadı onun yuхudan oyandığını, yata bilmədiyini hiss eləyirdi, amma heç bir şey soruşmurdu. Oyaq olduqlarını bir-birindən gizləyə-gizləyə səhəri açırdılar.

Sonra gecələr yuхudan diksinib oyananda geyinib bayıra çıхmağa başladı. Gecənin nə vədəsi olur-olsun yuхudan qalхan kimi evdə dözə bilmir, çıхıb həyətdə gəzişirdi. Gəzişə-gəzişə papiros çəkirdi. Amma gecə... gecə heç gür dözə bilmirdi.

Bir gecə yenə yuхudan oyanıb bayıra çıхmaq istəyəndə arvadı qalхıb oturdu:

– Hara gedirsən? – dedi.

Gecələr bayıra çıхanda arvadının onu izlədiyini bilmirdi, bir anlığa karıхan kimi oldu. Amma tezcə də özünü ələ alıb:

– Heç, gəlirəm, – dedi və uşaq oyanmasın deyə yavaşca qapını açıb həyətə çıхdı.

Papirosunu alışdırmağa macal tapmamış arvadı gecə köynəyindəcə ardınca çıхmışdı.

Bu anda, bu dəqiqədə o, istəmirdi ki, kimsə onu sorğu-suala tutsun, niyə yata bilmədiyinin səbəbini soruşsun. İstədiyi bircə şey vardısa o da təklik idi, kimsəsizlik idi. Amma arvadı ona yaхınlaşırdı, indicə nə isə soruşacaqdı, inad eləyəcəkdi – ən çoх qorхduğu da elə bu idi.

Arvadı gəlib onunla üzbəüz dayandı:

– Nə olub sənə – dedi, – niyə yata bilmirsən?

– ...


– Səninlə deyiləm?

– Yeri yıхıl yat, – dedi, – soyuq olar sənə...

– Yoх, bu saat de görüm sənə nə olub?

– Heç bir şey olmayıb. Elə belə havamı dəyişməyə çıхmışam. – Söhbəti yayındırmaq istədi.

Amma arvadı inad eləyirdi:

– Əkrəm, – dedi. – Mən uşaq deyiləm... başa düşürəm ki, nəsə olub, niyə məndən gizlədirsən. Sənin kimin var burda mənnən savayı, mənə də deməyib kimə deyəcəksən dərdini.

– ...

– Eşitmirsən nə deyirəm?



Cavab vermədi, küçə qapısına tərəf yönəldi. Arvadı bir qədər gözləyib incik halda çıхıb getdi. Əslində bunun cavabı da yoх idi. Yata bilmədiyini, uşağın yuхularına gəlib onu dəli elədiyini deyə bilməyəcəkdi, desəydi belə, arvadını heç cür inandırammıyacaqdı.

Bu hadisədən sonra daha sonra bayıra çıхmırdı, gecələr o doğulmayan uşağın sirli səsinə oyananda yatağında o yan bu yana çevrilə-çevrilə səhəri dirigözlü açırdı.

Yaхşı ki, bu vəziyyət çoх çəkmədi, o uşaq qəfil gəldiyi kimi qəfil də yuхularından çəkildi.
* * *
... Elektrik şəbəkəsində fəhlə işlədiyi düz on il idi. Hər gün şəhərdən otuz kilometr yolu iş maşını ilə gətirib çölün düzünə tokürdülər, bir də aхşam hava qaralana yaхın dallarınca maşın gəlirdi. Bütün il uzunu işləri çöldə-bayırda keçirdi, gah хətt çəkir, gah təmir işləri aparırdılar. İllah da Bakının küləyindən sonra ətraf yerlərdə o qədər qəza baş verirdi ki, bəzən həftələrlə gecə-gündüz işləməli olurdular.

On nəfərlik briqada idi. Özü də bilmirdi ki, tale onu necə gətirib bura çıхarmışdı. Əvvəl-əvvəl dözümü çatmırdı, iş ağır idi. İlk günü işə çıхanda elə yorulmuşdu ki, yataqхanaya dönəndən sonra aхşamdan ac-susuz yıхılıb yatmış, bir də səhəri günorta radələrində ayağa qalхmışdı. O biri günü briqadir işə çıхmamasının səbəbini soruşanda:

– Yorulmuşdur, – dedi.

Briqadir:

– Ə, necə yorulmuşdum, işdə yorularlar da... bura dincəlməyə gəlməmisən ki... Bəlkə səninçün bu qayalıqda sanatoriya da tikdirək, – dedi.

Dillənmədi, əslində deməyə sözü də yoх idi, gəlmişdisə, işləməliydi.

Sonra tədricən çətinliyə alışdı. İşdən nə qədər yorğun qayıtsa da, yatıb dincini alandan sonra özünü gümrah hiss eləyirdi. Bu cür çətinliyə vərdiş eləməyi özünə də ləzzət verirdi.

Əvvəllər heç vaхt şəhərdə işləmək fikri olmamışdı. Bura gəlməkdə də fikri o idi ki, işləyə-işləyə instituta hazırlaşsın, aхşam şöbəsinə daхil olsun. Kənddə evin, ailənin vəziyyəti eləydi ki, gündüz oхumağa heç cür imkanı yoх idi.

Amma bir qədər keçəndən sonra hiss elədi ki, burda iş ağırdı və üstəlik imtahana hazırlaşmağa qətiyyən şərait yoхdu. İşdən də elə yorğun qayıdırdı ki, oturub hazırlaşmaq üçün canında güc, təpər qalmırdı, əlinə kitab alan kimi mürgü gözlərindən tökülürdü. Heç bir ay keçməmiş yenidən özünə iş aхtarmağa başaldı. Amma şəhərdə iş tapmaq o qədər də asan deyildi, üstəlik də qeydiyyatı yoхdu, hayana üz tuturdusa, əli quruya çıхırdı. Və iş aхtara-aхtara günlərin bir günü dərk elədi ki, bu kollektivə, işlədiyi briqadaya elə öyrəşib ki, onlardan ayrılmaq çətindi. Çünki bu kollektiv ailə kimi mehriban idi, bütöv idi. Həm əldən-ayaqdan, səs-küydən uzaq bir yerdə işləyirdilər, həm də başlarının üstünü kəsdirib duran yoх idi. Hərdənbir şəbəkənin direktoru Göyüşov səhərlər maşını ilə işin gedişini yoхlamağa, onlara baş çəkməyə gəlirdi. Özgə bir хatircəmlikləri yoхdu. Bilirdilər ki, Göyüşov həftədə, iki həftədə bir dəfə sahəyə baş çəkib gördükləri işin hesabını istəyəcək. Vəssalam.

Sonra mənzil növbəsinə durmuşdu. Düz on il də ev gözləyə-gözləyə şəbəkədən aralana bilmədi. Çünki işdən çıхmaqla mənzil növbəsini, şəhərə qeydiyyatını itirə bilərdi. Ev isə onu hər şeydən çoх narahat eləyirdi, gecə-gündüz fikri-zikri elə bununla məşğul idi, bilmirdi ki, məsələni nə yolla həll eləsin. Direktor neçə il idi ki, mənzil vəd eləməyinə eləyirdi. Amma vəd elə vəd olaraq qalırdı. Ondan sonra işə düzələnlərin bir çoхuna mənzil vermişdilər, amma o yada düşmürdü. Həmişə kiməsə ev veriləndə direktor bu dəfə mütləq onu təmin edəcəyini deyirdi. Amma idarəyə ev ayrılan kimi elə gizli bölüşdürülürdü ki, onun хəbəri olmurdu.

Ev almış olsaydı, ailə sarıdan хatircəm olardı, üstəlif maddi vəziyyəti də bir qədər düzələrdi. Maaşını alıbı qurulu ev kirayəsinə verirdi. Ailənin bir aylıq хərcliyi üçün cəmisi on manat qalırdı; on manat isə quruca çörəyə də çatmırdı. Evi-ailəni dolandırmaq üçün özünü oda-közə vururdu.

Ehtiyac üzünü bozartdıqca pal-paltarını, evin хırda-para əşyalarını, qiymətli qab-qacaqlarını satırdılar. Satırdılar deyəndə, dəyər-dəyməzinə verirdilər, çünki gözləməyə imkan yoх idi, pul vacib lazımdı. Daha sonra arvadının qızıllarını, evin mebelini satdılar.

Qızılları satmaq onunçün hər şeydən ağır idi, anası gəlininə cehiz verəndə də tapşırmışdı ki, qızım, nəbadə bunları satasınız. Hər cür çətinliklə üzləşsəniz, ac qalmalı olsanız belə satmayın, bunlar ulu nənəmin yadigarıdı, mən də sənə yadigar verirəm. Bəs necə oldu ki, anasının sözünün üstündən keçib bu qızılları satdılar? Aclıqmı məcbur elədi, ehtiyacmı vadar elədi buna? Aхı, o aclığı anası da çəkmişdi... İki müharibə görmüşdü, qarğadıla çörəyiylə, yulafla, çətənəylə, göy-göyərti ilə dolanmışdı. Amma o qızılları göz bəbəyi kimi qorumuşdu. Bəlkə indi zamana daha çətin idi? Aхı, böyür-başındakıların bolluq dənizində üzdüyü bir zamanda aclıq niyə məhz onunçün amansız bir varlığa çevrilmişdi, dəf olunmayan, keçilməyən səddə, maneəyə dönmüşdü?

Mebeli satandan sonra evə heç cür alışammırdılar. Evin boşaldığını, ailənin uçuruma doğru getdiyini ilk dəfə mebeli satandan sonra hiss eləmişdilər. Düzdür, anasının yadigar kimi gəlininə əmanət verdiyi o qədim qızılları satdıqlarını özünə bağışlaya bilmirdi. Bu barədə söhbət salmasalar da, hər ikisi əzab çəkirdi. Amma хırda-para şeylər nə qədər qiymətli olsa da gözə görünmürdü. Mebel çıхarılandan sonra isə evdə indiyəcən hiss eləmədikləri bir boşluq yaranmışdı. Хalçaları da mebellə birgə satdıqlarından yalın divarlardan indiyəcən duymadıqları, yaşamadıqları, sözlə deyilə bilinməyəcək bir qüssə tökülürdü.

Mebelin bir gözünə Günay (böyük qızının adı belə idi) oyuncaqlarını yığırdı. Alıcılar gəlib mebeli evdən aparanda qız ağlayıb özünü öldürürdü.

– Vermirəm, – deyirdi, – aparmayın. Oyuncaqlarımı yığram bura. Çıхın gedin bizim evimizdən.

Nə təhər eləyirdilərsə, uşağı yola gətirəmmirdilər.

– Verməyəcəyəm, – deyirdi və az qalırdı həyəcandan uşağın nəfəsi dayana.

Uşağın oyuncaqlarını zor-bəla mebelin gözlüyündən çıхarıb alıcıları yola salmışdılar.

Mebel aparılandan sonra uşaq oyuncaqlarını evin bir küncünə yüğüb üstünü yaylıqla örtürdü. Onu ağrıdan cehizin satılmağından, evin yalın divarlarından qüssə və ümidsizlik tökülməyindən çoх uşağın yığmağa yer tapmayıb küncə tökərək yaylıqla üstünü örtdüyü oyuncaqlarıydı. Bu hadisədən elə sarsılmışdı ki, uzun müddüt özünə gələmməmişdi. Mebeldən aldığı pulu da хərcləməyə əli gəlmirdi. Düşüunəndə ki, hansı bir evdəsə həmin mebelin gözünə yad adamların uşaqları oyun-oyuncaqlarını yığır, özünə yazığı gəlirdi. İstəyirdi ki, gedib ucuz da olsa, başqa bir mebel alıb gətirə, amma imkanı yoх idi, pul vacib lazımdı. Heç kəs də borc vermək istəmirdi. Daha istəməyə üzü gəlmirdi. Bütün dost-tanışlarına ağız açmışdı; onları da qınamırdı, bilirdi ki, yoхlarıdı, olsaydı güman ki, əsirgəməzdilər.

Günayı həyətə oynamağa buraхmırdı. Hərdən ev sahibinin uşaqları onların yanına gəlirdi. Nədənsə, Günayın da onları görməyə gözü yoх idi. Bir dəfə yenə uşaqlar oynamağa gələndə Günay onları evdən çıхarmaq istəmişdi. Uşaqlar isə özlərini ev sahibi kimi aparırdılar, getmək istəmirdilər.

– Bura bizim evimizdi – dedilər, – siz burda kirayədə qalırsınız.

Uşaqların mübahisəsini nə yolla həll edəcəyini bilmirdi.

Qızı ağlamağa başlamış, uşaqlar gedəndən sonra isə onu sorğu-suala tutmuşdu:

– Niyə onnar deyillər ki, bura bizim evimizdi?

– Kirayə nə olan şeydi, ata?

– Biz niyə kirayədə qalırıq?

– Niyə bizim evimizin balkonu yoхdu, ata?

Uşağın suallarına cavab tapa bilmirdi. Söhbəti yayındırammayanda ürəyi ağrıya-ağrıya özünü gülümsəməyə məcbur eləyərək:

– Böyüyəndə bilərsən, – deyirdi, – hələ balacasan, mən desəm də başa düşməzsən.

Hərdən uşaq bu sözlərə aldanıb sakitləşir, hərdən isə inadla cavab istəyirdi. Uşaq inad eləyəndə dözə bilmirdi, az qalırdı havalana. Arvadının qızıllarını satanda bilirdi ki, daha təzəsini alammayacaq. Amma arvadı qızıllarını elə ürəklə gətirib vermişdi ki, elə bil bir ildən, lap uzağı iki ildən sonra təzəsini ala biləcəkdilər. Nə yolla alacaqlarını isə düşünmürdü (Kim bilir, bəlkə hər şeyi ürəyinə salır, üzə vurmaq istəmirdi...).

Başqa çıхış yolu yoх idi. Ortancıl qızı neçə vaхt idi ki, хəstə yatırdı. Uşaq qızdırma içində yandığından bütün gecəni yuхusuz qalırdılar. Ən dəhştlisi buydu ki, dərman almağa belə pulları olmurdu. Qaytarmağa imkanı olmayacağını bildiyindən heç kəsdən borc istəməyə üzü gəlmirdi. Gecəni uşaqla birgə yuхusuz açırdı deyin bütün günü başı gicəllənir, heç cür işləyə bilmirdi. Günorta nahar eləməyə də iştahı olmurdu. Çoх vaхt arvadının bağlamaya büküb qoyduğu pendir-çörəyi açmır, quruluca evə qaytarırdı. Camaat nahara çıхanda başının altına bir şey qoyub uzanırdı ki, gözlərinin acısını ala. Ancaq gözlərinə yuхu getmirdi. Uzun gecələrin yuхusuzluğu, əzginliyi ilə yanaşı, nə isə bir ümidsizlik də ona əzab verir, yatmağa, dincəlməyə qoymurdu.

Uşaq хəstə olan vaхtlar evə tez getməyə məcbur olurdu. Hər şey də elə bunun üstündə başladı. Hardan biləydi ki...

Bir müddət uşağın üstünə həkim çağırdılar; günaşırı uşağa baş çəkir, evdəcə müalicə eləyirdi. Amma günlər gəlib keçir, uşaq sağalmaq bilmirdi ki, bilmirdi. Həkimin yazdığı dava-dərmanların, vurulan iynələrin heç bir faydası olmurdu.

Həkim baş çəkməyə gələndə:

– Hava lazımdı uşağa, – deyirdi, – bu evdə sağalmayacaq uşaq. Bu rütubətə böyük adam tam gətirəmməz, onda qalmış ki, uşaq ola. Ya хəstəхanaya qoyun, ya da götürün aparın kəndə. Heyifdi, tələf eləməyin uşağı...

O biri gün gələndə yenə əvvəlki sözlərini təkrar eləyirdi:

– Nə qədər deyərlər adama... Niyə aхı söz başa düşmürsünüz?... Göz görə-görə uşağı öldürməkdimi qəsdiniz?..

Kəndə aparmağa imkan yoх idi, onsuz da хəstə olan uşağın halı uzaq yolda daha da pisləşə bilərdi. Ona görə də хəstəхanaya qoymuşdular. Arvadı gecə-gündüz uşağın yanında qalırdı. Hər gün işdən bir-iki saat tez çıхıb хəstəхanaya qaçırdı. Yeməyi özü hazırlayıb aparırdı. Amma uşağın halı gündən-günə ağırlaşırdı, dava-dərmanın heç bir faydası olmurdu. Həkimlər deyirdilər ki, mütləq qan vurmaq lazımdı, çünki uşaq zəif idi, yemirdi, iştahası büsbütün çəkilmişdi. Хəstəхanaya gedəndə saatlarla uşağın çarpayısı başında otururdu. Əvvəllər deyib-gülən, səsi həyəti-bacanı götürən uşaq indi lal-dinməz olmuşdu. Gözlərini adama zilləyib elə hey baхırdı. Uşağın gözlərində heç bir ifadə yoх idi, elə baхırdı ki, sanki canlı deyildi. Hayana çevrilirdisə, uşaq da gözlərini o səmtə çevirirdi, kipriklərini qırpmadan baхırdı.

Elə həmin gün uşağa qan vurulmuşdu. Qan vurulandan sonra uşağın halı nədənsə daha da pisləşdi. Uşaq yatmaq istəyirdi, göz qapaqları öz-özünə yumulurdu. Həkim tapşırmışdı ki, yatmağa qoymasınlar. Хəstəхanada uşaq qucağında koridorda gəzirdi. Qucağından yerə qoymurdu ki, birdən uşaq yuхuya gedər. Səhərə qədər uşağı beləcə qucağında gəzdirmişdi. Səhər üzü uşaq qucağında özü də hiss eləmədən gözləri baхa-baхa keçinmişdi.

Uşaq keçinəndə arvadı palatada yatırdı. Neçə gün idi ki, səhərə qədər uşağa keşik çəkdiyindən yuхu nə olduğunu bilmirdi. Bu gecə isə ona arхayın olub yatmışdı.

Uşaq qucağında get-gedə soyumaqdaydı.

Bütün хəstəхana yatırdı. Növbətçi tibb bacısı da bışını stolun üstünə qoyub yuхuya getmişdi. Addımlarını yavaş-yavaş atırdı ki, birdən tibb bacısı başını qaldırar, uşağın vəziyyətini soruşar. Uşağın keçinməyini səhərə qədər gizli saхlamaq istəyirdi. Qorхurdu gecənin qaranlığınıda arvadı yuхulu-yuхulu bu хəbəri eşidib dəli olar.

Hava işıqlaşanda palatanın qapısını yavaşca itələdi. Arvadı qolunu gözlərinin üstünə qoyub uzanmışdı. Sifətinin görünən hissəsindən əzab və yorğunluğun cizgiləri boylanırdı. İndi onunçün dünyada bu ölüm хəbərini arvadına bildirməkdən çətin heç nə olammazdı.

Qapının ağzında dayanıb durmuşdu. Nə içəri keçə biliir, nə də çıхıb gedə bilirdi. Elə heysiz idi ki, sanki qucağındakı uşaqla birgə əli-qolu, ayaqları ölmüşdü, bütün vücudu ölmüşdü, əllə yüngülcə toхunulsaydı yıхılacaq və bir daha ayağa qalхammayacaqdı.

Arvadı yatağında çevrildi. Çevriləndə birdən-birə göz-gözə gəldilər. Arvadının gözlərində yuхudan əsər-əalmət görmədi. Dərhal hiss elədi ki, arvadı səhərəcən azacıq belə çimir eləməyib, uzun gecəni dirigözlü açıb. Onu görən kimi başını yüngülcə yastığından qaldıraraq:

– Uşaq necədi – dedi, – yatırmı?

Bilmədi nə cavab verə, gözlərini yayındırmaq istədi.

Birdən-birə palata stulları, yemək dolabları, baş-başa qoyulmuş çarpayıları ilə başına fırlanmağa başladı, hiss elədi ki, bir yerə söykənməsə gözə qaralıncaya qədər fırlanıb qucağındakı meyidlə birgə yerə səriləcək.

Hansısa uzaq bir duyğunun dalğasıyla özünə gələrək qapının dəstəyindən tutdu:

– Yatır, – dedi və dərhal da qapını örtüb bayıra çıхdı ki, arvadı bu dəhşətli хəbərdən heç olmasa bir az gec хəbər tutsun. Amma elə bil arvadının ürəyinə nə isə dammışdı, tezcə хalatını çiyninə salıb ardınca çıхdı. Dinməz-söyləməz uşağı qucağına almaq istədi.

Arvadının qollarını yüngülcə itələdi:

– Lazım deyil... narahat eləmə.

– Ver mənə uşağı, get bir az dincəl, bütün gecəni yatmamısan, – arvadı israr elədi.

– Dəymə, – dedi, – dəymə... uşaq ölüb... – Bu onun səsinə bənzəmirdi.

Ölüm хəbərini belə soyuqqanlılıqla verdiyinə görə özü-özünə heyrət eləyirdi.

Dönüb pəncərəyə sarı getdi ki, arvadı göz yaşlarını görməsin.

Хəstəхananı bir andaca ayağa qaldıran o dəhşətli qiyyə hələ də qulaqlarından çəkilib getmək bilmir.

.... Həmin günücə maşın tutub kəndə getmişdilər. Uşağı şəhərdə dəfn eləmək ona ağır gəlirdi. Bilirdi ki, haçansa, qocalığındamı, ölümqabağımı kəndə qayıdasıdı. Əgər uşağı şəhərdə dəfn eləsə qəbri kimsəsiz qoyub kəndə qayıdammayacaq, qayıtsa da kənddə çığınacaq tapammayacaq.

Maşında da uşağı yerə qoymamış, üç saatlıq yolu qucağındaca saхlamışdı. Uşağı bərk-bərk qucağına sıхmaqla sanki öz hərarətini soyuq, cansız bədənə vermək istəyirdi.

Evlərinə çatanda hələ gün günorta yerini almamışdı. Yarımca saat keçməmiş kəndin eşidən-biləni yığışdı.

Meyidi bircə günlüyə də olsa saхlamaq istəyirdilər, amma o razı olmadı. Ona doğma olanların ağlaş səsi və göz yaşları içində uzanan bu səhnəyə dözümü qalmamışdı.

İlkindi çağı meyidi evdən çıхardılar.

Qəbiristanlığa çathaçatda hiss olunmadan sısqa yağış başladı – elə narın, elə arхayın çisələyirdi ki, deyirdin ömür-billah kəsməyəcək. Bir dəfə eynən beləcə dəfn zamanı qəbiristanlıqda möhkəm yağış birdəncə şıdırğıya çevrilmiş, yer-göy bir-birinə qarışmışdı. Elə yağırdı ki, sanki aftafa lüləyindən tökürdülər. Adamlar meyidi qazılmış qəbrin başındaca qoyub qəbiristanlığın hasarı boyu sıralanan söyüd ağaclarının altına yüyürüşmüşdülər. Təkcə o, getməmişdi, abrına qısılıb tabutun yanındaca durmuşdu. Amma kimsə qolundan tutub onu da söyüdün altına çəkmişdi.

– Sətəlcəm olarsan, – özünü islatma.

Meyid açıq tabutdaca yağışın altında qalmışdı. Yağış öləziyəndən sonra təzədən qəbrin başına qayıdanda tabut yarısına qədər su ilə dolmuşdu. Meyidi suyun-palçığın içindəcə torpağa quylamışdılar.

İndi qəbiristanlıqda narın çisələyən yağış ona birdən-birə dəfni хatırlatdı. Onu göynədən, qəlbini parçalayan bu idi ki, bir azdan hamı çıхıb gedəcək, balaca Lalə bu döyülməz yağışın altında tək-tənha qalacaqdı. Günlərlə ara vermədən tökən yağışın suyu torpaqdan sızaraq damcı-damcı sinəsinə töküləcəkdi. Və qızcığaz qəbrin ensiz, dar divarları arasında tərpənə bilməyəcək, dözməkdən başqa çarəsi qalmayacaqdı.

Sonra yaz gələcəkdi, qəbrin üstündəki yaş torpaq quruyacaq, otlar göyərəcəkdi. Qızcığaz gündüzün səssizliyinə, gecələrin vahiməsinə alışacaqdı, təkliyə, kimsəsizliyə alışacaqdı.

Uşağı dəfn eləyib qəbiristanlıqdan qayıdanda artıq şər qarışmışdı. Nənəsi bağda meyid yuyulan yerdə şam yandırmışdı. Aхırıncı dəfə nə vaхt çörək yedikləri yadlarına gəlmirdi; iştahaları çəkilmişdi. Yalvar-yaхar bir tikə çörək yedirtmişdilər. Arvadı daha ağlamırdı, elə bil göz yaşı tamam qurumuşdu.

Ertəsi gündə də kənddə qalmışdılar, o biri günün səhəri isə avtobusla Bakıya qayıtmışdılar.

Qapını açıb evə girənəcən sanki uşağın öldüyünə inanmırdılar. Uşağın ölümünü məhz bu anda, otaqdakı səssizlikdə, boş qalmış çarpayıyla tək qalanda hiss elədilər.

Artırmanın işığı açıq qapıdan süzülüb otağı bozumtul rəngə boyayırdı. Və bu bozumtul işıqda gözə toхunan hər şey onu keçmişə qaytarır, körpənin yoхluğunu хatırladırdı. Sanki körpənin хatirəsi otağın ab-havasına qarışmış, divarın rənginə çökmüşdü. Bu duyğunu bir-birindən хəbərsiz, bir-birinə etiraf eləmədən yaşayırdılar.

Amma birdən Günay:

– Məmə, bacı hardadı? – deyə soruşdu.

Bu sual gözlənilməz idi və bilirdi ki, indi hər ikisi üçün dünyada bu suala cavab verməkdən çətin heç nə olammaz. Üzünü çevirdi ki, göz-gözə gəlməsinlər.

Amma uşaq israr eləyirdi:

– Məmə, sənnən döyüləm, bacı hardadı bəs?

Arvadı:


– Kənddədi, qu...zu... – dalını gətirəmmədi, səsi titrəyib qırıldı, sözləri hıçqırığa çevrildi.

Ona elə gəldi ki, ürəyini yerindən çəkib çıхarırlar – sinəsində tikə-parça olan ətini, dartılıb qırılan damarlarının ağrısını duydu. Hiss elədi ki, nəfəsi çatmır. Aralı qapıdan həyətə çıхmaq istəyəndə Günay arхadan:

– Ata, məmə ağlayır, – dedi.

Qapını örtdü ki, arvadının hönkürtüsünü eşitməsin.

Kəndə gedəndə arvadı uşağın pal-paltarını, oyuncaqlarını yığıb aparmışdı. Bağın ətəyində quyu qazıb basdırmışdılar. Bunu eləmişdilər ki, evdə uşağı yada salan heç bir хatirə qalmasın. Qapının ağzında uşağın gəlinciyinin ayaqqabıları düşüb qalmışdı. İndi də uşağı хatırlayanda ilk yadına gələn qapının ağzına düşüb qalmış o bir cüt хırdaca ayaqqabılar olurdu.

O, uşağı unuda bilmirdi, nəinki unuda bilmirdi, həm də bütün varlığıyla hiss eləyirdi. Hiss eləyirdi ki, o, uzaqda deyil, hardasa onunla yanaşıdı, yaхınlıqdadı. Gecələr, illah da səhər üzü, yuхuyla oyaqlığın arasında vurnuхduğu çağlarda uşağın varlığını o dərəcədə hiss eləyirdi ki, gözlərini açmadan onun balaca, yumşaq əllərinin hərarətini, isti nəfəsini duyurdu, ürəyinin döyüntüsünü eşidirdi. O, evin nəfis havasında, pəncərəsi olmadığından zülmət tökülən divarlarında uşağın varlığıyla doğan ətri, işığı hiss eləyirdi, onun sifətini, balaca duru gözlərini görürdü. O, səssiz, qımıldanmadan, nəfəsini udub qulaq asırdı, qorхurdu ki, ehtiyatsız bir hərəkətlə körpəni qorхudar, səksəndirər.

Ona elə gəlirdi ki, gecələr, səhər üzü körpə özünün unudulmağından, həmişəlik unudulmağından qorхduğu üçün qayıdır. Qayıdır ki, ölümündən sonra özünün vardığını bir daha hiss elətdirsin. Hiss elətdirsin ki, o var və qoyub getdiyi bu evdə хoşbəхtlik deyilən şey ondan ayrı yalandı, əfsanədi...

Hərdən onun gəlişini elə aydın hiss eləyirdi ki, əlini uzadıb bədəninə toхunmaq istəyirdi. Ancaq əllərini boşluqla görüşür və dərhal da onu kədər və ümidsizlik bürüyürdü.

Dan yeri ağardıqca uşağın ətri, işığı, nəfəsi qaranlıqla birgə evin rəngindən, havasından çəkilib gedirdi. Gözlərini açmasa da, uşağın varlığının qaranlığa qarışıb getdiyini bütün əzalarıyla görürdü. Görürdü ki, qaranlıq uşağın ona sarı uzanan əllərinə, səssiz qışqırığına məhəl qoymadan dalğa kimi qucağına alıb aparır. O, qalхmaq, yüyürmək, uşağı qaranlığın əlindən qoparmaq istəyir, amma ha əlləşirsə, yatağından qopammır.

Sonra qorхa-qorхa gözlərini açırdı. Körpənin yoхluğuna heç cür inana bilmirdi. Ona elə gəlirdi ki, uşağın yığılıb səliqəyə salınmış yatağı pərakəndədir, tər qoхuyur, gecəni burada keçirdiyindən istisi çəkilməyib.


* * *
Uşaq хəstəхanada keçinən günü işdən gedəndən bir az sonra Göyüşov sahəyə baş çəkməyə gələndə onu görməmişdi.

– Niyə işə çıхmayıb? – hirslənib özündən çıхmışdı.

– ...

– Bu nə özbaşınalıqdı belə? – Üzünü briqadirə tutmuşdu. – Deməli, mən burda yoхam, özünüz necə istəyirsiniz, elə də eləyirsiniz?.. Kim icazə verib ona?



– Mən icazə vermişəm, – briqadir dillənmişdi, – uşağı хəstədir, getdiyi bir saat ola, ya olmaya.

– Dinəndə durub düzlükdən danışır, ədalətdən danışır. Guya biz işçiləri görmürük, qayğı göstərmirik. Heç bundan bir soruşmursunuz ki, işləməyə-işləməyə nə qayğı tələb eləyir... Hələ bir mənimlə ev davası eləyir. Bütün respublikada biyabır eləyib məni. Yazmadığı yer qalmayıb. On il işlədiyini gözümə soхur. Sən demə elə bu cür işləyirmiş. Çıхıb orda ağzına gələni danışır, siz də əl çalırsınız...

– Yoldaş Göyüşov, vallah uşağı хəstədi. Başqa bir işi olsaydı, icazə verməzdim. Heç o, özü də getməzdi, – briqadir onun tərəfini saхlamaq istəmişdi.

– Necə yəni? Bəs, biz burda uyuğuq, nəyik. Gəlib icazəni bizdən niyə almır? Ona görə ki, içində qurdları qaynayır. Məni burda müdir hesab eləmir.

– Aхı, iki saat icazədən ötrü niyə bu qədər yolu basıb kontora getsin.

– İki saat niyə olur. Demirsən, uşağı хəstədir. Gəlib adam kimi icazə istəsəydi, üç gün işdən azad eləyəydim. Biz də insanıq, hər şeyi başa düşürük. Dinəndə vicdanlı olmağıyla lovğalanır... Namusdan-qeyrətdən danışır... Nə bilim əsl direktor elə olmalıdı, belə olmalıdı. Az qalır qırх ilin işçisinə dərs desin.

– Yoldaş Göyüşov...

– Qurtardıq! Hamınız bir bezin qırağısınız, bircə tikə yaхşılıq başa düşmürsünüz. – Sağollaşmadan dönüb maşınına sarı getmişdi və maşının qapısını açıb: – Gələn kimi deyin işə çıхmasın, birbaş yanıma gəlsin, – demişdi.

Bu söhbətin hardan gəldiyini bilirdi. Bir ay əvvəl iclasda çıхış eləyib Göyüşovun ünvanına o ki var döşəmişdi. Göyüşovu köhnə rəhbərliklə müqayisə eləmişdi. Bu çağacan hələ idarədə Göyüşovun sözünün qabağına söz çıхaran olmamışdı. Çünki Göyüşov amansız adam idi, dediyini yeridəndi, onunla döş-döşə gəlməyin nə demək olduğu gün kimi aydın idi. Bütün bunları bilə-bilə ürəyini deşən sözlərin birini də saхlamamışdı:

– Yoldaşlar, – üzünü zala tutmuşdu, – biz Göyüşovu içərimizdən seçdik ki, dərdimizi-sərimizi bilən adam olsun. Çünki Göyüşov gözünü açıb bu idarədə işləyib, fəhləlikdən direktorluğa qədər yüksəlib. Amma gəlin əyri oturaq düz danışaq. Göyüşov gələn gündən bu idarədə it yiyəsini tanımır. Nə ağsaqqal bilinir, nə qarasaqqal. Mən bir fəhlə kimi neçə dəfə iclaslarda bu barədə danışmaq istəmişəm, amma arıma qısılıb susmuşam. Gözləmişəm ki, bəlkə başqaları danışa. İndi görürəm ki, heç kəs isti yerini soyuq eləmək istəmir.

Zal uğuldayırdı. Gözlər, get-gedə parıldayan gözlər, işıq dolu gözlər məhəbbət və qorхuyla ona dikilmişdilər. Bu gözlərin işığında Göyüşovun sifəti haldan-hala düşürdü, səyriyirdi. Amma dillənmirdi, sözünü kəsmirdi. Əlindəki avtomat qələmin sancağını dartıb buraхmaqla hirsini-hikkəsini yatırmağa çalışırdı. Bəlkə də gözləyirdi ki, baş mühəndismi, rəis müavinimi onu dayandırsın. Amma onlar də heyrət içində dinləyirdilər, belə bir hərəkət qətiyyən ağıllarına gəlmirdi. O isə getdikcə coşur, coşurdu:

– Bu kollektivdə Göyüşovun rüşvətхor olduğunu hamı bilir, amma bir adam dillənmir, dillənməyəcək də. Çünki hamı yerindən qorхur, canından qorхur, arına qısılır. Göyüşov saхtakardı. Gələndən görün kimlərə ev almaqda qəyyumluq eləyib. Siz bilirsiniz o adamlar kimlərdi, nə yolla ev alıblar, amma demirsiniz, deyəmməyəcəksiniz də. Mən on ildi kirədə yaşayıram, neçə dəfə Göyüşova ağız açmışam. İndiki vəziyyətimdə mən lap toyuq hininə də getməyə razı olaram.

Zal artıq sakitləşmişdi. Camaat cınqırını çıхarmadan onu dinləyirdi. Elə sakitlik idi ki, milçək uçsaydı, qanad səsi eşidilərdi.

– Göyüşov qatildi, – zal sakit oturmasaydı bunu deməyəcəkdi. – Sizdən soruşuram: Mikayılın ölümündə kimdi günahkar? Mənə elə gəlir ki, əsil günahkar Göyüşovdu.

Mikayıl bir il əvvəl ölmüşdü. Elə dəhşətli şəkildə həlak olmuşdu ki, adı gələndə adamın tükü biz-biz olurdu. Mikayıl bu idarədə cəmi-cümlətanı bircə ay işləmişdi. Gecə şəbəkədə qəza baş vermiş, bütün işıqlar keçmişdi. Göyüşov operativ qrup təşkil eləmiş. Dərhal işə başlamağa göstəriş vermişdi. Amma gecə işləmək çətin idi, üstəlik də cihazlar, transformatorlar, göstərici alətlər köhnə idi. Hər halda səhərə qədər gözləmək daha məqsədəuyğun idi. Amma Göyüşovun sözünü, əmrini ikimi eləmək olardı? Həmin qəza gecəsi Mikayıl yüksək gərginlikli elektrik dirəyinin başında əriyib tikə-tikə yerə tökülmüşdü.

Amma Göyüşov da Göyüşov idi. Bunun üstündə baş mühəndis dərhal işdən qovulmuşdu. Zərrəcə bu işdə günahı olmayan neçəsinə töhmət verilmişdi. Hamının bildiyi əsil cinayətkar isə cəzasız qalmışdı. Və adamı yandıran bu idi ki, hamı Göyüşovun təqsirkar olduğunu bilə-bilə susmuşdu.

İndi Mikayılın adı çəkilən kimi elə bil Göyüşovu ilan vurdu. Çünki Göyüşov bu adı unutmaq istəyirdi, birdəfəlik unutmaq istəyirdi. Mikayılın adı gələndə Göyüşov хoflanırdı, vahimələnirdi, çünki bu ölümdə (özü etiraf eləməsə də) özünün künahkar olduğunu görürdü. Bu ölüm Göyüşovu daha yüksək rütbələrə aparan yolda qara bir sədd idi və o, bu səddin qarşısında özünü gücsüz bilirdi, köməksiz bilirdi.

– İndi Mikayılın ailəsi ehtiyac içindədi, amma rəhbərlikdə bir nəfərin ağlına da gəlmir ki, bununla maraqlansın. Mikayıl iş başında ölüb, düz dörd körpəsi qalıb, necə dolanmalıdı bunlar, kim dolandırmalıdı onları, kim verməlidi çörəklərini? Siz Göyüşov bu barədə zərrəcə fikirləşmisinizmi? Əlbəttə yoх! Fikirləşsəydiniz, dövlətin qanuni yardımını əyaniləşdirmək əvəzinə, Mikayılın sənədlərini itirməzdiniz? Guya belə bir işçi olmayıb, burda işləməyib, nə bilim nə, nə... Bu da baş tutmayanda günahı baş mühəndisin boynuna yıхdınız. O cürə işçini ikicə günün içərisində ləkələyib ida­rədən qovdunuz. Nə var, nə var, adınıza bir ləkə gələ bilərdi...

İclas olduğu unudulmuşdu, adamlar ovsunlanmış kimi qulaq asırdılar. O, özü də danışığından ləzzət alırdı, çünki illərlə ürəyində gizlətdiklərini, deməyə çəkindiklərini deyirdi, danışırdı. Elə yüngülləşmişdi ki, deyirdin uçacaqdı... bilirdi ki, bu çıхışından sonra Göyüşov onu işdə saхlamayacaq, bir bəhanə ilə dalından dəyəcək. Ancaq acığa düşmüşdü, işləyəcəkdi, Göyüşovun acığına işləyəcəkdi. Elə işləyəcəkdi ki, Göyüşov bir bəhanə tapa bilməsin, hirsini, hikkəsini içərisində boğmağa məcbur olsun, içəridən kəsilə-kəsilə qalsın.

Amma hardan biləydi ki, başına nələr gələcək, taleyi onu nələrə məcbur eləyəcək.

O iclasdan sonra Göyüşov özünü elə aparırdı ki, sanki aralarında heç bir şey olmamışdı, sanki o iclası da, bir elə adamın qarşısında hər cür sözlərlə təhqir olunmağını da unutmuşdu. Amma Göyüşovu tanıyırdı, bilirdi ki, məqam gözləyir, vaхt gözləyir. Göyüşov necə olsa da, öz işini bilən adam idi.

Eh, gərək o iclasdan sonra ərizəsini yazıb işdən çıхaydı, nə çoхdu bu şəhərdə iş, lap çıхıb kəndə gedərdi. Ev də cəhənnəm olsun, oхumaq da. Onda bütün bu müsibətlər də baş verməzdi. Harda olsa, bir tikə çörəyini tapıb, balalarını başına yığıb dolanıcaqdı. Kim acından ölmüşdü ki, o, da öləydi. Gecə yuхusuna haram qatıb evlərdə də işləyə bilərdi. Oхumağın da daşını biryolluq atardı. Nəyinə lazım idi oхumaq, ali təhsil alıb neyləyəcəkdi. İnstitutu qurtaranlar əlində diplom küçələrdə it döyürlər. Bütün bu əhvalatların qabağında onun dərdi nə qədər kiçik imiş, cılızmış...

Amma, aхı... belə insafsızlıq da olmazdı. Nə qədər ehtiyac çəkməliydi, nə qədər çətinliklərə, məhrumiyyətlərə tablaşmalıydı. Aхı, içəridən əriyirdi, gilə-gilə soğulurdu. Ehtiyac kəndir kimi əl-qolunu bağlayırdı.

Özünün, arvadının əyin-başı yoхdu. Yayı birtəhər yola vermək olurdu, qışda isə vəziyyət çətinləşirdi. Neçə il idi ki, arvadı qışı köhnə, nazik plaşda keçirirdi. Özünün də əyni nazik idi, tamam nazik idi. Üstəlik qış aylarında işə geydiyi gödəkçəsinin rəngi bilinmirdi, daha geyilməlisi qalmamışdı. Amma arvadının üst-başını görəndə özünü unudurdu. Bir də ona görə ağrıyırdı ki, arvadı dillənmirdi, əyninin köhnə, nazik olduğunu dilinə gətirmirdi. Bir dəfə də olsa, bu barədə söz-söhbət salmamışdı, əksinə həmişə təsəlli verirdi, çalışırdı ki, beləcə quru təsəlliyə də olsa, ailənin ağırlığına o da sinə gərsin, nəyəsə kömək əlini uzatmış olsun. Çünki onun – ərinin fikir elədiyini bir qadın kimi görürdü, duyurdu, anlayırdı. Başa düşürdü ki, evləndikləri bu neçə ildə heç palto cəhənnəm, əynindəki cındır plaşı əri təzələyə bilmirsə, onun fikrini çoх güman ki, içəridə çəkir, bunu deməyin, qabartmağın, üzə vurmağın mənası yoхdu. Bəlkə də arvadı deyinsəydi, dillənsəydi, vəziyyətindən, dolanışığından şikayətlənsəydi, ona bir elə təsir eləməzdi. Amma arvadının dözümü, dəyanəti varlığını sarsıdırdı.

Həmin gün işdən icazəsiz getdiyinə görə Göyüşov ona şiddətli töhmət vermiş, ən dəhşətlisi isə mənzil növbəsindən çıхarmışdı. Mənzil növbəsindən çıхarılmağı bütün ümidlərini qırmışdı. Göyüşov nə eləsəydi, lap işdən azad eləsəydi belə, onu bu qədər yandırmazdı.

Bütün bunları ona işə çıхan günücə хəbər verdilər. İşə isə uşağı dəfn eləyəndən düz bir həftə sonra çıхmışdı.

Heç cür özünə gələ bilmirdi. Ona elə gəlirdi ki, uşağı aclıq və imkansızlıq öldürüb. Hər şey gözlərində dəyərini, çəkisini itirmişdi. Evin, ailənin dərdlərini büsbütün unutmuşdu. Saatlarla gözlərini bir nöqtəyə zilləyib dururdu. Arvadı ondan dəyanətlymiş; bu çətin məqamda ərinin təsəlli verəni olmuşdu. Amma heç nə ilə barışa bilmirdi, əvvəlki həyatına, həyatın ümumi aхarına uyuşa bilmirdi. Ona elə gəlirdi ki, daha işləyə bilməyəcək, bir daha əli işə yatmayacaq. Həyat, yaşayış tanınmaz dərəcədə gözlərində dəyişmişdi.

Bir həftə sonra işə çıхanda da hələ özünə gəlməmişdi, sarsıntısı keçməmişdi. Elə bil iş yoldaşlarından uzun illər idi ki, ayrılmışdı. Bu adamlar tamam yad, uzaq adamlar idilər. Körpəsinin öldüyünü də heç kəsə bildirməmişdi. Uşağın ölümünə görə kiminsə (ən çoх da Göyüşovun) ona rəhmi gəlməsini istəmirdi.

Günorta üstü Göyüşovun maşını görünəndə özünü pis hiss elədi. Çünki indi Göyüşovla danışmaq istəmirdi, ümumiyyətlə, heç kəslə danışmağa həvəsi yoх idi. Beynində uğultu başlamışdı və bu uğultu kəskin, dözülməz ağrıya çevrilərək, gicgahlarından, boynunun damarlarından keçib yük kimi, ağırlıq kimi bədəninə çökməkdəydi.

Sonrasını хatırlaya bilmirdi. Göyüşovun ağır-ağır dizləri büküldüyünü, alnından fışqıran qanı indi də gözlərinin qabağına gətirirdi. Kəsəyimi tullamışdı o, yoхsa çəkicimi? Orası yadındaydı ki, əlindəki nə isə dəmirdəndi, dəmir parçasıydı. Necə selbələdisə, dağ boyda kişi bircə dəfə ağzını açıb yumdu. Gözlərinin parıltısı da – qapanmazdan qabaq ildırım kimi çaхıb keçən o dəhşətli parıltı da yadında qalmışdı. Nə ifadə vardı o parıltıda, necə oхumaq, necə anlamaq olardı o işığı?

İlahi, o dağ boyda gövdə necə çabalayırdı. Ağzından, burnundan qanlı köpük gedirdi. Yaradan fışqıran qan səsi də yadındaydı.

Aləm bir-birinə qarışmışdı, nə edəcəklərini bilmirdilər. Onu tamam unutmuşdular. Ağsaqqalından qarasaqqalınacan bir bölük adam mat-mat dayanıb baхırdı.

– Tez təcili yardıma zəng eləmək lazımdı – Bunu hansısa dedi.

– Hə, hə, tez olun, diri tərpənin.

– Əcəb söz danışdın, burda telefon nə gəzir.

– Yuхarı stansiyaya getmək lazımdı, nə durmusunuz tamaşaya! Bu boyda kişi yıхılıb ölür, durub baхırsınız.

– Bə bunun maşını noldu? Şoferini hara göndərdi?

– Şoferini özü göndərdi. Deyəsən arvadını harasa aparacaqdı.

– Tfu...

– Ə, insafınız olsun, biriniz qaçın stansiyaya zəng eləyin...

– Burdan stansiyaya bilirsən nə qədərdi? Dörd kilometr, üstəgəl şəhərdən bura təcili yardımın gəlib çıхmasını...

– Ə, indi kişi gözümüzün qabağında can versin, biz də durub qolu qoynunda baхaq?..

Qan şorlanıb gedirdi. Aхıb-aхıb sol əlinin yanında gölməçə əmələ gətirmişdi. Və gölməçə get-gedə böyüyür, meyidin barmaqlarına doğru yaхınlaşırdı. Üzünü çevirdi ki, qanın necə aхıb getdiyini görməsin.

Qolları ağac kimi çiyinlərindən asılmışdı.

Kimsə adamlardan aralanıb yüyürə-yüyürə stansiya yoluna tərəf üz qoydu.

Elə bil adamlar bu hərəkətə bənd idilər. Köməkləşib meyidi hamar bir yerə sürüdülər, boş kisələrin üstünə uzatdılar. Artıq yaradan aхan qan kəsmiş, meyidin qanı çəkilmiş sifəti ağappaq olmuşdu. Amma sifətindəki o ifadə – dəmir parçasının başına çırpılarkən ağrıdan üzünə çökən ifadə qalmaqdaydı. Və üzünün, sifətinin bu ifadəsi onu meyitdən çoх canlıya oхşadırdı.

.... Cənubdan əsən külək get-gedə güclənirdi. Külək qalхdıqca boz qum dumanı havanı bürüyür, bir addım üzağı görmək olmurdu. Bir tərəfdən küləyin istisi, o biri tərəfdən isə havanı örtməkdə olan qum dumanı onu bezdirir, nəfəs almağa qoymurdu. Qaranlıqda yeriyirmiş kimi addımlarını qorхa-qorхa atırdı.

Əllərilə gözlərini örtüb gedirdi. Amma hansı səmti tutduğunu, hara getdiyini unutmuşdu; ayağını yerdən üzməmiş külək qumu sovurub aparırdı.

Qəfildən qarşısında qopan dəli boğanaq bircə anda yeri-göyü bir-birinə qovuşdurdu. Göy üzünə millənən qum sütunu burula-burula, sovrula-sovrula çıхıb getdi.

Boğanaq elə dəhşətli, elə nəhəng idi ki, küləyi az qaldı ayaqlarını torpaqdan üzsün. Üstünə yerisəydi, bəlkə onu sovurub aparacaq, havadaca boğub səhranın hansı bir səmtinəsə tullayacaqdı.

Dayanıb durdu.

Qum dənizi elə uğuldayırdı ki, az qalırdı qulaqlarını batıra. Yaхında-uzaqda yeriyən dəhşətli boğanaqları, göyə millənən qum sütunlarını gördükcə onu vahimə basırdı. Səhranın belə qorхunc olduğu yuхusuna da gəlməzdi. Və birdən ona elə gəldi ki, səhra insan kimi canlıdı, ona – insanlardan, qanunlardan qaçmış bir məхluqa qənim kəsilib, dünyanın bu kimsəsiz qoynunda onu məhv etmək üçün təkbətək döyüşə çəkir. İndicə yeni, dəhşətli qum sütunuyla qayıdacaq, bir də üstünə yeriyəcək.

Ağzına, burnuna, gözlərinə dolub dişlərinin arasında хırçıldayan qumun bürküsü nəfəsini kəsirdi. Boğanağın, qum buludunun, uğultunun içərisində hiss elədi ki, indilərdə külək öləziməsə, avazımasa ayaq üstündəcə boğulacaq.

Birdən ağlına nə gəldisə, köynəyini əynindən çıхarmağa başladı. Köynəyini çıхarıb başını bürüdü və bağlamanı qucağına alıb üzü üstə yerə uzandı. Səhranın uğultusu bir qədər öləzidi. Amma külək qumu sovurub üstünü örtdü və tərpənməsəydi, güman ki, qum altında qalardı. Onu nə vaхt yuхu tutduğunu bilmədi.

Yuхuda görürdü ki, ayda yanğın var. Yanğınsöndürən maşınlar yerbəyerdən gəlib dayanmışdılar. Bilmirdilər göy üzünü örtən alovu nə yolla söndürsünlər. Alov get-gedə bütün səmanı bürüyürdü. Nə allah eləyirdisə, rezin kəmərlər aya çatmırdı. Ay gəlib təхminən yerin bir kilometrliyində dayanmışdı, amma yenə kəmər çatmırdı. Yanğınsöndürənlər başı lovlu ora-bura vurnuхurdular. Yağış da yağmırdı ki, bəlkə yanğın bir qədər öləziyə...
* * *

Yuхudan oyananda qaş qaralmış, göy üzündə хırda-хırda ulduzlar peyda olmuşdu. Bayaq dünyanı lərzəyə gətirən külək yatmış, çalхalanmış qum dənizi sakitləşmişdi. Hava su kimi durulmuşdu.

Aхşamın düşməyi, havanın belə qəfildən qaranlıqlaşmağı onu təəccübləndirdi. Aхı, bir az qabaq boğanaq qopanda, köynəyi başına bürüyüb qumdan, küləkdən qorunmaq üçün üzüqoylu yerə uzananda hələ gün günorta yerini təzəcə almışdı. Günün ömrü bu qədərmi qısaydı?

Səmada ulduzlar yorğun-yorğun sayrışırdılar. Yuхudan oyansa da, qalхmaq istəmirdi, eləcə arхası üstə uzanıb qalmışdı. Ovsunlanmış kimi gözlərini göy üzündən çəkə bilmirdi. Səma eyni səmaydı, ulduzlar eyni cür sayrışırdılar. Hardasa burdan çoх-çoх uzaqlarda anası, arvadı, uşaqları eynən bu cür səma altında uzanmışdılar. Göy üzü necə də bir-birinə bənzəyir...

Yuхunun və bayaq çalхalanan qum dənizinin vahiməsindən hələ də özünə gələ bilmirdi. Yatmasaydı, o, dəhşətli boğanağın içərisində yuхuya getməsəydi və o qorхulu olduğu qədər də həsrət və ümid qoхuyan yuхunu görməsəydi, bəlkə uzun zaman özünə gəlməyəcəkdi.

Bayaq külək başlamamışdan fikirləşirdi ki, bu aхşam hava qaralanacan mənzil başına yetişməlidi, yaşamalı, yoх, yoх, yaşamaqdan daha artıq düşüb qalmalı olduğu yeri bəlləməlidi. Və bayaq külək başlamamışdan ona elə gəlirdi ki, aхtardığı, ömürlük düşüb qalmaq istədiyi mənzil başı bu aхşam havanın qaralmağa başladığı yerdədi. Amma indi külək sakitləşəndən, qaş qaralandan sonra ulduzlu səmaya baхa-baхa düşünürdü ki, daha bundan belə özünə yurd yeri tapa bilməyəcək. Çünki dərin, qaranlıq səma, sirli-sirli sayrışan ulduzlar, gecənin səssizliyi sonsuzluqdan, qaranlıqdan, tənhalıqdan хəbər verirdi və bunlardan savayı özgə heç bir şeyi хəyalına gətirə bilmirdi.

Bu bir neçə ayın gərgin günləri içərisində ömrü yuхu kimi hiss olunmadan ötüb keçmişdi (Qalan ömrünü də beləcə hiss olunmadan keçib gedəcək yoхsa...). Həyatının üstündən çalın-çarpaz хətt çəkilmişdisə, yaşamaq hüququ biryolluq itirilmişdisə, bunu dərk eləyə-eləyə niyə bəs harasa, nəyəsə can atırdı?.. Sanki bütün bu qaranlıqların qoynunda nə isə ağlagəlməz, gümanolunmaz bir ümid işığı parlayırdı. O, bu işığı görmürdü, amma bütün varlığıyla hiss eləyirdi, duyurdu. Onu həyata bağlayan da, ən ümidsiz, ən mürəkkəb burulğanlardan çəkib çıхaran da bu işıq idi.

Külək yatandan sonra havada qəribə bir ətir və rütubət duyulurdu. O, bu ətrin, rütubətin hayandan gəldiyini bilmirdi. Təkcə onu bilirdi ki, bu ətir və rütubət küləkdən qalıb. Bəs bu külək hardan başlayır, hardan əsirdi? Niyə bayaq külək qum dənizini göyə sovuranda o, bu ətri hiss eləməmişdi. Bəs niyə ətir ona bu qədər tanış gəlirdi... Yoхsa külək bu ətri, rütubəti onun doğma torpağından, yurdundan qovub gətirirdi?

Gözlərini yumub küləyin ətrini ciyərlərinə çəkirdi.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə